Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2284/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən iddiaçıya güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…Güzəştli şərtlərlə əmək pensiyası almaq üçün mart ayı 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonunun DOST Mərkəzinə sənədləri təqdim etmişdir. Orada sənədlərini yoxlayaraq ona bildirmişlər ki, ümumi və güzəştli iş stajı (36 il 1 ay 9 gün, güzəştli 12 il 10 ay 5 gün) təşkil edir. Bu kifayət olduğuna görə qanunvericiliklə əmək pensiyası almalıdır. May ayı 2023-cü il tarixdə cavabdeh tərəfindən sənədləri geri qaytarılmışdır. Ona bildirilmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az faktiki 3 il 10 ay 26 gün, yəni xx.xx.1992-ci il – xx.xx.1996-cı ilə qədər təşkil edir. Bu səbəbə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh öz imtina məktubunda onun Estoniya Respublikasında güzəştli iş stajı xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixə qədər 8 il 11 ay 9 gün təşkil edir. Bu güzəştli iş stajın hesablanmamasının cavabdeh öz imtina məktubunda bildirməmişdir. Təqdim etdiyi güzəştli staja cavabdeh tərəfindən şübhə varsa, yoxlama aktı ilə Estoniya Respublikasına sorğu göndərsin. Cavabdeh öz imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 №-li qərarına istinad edir. Lakin qeyd olunan qərarın onun güzəştli staja görə əmək pensiyası barədə heç bir aidiyyəti yoxdur…» Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «... İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 12 gün (xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Mübahisələndirilən dövr isə (7 ay 23 gün (xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçı təqdim etdiyi ******* №-li əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işləmişdir..” Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən Qanunun 23.2-ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyil. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1403/2024 saylı xx.xx.2024 il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: «…Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallarına, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci bəndinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Sözügedən qanunun 23.2- ci bəndinə görə isə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir Həmçinin, Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Estoniya Respublikası arasında hazırda pensiya təminatı sahəsində saziş mövcud deyildir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir…». Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, güzəştli şərtlərlə pensiya təyin olunması üçün ümumi və güzəştli stajının mövcud olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki,“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək (23 sentyabr 1992-ci il) Azərbaycanla Estoniya Respublikası arasında dövlətlərarası sazişin olmaması iddiaçının davamlı, fasiləsiz iş dövrü olan xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Estoniya Respublikasında işlədiyi dövrə daxil olan iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixədək işlədiyi dövrün mübahisələndirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun : 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsininxx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən – «axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.» 9.8-ci maddəsi baxımından əvvəllər qüvvədə olmuş qanunvericilik o cümlədən, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, hər iki halda, şəxsin güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri şərt qismində 25 il ümumi, 12 il 6 ay güzəştli pensiya hüququ verən işlərdə çalışması tələb olunur. Konkret halda isə iddiaçının iş materiallarına, o cümlədən, əmək kitabçasının qeydlərinə və arxiv arayışlarına əsasən 25 ildən də çox ümumi staja malik olması öz təsdiqini tapsa da (işin mübahisələndirilməyən halıdır), onun pensiya qanunvericiliyinin tələblərinə uyğun gələn 12 il 6 ay güzəştli stajının mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçının işə əlavə olunmuş, 17 avqust 2082-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə, “Archivali Group OU” tərəfindən təqdim edilmiş 0123-4513 saylı xx.xx.2023-cü il tarixli və "xxxx" QSC X4 Donanması tərəfindən təqdim edilmiş 13-3-2/3-9-74/2023 saylı xx.xx.2023-cü il tarixli - arxiv arayışlarına əsasən müəyyən olunur ki, iddiaçı: - xx.xx.1983-xx.xx.1992-ci illərdə (8 il 11 ay 10 gün) “Estrıbprom” X3 İstehsalat Birliyində matros və balıq unu qurğusunun maşinisti vəzifəsində (Arayışda qeyd edilir ki Balıq sənayesi gəmiləri xidməti-yardımçı, səfər, şəhərətrafı və şəhərdaxili əlaqə gəmilərinə, o cümlədən liman akvatoriyasında işləyən gəmilərə aid edilmir). - xx.xx.1992-xx.xx.1996-cı illərdə ( 3 il 10 ay 26 gün) “Xəzər Neft donanması” İdarəsində matros və kapitan köməkçisi kimi - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də, AR Nazirlər Kabinetinin həmin qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (üzən heyət - kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə işləmişdir. Lakin cavabdeh Filial tərəfindən birinci instansiya məhkməsinin sorğusuna cavab olaraq 3-17-1/284667/23 saylı xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının ümumi iş stajının 33 il 4 ay 2 gün (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay 2 gün əmək stajı (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 9 ay sığorta stajı), güzəştli iş stajı isə 3 il 6 ay 26 gün (xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) təşkil edir. Göründüyü kimi, iddiaçının cavabdeh tərəfindən qəbul edilən güzəştli staj 3 il 6 ay 26 gün təşkil edir. Məhkəmə kollegiyası cavabdehin güzəştli stajla bağlı qeyd olunan mövqeyi ilə razılaşmasa belə, hər bir halda, iddiaçının güzşətli pensiya hüququ verən stajı tələb olunan 12 il 6 aydan az təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinin tələbəinə görə: 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında pensiya təminatı sahəsində saziş mövcud olmadığından, iddiaçının xx.xx.1983-xx.xx.1992-ci illərdə (8 il 11 ay 10 gün) “Estrıbprom” X3 İstehsalat Birliyində matros və balıq unu qurğusunun maşinisti vəzifəsində işlədiyi müddətin yalnız, xx.xx.1992-ci il tarixədək olan dövrü güzəştli pensiya hüququ verən sığorta stajı kimi nəzərə alına bilər. Belə olan halda, onun xx.xx.1983-xx.xx.1992 dövrü üzrə güzəştli stajı 8 il 3 ay 17 gün təşkil edir ki, həmin stajının da üzərinə “Xəzər Neft donanması” İdarəsində matros və kapitan köməkçisi kimi işlədiyi 3 il 10 ay 26 günü əlavə etdikdə onun cəmi güzəştli stajı 11 il 10 ay 13 gün təşkil edir, yəni, onda tələb olunan 12 il 6 ay güzəştli pensiya hüquq verən stajı toplanmır ki, ba da ona güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsini istisna edir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması əslində, mahiyyət etibarı ilə qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqların pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, iddianın təmin olunması barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, bütün faktiki halların aydınlaşdırmadığını və qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1403/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2284/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2284/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver