Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-229/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə , İddiaçı (xx.xx.1952-ci il tarixində Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3801/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 03.03.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə dair mülkiyyət hüquqlarının, onun yəni, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yasamal rayonu X17 İcraiyyə Komitəsinin 16 aprel 1993-cü il tarixli, 042379 saylı orderinə əsasən ünvan 1 ünvanında yerləşən evin 1-ci mərtəbəsində, 1 otaqdan ibarət, yaşayış sahəsi 24 kv.m olan 8 saylı mənzil iki nəfər ailə tərkibi ilə (X6 (özü), İddiaçı (1952-ci il təvəllüdlü bacısı) bacısı X2 verilmişdir. Həmin tarixdən, yəni 1993-cü il tarixdən mənzilə pasport qeydiyyatına alınmış və həmin ünvanda yaşamağa başlamışdır. Hal-hazırda da həmin ünvanda yaşamağa davam edərək, qeydiyyatı həmin ünvanadır və həmin ünvanda ondan başqa heç kim qeydiyyatda yoxdur. Bu halı, 101 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03 nömrəli, 07.01.2020-ci il tarixli arayış və “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli “Asan-2” tərəfindən verilmiş arayış təsdiq edir. Mənzilin icarədarı bacısı 05.07.2011-ci il tarixdə ölmüşdür. Həmin mənzilin adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh müraciəti təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən mübahisəli daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd 1993-cü il tarixdə bacısı X3 adına verilmiş order olmuşdur. Göründüyü kimi, həmin mənzil 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq icra hakimiyyəti orqanının mənzil kirayə müqaviləsi (order) əsasında verilmiş yaşayış sahəsidir. Bu səbəbdən də, həmin mənzilə dair hüquqlar 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən müəyyən edilməlidir. Beləliklə də, cavabdehin hərəkəti qanunsuz hesab edilməli və yuxarıda qeyd edilən mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun yəni, İddiaçı adına ümumi sahəsi 39,26 kv. metr olan Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi, 17 saylı evin 8 saylı mənzilinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3801/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 17 ünvanında yerləşən, yaşayış sahəsi – 25,56 kv. metr, ümumi sahəsi 39,26 kv. metr sahədən ibarət 1 otaqlı 8 saylı mənzilin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(112)-3801/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Yasamal rayon X9 16.04.1993-cü il tarixli, 042379 nömrəli orderinin əsli və arxiv arayışı nə “ASAN Xidmət” Mərkəzlərinə, nə də idarəyə təqdim edilməyib. Order Yasamal rayon X17 tərəfindən verilsə də, Yasamal rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənib. Həmçinin, sənədin kiril qrafikası ilə tərtib olunmasına baxmayaraq, möhürdəki yazılar latın qrafikasında tərtib olunub. Bu səbəbdən də orderin həqiqiliyinə şübhə yaranıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-352/2021 saylı, 09.02.2021-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev,A.Nuriyeva,A.Hüseyn) cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(112)- 3801/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-987/2021 saylı, 30.06.2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov,N.Rəsulbəyova,İ.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli 2- 1(103)-352/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 05.02.2020-ci il tarixli, **********83 nömrəli məktuba əsasən qeyd edilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16.04.1993-cü il tarixli, 042379 saylı orderin əsli və arxiv arayışı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №li forma) ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. - Bakı şəhəri Yasamal rayonu X9 12.03.1993-cü il tarixli 118/9 saylı qərarı əsasında Bakı şəhəri Yasamal rayon İcraiyyə Komitəsi tərəfindən 16 aprel 1993-cü il tarixdə X1 adına verilmiş 042379 №li orderin surətindən (sənəd orderin surəti adlanır) görünür ki, Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi 17 nömrəli evin 8 saylı, 1 otaqdan ibarət mənzil “AzərNeftyağ” İB-də işləmiş X2 ayrılmışdır. Orderdə ailə üzvləri kimi X1 (özü) və İddiaçı (bacısı) adları göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-01384-20 nömrəli, 12.04.2021-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 12.03.1993-cü il tarixli sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda X6 barədə heç bir məlumat yoxdur. Vətəndaşlara mənzillərə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının İ müavininin 30.04.2021-ci il tarixli, 696/d nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, Yasamal rayonu X17 İcraiyyə Komitəsinin 16 aprel 1993-cü il tarixli, 042379 nömrəli orderi, eyni zamanda orderin verilməsinə əsas olmuş 12.03.1993-cü il tarixli sərəncamı rayon İcra Hakimiyyətində aşkar olunmadığından qeyd olunan orderə dair münasibətin bildirilməsi mümkün deyildir. - Bakı şəhəri Xəyai Rayon İcra Hakimiyyətinin 162 №li, 14.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş 101 saylı MKİS-in 08.02.2022-ci il tarixli 02 №li arayışına əsasən qeyd edilmişdir ki, Xətai rayon 101 saylı MKİS-ni inzibati ərazisində yerləşən N.Rəfiyev küçəsi, ev 17, mənzil 8 “Azərneftyağ” İB-nin 06.08.2002-ci il tarixli, SM88 14/1648 saylı məktubuna əsasən X7, ailə tərkibi 3 nəfər (özü, 2 uşağı) yuxarıda göstərilən ünvanda, 1 otaq, 24 kv.metr müvəqqəti yaşayış sahəsi kimi verilmişdir. Mənzil sahibi X7-05.02.1963cü il təvəllüdlü, 23.12.2008-ci il tarixində qeydiyyata düşüb. 05.07.2011-ci il tarixdə vəfat edib, qızı X15 və X16 yuxarıda göstərilən ünvanda qeydiyyatsız yaşayırlar. İşin hazırkı apellyasiya icraatı zamanı 29.09.2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və texniki pasportun verilməsinə dair inzibati iş üzrə iddia tələbindən imtina etdiyini nəzərə alınmasını xahiş etmişdir. 16.03.2022-ci il tarixdə İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi məhkəməyə təqdim edilmişdir. (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10) Ərizədə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və texniki pasportun verilməsinə dair inzibati iş üzrə iddia tələbindən imtina etdiyini nəzərə alınmasını xahiş edilmiş və ərizə iddiaçının nümayəndəsi (Bakı şəhəri 6 saylı notariat ofisində 11.06.2020-ci il tarixdə verilmiş 7E-22085 reyestr nömrəli etibarnamə əsasında) X11 tərəfindən imzalanmışdır. Daha sonra iddiaçı yenidən notarial qaydada təsdiq edilmiş və tərəfindən imzalanmış 04.05.2022-ci il tarixli, **********976 nömrəli ərizə təqdim edərək, iddia ərizəsini geri götürdüyünü,ona görə də məhkəmədən iddia ərizəsinin geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10) Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, oğlu (09.06.1979-cu il tarixində Sabirabad rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır) iddiaçı tərəfindən verilmiş ərizəni müdafiə edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq,iddiaçının şəxsən məhkəmə iclasında iştirak etməməsinin səbəbi kimi xəstə olduğunu bildirdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X13, X8 və X4 apellyasiya şikayətini müdafiə etmişlər. Cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – İPM) əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır (55.1.). Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir (55.2.). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. (55.5.). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddiadan imtina qəbul edilməli və inzibati işin icraatına xitam verilməlidir. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 55, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3801/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının adına ümumi sahəsi 39,26 kv. metr olan Bakı şəhəri Xətai rayonu, N.Rəfiyev küçəsi, 17 saylı evin 8 saylı mənzilinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-229/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-229/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver