Məhkəmə qərarları › İş №2-1(103)-2287/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2287/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2287/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhəri 5 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh ünvan 2u haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-6407/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 06.05.2021-ci il tarixində cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarının ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovaya həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarı ilə 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İstinad edilmiş notariusun qərarından göründüyü kimi notarius 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün mülkiyyət hüququnu təsdiq edən sənədi 14.10.2020-ci il tarixdə, yəni miras qoyanın ölümündən sonra əldə edildiyini, mirasqoyanın vəfatından sonra əldə edilmiş sənəd əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olduğunu əsas olaraq göstərmişdir. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, mənzil 37 ünvanında qeydiyyatda olmuş və yaşamış mərhum X6 iddiaçının ailəlikcə yaxın münasibətdə olduğu qonşusu olmuş, qeyd edilmiş mənzildə əvəllər həyat yoldaşı X4 birlikdə yaşamış, onların birgə nikah münasibətlərindən 08.09.1982-ci il tarixdə X8 adında bir övladları olmuşdur. Həyat yoldaşı X4 aralarındakı nikah qeydi 09.10.1991-ci ildə ləğv edildikdən sonra Yelena Savinova həmin mənzildə oğlu Maksim Strekalovla birlikdə yaşamağa davam etmiş, uzün müddət astma xəstəliyindən əziyyət çəkən oğlu Maksim Strekolev 01.11.2011-ci ildə vəfat etmişdir. Valideynləri atası X9 15.10.2000-ci ildə, anası X5 07.02.2001-ci ildə vəfat etdiklərindən, o, 2011-ci ildən tək, kimsəsiz yaşamış, son 5 ildə isə maddi və hər cür yardıma ehtiyacı olduğundan iddiaçı ailə üzvüləri ilə birlikdə ona mütəmadi olaraq təmənnasız olaraq maddi və lazım olan hər cür köməklik göstərmişlər. Son bir ildə mərhum ona etdiyiləri köməyin qarşılığında yaşadığı mənzili iddiaçıya bağışlamaq istədiyini bildirmiş və bu məqsədlə də yaşadığı, order əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzili özəlləşdirmək və adına reyestrdən çıxarış almaq üçün iddiaçıya 07.08.2020-ci il tarixdə etibarnamə vermiş və həmin etibarnamə əsasında iddiaçı tərəfindən DƏDRX-nə müvafiq sənədlər təqdim edilmiş, DƏDRX tərəfindən verilmiş təstiqetmə bildirişindən göründüyü kimi reyestrdən çıxarış 16.09.2020-ci il tarixdə hazır olmalı olduğu halda, həmin tarixdə sənəd hazır olmamış və çıxarışın verilmə tarixi 16.10.2020-ci ilədək uzadılmışdır. Bu müddət ərzində mərhum ona məxsus mənzilinin çıxarışı 16.10.2020-ci il tarixdə hazır olacağını bildiyindən, onun təkidi və dəvəti ilə iki dəfə notarius Bakı şəhəri 40 saylı Notariat ofisinin notariusu Şəhla xanım Hüseynova Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzilə gəlmiş, əvvəl 06.10.2020-ci il tarixdə mərhumun özünə məxsus olan əmlakı, o cümlədən, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzili iddiaçıya bağışlamasına dair vəsiyyətnamə tərtib edilmiş və imzalanmışdır. 07.10.2020-ci il tarixdə isə notariusun təklifi və qonşular X7 və X1 iştirakı ilə, yəni vəsiyyətnamə tərtiq edilmiş və mərhum tərəfindən imzalanmışdır. Notarius ikinci vəsiyyətnamənin reyestrdə qeydiyyatdan keçirmiş, 08.10.2020-ci il tarixdə isə X6 vəfat etmişdir. Onun vəfatından altı gün sonra, yəni 14.10.2020-ci il tarixdə mərhumun adına reyestrdən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələblərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. İş materiallarından məlum olur ki, Bakı şəhəri,Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzil ilkin order əsasında mərhum X3 sahibliyində istifadəsində olmuş, sağlığında həmin mənzili özəlləşdirmək və adına reyestrdən çıxarış almaq məqsədi ilə DƏDRX-nə müraciət edilmiş, çıxarış 16.09.2020-ci ildə hazır olmalı olduğu halda,hazır olma vaxtı reyestr xidməti orqanı tərəfindən 16.10.2020-ci il tarixədək uzadılmış,07.10.2020-ci il tarixdə mərhum sahibliyində və sərəncamında olan həmin mənzilə dair adına vəsiyyətnamə qoymuşdur. Mərhumun sağlığında sahibliyində, istifadəsində, sərəncamında olan və öz iradəsi ilə iddiaçıya bağışladığı əmlaka dair mülkiyyət hüquqlarının, ölümündən 6 gün sonra qeydiyyata alınmasına dair sənədin verilməsi həmin sənəd əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsassız və qanunsuz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-6407/2021 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarının ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş. M.Hüseynovaya həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. İddiaçı 26.07.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-6407/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 10.10.1958-ci il tarixində Rusiya Federasiyasının Sovetskaya Qavan şəhərində anadan olması qeyd edilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********13- 05101-093055 reyestr nömrəli, 14.10.2020-ci il tarixli çıxarışa əsasən qeyd edilmişdir ki, hüququ rəsmiləşdirilən şəxs-X6; daşınmaz əmlakın ünvanı-ünvan 3si-54.97 kv.metr; -AZ-İİ seriyalı, 129488 nömrəli, 11.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X6 08.10.2020-ci il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 11-ci günündə 955 nömrəsi ilə qeyd edilmişdir, öldüyü yer-Bakı, qeyd edilən yer-2 saylı Bakı “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsi. -Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina haqqında 17 aprel 2021-ci il tarixli qərara (Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynova) əsasən 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka İddiaçı Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərara əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd 14.10.2020-ci il tarixdə, yəni miras qoyanın ölümündən sonra əldə edilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4456/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ilə (hakim S.Mehrəliyev) İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina barədə Bakı şəhəri 40 saylı Notariat Kontorunun xüsusi notariusu Şəhla Hüseynovanın 12.04.2021-ci il tarixli qərarının ləğv edilməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat Kontorunun xüsusi notariusu Şəhla Hüseynovaya həvalə edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarının ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovaya həvalə edilməsi təşkil edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinə yuxarıda sadalanan hallara əsasən ümumi məhkəmədə mülki qaydada baxılmalı olduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(112)-6407/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar