Məhkəmə qərarları › İş №2-1(103)-2286/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2286/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2286/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə arayışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail RİH 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar küçəsi 1 saylı evin qarşısında (3,0x5,0) m ölçüdə bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş vərəqi:148). İddianın əsaslarına görə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində 1 saylı evin qarşısında 15 kv.m (3 x 5) ölçüdə bağ sahəsi iddiaçının mərhum atası X3 adına sənədləşdirilmiş və bağ sahəsi abadlaşdırılmışdır. X1 ona ayrılan tarixdən vəfat etdiyi vaxtadək həmin bağdan qanuni şəkildə istifadə etmişdir. 12 yanvar 2017-ci il tarixdə atası vəfat etdikdən sonra iddiaçı həmin bağ sahəsindən istifadə etmiş və oranı qoruyub saxlayır. İddiaçı həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ona imtina bildiriş ünvanlayaraq sözügedən torpaq sahəsinin şosse yolunun kənarındakı yaşıllıq ərazisində (uşaq meydançasında) yerləşir və sərhədləri şərtidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, yerləşmə cizgisində sahə və ölçülər göstərilməmiş və faktiki vəziyət də uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin yerləşmə cizgisində istinadlar və məsrəflər qeyd edilməmiş, bundan əlavə sərəncamda sahənin ölçüsü qeyd olunmamışdır. Eyni zamanda, torpaq sahəsi yaşayış binası ilə şosse yolunun yaxınlığında ümumi istifadədə olunan yaşıllıq ərazisidir və torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmalıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, vətəndaşa xx.xx.2019-cu il tarixli imtina müktubu ünvanlanmışdır. ünvan 1 xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinə uyğun yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsaslandırılmadan qanunsuz qərar qəbul etmişdir. Belə ki, bağ sahəsi tam qanuni əsaslarla mərhum atasının istifadəsində və sahibliyində olmuş, mülkiyyət hüququnun qeydə alınması üçün bütün faktiki və hüquqi əsaslar mövcuddur. Bu fakt ekspert rəyi ilə öz təsdiqini tapır. Bariz faktlar göz önündə olduğu halda, məhkəmə, dolayı əsaslandırma ilə ekspert rəyinə izah verərək cavabdehin imtinasını əsaslı hesab etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş eyni zamanda, torpağın beşmərtəbəli yaşayış binasının qarşısında yaşıllıq sahədə yerləşdiyini bildirsə də, hər bir halda, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina bildirişinə və iddiaya qarşı etirazda göstərilənlərə uyğun izahat verərək iddiaçı ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının öhdəliyin icrası haqqında cavabdehə qarşı “Bakı şəhəri Badamdar küçəsi 1 saylı evin qarşısında (3,0x5,0)m ölçüdə bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi tələbinə dair” iddiası birinci instansiya məhkəməsinin qərarı ilə rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, mübahisəli torpaq sahəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamı qəbul edilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci hissəsində nəzərədə tutulurdu ki, dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, torpağın qanunvericiliklə xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulur. Konkret halda isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin işə əlavə olunmuş 1484 nömrəli 23 sentyabr 1998-ci il tarixli sərəncamda isə həmin sərəncamla iddiaçının mərhum atası X3 adına 15 kv.m ölçüdə bağ sahəsinin hansı əsaslarla ayrıldığı müəyyən olunmur. Belə ki, həmin sərəncamın mətni aşağıdakıları ehtiva edir: “Sərəncam 23 sentyabr 1998-ci il. “Mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” “X3 Səbail rayonunda işləməsini və yaşayış şəraitinin yaxşılaşdırılması haqqında xahişini qane edərək: 1.Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 saylı evlərin qabağından (3,0x5,0).m ölçüdə mövcud bağ sahəsini X4 adına sənədləşdirilsin. 2.Sərəncamın surəti nəzarət üçün "xxxx" NQÇİ-nin MTK-na və Polis İdarəsinə göndərilsin.” Sərəncamdan göründüyü kimi, (3,0x5,0) m ölçüdə bağ sahəsinin hansı əsasla mərhumun adına sənədələşdirilməsi barədə göstəriş yoxdur. İşdən isə görünür ki, bağ sahəsi şosse yolun kənarında və çoxmənzilli yaşayış binasının qarşısında yaşıllıq ərazisində yerləşir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş 10/718, 04 avqust 2020-ci il tarixli ekspert rəyində mübahisəli torpaq sahəsinin yerində müayinə (yerli baxış) olunmuş və ekspert onun qarşısında qoyulmuş 1-3-cü sualları cavablandıraraq göstərmişdir ki: Tədqiq olunan torpaq sahəsi (sxem üzrə) düzbucaqlı formada olmaqla, Badamdar şossesinin (küçəsinin) kənarıqda 1 saylı yaşayış binasının qarşısındakı sahədə yerləşir. Torpaq sahəsinin sərhədləri faktiki olaraq açıq şəkildədir. Tədqiq olunan torpaq sahəsi ilə 1 saylı yaşayış binası arasındakı sahədə tamet plitələrlə üzlənmiş piyada keçidi vardır. Torpaq sahəsinin uzunluğu 5,0 metr, eni 3,0 olub orta hissəsində su hovuzu inşa edilmişdir Yaşayış binası ilə tədqiq olunan torpaq sahəsi arasındakı məsafə 16,7 m, torpaq sahəsindən Badamdar şossesin qədər məsafə 3,3 m təşkil edir. Ekspertin məhkəmənin 3cü sualına cavabından isə aydın olur ki, mübahisəli torpaq sahəsi Badamdar şossesinin yaxınlığında ümumi istifadədə olan bir torpaq sahəsidir. İşin tədqiq olunan, eyni zamanda, ekspert rəyi və tərəflərin izahatları müəyyən olunan hallar onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi ümumi itifadədə olan beşmərtəbəli yaşayış binasının qarşısında yaşıllıq ərazisində yerləşir. İşə əlavə olunmuş fotşəkillərdən də bu mənzərə aydın görünür və iddiaçının özü tərəfindən də bu etiraf olunur. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda və idldia ərizəsinə etirazında da məhz, qeyd olunun əsaslarla imtina cavabı verilmişdir. Sözügedən Məcəllənin 70-ci maddəsi nəzərədə tuturdu ki, şəhər, qəsəbə və kənd yaşayış məntəqələri torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 1) tikinti torpaqları; 2) ümumi istifadədə olan torpaqlar; 3) kənd təsərrüfatı təyinatlı ,və digər torpaqlar; 4) yaşayış məntəqələrinin meşə torpaqları; 5) təbiəti mühafizə, sağlamlaşdırıcı, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı torpaqlar; 6) dəmir yolu, su, hava nəqliyyatının, boru kəməri xətlərinin, dağ-mədən və digər sənaye sahələrinin torpaqları. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar aşağıdakılardır: 1) meydanlar, küçələr, keçidlər, yollar, sahil torpaqları; 2) əhalinin mədəni-məişət ehtiyaclarının ödənilməsi üçün istifadə edilən və istifadə edilməsi nəzərdə tutulan torpaqlar: parklar, meşə-parklar, bulvarlar, bağçalar, sututarlar, stadionlar, idman meydançaları və s; 3) kommunal təyinatlı torpaqlar (qəbiristanlar, şəhər tullantılarının zərərsizləşdirildiyi yerlər və s). Ümumi istifadədə olan torpaqlar ticarət çadırlarının, köşklərin, dükanların, pavilyonların və s. quraşdırılması üçün müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verilir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi sərəncamla iddiaçının adına sənədləşdirilərkən qüvvədə olmuş torpaq qanunvericiliyi ilə meydançalar, parklar, meşəparklar, bulvarlar, bağçalar ümumi istifadədə olan torpaq sahələri sayılır və həmin torpaq saəhələrinin yalnız müəssisə, idarə və təşkilatlara müvəqqəti olaraq ticarət çadırlarının, pavilyonların və s. quraşıdırlması üçün verilməsi nəzərdə tutulurdu. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin İİİ hissəsi baxımından cavabdeh orqan ətraf mühitə,konkret halda ümumi istifadədə olan yaşıllıq ərazisinə (bağça-meydançasına) Torpaq Məcəlləsinin qeyd olunan tələbi ilə yol verilən hədd daxidində müdaxilə edə bilədi. (Əsas Qanunun qeyd olunan normasının tələbinə görə: heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.) Lakin Bakı İcra Hakimiyyəti (Başçısı) qanunvericiliyin qeyd olunan tələblərinə varmadan, yəni Torpaq Məcəlləsinin qeyd olunan tələbinə zidd olaraq çoxlu sayda ağacları və yaşıllığı olan yolkənarı bağçada (alleydə) 3x5m ölçüdə torpağın “bağ sahəsi” adı ilə, fiziki şəxs olmasına baxmayaraq iddiaçının mərhum atasının adına sənədləşdirilməsi barədə sərəncam vermişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə həmin sərəncam öz-özlüyündə əhəmiyətsiz və hüquqi qüvvəsi olmayan inzibati aktdır. Qeyd olunanlar nəzərə alınmaqla və “Daşınmaz mlakın dövlət reyestri haqqında” Qanunun qeydə alınmanın əsaslarını müəyyən edən 8-ci maddəsinə müvafiq olaraq dövlət reyestrində daşınmaz əmlaka hansı hüququn qeyd alınması öz əksini tapmalı olduğu halda, sərəncamda - torpaq sahəsinin hansı hüquqla iddiaçının mərhum atasının adına sənədləşdirilməsi və hansı müddətə ona verildiyi, ümumiyyətl,ə sənədləşdirilmənin nədən ibarət olması kimi göstəricilər mövcud olmadığından iddiaçının müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.1-ci maddələrinin tələbindən isə görünür ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli ünvanda ümuumi istifadədə olan bağ sahəsinin mülkiyyət hüququ ilə iddiaçının mərhum atasına məxsus olması barədə arayış verilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə onun hüquqlarının pozulması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar