Məhkəmə qərarları › İş №2-1(103)-2287/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2287/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2287/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2287/2023 (Açar sözlər:” şəhid ailəsinə mənzilin verilməsi”) Bakı şəhəri 24 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8, 3-cü şəxs X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İİ 132890 nömrəli ölüm haqqında şəhadətnaməyə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçıların oğlu baş leytenant X11 xx.xx.2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatları zamanı şəhid olmuşdur.

2. xx.xx.2021-ci il tarixli 000802 və 000800 nömrəli vəsiqələrə əsasən iddiaçılara şəhid ailəsi statusu verilmişdir.

3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən İddiaçı1 6 nəfər ailə tərkibi (özü, arvadı, oğlu Sərxan, gəlini X6, 2 nəvəsi) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır.

4. 30 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118.4 kv.m olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir.

5. İddiaçılar cavabdehə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün şəhid ailəsi kimi mənzil verilməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2022ci il tarixli, ********** nömrəli imtina məktubu ilə bildirmişdir ki, sənədlər araşdırılarkən iddiaçının həyat yoldaşı İddiaçı2 mülkiyyətində yaşayış sahəsi 39.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi, gəlini L.Hüseynovanın mülkiyyətində yaşayış sahəsi 30.3 kv.m olan 2 otaqlı mənzil olduğundan adambaşına düşən minimum yaşayış sahəsinə malik olduqlarına görə mənzillə təmin edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir.

6. Yeni apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mənzil X14 "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Agentliyin 05 yanvar 2021-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüşlər zamanı şəhid olmuş X7 “Güzəştli mənzil” sistemi vasitəsilə seçdiyi mənzil onun vərəsələrinə əvəzsiz qaydada (bağışlama yolu ilə) təqdim edilmişdir. Belə ki, 16 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 53.7 kv.m olan mənzil X4 bağışlanmış və buna dair 19 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonra iddia tələbinin dəqiqləşdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi üzvü kimi onlara mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.

8. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşının mülkiyyətində fərdi yaşayış evi olsa da, həmin fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır. İddiaçı hazırki iddia tələbi üzrə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur.

9. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı1 xx.xx.2021ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində İddiaçı1 mənzillə təmin olunmağı üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında həyat yoldaşı İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın –ünvan 3 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X3 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosialməişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.

10. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək, şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı onlara (iddiaçılara) mənzil verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh hazırda adambaşına düşən normanın 8 kv.m olduğunu iddia etsə də, məhkəmənin qənaətinə görə hazırda bu norma 16 kv.m təşkil edir. İddiaçıların gəlinləri olan şəhid X7 arvadı X3 mənzillə təmin edilməsi iddiaçıların ziyanına şərh edilməməlidir. Belə ki, şəhid X7 arvadı X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilməmişdir. Həmin mənzil üzrə sahiblik, istifadə və sərəncam hüquqları "xxxx" MMC tərəfindən bağışlama yolu ilə X1. Doğrudur ki, həmin mənzilin yaşayış sahəsi 30,3 kv.m təşkil edir. Məhkəmə diqqətə çatdırır ki, hətta hər iki əmlakın yaşayış sahələrini (30,3+39,7 = 70 kv.m) cəmlədikdə belə, iddiaçılara və onların ailə üzvlərinə düşən sahə uçot norması tələb olunan normadan aşağıdır.

12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, hər nə qədər də şəhid X7 həyat yoldaşı X6 mənzillə təmin olunsa da, həmin mənzil məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməmişdir. Halbuki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Buna baxmayaraq, nə iddiaçılar (valideynləri), nədəki şəhid X7 həyat yoldaşı və uşaqları mənzillə təmin olunmamışdırlar. Halbuki, şəhid X7 valideynləri, yəni hazırki iddiaçılar sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxslər hesab olunurlar.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2825/2022 nömrəli qərarı ilə (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, R.Qurbanov və V.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(112)-4431/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmiş, əlavə olaraq qeyd etmişdir ki, 27 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyən edildiyindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” həmin tarixdən qüvvədə düşdüyü üçün həmin sənəd iddiaçıların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olub-olmadığının müəyyənləşdirilməsi üçün əsas götürülə bilməz. Buna görə də apellyasiya şikayətinin dəliləri əsassız hesab edilir.

16. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(102)-417/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2825/2022 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kasasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində İddiaçı1 mənzillə təmin olunmağı üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında həyat yoldaşı İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın –ünvan 3 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X3 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.

a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yeni apellyasiya baxışı zamanı iddia ərizəsinin məzmunu ilə oxşar iddiaçıların etiraz-mülahizəsi daxil olmuşdur.

20. Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(102)-417/2023 saylı qərarındakı hüquqi mövqeyə əsasən X6 və X10 məhkəmə icraatına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur.

b) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq analoji işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarlarını təqdim edərək nəzərə alınmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(112)- 4431/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdirlər.Əlavə olaraq İddiaçı2 izahatında göstərmişdir ki, onun yaşlı qaynanası da mənzil kvadratı hesablanarkən nəzərə alınmalıdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X6 iddia ərizəsimnin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(112)- 4431/2022 saylı qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən 3-cü şəxs X10 iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunun tələblərinə uyğun həll edilməsini xahiş etmişdir.Əlavə olaraq xahiş etmişdir ki, onun da şəhid ailə üzvü hesab olunması, mənzil verilərkən nəzərə alınması mənzilin kvadratına təsir edir.Verilən suallara cavabında bildirmişdir ki, heç vaxt uşaq evlərində yaşamayıb, valideynləri ilə yaşamışdır, şəhid qardaşı Orxan Hüseynovun himayəsində olmamışdır, ailəlidir.

Tətbiq edilən hüquq

25. Mənzil Məcəlləsi:

Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz .... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar ... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

26. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

27. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; ...

28. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları ... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

30. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(102)-417/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, şikayət əsaslıdır, odur ki, təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbi əsassız olaraq təmin edilmişdir.

35. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçılar şəhid ailəsi kimi onlara mənzilin verilməsini xahiş edirlər.İddiaçılar hesab edirlər ki, mülkiyyətlərində fərdi yaşayış evi olsa da, fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır.

36. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019cu il tarixli, 459 saylı Qərarına istinad edərək qeyd etmişdir ki, adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil etdiyindən iddiaçıların ailə tərkibi özləri də daxil olmaqla 6 nəfər olduğundan, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 96 kv.m (16 kv.m x 6 nəfər) təşkil etməli olduğu halda, hər bir ailə üzvünə düşən sahə qərarda nəzərdə tutulan uçot normasından azdır.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələri barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidirlər.

38. Məhkəmə Kollegiyası inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərə alır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(102)-417/2023 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçıların digər oğlu Hüseynov Sərxan iddiaçıların ailə tərkibinə daxil edilsə də, onun yuxarıda qeyd olunan Qaydaların 2.1-ci bəndinin tələbinə uyğun şəhid ailə üzvü olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, S.Hüseynov şəhid ailə üzvü statusuna malik olduğu halda, o, məhkəmə icraatına iddiaçı qismində cəlb edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyən edilmişdir.Məhkəmənin mövqeyinə görə iddiaçıların mülkiyyətində olan fərdi mənzilin yaşayış sahəsi və şəhid O.Hüseynovun arvadı və iki uşağına görə "xxxx" MMC tərəfindən verilən mənzilin yaşayış sahəsi nəzərə alınmaqla adı çəkilən qərarda müəyyən edilən yaşayış sahəsinin ayrılma normasından az olmuşdur.Mənzil növbəsinə aid icra hakimiyyətinin sərəncamında iddiaçıların ailə tərkibində onların gəlini-şəhidin arvadı L.Hüseynovanın da adı olmuş, ona verilmiş mənzilin yaşayış sahəsi müzakirə predmeti olmuş, lakin onun iddiaya münasibəti, belə tələbi olubolmaması öyrənilməmiş və məhkəmə icraatında cəlb edilməsinin zəruiriliyi müzakirə edilməmişdir.İddiaçıların oğlu O.Hüseynov 27 sentyabr 2020-ci il tarixdə şəhid olmuş, iddiaçılar, şəhidin ailə üzvləri rayon icra hakimiyyəti başçısının 14 yanvar 2021-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə götürülməklə birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmiş, 16 fevral 2021-ci tarixdə "xxxx" MMC ilə şəhid O.Hüseynovun arvadı X6 arasında bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Hövsan qəsəbəsində 3 otaqlı mənzil L.Hüseynovaya bağışlanmışdır.Apelyasiya məhkəməsi "xxxx" MMC-yə sorğu edib həmin mənzilin L.Hüseynovaya bağışlanmasının səbəbini, mənzilin məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməsini, şəhid ailəsi kimi verildiyi halda, mənzil bağışlandıqdan sonra rayon icra hakimiyyətində mənzil növbəsində qeydə alınan iddiaçıların ailə tərkibinin sayında dəyişiklik olubolmamasını araşdırmamışdır.”

39. Yeni apellyasiya baxışı zamanı X6 və X10 məhkəmə icraatına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşlar və izhatlarından aşağıdakılar müəyyən olunmuşdur: - X10 heç vaxt uşaq evlərində yaşamayıb, valideynləri ilə yaşamışdır, şəhid qardaşı Orxan Hüseynovun himayəsində olmamışdır, ailəlidir. - Azərbaycan Respublikasının Mənzil X9 05 yanvar 2021-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüşlər zamanı şəhid olmuş X7 “Güzəştli mənzil” sistemi vasitəsilə seçdiyi mənzil onun vərəsələrinə əvəzsiz qaydada (bağışlama yolu ilə) təqdim edilmişdir.Belə ki, 16 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 53.7 kv.m olan mənzil şəhid X7 arvadı X4 bağışlanmış və buna dair 19 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır.

40. Beləliklə yuxarıda müəyyən edilənlərə və bu Qərarın 29-cu bəndində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.4-cü bəndinə əsasən X2 ailə üzvü hesab olunmur.( Qaydaların 2.1.4.bəndinə əsasən qardaşlar və bacılar— uşaq evlərində tərbiyə olunanlar).

41. Daha sonra İddiaçı2 izahatında göstərmişdir ki, onun yaşlı qaynanası da mənzil kvadratı hesablanarkən nəzərə alınmalıdır.Məhkəmə Kollegiyası bunla bağlı müəyyən etmişdir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən İddiaçı1 6 nəfər ailə tərkibi (özü, arvadı, oğlu Sərxan, gəlini X6, 2 nəvəsi) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır.

42. Həmçinin, məhkəmə Kollegiyası vurğulayır ki, bu Qərarın 29-cu bəndində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.5-ci bəndinə əsasən babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa şəhid ailə üzvü hesab olunur.

43. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı1 5 nəfər ailə tərkibi (özü, arvadı, gəlini X6, 2 nəvəsi) ilə birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi üçün əsaslar yaranmır, odur ki, cavabdehin iddiaçıların tələbini təmin etməkdən imtinası qanuni olmuşdur.

44. Belə ki, İddiaçı1 arvadı İddiaçı2 mülkiyyətində ünvan 3 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X3 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. (Belə ki, 16 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 53.7 kv.m olan mənzil şəhid X7 arvadı X4 bağışlanmış və buna dair 19 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır.)

45. Beləliklə, iddiaçılar adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.

46. Belə ki, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir. 47.Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, şəhid Orxan Hüseynovun arvadı Ləman Hüseynova iki övladı ilə "xxxx" MMC tərəfindən bağışlanmış mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzildə yaşayır.İddiaçı1 arvadı İddiaçı2 mülkiyyətində isə ünvan 3 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evi vardır və həmin evdə yaşayırlar.

48. Tətbiq edilən hüquq normalarının tələbinə və mövcud məhkəmə praktikasına görə (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(102)-1300/2023 saylı, və 14 iyun 2023-cü il tarixli, 2-1(102)- 1310/2023 saylı qərarları) iddiaçıların hər bir ailə üzvünün sayına düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda iddiaçılara ümümi sahəsi 80 kv.metrdən ibarət mənzil verilməlidir. 49.Lakin hazırkı işin halları ilə isə mübahisəsiz qaydada təsdiq edilir ki, iddiaçıların hər bir ailə üzvünün sayına düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda onların mülkiyyətində olan mənzil və evin birlikdə ümümi sahəsi 172,1 kv.metr təşkil etməklə tələb olunan sahədən 92 kv.metr artıqdır.(İddiaçının arvadı İddiaçı2 mülkiyyətində ünvan 3 ünvanında yerləşən evin ümumi sahəsi 118,4 kv.m və gəlini X3 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında yerləşən evin ümumi sahəsi 53,7 kv.m, beləliklə birlikdə 172,1 kv.metr təşkil edir). 50.Göründüyü kimi, iddiaçılar adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.Birinci instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 nömrəli qərarı ləğv olunaraq, iddia rədd edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 saylı qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar