Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-229/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X11 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndələri X2, mütəxəssis X4, X7, üçüncü şəxs X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8, X16, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”PHŞ) “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-614/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 461 №-li sərəncamına əsasən ona, 128 saylı Ləhiş BTK bağlar sahəsində ayrılmış 6138 a №-li, 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: ‘‘...Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 461 №-li sərəncamına əsasən ona 128 saylı Ləhiş ВТК bağlar sahəsində 6138 a №li, 0,12 ha torpaq sahəsi ayrılmış və bu barədə ona Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 116 №li order təqdim edilmişdir. Bununla əlaqədar olaraq, ona məxsus torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi məqsədi ilə, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin 03 dekabr 2021-ci il tarixli **********28 saylı bildiriş məktubu ilə, onun hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildrilmişdir ki, "6138a" nömrəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir və həmçinin torpaq sahəsinin böyük bir hissəsi avtomobil yolunun mühafizə zonasında yerləşir. Halbuki, ona məxsus "6138a" saylı bağ sahəsinin nömrəsinin qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil etməsində onun heç bir təqsiri yoxdur və ola da bilməzdi...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı “6138a” bağ sahəsi kimi kənardan göstərilən bağ sahəsi qonşu bağların nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin 621 kv. metr hissəsi avtomobil yolunun mühafizə zonasında yerləşir. Bundan əlavə, göstərilən əraziyə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6125C” saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı digər fiziki şəxs (X8) tərəfindən idarəyə müraciət daxil olmuşdur. Qeyd olunanlarla yanaşı texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış iddiaçıya **********28 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdə idarəyə müraciəti zamanı göstərdiyi bağ sahəsi elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6150 saylı bağ evi kimi digər fiziki şəxsin (X16) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-614/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə yalnız cavabdehin məhkəməyə təqdim etdiyi saxta məlumatlara və cavabdehin mütəxəssis rəyinə tam uyğun olan Ədəliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli ekspert rəyinə əsaslanraq iddianı rədd etmişdir. 6125 b və ya iki hissədən ibarət 6125c kimi qeyd edilən bağ sahəsi, məhz ona məxsus 6138 “a” nömrəli bağ sahəsidir. Cavabdehin özünün də sxem üzrə üçüncü şəxslərə verdiyi sahələrdə onların zəbt etdiyi ona məxsus bağ sahəsi bilərəkdən 6125b bağ sahəsi kimi göstərilmişdir. Halbuki, sxemdə birinci cərgələrdə bağ sahələrinin nömrələrinə “a” işarəsi əlavə edilmiş, ikinci cərgədə birincidə olanlarnı nömrələri ilə eynilik təşkil edən bağ nömrləri olmuşdur. Cavabdeh tərəfindən ona məxsus bağ sahəsi üçüncü şəxs X1 ona məxsus bağın nömrəsi qəsdən itirilmiş, yaxud müəyyən edə bilməmişlər. Əvəzində isə həmin torpaq sahəsinə 6125 b nömrəsi verilməklə Yasamal Rayon Məhkəməsinin saxta qətnaməsi əsasında S.Qələndərovanın adına hüquqverici sənədlər verilmişdir. Sxemdə ümumiyyətlə, “a” hərfindən başqa, hansısa bağ sahəsinin yerləşdiyi, 6125c saylı bağ sahəsinin mövcud olmadığı, yaxud 6125b və ya 6125c nömrəli bağlara aid hüquqverici sənədlərin də saxta Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında verildiyi, işin mübahisələndirilməyən hallarındandır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun şakytəini müdafiə etmiş, cavabdeh tərəfi isə onunla razılaşmamış, iddia ərizəsinə etirazına uyğun izahat verərək birinci instansia məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ekspertiza tədqiqatında iştirak etmiş mütəxəssis T.Salmanlı ona verilən sualları cavablandırarkən iddiaçının kənardan göstərdiyi iddia edilən bağ sahəsinin yolun kənarında yerləşdiyini, bölgü sxeminə əsasən 6138 a saylı bağın yerinə uyğun gəlmədiyini və həmin sahənin hasarlanmış şəkildə iki hissədən ibarət içərisində tikilisi olan 6125b və 6125c saylı bağlara uyğun gəldiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; İş materiallarına əsasən isə iddiaçının Qanunun qeyd olunan 8.0.7-ci maddəsində nəzərdə tutulan qaydada bağ sahəsinə dair orderi mövcud olsa da, onun göstərdiyi həmin bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün faktiki şərtlər ödənilmir. Belə ki, işdə olan və hazırkı mərhələdə əldə olunmuş arxiv sənədlərinə əsasən işin aşağıdakı faktiki halları müəyyyən olunur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 461 nömrəli sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 №-li BTK tərəfindən verilmiş 116 №-li Orderə əsasən - İddiaçı Ləhiş qəsəbəsində, 128 №-li BTK ərazisində 0,12 ha sahəsi olan “6138 a №-li bağ torpaq sahəsi ayrılmışdır. Lakin işin hallarından aydın olur ki, həmin bağ sahəsi faktiki olaraq konkret halda İddiaçı sahibliyində deyil. Onun iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərindən, habelə məhkəməyə verdiyi izahatlarından anlaşılan odur ki, əvvəllər 6125 b nömərli olan, sonradan isə Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında iki hissəyə bölünmüş 6125 b və 6125 c nömrəli bağ sahələri məhz ona məxsus 6138“a” nömrəli bağ sahəsidir. Mübahisələndirilən “6125b” və “6125c” nömrəli bağ sahələri üzrə isə iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur. “Bakı şəhər İcra Hakimiyyətinin “Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi” ilə X9 (üçüncü şəxs) arasında bağlanmış “bağın icarəyə verilməsi haqqında” 10 dekabr 2002-ci il tarixli 31281 nömrəli müqaviləyə əsasən sonuncuya Ləhiş qəsəbəsində 0,12 ha sahəsi olan 6125 b nömrəli bağ sahəsi icarəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının “Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi” tərəfindən 11033 nömrəli xx.xx.2004-cü il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən sözügedən 6125 b nömrəli bağ sahəsində tikilmiş 10,23 kv m sahəsi olan 1 otaq bağ evinə X3 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Yasamal Rayon Məhkəməsinin “iddiaçı X10 X6 qarşı birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölüşdürülməsinə və istifadə qaydasının müəyən edilməsi tələbinə dair” iddiası üzrə qəbul etdiyi 2-1854/05 nömrəli iş üzrə xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən isə görünür ki, M.Qələndərovun adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmiş, ona məxsus 6125 b nömrəli bağ sahəsində yerləşən 10,23 kv m 1 otaq bağ evinin 2/3 hissəsi G.İmanovanın, 1/3 hissəsi M.Qələndərovun öz adında saxlanılmış və sahəsi 0,12 ha olan həmin bağın 0,7 ha hissəsinə uşağı (X8”) ilə birlikdə G.İmanovanın, 0,5 hissəsinə isə M.Qələndrovun istifadə qaydası müəyyən edilmişdir. Daha sonra, qanuni qüvvəsini almış həmin qətnamənin icrasından irləi gələrək, “Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi” ilə G.İmanova arasında bağlanmış 16 noyabr 2005-ci il tarixli 36923 saylı müqavilə ilə bağın 0,7 ha hissəsi “6125c” nömrəli icarə müqaviləsi ilə sonuncunun adına, həmin idarə ilə M.Qələndərov arasında eyni tarixdə bağlanmış digər 31281 nömrəli icarə müqaviləsinə əsasən isə bağın qalan 0,5 hissəsi “6125b” nömrəsi altında onun adına rəsmiləşdirilmişdir.” Qeyd edilməlidir ki, tədqiq olunan sənədlərin, o cümlədən, iddiaçının saxta adlandırdığı Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin (hər vərəqi məhkəmənin dairəvi möhürü ilə təsdiq olunmuş) əslinə hazırkı mərhələdə baxış keçirilmiş və iddiaçının özünə də göstərilərək tanış edilmişdir. Göründüyü kimi, qeyd olunan hadisələr Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin hələ fəaliyyətdə olduğu və arxiv materiallarının həmin Birliyin özündə saxlanıldığı - 2007-ci ilədək olan dövrdə, yəni, həmin arxiv materialı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin sərəncamına verəlinədək olan zaman çərçivəsində baş vermişdir. Başqa sözlə, qeyd olunan zaman çərçivəsində baş verənlər iddiaçıya münasibətdə cavabdeh orqanın qanunsuz hərəkətlərə yol verməsini istisna edir. İşdən onu da görmək olur ki, İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinin qeyd edilən 2-1854/05 nömrəli iş üzrə xx.xx.2005-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti də vermiş, məhkəmənin xx.xx.2022-ci il qərardadı ilə həmin şikayəti geri qaytarılmış, həmin qərardaddan verdiyi şikayəti üzrə apellyasiya isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2511/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. İşdən həmçinin aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1768 №li rəydə yer quruluşu sahəsində DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla, ekspert tərəfindən aşağıdakı nəticəyə gəlinmişdir: “...sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 128 №-li BTK tərəfindən verilmiş 116 №-li Orderlə Bakı şəhəri İcra Hakimiyyətinin 1 aprel 1994-cü il tarixli 461 № li qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 128 №-li BTK nəzdində 0,12 hektar sahəsində ayrılmış 6138 “a” №li bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamış; -iddiaçı tərəfindən kənardan təqdim olunan bağ sahəsinin iki hissədən ibarət olmaqla mişar daş hasar daxilində olduğu, hər iki hissənin ayrıca giriş-çıxış qapısının (darvaza) mövcud olduğu və torpaq sahəsinin üzərində köməkçi həyət tikilisinin mövcud olduğu müəyyən edilmiş; -iddia edilən bağ sahəsi yeni çəkilmiş yolun kənarında yerləşir. Şərti olaraq təqdim olunan torpaq sahəsinin bölgü sxeminə əsasən 6138 a saylı bağn yerinə uyğun gəlmədiyi müəyyən edilmişdir...” Ekspertin rəyindən, eyni zamanda hazırki məhkəmə iclasında iştirak edən mütəxəssisin izahatından da göründüyü kimi, iddiaçının kənardan təqdim etdiyi ona məxsus olduğunu iddia etdiyi bağ sahəsi - iki hissədən ibarət olan, mişar daş hasar daxilində, ayrıca girişçıxış qapısı (darvaza) olan və üzərində köməkçi həyət tikilisi olan bağ sahəsi, dolayısı ilə əvvəlllər 6125b saylı olub sonradan məhkəmə qətnaməsi əsasında iki hissəyə bölünmüş “6125 b” və “6125 c” saylı bağ sahələridir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi - faktiki olaraq 6125 b nömrəli bağ sahəsinə dair 10 dekabr 2002-ci il tarixli 31281 nömrəli müqaviləsi, həmin bağın iki hissəyə bölünməsindən sonra isə 16 noyabr 2005-ci il tarixdə “6125 b” və “6125 c” nömrəli bağ sahələrinə dair bağlanmış “icarə müqavilələri qüvvədə ola-ola cavabdeh orqan tərəfindən iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyatının aparılmasını istisna edir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçının göstərdiyi bağ sahəsinin ona məxsus order əsasında mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Başqa sözlə, iddiaçının göstərdiyi bağ sahəsinə dair dövlət qeydiyyatının aparılması üçün müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı deyil. Belə olan halda da onun müraciətinin cavabdeh tərəfindən təmin olunmasından imtina olunması əsaslıdır və bu onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Ən azından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi...; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir... Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Cavabdeh də məhz, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələrin icrasından irəli gələrək, mübahisələndirilən bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. İşin sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, cavabdehin mübahisəli əmlakın dövlət qeydiyatından imtinası qanunauyğun olmuşdur. Qanunauyğun imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsaslanmaqla, qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)- 614/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-614/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-229/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-229/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver