Məhkəmə qərarları › İş №2-1(103)-2282/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2282/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2282/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3749/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları : İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən 62V saylı bağın 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətindən imtina edilərək bildirilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən “62v” saylı bağ sahəsinə dair təqdim edilmiş 8153 saylı, xx.xx.2006-ci il tarixli müqavilənin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin qeyd olunan əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(112)-4123/2021 saylı bildiriş daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır. İş materiallarında olan sənədlər : Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış “Hövsan ərazisindəki 62v nömrəli bağın istifadəyə verilməsi haqqında” 8153 saylı 20 sentyabr 2006-cı il tarixli müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Suraxanı rayonu, Hövsan ərazisində 0.12 hektar torpaq sahəsi olan 62v nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 62v nömrəli bağ sahəsinə dair məlumat və sənəd, həmçinin sorğuya qoşma edilmiş keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 20 sentyabr 2006-cı il tarixli, 8153 saylı müqavilə İdarənin arxivində aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.03.202-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına verilən Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “62v” saylı bağ sahəsinə dair təqdim edilmiş 8153 saylı, xx.xx.2006-ci il tarixli müqavilənin arxiv nüsxəsi aşkar edilməmişdir. Bundan əlavə, qeyd olunan əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(112)4123/2021 saylı bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onları yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən 62V saylı bağın 0.12 ha torpaq sahəsi üzərində mülkivvət hüququnun dövlət qevdiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 62v saylı bağ sahəsinin 961 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması : İddia onunla əsaslandırılmışdır ki, keçmiş X2 və İstismarı Birliyi ilə onun arasında xx.xx.2006-cı ildə bağlanmış 8153 saylı müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 62v saylı bağ sahəsi onun istifadəsinə verilmiş, həmin vaxtdan bağ sahəsi təyinatı üzrə onun tərəfindən istifadə olunur və 4 tərəfdən daş hasara alınmışdır, həmin torpaq sahəsi ilə bağlı digər şəxslərlə mübahisə mövcud deyildir. 2021-ci ilin əvvəllərində onun istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassz sə qanunsuz olmaqla onun hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı : Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı adına verilən Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “62v” saylı bağ sahəsinə dair təqdim edilmiş 8153 saylı, xx.xx.2006-ci il tarixli müqavilənin arxiv nüsxəsi aşkar edilməmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********25 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq bağ sahəsinə baxış keçirilən zaman faktiki sahənin 961.0 kv.m olduğu müəyyən edilmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən qeyd olunan ərazilər kollektiv bağçılıq yoldaşlıqlarına ayrılmış ərazilərdir. «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən iddanın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3749/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 62v saylı bağ sahəsinə (sahəsi 961 kv.m) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış “Hövsan ərazisindəki 62v nömrəli bağın istifadəyə verilməsi haqqında” 8153 saylı 20 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən Suraxanı rayonu, Hövsan ərazisində 0.12 hektar torpaq sahəsi olan 62v nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan müqavilənin idarənin arxivində aşkar edilməməsinə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ inzibati orqanların vəzifələrinə daxildir. Cavabdehin imtina məktubunda qeyd etdiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(112)-4123/2021 saylı bildirişi ilə bağlı isə məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 4123/2021 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçının ərizəsi əsasında iddiaçıya geri qaytarılmışdır və həmin qərardad qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin müqavilə ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı adına verilən Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 62v saylı bağ sahəsinə dair təqdim edilmiş 8153 saylı, xx.xx.2006-cı il tarixli müqavilənin arxiv nüsxəsi idarədə aşkar edilməmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən qeyd olunan ərazilər kollektiv bağçılıq yoldaşlıqlarına ayrılmış ərazilərdir. Qeyd olunanlara əsasən qərarın ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apelyasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3749/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdirş Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, işin hallarından aydın olur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Hövsan ərazisindəki 62v nömrəli bağın istifadəyə verilməsi haqqında” 8153 saylı 20 sentyabr 2006-cı il tarixli müqavilə ilə Suraxanı rayonu, Hövsan ərazisində 0.12 hektar torpaq sahəsi olan 62v nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Yuxarıda qeyd olunan normalardan da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 62v saylı bağ sahəsinə dair (sahəsi 961 kv.m) İddiaçı mülkiyyət hüquqları yaranmış və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. “Hövsan ərazisindəki 62 v nömrəli bağın istifadəyə verilməsi haqqında” 8153 saylı 20 sentyabr 2006-cı il tarixli müqavilənin İdarənin arxivində aşkar edilməməsinə dair apelyasiya şikayətinin dəlili iddiaçının müraciətinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, qeyd olunan müqavilənin idarənin arxivində aşkar edilməməsi iddiaçının iradəsindən asılı hal olmamaqla yanaşı, iddiaçının bu məsələ ilə bağlı hər hansı bir məsuliyyəti mövcud deyildir. Qeyd olunan məsələnin həll edilməsi inzibati orqanın vəzifələrinə daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. İddiacının iddia etdiyi torpaq sahəsinin kollektiv bağçılıq yoldaşlıqlarına ayrılmış ərazi olduğuna dair apelyasiya şikayətinin dəlili ilə bağlı cavabdeh birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmiş, apelyasiya şikayətinə də əlavə etməmişdir. İddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 92S saylı bağ sahəsi ilə də bağlı müraciəti olması, lakin həmin müqavilənin də İdarənin arxivində müəyyən edilməməsinin, bu səbəbdəndə hazırkı müqavilənin həqiqliyinə dair ciddi şübhələr yaranması ilə bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən qeyd edilən hüquqmüəyyəedici sənədin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Belə ki, İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3749/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar