Məhkəmə qərarları › İş №2-1(103)-2284/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2284/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2284/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair ünvan 4xli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ADNA nəzdindəki "xxxx" MTK-nın payçılarının 07 yanvar 2003-cii il tarixli ümumi iclasının 46 saylı protokolundan çıxarışa əsasən qərara alınmışdır ki, ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi iddiaçıya İddiaçı verilmişdir. İddiaçı həmin sahəni öz şəxsi vəsaiti hesabına təmir edərək istifadə üçün tam yararlı hala salmışdır. MTK-nın ona təkrar verdiyi 23 fevral 2006-cı il tarixli çıxarışında göstərilmişdir ki, 112 saylı mənzilin üstündə yerləşən həmin qeyri-yaşayış sahəsi İddiaçı verilmişdir. Həmin MTK-nın 16 dekabr 2005-ci il tarixli maliyyə arayışına əsasən onun həmin qeyri-yaşayış sahəsinə görə MTK-ya heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən kooperativ üzvü mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bildirmişdir ki, mən müvafiq sənədlərin də əlavə olunduğu ərizə ilə cavabbdeh təşkilata müraciət edərək ünvan 1 ünvanda yerləşən binanın 7-ci girişində, 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli **********24 saylı cavab məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Həmin imtina məktubunda bildirilmişdir ki, guya binada aparılan dəyişikliklər barədə 1 saylı Ərazi İdarəsinə məlumat verilməmişdir, habelə binanın layihəsində dəyişiklik edilməsi razılaşdırılmamışdır. Cavabdeh təşkilat bu məlumatı əsas götürərək həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakm dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Aşağıda göstərilən əsaslara görə ünvan 1 ünvanında inşa edilən binanın 7-ci girişindəki 10-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona reyestrdən çıxarış verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11737/2022 saylı, xx.xx.2022-cu il tarixli qərardadına əsasən "xxxx" MTK üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/04g-50 nömrəli xx.xx.1998-ci il tarixli razılaşdırılmış lahiyəyə uyğun olaraq ünvan 2 ünvanında inşa edilən binanın 7-ci girişinin sonuncu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxiş zamanı qeyri-yaşayış sahəsinin binanın yenidən qurma işləri aparılacaq sonradan inşa edilmiş mərtəbəsində (dam örtüyündə) yerləşdiyi müəyyən edilmişdir. Belə ki, istismara qəbul aktında binanın mərtəbəliliyi 9 olaraq göstərilsə də, lakin sözügedən qeyri-yaşayış sahəsi binanın 10-cu mərtəbəsində yerləşir. Qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyası”nın aktında qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə haqqında məlumat aşkar edilməmişdir. Çoxmərtəbəli yaşayış binasında aparılan dəyişiklik və yenidənqurma ilə bağlı hüquqmüəyyənedici sənədlər Mənzil Tikinti Kooperativi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş mənzil-tikinti kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışında və maliyyə arayışında qeyri-yaşayış sahəsinin ölçüsü göstərilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyriyaşayış sahəsinin ölçüsü faktiki olaraq 125.6 kv.m təşkil edir.Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə İddiaçı **********24 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 4xli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin binanın yenidən qurma işləri aparılaraq sonradan inşa edilmiş mərtəbəsində (dam örtüyündə) yerləşdiyi müəyyən edilmişdir. Belə ki, istismara qəbul aktında binanın mərtəbəliliyi 9 olaraq göstərilsə də, lakin sözügedən qeyri-yaşayış sahəsi binanın 10-cu mərtəbəsində yerləşir. Qeyd edilən ünvanda çoxmərtəbəli yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyası”nın aktında qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə haqqında məlumat aşkar edilməmişdir. Çoxmərtəbəli yaşayış binasında aparılan dəyişiklik və yenidənqurma ilə bağlı hüquqmüəyyənedici sənədlər Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilməmişdir. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş mənzil-tikinti kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışında və maliyyə arayışında qeyri-yaşayış sahəsinin ölçüsü göstərilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ölçüsü faktiki olaraq 125.6 kv.m təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili iş materiallarına uyğun hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: ... (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Mübahisəli daşınmaz əmlakın tikildiyi və təhvil verildiyi tarixdə qüvvədə olan, 29 iyun 2012-ci il tarixdə qüvvəsini itirmiş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız tərtibatçılarla və sənədləri təsdiq edilmiş müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: -112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. -113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. -113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: -xx.xx.2003-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu F. İbrahimbəyov küçəsi, 616-cı məhəllə "xxxx" MTK-nin üzvlərinin müvəkkillərinin ümumi iclasının 46 saylı protokolundan çıxarışdan görünür ki, payçı İddiaçı "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən kooperativ yaşayış binasının 7-ci giriş, 10-cu mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. -xx.xx.2006-cı il tarixli ünvan 6 ADNA-nın nəzdindəki "xxxx" MTK-nın müvəkillərinin «07» yanvar 2003- ci il tarixli İclasının 46 saylı protokolundan çıxarışdan görünür ki, binanın 9-cu mərtəbəsində mənzil götürmüş payçılara öz mənzillərinin üstündə yerləşən mansard tipli qeyri-yaşayış sahəsinin verilməsi barədə gündəlik məsələyə baxılmış, payçı İddiaçı ərizəsi ilə MTK üzvləri tanış edilmişdir. Qeyd edilmişdir ki, binanın 9- cu mərtəbəsində mənzil götürmüş payçılarının mənzilərinin üstündə "xxxx" MTK-nın payçılarının 23 oktyabr 1998-ci il tarixli ümumi iclasının 16 saylı protokolunun qərarına əsasən maili dam örtüyü tikilmişdir. Həmin qeyri-yaşayış sahəsinin tikintisi aparılarkən 9-cu mərtəbənin payçıları öz mənzillərinin üstündə yerləşən maili dam örtüyünün tikintisində öz şəxsi vəsaitləri ilə əlavə işlər görmüş və hal hazırda o sahələrdə təmir işləri aparılmışlar. 112 saylı mənzilin İddiaçı məxsus olduğu və həmin mənzilin üstündə yerləşən qeyriyaşayış sahəsinin (mansarda mərtəbəsində yerləşən) ona verilməsi ilə bağlı olaraq "xxxx" MTK-ya ərizə ilə müraciət etmişdir. Həmin məsələ səsə qoyularaq qərara alınmışdır ki, payçı İddiaçı "xxxx" MTK-nin ünvan 7 ünvanında yerləşən 7-ci giriş, 10-cu mərtəbədə yerləşən qeyri yaşayış sahəsi verilsin və BŞİH Aparatının NKTl-dən göstərilən qərar əsasında mansarda tipli qeyri-yaşayış sahəsinə vətəndaş X3 adına sərəncam verilməsi xahiş olunmuşdur. -ünvan 7 ünvanında yerləşən, mansarda mərtəbəsində (dam örütüyünün altı) yerləşən 110 kv.m olan qeyri-yaşayış sahəsinin plan cizgi sənədi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil kooperativ təsərrüfatı idarəsinin "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2006-cı il tarixli k-4/13 saylı məktubla "xxxx" MTK-nin sədri Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə müraciət edərək, İddiaçıa ünvan 8 ünvanda yerləşən 110 kv.m olan qeyri-yaşayış sahəsinə sərəncam verilməsi ilə bağlı müraciət etmişdir. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Maliyyə arayışına əsasən Yasamal rayonu F.İbrahimbəyov küçəsi, 616-cı məhəllədə inşa edilmiş "xxxx" MTK-nin 9 mərtəbəli kooperativ yaşayış binasının 7-ci giriş, 9-cu mərtəbəsinin 112 saylı mənzilin payçısı İddiaçı mənzilin üstündə yerləşən mansarda mərtəbəsi (dam örtüyün altını) əvəzi ödənilməklə almış, onun həmin qeyri-yaşayış sahəsinə görə "xxxx" MTK-ya borcu yoxdur. Maliyyə arayışı AzNKİ-4” MTK-nın möhürü ilə təsdiq edilmişdir. -"xxxx" MTK-nın ünvan 9 ünvanında yerləşən kooperativ yaşayış binasının 7-ci giriş, mansarda mərtəbəsində (dam örtüyünün altında) yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. -"xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binası, 7 girişli A.Şaiq küçəsi, “A” bloku eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə razılaşdırılmışdır. Binanın təsdiqlənmiş eskiz layihəsində binanın mansarda mərtəbəsi (dam örtüyünün altı) göstərilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 135 saylı qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binasının, 7 girişli, A.Şaiq küçəsi, 214 saylı ünvanda 3 girişli “A” bloku, mövcud istismar vəziyyətdə rəsmiləşdirilərək istismara qəbul edilmişdir. İstismara icazə sənədinin (aktının) 7-ci bəndində sonradan üstü örtülən işlərin və məsul konstruksiyaların qəbul edilməsi qeyd edilmişdir. Həmin istismara icazə sənədinin (aktının) 9 və 10-cu bəndlərində işçi layihəsinin tələblərinə uyğun bəzi dəyişikliklərlə yerinə yetirildiyi qeyd edilmişdir (istismara icazə sənədi (aktı)və eskiz layihə iş materiallarına əlavə edilmişdir). Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 10 ünvanında inşa edilən binanın 7-ci girişinin sonuncu mərtəbəsində ümumi sahəsi 110 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək, iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və onun ünvan 7 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 112 saylı mənzilin payçısı olduğunu təsdiq edən və həmin mənzilin üstündə, yəni mansarda mərtəbəsində yerləşən mübahisəli qeyri-yaşayış sahələrinin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Həmçinin, qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə razılaşdırılmış eskiz layihə əsasında "xxxx" MTK tərəfindən ünvan 7 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının xx.xx.1998-ci il tarixdə tikintisinə başlanılmış və həmin tikinti xx.xx.2000-ci il tarixdə başa çatdırılmışdır. Tikinti obyekti “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının” aktına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 170 saylı sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə yerləşən 9 mərtəbəli yaşayış binasının, 7 girişli, A.Şaiq küçəsi, 214 saylı ünvanda 3 girişli “A” bloku, mövcud istismar vəziyyətdə istismara qəbul edilmişdir. Göründüyü kimi tikilinin eskiz layihəsi mövcud olmuş və həmin layihə əsasında tikili istismara qəbul edilmiş və sonrada görülən işlər həmin Aktda göstərilmişdir. Kollegiya cavabdeh orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd etdiyi qeyri-yaşayış sahəsinin binanın yenidənqurma işləri aparılaraq sonradan inşa edilmiş mərtəbəsində (dam örtüyündə) yerləşdiyinə dair dəlilinə münasibətdə qeyd edir ki, binanın təsdiq edilmiş eskiz layihəsində mansarda mərtəbə göstərilmişdir və beləliklə də sonradan inşa edilmədiyi həmin mərtəbənin mövcud olduğu öz təsdiqini tapmışdır.Göstərilənlərə əsasən səlahiyyətli dövlət orqanı binanı mövcud vəziyyətdə istismara qəbul edərək müvafiq aktı tərtib etmişdir. Həmçinin, apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillərdən və video görüntüdən də aydın olur ki, sözügedən sahənin sonradan tikilməsi ilə bağlı cavabdehin mövqeyi absurddur. Belə ki, sözügedən sahə binanın sonuncu mərtəbəsində yerləşir və binanın ümumi pillikəni həmin mərtəbəyə qədər davam edir. Cavabdehin qeyri-yaşayış sahəsinin ölçüsünün faktiki olaraq 125.6 kv.m təşkil etdiyinə dair imtina dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı mübahisəli qeyriyaşayış sahəsinin faktiki ölçüsü üzrə (125.6 kv.metr) deyil, MTK tərəfindən təsdiq edilmiş sənəd üzrə 110.0 kv.metr qeyri-yaşayış sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışının verilməsini tələb edir. Yəni, iddiaçı qeyri-yaşayış sahəsinin sənədlərdə göstərilmiş 110.0 kv.metr üçün çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa əlavə edilməsi kimi iddiaçının belə bir iddia tələbi olmamışdır. Kollegiya hazırki mübahisə üzrə tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mansarda mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin pay haqqını tam ödəmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmiş və tikinti obyektinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Belə ki, təqdim edilmiş sənədin (istismara icazə sənədlərin) doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəsi olmuş, cavabdehin vəzifəsi isə təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etməkdən ibarət olmuşdur. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 4xli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar