Məhkəmə qərarları › İş №2-1(103)-2289/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2289/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2289/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxs X1, onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı 09 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İiddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976cı ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 733947 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə İddiaçı xx.xx.1976-cı ildə nikaha daxil olmuşdur. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 179932 saylı 05 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1937-ci ildə Lənkəran şəhərində doğulmuş X4 (iddiaçının qaynatası) ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı mərhum əri ilə yaşadığı ünvan 6 ünvanına istifadə hüququnun olduğuna istinad edərək onun həmin evə pasport qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 073-19175B saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X2 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin X2 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə müraciət etməyi məqsədəmüvafıq hesab edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, ev 3Q ünvanına onun pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 ilə xx.xx.2012-ci il tarixində rəsmi nigaha daxil olmmuşdur. Ailəsi ilə birlikdə ünvan 9 ünvanına pasport qeydiyyatına alınaraq yaşamışlar. Sonradan xx.xx.2020-ci il tarixində ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evini alıb və orada yaşamamışlar, lakin xx.xx.2021-ci il tarixində əri X5 ölmüşdür. Mərhum əri vəfat etdikdən sonra o, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evininə pasport qeydiyyatına alınması ilə bağlı Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə rəsmi qaydada müraciət etsə də, xx.xx.2021-ci il tarixində 075-19175 V saylı məktub ilə müraciətindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ünvan 11 ünvanında yerləşən fərdi evinə məhkəmə qərarı ilə köçürülmüş və həmin qərar artıq qanuni qüvvəsini almışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun tətbiqi barədə Əsasnamə"yə görə Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hesab edir ki, məhkəmənin ünvan 12 ünvanda yerləşən fərdi evə köçürülməyi barədə qanuni qüvvəsini almış qətnamə əsas verir ki, o, həmin fərdi yaşayış evinə qeydiyyata alınsın. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 3-cü şəxs X4 və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 28 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh inzibati orqan bu barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsi tərəfindən X1 işə 3-cü şəxs qismində cəlb olunmasını, lakin onun hansı statusla, yəni adi, yoxsa zəruri cəlb edilməli olan 3-cü şəxs kimi olmasının dəqiqləşdirilmədiyini nəzərə alaraq hesab etmişdir ki, X4 iş üzrə zəruri cəlb edilməli 3-cü şəxs qismində tanınmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, ev 3Q ünvanına onun pasport qeydiyyatına alınması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X2 təqdim olunmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 13 ünvana dair heç bir hüquqmüəyyənedici sənədlərin olmamasına, hazırki vəziyyətdə cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun hesab edilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının yeganə dəlili Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı evə köçməyə əsas verən sənədin iddiaçı tərəfindən təqdim olunmamasıdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin **********70 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-13244-1221 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 31 mart 2022-ci il və 01 aprel 2022-ci il tarixli sorğulara cavab məktublarının məzmunundan görünür ki, ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-5326/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X4, X7 və X3 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edildiyi hissədə ləğv edilərək, İddiaçı ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarının araşdırılması və tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, mübahisəli fərdi tikili özbaşına inşa edilməklə heç bir hüquqmüəyyənedici sənədi yoxdur və hüquqi baxımdan özbaşına tikili hesab edilir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair də hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. İşə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı mərhum əri Seyran Nüsrətovla birlikdə 2020-ci ilin noyabr ayında həmin evi qeyri-rəsmi əldə etməklə orada bir müddət yaşamış, əri 2021-ci ilin yanvar ayında öldükdən sonra da həmin tikilidə yaşamasına maneələr yaradıldığından və ora buraxılmadığından, həmin tikilini tərk etməli olmuş, hazırda həmin fərdi yaşayış evi Şirvan Nüsrətovun istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Normanın mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən öz iradəsinə zidd olaraq məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Bu halın araşdırılması zamanı, məhkəmə belə qanaətə gəlir ki, məhrum etmə o halda qanuni hesab edilə bilər ki, məhrum edən şəxs bu hüquqa malik olsun. (Misal: Şəxsə mülkiyyət hüququ ilə məxsus olan əmlakın 3-cü şəxslərin qanunsuz sahibliyindən alınması və s.) Əgər məhrumedənin mübahisəli əmlaka hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən evə köçürülməlidir. Evin özbaşına tikili olması Konstitusiyanın 43-cü maddəsində qeyd olunan “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evin özbaşına tikili olsa da, həmin evdə başqa şəxslərin qeydiyyatda olub-olmaması, iddiaçının həmin evə köçürülməsi barədə mülki iş üzrə qüvvədə olan məhkəmə qətnamələrinin mövcudluğu məsələsi araşdırılmamış, iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas kimi göstərilən “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməmişdir. Beləliklə, iş üzrə müəyyən olundu ki, İddiaçı qeydiyyatı ünvan 14 ünvanında yerləşən 51 saylı mənzilə olsa da, onun qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırda qeydiyyata alınmasını tələb etdiyi ünvan 15 ünvanına köçürülməsi qət edilmiş, həmin evdə (özbaşına tikilidə) qaynatası olan iş üzrə üçüncü şəxs də yaşayış, lakin sonuncunun da həmin ünvana qeydiyyatı yoxdur. Buna görə də iddiaçı sözügedən ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsinə istinad edir. Halbuki iddiaçının həmin ünvanda yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Belə olan halda cavabdeh inzibati orqan iddiaçının qeydiyyatının aparılmasından yalnız həmin yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsi əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi . Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçı qeydiyyata alınmasını tələb etdiyi ünvanla bağlı həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini təqdim etmişdir ki, bu sənəd də onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınması üçün həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində çıxış edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iddaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşiniski küçəsi, 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ünvan 5, 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar