Məhkəmə qərarları › İş №2-1(103)-2285/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2285/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2285/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2- 1(112)-6991/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Zirə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgi planının və xəritədən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1990-cı il tarixli 73 nömrəli Zirə qəsəbəsində Abşeron XDS İcraiyyə Komitəsinin qərarı ilə fərdi ev tikmək üçün 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı torpaq sahəsini özəlləşdirmək üçün lazımi sənədlərini hazırlayıb cizgi plan və xəritədən çıxarış almaq məqsədilə cavabdehə müraciət etdi və 5- 12/2-Q-41-091/2024 saylı imtina məktubu aldı. Cavabdehin xx.xx.2024-cü il tarixli imtinasında qeyd etmişdir ki, “Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, tərəvəzçilik-südçülük sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.” Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçıya Abşeron Rayon XDS İK-nin 03 mart 1990-cı il tarixli 73 nömrəli qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon XDS İK-nin müvafiq qərarına əsasən 1990-cı ildə ayrılmışdır. Tərəvəzçilik- Südçülük sovxozundan ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Eyni zamanda, İddiaçı ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6- cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin tərkib hissəsidir. Hesab edirlər ki, Bakı İnzibati Məhkəməsi tərəfindən hazırki iş üzrə cavadehin əsl cavabdehlə əvəz olunması barədə qərardad qəbul edilməlidir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Tərəvəzçilik-Südçülük sovxozu ərazisi hüdudlarında yerləşibyerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ‘’yerləşmə sxeminin verilməsi’’ tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(112)-6991/2025 saylı qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 73 saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq İddiaçı verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunmuşdur. Azərbaycan Respublikasının ərazisində torpaq sahələrinin istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon XDS İK-nin müvafiq qərarına əsasən 1990-cı ildə ayrılmışdır. Abşeron rayon Zirə Tərəvəzçilik-Südçülük sovxozu tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il, 372 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir. (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinə əsasən icra hakimiyyəti başçısının əsas səlahiyyətlərinə torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdir. Torpaq sahəsi Cavabdeh tərəfindən ayrılmadığından və torpaq sahəsi hazırda Cavabdeh idarəçiliyində olmadığından iş üzrə cavabdeh kimi cəlb oluna bilməz və cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Abşeron XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 73 nömrəli qərarı ilə Zirə qəsəbəsində ilə fərdi ev tikmək üçün 0.12 ha torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından cizginin onun tərəfindən verilməsi mümkün deyildir. İddiaçı ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. İş materiallarından görünür ki; - Abşeron XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 73 nömrəli qərarı ilə iddiaçıya Zirə qəsəbəsində fərdi ev tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. İşin faktiki hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 73 saylı qərarına əsasən İddiaçı Zirə tərəvəzçilik-südçülük sovxozunda fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır, ona ayrılan torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd olunmuşdur. Sözügedən qərarın mövcudluğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 73 saylı qərarı ilə iddiaçının istifadəsinə verilmiş fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) qərara əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə ona verilmiş hüquqdan və qərarın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. -10-cu madəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -22-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... -29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -72-ci maddəsinə görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi qərar qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalıdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 73 saylı qərarının mövcudluğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. İşdən görünür ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sözügedən qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim edilməsinə dair isə heç bir sübut işə əlavə edilməmişdir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Məhkəmə kollegiyası torpaq sahəsinin Zirə qəsəbəsinin keçmiş Südçülük- Tərəvəzçilik sovxozunun istifadəsində olmuş ərazilərində yerləşməsi - Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlərin mövcud olmaması barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsi hazırda Xəzər rayonunun inzibati ərazi vahidində yerləşir və bununla bağlı hər hansı mübahisə yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 73 nömrəli qərarı ilə Zirə qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı 0.12 ha torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(112)-6991/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar