Məhkəmə qərarları › İş №2-1(103)-2287/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2287/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2287/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 31.03. 2022-ci il tarixli, 2-1(112)-339/2022 qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli olan aylıq məvaciblərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1998-ci il tarixdən polis serjantı rütbəsində Bakı şəhəri Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətə başlamış, 12 il Yasamal rayon Mühafizə Polis İdarəsində xidmətdən sonra, onu Suraxanı rayon Mühafizə Polis İdarəsinə keçirməklə xidmətini davam etmişdir. Xidmət etdiyi illər ərzində rəislərindən təşəkkürnamələr, pul mükafatlarını almış, xx.xx.2015-ci il tarixinə kimi xidmət etmişdir. Xidməti təqaüdə çıxmasına 5 ay qalmış ona töhmət, şiddətli töhmət verməklə xidmətdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin tələblərinin pozulması ilə xaric edilmişdir. xx.xx.2017-ci il tarixdə ailə vəziyyəti nəzərə alınaraq işinə bərpa edilmişdir. xx.xx.2019-cu il tarixdən istefada olan polis serjantı sayılmaqla xidmətdən öz arzusu ilə xaric olunmuşdur. Lakin təqaüdə çıxarkən buraxılmış 3 il staj kimi qeyd edilməmişdir. Təqaüdə çıxarkən məvacibi 295 manat olmuşdur. Bu isə 20 il xidmət edən polis nəfəri üçün ən az olan məvacibdir. O, bununla bağlı Baş Mühafizə İdarəsinə ərizə ilə xx.xx.2020-ci il tarixində müraciət etmiş, lakin sonuncu tərəfindən 12 mart 2020-ci il tarixli cavab məktubu ilə onun qeyd olunan dövrdə xidmətə bərpa deyil yenidən qəbul olunduğu bildirilməklə, müraciəti təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı xidmət apardığı postda dəfələrlə yatması ilə bağlı intizam tənbehi almış, həmin tənbehlərindən nəticə çıxarmadığı üçün xx.xx.2015ci il tarixdə DİO-da xidmətdən (Əsasnamə 135.10) xaric olunmuşdur. Həmin vaxt təqvimi hesablamaya görə 19 il xidmət illəri olmuşdur. Lakin DİN-in rəhbərliyinin qəbulunda olarkən,onun yenidən xidmətə qəbul olunmasının mümkünlüyü barədə qərar qəbul edilmiş və DİN-in Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən xidmətə bərpa deyil, yenidən qəbul edilmişdir. İddiaçı ilk öncə xidmətə yenidən qəbul olunmaq üçün ərizə verməmiş, bərpa olunmasında israrlı olsa da bunun mümkünsüzlüyünü gördükdə, xx.xx.2019-cu il tarixdən yenidən xidmətə qəbul olunmasına qane olmuş və xx.xx.2019-cu il tarixində isə pensiya hüququ əldə edərək öz arzusu ilə xidmətdən xaric edilmişdir. Yubanma onun özündən asılı olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 saylı Qərarına 22 iyul 2004-cü il tarixli 98 saylı Qərarla dəyişiklik edilərək “xidmət illəri, iş stajı” sözlərinin əvvəlinə “fasiləsiz” sözü əlavə edilmişdir. Bundan əlavə Nazirlər Kabinetinin 5 iyun 2014-cü il tarixli 174 saylı Qərarında göstərilmişdir ki, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. İddiaçı yenidən xidmətə qəbul olunarkən DTİ-nin rəyində və müvafiq əmrdə “faktiki fasilə nəzərə alınmamaqla xidmətə yenidən qəbul edilsin” sözləri göstərilmişdir. Yəni arada olan fasilə xidmət xidmət illərinə daxil edilmir. Bakı İnzibati Məhkəməsinin 31.03. 2022-ci il tarixli, 2-1(112)-339/2022 qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiasının təmin olunmasını Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun dəfələrlə söylədiyi faktlara əhəmiyyət verməmiş, heç bir sorğu vermədən qərar qəbul etmişdir. 06 yanvar 2016-cı il tarixdə ona elan olunur ki, o, xidmətdən xaric edilir, 27 yanvar 2017-ci il tarixində xidmətinə bərpa edilir. Əsasnamədə xidmətə yenidən qəbul sözləri və belə bir maddə yoxdur.Əsasnamənin 148 və 152-ci maddələrində xidmətə bərpa göstərilir. 1 il ərzində o, xidmətinə bərpa olunmuş, lakin xx.xx.2017-ci il tarixində xx.xx.2019-cu il tarixinə qədər hansı səbəbdən onu xidmətə buraxmamışlar. O, həkim komissiyasını keçməkdən imtina etmş, bu isə yalandır. Çünki, 6 mart 2017-ci il tarixində İdarənin Kadrlar şöbəsinə Komissiyadan keçməsi barədə ərizə ilə idarənin dəftərxanasına şəxsən müraciət etmişdir. İdarənin əmrində onun xüsusi rütbəsinin bərpa olunması göstərilir, lakin cavabdeh tərəfindən onun, xidmətə yenidən qəbulu göstərilir. Hesab edir ki, hakim düzgün qərar qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmamış, 19 illik xidməti nəzərə alınmaqla, iddiaçının idarəyə yenidən xidmətə qəbul olunduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia vasitəsilə qaldırdığı əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin iş stajı və xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi və həmin dövr üçün ödənilməli məvacibin ödənilməsi tələbinə dair iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan qərarı ilə iddianın rədd olunması əsaslıdır. Belə ki, iş materiallarına (cavabdeh İdarənin 12 mart 2020-ci il tarixli arayışının, DSMF0-yə təqdim olunan 847 №-li “Məlumat Vərəqi”nin təsdiq olunmuş surətlərinə və s.) əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1989-xx.xx.1991-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1998-xx.xx.2016 və xx.xx.2019 - xx.xx.2019-cu illərdə daxili işlər orqanlarında xidmət etmiş, AR DİN BMİ-nin xx.xx.2019-cu il tarixli Ə1074 ş/h-038-19 nömrəli əmri ilə xidmətdən xaric edilmişdir. Xidmətdən xaric edilərkən təqvimi hesablama ilə onun xidmət müddəti 20 il, 00 ay, 01 gün hesablanmışdır. Konkret halda işin mübahisələndirilən hallarına görə, iddiaçı ona hesablanmış həmin xidmət illəri ilə razılaşmayaraq hesab edir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan daxili işlər orqanlarında xidmətdə olmadığı müddət də onun xidmət illərinə hesablanaraq, yeni məlumat vərəqi tərtib olunmaqla DSMF-yə göndərilməlidir. Lakin onun daxili işlər orqanlarında xidməti ilə bağlı işə əlavə olunmuş sənədlərə əsasən müəyən olunur ki, cavabdeh AR DİN Baş Mühafizə İdarəsinin 06 yanvar 2016-cı il tarixli əmri ilə (iş/v 90), Bakı şəhəri Suraxanı Rayon Mühafizə Şöbəsinin polis nəfəri polis serjantı İddiaçı - 10 yanvar 2016-cı il tarixdən xidmətdən xaric edilmiş, üç ildən sonra yalnız o, həmin İdarənin 28 yanvar 2019-cu il tarixli digər əmri (iş/v 92) ilə o, 30 yanvar 2019-cu il tarixdən “faktiki fasilə nəzərə alınmamaqla” daxili işlər orqanlarında xidmətə yenidən idarənini polis nəfəri vəzifəsinə qəbul edilmiş, “polis serjantı” xüsusi rütbəsi isə bərpa olunmuşdur. Konkret halda, iddiaçı apellyasiya şikayətində iddia edir ki, onun “polis serjantı” xüsusi rütbəsi bərpa olunmuşdursa, deməli, əvvəlki vəzifəsinə də bərpa olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin 06 yanvar 2016-cı il tarixli əmri ilə o, xidmətdən xaric edilərkən xüsusi rütbəsindən məhrum edilməmiş, intizam tənbehi qaydasında həmin rütbədə olarkən tutduğu polis nəfəri vəzifəsindən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndi il xaric edilmişdir. Əsasnamənin sözügedən norması isə onu nəzərdə tutur ki, daxili işlər orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Cavabdehin məhkəməyə təqdim olunmuş 28 yanvar 2019-cu il tarixli əmrindən, eləcə də işin 83-cü vərəqində olan arayışından isə aşkar surətdə görünür ki, iddiaçı AR DİN-ni Daxili Tədqiqatlar Tidarəsinin xx.xx.2017-ci il tarixli rəyi nəzərə alınmaqla, iddiaçı 30 yanvar 2019-cu il tarixindən xidmətə yenidən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı üç illik fasilədən də sonra işə yenidən xidmətə qəbul olunmuşdur. Hər bir halda, sözügedən Əsasnamə ilə xdmətə yenidən qəbul olunma qadağan olunmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin qeyd olunan hər iki əmri mübahisələndirilməmiş, həmin əmrlər hal-hazırda qüvvəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin 8-ci abzasına əsasən, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. Qaydanın qeyd olunan tələbindən göründüyü kimi, “daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət” hesablanır. Konkret halda, iddiaçı tərəfindən xidmətində nəinki iki il, üç illik fasiləyə yol verilmişdir. Beləliklə də iddiaçının xidmətə bərpa olunması deyil, onun xidmətə yenidən qəbulu baş verməsi və onun xidmətdən xaric edilməsi ilə xidmətə yenidən qəbulu arasında 3 ildən də çox fasilə olması - həmin müddətin (fasilənin) cavabdeh tərəfindən onun xidmət illərinə daxil edilməsini və yeni məlumat vərəqinin tərtib olunub DSMF-yə göndərilməsini istisna edir. Bu baxımdan, iddiaçının xidmətə yenidən qəbul edildikdən 20 il xidmət müddəti tamamlandıqdan “öz arzusu ilə” cavabdeh orqanın 25 iyul 2019-cu il tarixli əmri ilə (iş/v 91) Əsasnamənin 135-ci madddəsinin 1-ci bəndi (öz arzusu) ilə, həmin tarixə hesablanan 20 il 1 gün təqvil ili ilə daxili işlər orqanlarından xidmətdən xaric edilməsi və həmin təqvim ilinə görə də barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na müvafiq olaraq məlumat vərəqi tərtib olunaraq(i.v.30), əmək pensiyası təyin edilməsi üçün DSMFyə göndərilməsi tamamilə əsaslıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia olunan 3 illik fasilənin cavabdeh tərəfindən iddiaçının xidməti illəri kimi nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-yə gönədrilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda da cavabdehin yeni məlumat vərəqinin verilməsindən imtina etməsi əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarının pozulması kimi şərh oluna bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, “Əsasnamə”də xidmətə yenidən qəbul olunmanın nəzərdə tutulmadığını və onun xüsusi rütbəsinin bərpa olunduğunu əsas tutaraq, işə baxan hakimin düzgün nəticəyə gəlmədiyini və qəbul etdiyi qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən li, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-339/2022 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-339/2022 qərarı dəyişdirimədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar