Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2288/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1, nümayəndəsi və vəkili X2, iddiaçının nümayəndəsi vəkil X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye üçüncü şəxs kimi işə cəlb olunması barədə vəsatətinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-844/2019 saylı 24.06.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2-1(81)-844/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyriyaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 03.02.2021-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə məhkəməyə müraciət edərək, universitetin 2-1(81)-844/2019 saylı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərırı ərizəçinin maraqlarına toxunduğu halda işə cəlb etmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdyi ərazi və tikililər universitetin balansındadır və dövlət mülkiyyəti hesab olunur.Mübahisəli çıxarış və texniki pasport universitetə aid ərazidə yerləşən qeyriyaşayış sahəsinə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.12.2018-ci il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq pr. və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi (qırmızı xətt) sənədinə əsasən bir mərtəbəli tikilinin yerləşdiyi ərazi birmənalı olaraq Universitetə aiddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsinin 7.1-ci bəndinin 2-ci abzasına əsasən ADNSU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADNSU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-844/2019 saylı 24.06.2021-ci il tarixli qərardadı ilə ərizənin (vəsatətin) təmin edilməsindən imtina olunmuşdur. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və maraqlarına toxunan şəxs kimi işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, “Əzizbəyov adına neft və kimya institutunun müraciətinə əsasən laboratoriya korpusunun tikilməsi məqsədi ilə Çtalin rayonu, 719-cu məzəllədə, Lenin prospekti 23 və ! May küçəsi229,231 N-li evlərin yerləşdiyi 0,35 ha torpaq sahəsi institutun laboratoriyası üçün ayrılmışdır. İcarəçi İddiaçı ilə icarəyə verən Əmlak Məsələləri övlət Xidməti arasında bağlanmış 24.07.2020-ci il tarixli icarə müqaviləsinin bağlanması ərizəçinin torpağa olan hüquqlarına xitam verən qanuni əsas kimi çıxış edə bilməz. Məhkəmə tərəfindən isə ərizəçinin qanuni maraqları nəzərə alınmamışdır. Ərizəçinin nümayəndəsi vəkil M.Mustafayev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi vəkil R.Qurbanov isə ona etirazını bildirərək, mübahisəli torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında hesab etmişdir ki, “...inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ qanunvericilik qaydasında tənzimlənməlidir. Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 6-cı bəndində isə məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir. Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir...” Birinci instansiya məhkəməsi qərardadında ərizəçi tərəfindən məhkəməyə Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) 17.05.1961-ci il tarixli, 4 saylı protokolunun 166 saylı punktunun və “Azdövlətlayihə” tərəfindən 25.08.1962-ci ildə tərtib edilmiş Neft və Kimya İnstutunun təhsil korpusuna dair baş planın təqdim edildiyini qeyd edərək ərizənin təmin edilməsindən aşağıdakılara görə imtina etmişdir: “...Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi ərazi yerində müayinə edilmiş və ərizəçi tərəfindən təqdim edilmiş “Azdövlətlayihə” tərəfindən 25.08.1962-ci ildə tərtib edilmiş baş planda qeyd olunan tikilillərin faktiki tikililərlə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, müvafiq səlahiyyətli orqan kimi hazırki cavabdeh tərəfindən məhkəmə qərarının icrası ilə bağlı iddiaçının adına tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 0,01768 ha torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Eyni zamanda, iş üzrə icarəçi İddiaçı ilə icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 24.07.2020-ci il tarixli, 09 №-li özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzrərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verenin icarəyə verdiyi ünvan 4 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 172.4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtlərinə əsasən müvəqqəti istifadəyə qəbul edilmişdir. Müqavilə ilə icarə müddəti 24.07.2020-ci il tarixdən 24.07.2022-ci il tarixədək müəyyən edilmişdir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq birincisi onu qeyd edir ki, koordinat göstəriciləri müəyyən edilmədən və mütəxəssis (ekspert) rəyi olmadan, məhkəmənin özü tərəfinən qeyri-yaşayış binasının yerləşdiyi ərazi yerində müayinə edilərək ərizəçi tərəfindən təqdim edilmiş “Azdövlətlayihə” tərəfindən 25.08.1962-ci ildə tərtib edilmiş baş planda qeyd olunan tikilillərin faktiki tikililərlə uyğun gəlmədiyi qənaətinə gəlinməsi qeyri-müəyyənlik doğurur. İkincisi, məhkəmə, qərardadında qeyd edir ki, ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 0,01768 ha torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Konkret halda, ərizəçi də, məhz, apellyasiya şikayətində mübahisələndirir ki, Əzizbəyov adına neft və kimya institutunun müraciətinə əsasən laboratoriya korpusunun tikilməsi məqsədi ilə Stalin rayonu, 719-cu məhəllədə, Lenin prospekti 23 və 1 May küçəsi 229,231 N-li evlərin yerləşdiyi 0,35 ha torpaq sahəsi institutun laboratoriyası üçün ayrılmış ərizəçinin balansına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Lakin bu halda da, adıçəkilən ünvanlara aydınlıq gətirilmədən və keçmiş ünvanlarda dəyişikliklər olub-olmadığı öyrənilmədən və bu barədə müvafiq mütəxəss rəyi alınmadan iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin ərizəçinin balansında olan orpaq sahəsi olmasını müəyyənləşdirməyə imkan vermir. Üçüncüsü, icarəçi İddiaçı ilə icarəyə verən Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 24.07.2020-ci il tarixli icarə müqaviləsi ilə iki il müddətinə müvəqqti istifadəsinə verilmiş dövlət mülkiyyətinə aid həmin torpaq sahəsinin əvvəllər kimin balansında olmasına Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə aydınlaq gətirilməsi də işin hazırkı həlli üçün əhəmiyyətlidir. Beləliklə də yuxarıda qeyd olunan hallar mütəxəssisin (ekspertin) köməyi olmadan və X6 Xidmətindən ilkin sənədlər əldə olunub tədqiq olunmadan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2-1(81)-844/2019 nömrəli qərarının ərizəçinin qanunla qorunan maraqlarına toxunub toxunmadığına aydınlıq gətirilməsi mümkün deyil. Konstitusiya Məhkəməsinin Plenumu da, məhz, qeyd olunan 12 aprel 2017-ci il tarixli qərarında xüsusilə vurğulamışdır ki, məhkəmə, qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılimasının təzələniməsi barədə qərardad qəbul edərəkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipininin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün birinci növbədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub pozulmamasına xüsusilə diqqət yetirməlidir. Konkret halda isə Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan şərhi baxımından birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qərarına münasibətdə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının müəyyənləşdirilməsi istiamətində hərtərəfli araşdırma aparılmamış, mütəxssis (ekspert) rəyi alınmamış, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin balans saxlayıcısı müəyyən edilməmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin onun təqdim etdiyi sənədlər üzrə məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmadığını və qərardad qəbul edərkən prosessual qanunvericiliyin tələblərinin pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 844/2019 saylı 24.06.2021-ci il tarixli qərardadı ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 28, 80, 87 və 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-844/2019 saylı 24.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2288/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2288/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver