Məhkəmə qərarları › İş №2-1(103)-229/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-229/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-229/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3888/2022 saylı, 04 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə 12 iyul 1993-cü il tarixdən 04 yanvar 1999-cu il tarixədək 3 №-li ayaqqabı tikiş atelyesində çəkməçi işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla onun hüququnun yarandığı zamandan əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının 3 №-li Ayaqqabı fabrikasında çalışdığı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1977-ci il tarixli əmək kitabçasında qeyd olunduğu kimi iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi 3 №-li ayaqqabı fabrikində 15 avqust 1989-cu il tarixdə Model-eksperimental sexində ayaqqabı sıxıcı şagirdi vəzifəsinə işə qəbul edilmiş, 05 mart 1990-cı ildə Modeleksperimental sexində 3-cü dərəcəli çəkməçi vəzifəsinə keçirilmiş, 07 fevral 1992-ci il tarixdə 4-cü dərəcəli çəkməçi dərəcəsi, 24 dekabr 1992-ci il tarixdə 5-ci dərəcəli çəkməçi dərəcəsi verilmiş, 16 iyun 1993-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. 12 iyul 1993-cü il tarixdən 04 yanvar 1999-cu il tarixədək 3 №-li ayaqqabı tikiş atelyesində çəkməçi işləmişdir. Yuxarıda qeyd etdiyi vəzifələrdə işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin bildirir ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 25 fevral 1991-ci il tarixli, 41/k №-li əmri ilə Bakı Modelli ayaqqabı fabrikası 3 №-İi ayaqqabı fabrikası adlandırılmışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumat vərəqində qeyd olunduğu kimi ona 12 fevral 2021-ci il tarixdə İİİ dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək iddia tələbinin əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzi vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, 3 №-li Ayaqqabı fabrikasında işlədiyi xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Ərizəçinin müraciətinə baxılaraq, əmək kitabçasında əks olunan həmin dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta slajı toplaması. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin həyata keçirilməsi əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. İddiaçı 3 №-li Ayaqqabı fabrikasında çalışdığı dövrlərlə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli sorğu ünvanlanmışdır. Lakin müvafiq sorğu hazırki vaxta qədər Milli Arxiv İdarəsi tərəfindən cavablandırılmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixli, **********3 nömrəli sorğu ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubunda İddiaçı adının 3 №-li Ayaqqabı fabrikinin əmək kollektivi üzvlərinin siyahısında aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda İddiaçı 3 №-li Ayaqqabı fabrikasında çalışdığı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının yenidən hesablanması mümkün hesab olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3888/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək hazırkı işin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edilərək, İddiaçı hüququ yarandığı tarixdən əmək pensiyasının yenidən hesablandığını bildirmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun hüququ yarandığı tarixdən əmək pensiyası yenidən hesablandığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı 3 №-li Ayaqqabı fabrikasında çalışdığı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh inzibati orqan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda cavabdeh inzibati orqan vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edilərək, İddiaçı hüquq yarandığı tarixdən əmək pensiyasının yenidən hesablandığını bildirilmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1993cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrdə 3 №-li Ayaqqabı fabrikasında çalışdığı və həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmalı olması təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “pensiyanın yenidən hesablanması” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vüsalə Baxışova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar