Məhkəmə qərarları › İş №2-1(103)-2286/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2286/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2286/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) Dünyamin Xəlilovun rəhbərlik etdiyi “GENERAL CONSTRUCTİON” şirkətlər qrupuna daxil olan "xxxx" MMCdə 2010-cu ilin may ayından 2013-cü ilin iyun ayınadək olan müddətdə “operator” vəzifəsində işləmişdir. Birbaşa vəzifə öhdəliyi Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Sitalçay adlanan ərazidə 20 ədəd külək elektrik turbinlərinin quraşdırılması və montajında sahə operatoru kimi çalışmaq olmuşdur. 2013-cü ilin iyun ayında layihənin inşası tam olaraq bitdiyindən, iddiaçı öz ərizəsi ilə işdən azad edilmişdir. Lakin 2015-ci ildə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbərliyinə və Dünyamin Xəlilova qarşı külli miqdarda bank vəsaitlərinin mənimsənilməsi üzrə məhkəmə işi açıldıqdan sonra Dünyamın Xəlilovun qeyri-rəsmi şəkildə rəhbərlik etdiyi "xxxx" MMC və "xxxx" MMC şirkətlərində onun (iddiaçının) təsisçisi olduğu müəssisənin adına "xxxx" ASC-dən götürülmüş və geri qaytarılmamış kredit borclarının olması haqqında məlumat almışdır. İddiaçı həmin müəssisənin "xxxx" ASC-dən aldığı kreditlərlə bağlı 2017-ci ilin mart ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və orada şahid qismində ifadə vermişdir. İfadə verərkən ona bildirilmişdir ki, "xxxx" ASC-nin “Mərkəzi” filialında sözügedən müəssisənin ehtiyaclarını qarşılamaq məqsədilə iddiaçının adına kredit rəsmiləşdirilmiş və həmin kreditdən ödənilməmiş məbləğ qalmışdır. Bank qarşısında olan kredit borcunun olması, eyni zamanda cinayət işi üzrə araşdırılmaların davam etdirilməsi səbəbindən iddiaçının ölkədən kənara çıxışına və əmlakına məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyətin aradan qaldırılması üçün qeyd edilən məbləğin tam ödənilməsini təmin etmək lazımdır. Xəlilov və digər aidiyyəti şəxslər (mühasibatlıq) barəsində məhkəmə qərarı ilə müvəqqəti həbs qətimkan tədbiri seçildiyindən və həmin dövrdə onların həbsdə olması səbəbindən, iddiaçı məsələ ilə bağlı müraciət edəcək və borcun ödənilməsini təmin edə biləcək heç bir şəxslə əlaqə yarada bilməmişdir və bu günədək hələ də əlaqə yarada bilməmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbəti xəbərini gözləməli olmuşdur. Sözügedən kredit işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ilin iyul ayında başa çatmış və bu işlə bağlı təqsirli bilinən vəzifəli şəxslər məhkəmənin qərarı ilə cəzalandırılmışlar. İddiaçı həmin prosesə cəlb olunmamışdır. Hətta, o zaman Maliyyə Nazirliyi tərəfindən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ezam olunmuş və bu iş üzrə araşdırmalar aparan əməkdaş da ifadə verərkən onun (iddiaçının) təqsirsiz olduğunu şifahi şəkildə etiraf etmişdir. Bundan sonra iddiaçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə dəfə gedərək müraciətlər və sorğular etmiş, ancaq bunlar cavabsız və nəticəsiz qalmışdır. 4 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron məktub şəklində ərizə ilə müraciət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət ünvanlamışlar. Müraciətə cavab olaraq, 6 may 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onun müraciətinə baxılaraq nəticəsi barədə məlumat veriləcəyi haqda məktub alsa da, həmin tarixdən bu vaxtadək heç bir rəsmi və ya əyani bir cavab verilməmişdir. 4 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar sorğu ilə müraciət etmiş və bu müraciəti də cavabsız qalmışdır. İddiaçı 21 noyabr 2020-ci il tarixdə “AZAL”-ın saat 09:10-a təyin etdiyi “J2 177” Baku-İstanbul aviareysi üzrə İstanbula səfər etmək istəyərkən Bakı Hava Limanında pasport nəzarətini həyata keçirən Sərhəd Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikasının hüdudlarından çıxışına məhdudiyyətin qoyulduğu bildirildikdən sonra hava limanından geri qaytarılmışdır. İddiaçıya şifahi şəkildə bildirilmişdir ki, "Giriş-çıxış və qeydiyyat” İdarələrarası X1 ölkədən çıxışına məhdudiyyətin mövcudluğu göstərilir və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Bu səbəbdən, yenidən 5 yanvar 2021-ci il tarixdə X14 ərizə şəklində sorğu ilə müraciət məktubu ünvanlamışdır. Sonuncu rəsmi müraciətdən sonra sözügedən orqan müraciətin nəticəsi barədə ona məlumat verəcəyini bildirsə də, həmin vaxtdan 7 aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir məlumat əldə edə bilməmişdir. Bu müddət ərəfəsində bir neçə dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də belə, heç bir nəticə əldə edə bilməmişdir. Sərhədkeçmə ilə bağlı iddiaçının üzərində məhkəmənin və heç bir inzibati orqanın rəsmi qərarı olmadığı halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun üzərinə qeyri-rəsmi və qeyri-qanuni bir qadağanı qoyması və bununla bağlı Dövlət Sərhəd Xidmətinə belə bir göstəriş verməsini, yuxarıda qeyd edilən "xxxx" ASC ilə bağlı işin məhkəmə araşdırmasının başa çatmasını, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsini və «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini və Azərbaycan Respublikasının Prezidentinin 22 aprel 2008-ci il tarixli Fərmanının müddəalarını nəzərə alaraq, məhkəmədən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin iddiaçının Azərbaycan Respublikasının hüdudlarından getməyinə qoyulmuş məhdudiyyətlə bağlı hərəkətlərinin qanunsuz müdaxilə hesab edilməsi və bu hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehlər və üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı (hakim: R. Kərimli ) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlər, o cümlədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanlanmış 11 dekabr 2021-ci il tarixli məktubunda müvafiq cinayət işinin istintaqı zamanı iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 4.180.183 manat kredit borcunun olduğu məlum olmuşdur. Hazırkı məhkəmə icraatında iddiaçı özü də bu halı təkzib etməmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. Digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə, “Giriş-çıxış və qeydiyyat" X2 axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən müvafiq məlumat daxil olduğundan, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoyması qanunsuz sayılmamalıdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, Dünyamin Xəlilovun rəhbərlik etddiyi “General Construction” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-də 2010-cu ilin may ayından 2013-cü ilin iyun ayınadək olan müddətdə operator vəzifəsində çalışmışdır. Əgər onun həmin Cəmiyyətin direktoru olması, Cəmiyyətin bankdan onun imzası ilə kredit götürməsi və həmin faktlarla bağlı əməlinə hüquqi qiymət verilməsi istiqamətində istintaq hərəkətlərinin davam etdirilməsi halları mövcud idisə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq bunları araşdırmağa borclu idi. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-1795/2022 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X5 və X8) ilə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 386/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-1795/2022 nömrəli qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia mümkün sayılmamış, cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı tələb üzrə işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İcraat zamanı İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ona Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq, iddiaçı barəsində İAMAS-a daxil edilən məhdudiyyət zamanı qərarın olub-olmamasının inzibati orqan tərəfindən yoxlanılmasına lüzum olmadığını, İAMAS-da məhdudiyyət statusunun olmasının kifayət etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - Cavabdeh tərəfindən Miqrasiya Məcəlləsinin və “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında” Əsasnamənin tələblərinə əməl edilib-edilməməsinin araşdırılması; - İddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olan halların hər hansı birinin mövcud olmasının müəyyən edilməsi, - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qərar qəbul edilməsinin yoxlanılması. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Miqrasiya Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. 9.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. 9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 9.6. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. “Giriş-çıxış və qeydiyyat” X2axtarış sistemi haqqında Əsasnamə:

1. Bu Əsasnamə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, "Pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edən "Giriş-çıxış və qeydiyyat" X2-axtarış sisteminin aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) tərəfindən əlaqələndirilmiş qaydada istifadəsinin, informasiya resurslarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

2. "Giriş-çıxış və qeydiyyat" X2-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: ... 2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması; ...

7. Sistem vasitəsilə aşağıdakı informasiya resurslarının formalaşdırılması təmin edilir: 7.3. "Sərhədkeçmə"; 7.4. “Sərhədkeçməyə məhdudiyyət siyahısı”; 7.4-1. “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”;

8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi: ... 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. 8.1.14. öz səlahiyyətləri daxilində “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi; 8.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti: 8.4.4. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

12. Sistemin tərkibinə daxil olan altsistemlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən aşağıda göstərilən qaydada təmin edilir: 12.6. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi: 12.6.1. altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur:

İnsan Hüquqlarının və X7 X3 4 saylı protokolu Maddə 2. Hərəkət etmək azadlığı

1. Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.

4. Birinci bəndə daxil edilmiş hüquqlar xüsusi ərazilərdə qanuna müvafiq olaraq və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər.

Apellyasiya şikayətinin dəlilinə münasibət:

Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qərarı ilə hazırki iddia tələbi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı hissədə mümkün sayılmadığından təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı yoxlanılır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.6-cı maddəsinə görə ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnaməyə görə bu sistem xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlərlə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir (2-ci bənd). Ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması (2.4-cü bənd). Bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokalı seqmentlərdən ibarətdir. Bunların biri də “sərhədkeçməyə məhdudiyyət” adlanır (6.1 və 6.10- cu bəndlər). Əsasnaməyə görə axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qaxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi öz səlahiyyətləri həddində istintaq və təhqiqat aparan orqanlara DİN, DSX, FHN, DTX, ƏN, VN, Gömrük Komitəsi, Prokurorluq və s. dövlət orqanlarının vəzifələrinə daxildir. Üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtında əvvəl azad edilən şəxslər haqqında məlumat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən sistemə yerləşdirilir. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi adlanan 12.6-cı bənddə qeyd edilir ki, altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur: -sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi; -şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması; -şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin “Xlyustov Rusiya Federasiyasına qarşı” iş üzrə 11 iyul 2013-cü il tarixli qərarına istinad edərək nəzərə çatdırır ki, həmin qərarda qeyd edilir ki, “şübhəsiz ki, hazırkı işdə ərizəçinin ölkədən çıxma hüququnu məhdudlaşdıran məhkəmə icraçılarının qərarları onun maraqlarına toxunur və beləliklə, bu qərarlar qətnamə formasında qəbul edilməlidir. Lakin hazırkı işdə olan məhdudiyyətlərin əksəriyyəti “tələb” və “tapşırıq” formasında verilmişdir və məhkəmə icraçıları xidməti tərəfindən Daxili İşlər İdarəsinə və sərhəd nəzarəti xidmətinə ünvanlamış, ölkə məhkəmələri də tətbiq edilən məhdudiyyətlərin qanuniliyini bu sənədlərə əsasən yoxlamışdır (98-ci bənd)... Avropa Məhkəməsi bu cür qərara gəlir ki, ölkə hökuməti işin konkret hallarında bütün müddət ərzində vətəndaşların ölkəni tərk etmək hüququna müdaxilənin əsaslı və mütənasib olması üzrə öz öhdəliklərini icra etməmişdir (102-ci bənd). Həmçinin, Azərbaycan Respublikası CPM-ə görə şəxs barəsində tutulma və hər hansı qətimkan tədbirinin seçilməsi müvafiq olaraq ibtidai istintaq orqanının və məhkəmənin qərarı ilə həyata keçirilir. Əgər belə qərar olmadan şəxsin adı sistemə daxil edilirsə, bu əsasla adi məlumat əsasında Dövlət Sərhəd Xidməti tərəfindən şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılırsa, bu yuxarıda istinad etdiyimiz Avropa Məhkəməsinin qərarına görə qanuni məqsədə cavab verməyəcəkdir. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əsasən işin obyektiv araşdırılması məqsədilə AR Daxili İşlər Nazirliyi və AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ünvanlayaraq xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ölkədən çıxışına məhdudiyyətin (qadağanın) qoyulub-qoyulmaması, qoyulmuşdursa, məhdudiyyət qoyulmasına əsas olan halların mövcudluğu barədə icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Həmçinin AR Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayaraq xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ölkədən çıxışına məhdudiyyətin (qadağanın) qoyulub-qoyulmaması, məhdudiyyət qoyulmuşdursa, hansı orqanın qərarı ilə qoyulması və buna dair bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsini xahiş etmişdir. AR Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi 19 iyun 2023-cü il tarixli, 3- 38/3-2-661/23 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sorğu cavablandırılması məqsədilə Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumuna göndərilmiş və müəyyən edilmişdir ki, İddiaçı dövlət sərhədində hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır. Həmçinin İddiaçı ölkədən çıxışına məhdudiyyətin (qadağanın) qoyulub-qoyulmaması, məhdudiyyət qoyulmuşdursa, hansı orqanın qərarı ilə qoyulması və buna dair bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi barədə sorğu AR Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən aidiyyəti struktur quruma göndərilmiş, AR Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin N iyul 2023-cü il tarixli, 3-38-33/2- 16/2629/2023 saylı məktubunda aşağıdakılar qeyd edilmişdir: -AR Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Girişçıxış və qeydiyyat” X2 axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyət qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. - Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə tapşırıldığı üçün İddiaçı xx.xx.2020-ci il tarixdə X12 Aeroportunda Bakı-İstanbul aviareysi ilə gedərkən Dövlət Sərhəd Xidməti tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudiyyət tətbiq edən orqanın (xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən “Çıxışı Qadağan” statusu ilə tətbiq edilmiş məhdudiyyət) tələbi ilə geri qaytarılmışdır. -Bununla yanaşı İddiaçı AR hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət olunmamışdır. Həmçinin AR Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin N avqust 2023-cü il tarixli, 3-38-33/2-16/3218/2023 saylı məktubunda aşağıdakılar qeyd edilmişdir: -AR Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Girişçıxış və qeydiyyat” X2 axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. -Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət sərhədindən hərəkəti zamanı AR DİN tərəfindən İAMAS-ın məhdudiyyəti altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi həmçinin izahatında bildirmişdir ki, iddiaçı barəsində İAMAS-a daxil edilən məhdudiyyət zamanı qərarın olub-olmaması inzibati orqan tərəfindən yoxlanılmasına lüzum olmamış, İAMAS-da məhdudiyyət statusunun olması kifayət etdiyini bildirmişdir. Yuxarıda da qeyd edildiyi kimi Avropa Məhkəməsi bu kateqoriya işlərlə bağlı qərarlarında vurğulamışdır ki, bütün hallarda daxili hakimiyyət orqanları şəxsin ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyəti əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırmalı, işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmə hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin 6(005)-82/2020 saylı xx.xx.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6(103)-212/2020 saylı xx.xx.2020-ci il tarixli qərarlarından aydın olur ki, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı ölkədən getmək hüququna dair məhdudiyyət qərarının mövcud olması mötəbər sübutlarla təsdiqini tapmamışdır. İş materiallarından və sorğulara cavab məktublarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti yalnız “Giriş-çıxış və qeydiyyat" X2-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil edilmiş sadəcə məlumata istinad etməklə, onun barəsində ölkə hüdudlarından çıxışına məhdudiyyət qoyulması ilə bağlı sözügedən orqan tərəfindən qərar qəbul edilməsini yoxlamamış, əsassız olaraq onun hərəkət azadlığını məhdudlaşdırmışdır. Halbuki İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərar ləğv edilməli, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilməli və məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilsin və məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar