Məhkəmə qərarları › İş №2-1(103)-2282/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2282/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2282/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddia İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “müharibə veteranı kimi 3 illik müavinətin ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cu il tarixində Azərbaycan Respublikası, Ağsu rayonunda anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır. Hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından müharibə veteranı kimi müavinat alır, lakin qanunla müharibə veteranlarına ödənilməyən müavinət, yəni müavinət almaq hüququ yarandığı gündən sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi mümkündür. Belə ki, bir cox onun kimi olan hərbçi yoldaşları ilə həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdi. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı müraciətinə cavab olaraq ödəniş etməkdən qanunsuz imtina etmişdir. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtina məktubu tam əsassızdır, çünki onun “Veteranlar haqqında" qanuna müvafiq olaraq müavinat almaq hüququ 2006-cı ildən yaranmışdır, bu səbəbdən də sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması ücün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq məhkəmə qaydasında 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikasının qanununa və sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün, yəni 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)- 8324/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 11 saylı Regional Ərazi filialının 30.06.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ona 15.03.2019-cu il tarixdən 55 manat məbləğində sosial müavinət təyin edilmişdir. Həmin tarixədək olan dövrə müavinətin hesablanaraq ödənilməsi tələbi yalnız həmin dövrdə müharibə veteranı olması barədə sənəd təqdim etdikdə ən çoxu üç il müddətinə hesablanıb ödəniləcəkdir. İddiaçı məhkəməyə 22.06.2021-ci il tarixdə müraciət etmiş, iddiaya cavab verməli olan quruma hazırki iddia tələbi ilə bağlı 12.06.2021-ci il tarixdə müraciət etdiyini bildirir. Cavabdehin məhkəməyə təqdim etdiyi poçt məlumatlarına əsasən, iddiaçının cavabdeh orqana müraciəti 23.06.2021-ci il tarixdə olmuş, ona 05.07.2021-ci il tarixdə cavab verilmiş, həmin cavab iddiaçıya 14.07.2021-ci il tarixdə çatdırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xüsusi mümkünlük şərtlərinə əməl etməmişdir. Odur ki, iddia mümkün sayılmamalı, iddiaçıya cavabdehin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Baxılan iş üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılan tarixə iddiaya cavab verməli olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə və ya onun ixtisaslaşdırılmış qurumuna müraciətin olduğu və 35 gün keçmədən məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2-1(112)-8324/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar