Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2285/2023 24.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən mənzilin özəlləşdirilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraatlar : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 68 saylı evin, 40 saylı mənzilinə dair verilmiş Bakı şəhəri, Səbail rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 32 saylı qərarı ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Səbail rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 32 saylı protokolunun Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin protokolda X5 barədə hər hansı məlumatın olmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2250/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov-sədrlik edən, S.İ.Bektaşi və A.Ə.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-335/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2250/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, təkrar apellyasiya baxışında mənzilin orderinin həqiqiliyi istiqamətində araşdırma aparılmalı, orderin mötəbərliyini şübhə altına alan yuxarıda sadalanan hallara aydınlıq gətirilməli, bu məqsədlə orderdə olan möhürün hansı orqana məxsus olması müəyyən edilməli, orderi verən orqandan həqiqətən belə orderin verilməsi öyrənilməli, orderin verilməsinə əsas olan sənədlər aidiyyəti dövlət orqanlarından, o cümlədən dövlət arxivindən tələb edilib tədqiq olunmalı, ən azından orderin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulan hüququn qeydə alınması üçün əsas hesab edilən hüquqi sənəd kimi həqiqi sənəd olması müəyyən edilməli, bundan asılı olaraq qərar qəbul edilməlidir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə etmiş, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan : - 26 Bakı Komissarı XDS İK-nin ( indiki Səbail rayonu İcra Hakimiyyəti) tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 033312 nömrəli Orderə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 68 saylı evin 40 saylı mənzil İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) ayrılmışdır. - Mübahisə predmeti olan mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə dair X7, X3, X4, X8, X6 notarial qaydada etiraz etmədiklərininə dair razılıq ərizələri iş materiallarına əlavə edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 20 iyun 2023-cü il tarixli 3-48-2F/2-04357/2023 nömrəli məktubda qeyd edilmişdir ki, keçmiş 26 Bakı Komissarı XDS İK-nin (indiki Səbail rayin İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 32 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda İddiaçı barədə heç bir məlumat yoxdur. İşin hallarından aydın olur ki, 26 Bakı Komissarı XDS İK-nin ( indiki Səbail rayonu İcra Hakimiyyəti) tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 033312 nömrəli Orderə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 68 saylı evin 40 saylı mənzil İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) ayrılmışdır. İddiaçı 9 sentyabr 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Yeni Günəşli qəsəbəsi “AB” Y/S, ev 68, mənzil 40 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 68 saylı evin, 40 saylı mənzilinə dair verilmiş Bakı şəhəri Səbail rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 32 saylı qərarı ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Səbail rayon XDS İKnin xx.xx.1988-ci il tarixli, 32 saylı protokolunun Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin protokolda X5 barədə hər hansı məlumatın olmadığı bildirilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.1988-ci il tarixli 033312 nömrəli Orderdən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 68 saylı evin 40 saylı mənzilinin İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) ayrıldığı görünür. Lakin, məhkəmə araşdırması zamanı qeyd edilən orderin mötəbərliliyini şübhə altına alan bir sıra hallar müəyyən edildiyi üçün, kassasiya instansiya məhkəməsinin göstərişlərinidə nəzərə alan Kollegiya tərəfindən 2-1(103)-2285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilərək, ekspert qarşısında cavablandırılması üçün xx.xx.1988-ci il tarixli, 033312 nömrəli orderin üzərində olan möhürün hansı orqana məxsus olmasında dair sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 5/1224 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş xx.xx.1988-ci il tarixli, 033312 nömrəli orderin üzərində “A3epб CCP Бакы ш PajoH xaлг депутат CoBeTинин Ичракому ..... мəн ...... бөлушдуурлмəси шөбəси* Азeрб ССР Исполком ...... Районного совeта народных депут. Г. Баку* Oтдeл учeта и распрeдeлeния жилплоһади” (nöqtələr oxunulmayan söz və hərfləri bildirir) məzmununda mətin, orta dairənin içərisində isə gerbin qrafiki təsviri vardır. Göründüyü kimi, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən xx.xx.1988-ci il tarixli, 033312 nömrəli order aidiyyatı orqan tərəfindən möhürlənərək təsdiqlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mənzilin ayrılmasına dair 033312 nömrəli Order qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisəli ərazi iddiaçı tərəfindən 30 ildən artıq müddətdir ki fasiləsiz, hər hansı etiraz olmadan istifadə edilir. Cavabdehin “Səbail rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 32 saylı protokolunun Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin protokolda X5 barədə hər hansı məlumatın olmaması” dəlili ilə bağlı isə qeyd edilməlidir ki, həmin protokolda X5 barədə hər hansı məlumatın olmaması iddiaçının təqsiri deyil və qeyd edilən hal mənzilə dair mülkiyyət hüquqlarının müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına dair ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarına müvafiq sənədlər vətəndaşlara mənzil verildikdən və ya onlar həmin mənzil uçotundan çıxarıldıqdan sonra on il ərzində saxlanılır və bu müddət keçdikdən sonra məhv edilir. Göründüyü kimi, iddiaçı tərəfindən mənzilin ona ayrılmasına dair orderin əsli məhkəməyə təqdim edilmiş, həmin orderin verilməsinə əsas olan sənədlərin əldə edilməsi isə iddiaçının iradəsindən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Cavabdeh tərəfindən isə həmin orderin mötəbərliyini şübhə altına alacaq hər hansı mötəbər sübut təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırmaları zamanı da bu kimi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Qeyd olunan hüquq normalarına nəzərən və iş materiallarına əsasən Kollegiya hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi tərəfindən tələbin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyularaq düzgün nəticəyə gəlinmişdir. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2285/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2285/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver