Məhkəmə qərarları › İş №2-1(103)-2287/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2287/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2287/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair işi üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3844/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 316 saylı qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına, Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci tarixli iclasının 29 saylı protokoluna əsaslanaraq, Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra, tərəflər arasında alqı-satqı aktı bağlanmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********77 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi 1991-ci ildən onun sahibliyində və istifadəsindədir. İstifadəsində olan həmin torpaq sahəsinin adına sənədləşdirilməsi üçün 2005-ci ilin dekabr ayında Bakı şəhəri Səbail Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə müsbət cavab verilərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Bununla bağlı, Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli qərarı əsasında torpaqların alqısatqısına dair akt tərtib edilmiş və tərəfindən Səbail Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə 200 (iki yüz) manat, xx.xx.2007-ci il tarixdə 2296 (iki min iki yüz doxsan altı) manat pul ödənilmişdir. 1991-ci il tarixdən faktiki olaraq, xx.xx.2005-ci il tarixdən isə həm faktiki, həm də ilkin hüquqmüəyyənedici sənədlərlə qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə plan və ölçü sənədi tərtib edilməsi və hüququ qeydiyyatdan keçirilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məqsədilə rəsmi olaraq cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinə imtina verilmiş və imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri (X7) mövcuddur. Həmçinin, İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə qəbiristanlıq ərazisi qeyd edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 21 dekabr 2023-cü il tarixli, 2- 1(112)-3844/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(112)-3844/2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuzdur, buna görə də ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. İddiaçı 1991-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsini daşkəsəkdən, müxtəlif növ tullantılardan təmizləyib abadlaşdıraraq normal vəziyyətə gətirmiş və təmiz, abad vəziyyətdə saxlanılmasını təmin etmək üçün daş hasara almışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün 2005-ci ilin dekabr ayında Bakı şəhəri Səbail Bələdiyyəsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı ilə sözügedən torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli Qərarı əsasında Torpaqların alqısatqısına dair Akt tərtib edilmiş və tərəfindən Səbail Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə 200 manat, xx.xx.2007-ci il tarixdə 2296 manat pul ödənilmişdir. 1991-ci il tarixdən faktiki olaraq, xx.xx.2005-ci il tarixdən isə həm faktiki, həm də ilkin hüquq müəyyənedici sənədlərlə qanuni istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinin planının və ölçüsünün və hüquqlarının qeydiyyatdan keçirməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə cavabdehə müraciət etmişdir. İdarədən ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmiş və imtinanın əsasları kimi qeyd edilir ki, “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlardır. Bundan başqa, təqdim edilmiş alqısatqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur.” Eyni əsaslandırma cavabdehin etirazında da öz əksini tapmışdır. Bundan başqa, etirazda əlavə olaraq bildirilir ki, idarənin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə qəbirstanlıq ərazisi qeyd edilmişdir. Cavabdehin imtinasını, etirazını, o cümlədən verilmiş ekspert rəyini və bu sənədlərə uyğun qəbul edilmiş məhkəmə qərarını aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir. Məhkəmə qərarının əsaslandırıcı hissəsində əsas kimi sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması göstərilir. Belə bir qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyinə də istinad etmişdir. Ekspert rəyi məhkəmə icraatının aparıldığı dövrdə keçirilsə də, ona məxsus torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair cavabdehin qanunsuz mövqeyi ona məhkəməyə qədər imtina məktubundan məlum idi. Bələdiyyə qərarı ilə torpaq sahəsi iddiaçıya satılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir, başqa sözlə sözügedən torpaq dövlət mülkiyyətində olan torpaq deyil, bələdiyyə torpağıdır. Evlərin yerləşdiyi torpaq sahələri məhz bələdiyyə qərarları ilə satılmış və sözügedən torpaq sahələrinə onların sahiblərinin mülkiyyət hüquqları reyestr xidmətində qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən cavabdehə göndərilmiş Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv ünvanında yerləşən və faktiki iddia olunan torpaq sahəsinin qonşuluğunda, onunla həmsərhəd olan və qeydiyyatdan keçmiş torpaq sahələrinin qeydiyyatına əsas olmuş müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı sorğuya cavab olaraq 2 nəfərin torpaq sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərin birindən görünür ki, Səbail Rayonu Badamdar Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X9 mülkiyyətinə verilməsi barədə” 14 sentyabr 2006-ci il tarixli, 233 nömrəli Qərarı ilə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600,0 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə X9 adına sənədləşdirilmişdir. Digər sənədlə müəyyən edilir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 9 mart 1995-ci il tarixli, 758 saylı Sərəncamı ilə X8 fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, qərarının əsaslandırıcı hissəsində ekspert rəyinə istinad edildikdən sonra qeyd edilir: “Bundan əlavə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən və faktiki iddia olunan torpaq sahəsinin qonşuluğunda, onunla həmsərhəd olan və qeydiyyatdan keçmiş torpaq sahələrinin qeydiyyatına əsas olmuş sənədlər cavabdehdən tələb edilərək araşdırılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahələrindən biri Səbail Bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli 233 saylı qərarına əsasən qeydiyyata alınsa da, digəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli 758 nömrəli sərəncamı əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin ərazinin bələdiyyə ərazisi olması və yalnız bələdiyyə aktları əsasında torpaq sahələrinin qeydiyyata alınması müəyyən edilmir”. Birinci instansiya məhkəməsi torpaqların mülkiyyətini müəyyən edərkən hələ bələdiyyələrin mövcud olmadığı 1995-ci ildə icra hakimiyyəti tərəfindən ayrılmış torpaqla 2005-ci il tarixdə Bələdiyyə qərarı ilə satılmış torpağı müqayisə edərək “Göründüyü kimi, həmin ərazinin bələdiyyə ərazisi olması və yalnız bələdiyyə aktları əsasında torpaq sahələrinin qeydiyyata alınması müəyyən edilmir” kimi yanlış və əsassız bir nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu il tarixdə keçirilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Qanununun 2.1-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının tərkibi müəyyən edilmişdir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Yəni, məhkəmənin müqayisə edərək yanlış nəticəyə gəldiyi dövlət torpağının ayrıldığı vaxt nəinki bələdiyyə torpaqları, heç bələdiyyələrin özü yox idi. Həmin vaxt (1995- ci ildə) ayrılan torpaq təbii ki, dövlət torpağı olacaqdı, bələdiyyə torpağı yox. Buradan o nəticəyə gəlmək olar ki, bələdiyyə qərarı ilə ona satılmış torpağın qonşuluğunda və həmsərhəd olan torpaqların həmin vaxt (2001-ci ildən sonra) dövlət mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş iki sənəddən biri 2006-cı ilə aiddir və bələdiyyiə mülkiyyətində olmuş, bələdiyyə qərarı ilə X1. Digər torpaq sahəsi isə bələdiyyələr yaranmamışdan xeyli əvvəl, 1995-ci il tarixdə dövlət mülkiyyəti kimi icra hakimiyyətinin sərəncamı əsasında X8 ayrılmışdır. Cavabdeh qonşuluqdakı torpaq sahələri üzərində qeydiyyat üçün əsas olmuş digər nümunələri məhkəməyə məhz ona görə təqdim etməmişdir ki, həmin ərazidə bütün torpaqlar bələdiyyə mülkiyyətində olmuş və hüquqların qeydiyyatı üçün məhz bələdiyyə qərarları əsas olmuşdur. Məhkəmə qərarında ekspert rəyinə istinad edilərək göstərilir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Daha sonra qeyd edilir ki, “Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur”. Cavabdehin məhkəməyə təqdim etdiyi, ona məxsus torpaq sahəsinin qonşuluğundakı torpaq sahələri üzərində hüquqların qeydiyyatına əsas olmuş sənədlər xx.xx.2023-cü il tarixli ekspert rəyinin əsassızlığını göstərir. Çünki əgər cavabdeh məhkəməyə bələdiyyə tərəfindən ona torpaq satılan dövrə aid dövlət mülkiyyətində olmuş torpaq sahəsinin ayrılması ilə bağlı sənəd nümunəsi təqdim etsəydi, o zaman müqayisəli araşdırma imkanı yaranardı və təqdim edilmiş ekspert rəyi də heç olmasa yarımmötəbər rəy kimi görünərdi. Lakin fakt ondan ibarətdir ki, ona məxsus torpaq sahəsinin qonşuluğunda, ona həmsərhəd olan və həmin dövrdə dövlət mülkiyyəti kimi ayrılmış torpaq sahəsinə dair bir nümunə belə yoxdur, bələdiyyə torpağına dair nümunə isə var. Bu isə o deməkdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 316 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsi ekspert rəyində göstərilənin əksinə, dövlət mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olan torpaqdır və ona tam qanuni əsaslarla satılmışdır. Məhkəmənin əsaslı hesab etdiyi ekspert rəyində tədqiqatın nəticəsi olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin qəbiristanlıq ərazisi olubolmamasının müəyyən edilməsi ilə bağlı qeyd edilir: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********0015 nömrəli kadastr planı əsasında 0,12 ha torpaq sahəsi **********11 reyestr nömrəsi ilə X2 adına 1429A saylı bağ kimi qeydiyyata alınmışdır. Qərardadda qoyulmuş sualın cavabı ekspert rəyindən daha çox cavabdehin məhkəməyə təqdim etdiyi ayrı-ayrı şəxslərə məxsus torpaq sənədlərindən görünür, yəni ərazinin qəbiristanlıq ərazisi olması təsdiq olunmur. Ekspert rəyində əks olunmuş cavab yalnız qeyri-müəyyənliyi ilə diqqəti cəlb etmir, eyni zamanda cavabdakı məlumatlar da sonradan öz təsdiqini tapmır və cavabdeh tərəfindən başqa bir şəxsin, X3 adı hallanır. Birinci instansiya məhkəməsi 30 ildən artıq faktiki, təxminən 20 ilə yaxın müddətdir fasiləsiz və etirazsız şəkildə onun faktiki mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsinə hər hansı başqa şəxsin, o cümlədən X3 hüquqlarının olmasına dair cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs kimi icraata cəlb etmişdir. Alqı-satqı Aktı ilə bağlı bildirir ki, bu prosesin onun tərəfindən icra olunmalı tələbləri tam şəkildə icra olunmuş və ödənişlər edilmişdir. Digər tərəfdən, cavab məktubunda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən, rayon torpaq şöbəsi torpaq sahəsinin normativ qiyməti barədə sənədi bələdiyyəyə göndərir. Torpaq sahəsinin qiyməti tərəfindən ödənilmişdir. “Torpaqların alqı-satqısı” Qaydalarının torpaq sahəsinin normativ qiyməti ilə bağlı tələbi təmin edilmişdir. Cavabdehin mövqeyi formal xarakter daşıdığından əsaslı sayıla bilməz. Eyni zamanda iddiaçıya satılmış torpaq sahəsinin alqı-satqı Aktı cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş X10 məxsus alqı-satqı Aktı ilə forma, məzmun və imzalanma baxımından tamamilə eynilik təşkil edir. X9 hüquqları məhz həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı işin faktiki halları baxımından əsassız, hüquqi əsaslandırma nöqteyi nəzərdən əsassız qərardır, buna görə də ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və M.C.Qarayeva) 14 avqust 2024-cü il tarixli, 2- 1(103)-1932/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(112)-3844/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-324/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(103)- 1932/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın 29-32-ci bəndlərində qeyd olunmuşdur ki:

29. İddiaçının torpağının dövlət və bələdiyyə mülkiyyətində olması istiqamətində aşağı instansiya məhkəmələri tərəfindən müəyyən qədər araşdırma aparılsa da, bu hal hərtərəfli araşdırılmamışdır. Belə ki, aşağı instansiya məhkəmələri torpağın dövlət torpağı olması nəticəsinə gələrkən iş materiallarındakı mütəxəssis və ekspert rəylərinə istinad etmişlər. Lakin həmin rəylərin məzmununda mübahisəli ərazinin vahid elektron kadastr baza məlumatlarına dövlət mülkiyyətində olduğu qeyd olunsa da, aşağı instansiya məhkəmələri mübahisəli ərazinin Səbail bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi istiqamətində hər hansı araşdırma aparmamış, bununla da İPM-in 12-ci maddəsinin tələbləri pozulmuşdur.

30. Bundan əlavə, iş materiallarında olan ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə DTXK tərəfindən verilmiş **********0015 nömrəli kadastr planı əsasında 0.12 ha torpaq sahəsi **********11 reyestr nömrəsi ilə X2 adına 1429 A saylı bağ kimi qeydiyyata alınmışdır. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, X2 mübahisəli əraziyə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması, onun hüququnun reyestrdə qeydiyyata alınıb-alınmaması ilə bağlı məlumatlar əldə edilməmişdir.

32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi ilə bağlı hərtərəfli araşdırma aparmalı (cavabdehə, bələdiyyəyə və Bakı şəhər İcra Hakimiyyətinə müvafiq sorğular verməli), eyni zamanda bələdiyyə qərarının qanuniliyinin yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmək üçün bələdiyyənin iclas protokolunun mövcudluğunu araşdırmalı (başqa sözlə, qərarın kollegial qəbul edilibedilməyini dəqiqləşdirməli) və işin hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verməlidir. Bundan əlavə, X2 mübahisəli əraziyə dair hər hansı hüququnun olub-olmaması ilə bağlı hərtərəfli araşdırma aparılmalı və araşdırmanın nəticəsindən asılı olaraq onun üçüncü şəxs kimi cəlb edilməsinə zərurət olub-olmamasına qiymət verilməlidir.

Tərəflərin izahatları, prosessual məsələlər

Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3844/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3844/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın və plan-ölçünün verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tələbi təmin etməkdən imtina edərkən qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciətləri mövcuddur. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5569 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Bundan əlavə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında yerləşən və faktiki iddia olunan torpaq sahəsinin qonşuluğunda, onunla həmsərhəd olan və qeydiyyatdan keçmiş torpaq sahələrinin qeydiyyatına əsas olmuş sənədlər cavabdehdən tələb edilərək araşdırılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahələrindən biri Səbail Bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli 233 saylı qərarına əsasən qeydiyyata alınsa da, digəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamı əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin ərazinin bələdiyyə ərazisi olması və yalnız bələdiyyə aktları əsasında torpaq sahələrinin qeydiyyata alınması müəyyən edilmir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərinə və ümumilikdə işin hallarına münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-324/2025 saylı qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müxtəlif inzibati orqanlara sorğular ünvanlanaraq, mübahisəli torpaq sahəsinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsi, bələdiyyənin iclas protokolunun mövcudluğu, X2 mübahisəli əraziyə dair hər hansı hüququnun olub-olmaması ilə bağlı araşdırılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur: Səbail Bələdiyyəsinin 13 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Səbail Bələdiyyəsi tərəfindən 2007-ci ilədək qəbul edilmiş qərarlar və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitabları, eləcə də həmin dövrə aid olan inzibati aktlar və ona əsas olan icraat materialları (iclas protokolları və s). Bələdiyyənin son 5 il ərzində fəaliyyətdə olan icra orqanına təhvil verilməmişdir. Səbail Bələdiyyəsində həmin dövrə aid arxiv bazası mövcud olmadığı üçün qeyd edilmiş sənədlərin və məlumatların sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (112)-3844/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin məlumatları əsasında aparılmışdır. Ekspert rəyində tədqiqat prosesi məhkəmənin qərardadında qoyulmuş suallara uyğun şəkildə təsvir olunsa da, nəticə hissəsində texniki xəta buraxılaraq ikinci sualla əlaqəsi olmayan cavab qeyd edilmişdir. Mütəxəssis rəyini nəzərə alaraq, ekspert rəyində ikinci suala cavabın aşağıdakı məzmunda qəbul edilməsi məqsədəuyğun hesab olunur: “Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələri torpaqları" kateqoriyasına aid olmaqla uqodiyası “Qəbiristanlıq kimi" qeyd edilmişdir". Səbail Bələdiyyəsinin 07 avqust 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ayrılmış Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 316 saylı qərarı ilə Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin qəbiristanlıq ərazisi olub-olmaması haqqında məlumat verilməsi barədə sizin xx.xx.2025-ci il tarixli 2-1(103)-2287/2025 saylı sorğunuza Səbail bələdiyyəsində baxılmışdır. Bildirilir ki, sorğuda qeyd edilmiş əraziyə dair qərar və digər müvafiq sənədlər Səbail bələdiyyəsinin mövcud arxiv bazasında aşkar edilmədiyindən, həmin ərazi bizim səlahiyyət sahəmizə aid olmadığından qeyd edilən torpaq sahəsi barədə məlumat verilməsi imkan xaricindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 29 avqust 2025-ci il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin müqayisəli ortofoto görüntüləri təqdim edilmişdir. Həmin ortofoto görüntülərindən müyyən edilir ki, iddiaçının iddia etdiyi və uqodiyası “Qəbiristanlıqlar” olan ərazidə yerləşən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrindən bir neçə mənzil vardır və faktiki olaraq yaşayış məntəqəsi kimi istifadə edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 23 sentyabr 2025-ci il tarixdə elektron məhkəmə sisteminə əlavə edilən məktubundan görünür ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Orxan İsmayılova xx.xx.2025-ci il tarixli, 3- 6/2-17656/2025 (**********) nömrəliyə (Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinin 316 nömrəli, 26 dekabr 2005-ci il tarixli qərarına əsasən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinin 315 nömrəli, 26 dekabr 2005-ci il tarixli qərarına əsasən X3 adına sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahələrinin eyni koordinatlar daxilində yerləşib-yerləşməməsi (torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi) barədə dəqiq məlumat və sənədlərin 5 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunur.) Torpaq sahəsinə dair məlumat verilməsi ilə bağlı müraciətinizlə əlaqədar olaraq bildirilir ki, bələdiyyə tərəfindən hər iki şəxsə müvafiq qərarlarla ayrılmış torpaq sahələrinə dair tərtib edilmiş yerləşmə cizgiləri iki qonşu fərqli torpaq sahələrini əks etdirir. Dövlət Arxivinin Bakı Filialının 2 may 2025-ci il tarixli məktubundan görünür ki, Səbail rayon Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Səbail rayon Səbail Bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Səbail rayonu,Badamdar qəsəbəsi,3-cü yaşayış massivi Səbail Bələdiyyəsinin inzibati ərazisinə daxil deyil və məktubda göstərilən 3-cü yaşayış massivi ünvanındakı torpaq sahələri faktiki olaraq qəbiristanlıq kimi istifadə olunmur. Beləliklə, məhkəmə tərkibi tərəfindən müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 316 saylı qərarına əsasən Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Qeyd olunan qərarın qəbul edilməsi üçün Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci tarixli iclasının 29 saylı protokolu bələdiyyənin vəbya hər hansısa başqa orqanın arxivində saxlanılmır. Bundan başqa müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinin ikinci sualı ümumilikdə, o cümlədən həmin sualda adı keçən “X2” adı texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, həmin şəxsin mübahisəli əraziyə heç bir aidiyyəti yoxdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs X3 iddia etdikləri torpaq sahələri qonşu olmaqla fərqli torpaq sahələridir (2-ci cild, i.v.240,245). Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin yerləşdiyi ərazinin mütəxəssis rəyində uqodiyası “qəbiristanlıq kimi qeyd olunsa da, faktiki olaraq yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının qonşuluqda yaşayış evləri mövcuddur və həmin evlərin yerləşdiyi torpaq sahələri mülkiyyət hüququ ilə müxtəlif şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmışdır. Həmin qeydiyyatlar həm də bələdiyyə qərarı əsasında aparılmışdır (cild 2, i.v.178-230, ortofoto görüntü cild 2, i.v.242 ). Eyni zamanda həmin “çıxarış”larda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh mübahisəli ərazinin dövlət mülkiyyəti olmasını iddia edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Badamdar qəsəbəsi, 3-cü massiv ərazisində xeyli sayda torpaq sahəsi üzərində mülkiyyət hüququ bələdiyyə qərarları əsasında məhz inzibati orqan tərəfindən qeydiyyata alınmışdır (cild 2, i.v.25-67). Bununla yanaşı, bəzi torpaq sahələri üzərində mülkiyyət hüququ qeydiyyata alınmasına əsas yerli icra hakimiyyəti orqanlarının 2001-ci il tarixədək qəbul etdikləri sərəncamlar olmuşdur. Nəzərə almaq lazımdır ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, inzibati orqan tərəfindən etimad hüququnun qorunması prinsipinin tələblərinə əməl edilməmişdir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin aşağıdakı normalarına nəzər salaq: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Qeyd edilənlərə və qərarın “tətbiq edilən hüquq” hissəsində qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən, məhkəmə tərkibi bu qənaətə gəlir ki, iddiaçının Səbail rayonu, 3-cü massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin onun adına qeydə alınması üçün əsas olan hüquqmüəyyənedici sənədi (bələdiyyə qərarı) mövcuddur. Bu səbəbdən cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən və birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edərkən səhv nəticəyə gəlmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, İPM-in 108-111-ci maddələrinin tələbləri nəzərə alınmaqla, iddia tələbi təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3844/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon bələdiyyəsi tərəfindən İddiaçı ayrılan torpaq sahəsinə (600 kv.m) Daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar