Məhkəmə qərarları › İş №2-1(103)-229/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-229/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-229/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunması və əlilliyə görə əmək pensiyasının bərpa olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3932/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli imtina məktubunda göstərilmiş Qərarın ləğv edilərək, ona qanunla təyin edilməsi nəzərdə tutulan, haqqı olan əlilliyə görə əmək pensiyasının yenidən bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi, əmək pensiyasının yenidən bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2008-ci il tarixində qanunvericiliklə tələb olunan sığorta stajı tam olduğundan iddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən etibarən qanuna uyğun olaraq iddiaçı əmək pensiyası almışdır, lakin xx.xx.2023-cü il tarixindən etibarən iddiaçıya təyin edilən əmək pensiyası ödənişi əsassız səbəbdən dayandırılmışdır. Belə ki, Pensiya işinə daxil olan əmək kitabçasının surətində qeyd olunmuş iddiaçının xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Xətai rayonu Əhmədli Bələdiyyəsində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yarandığından araşdırılması üçün cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində monitorinq keçirilmişdir. İddiaçının müraciət etdiyi qurumlar əsaslı şübhələrin nə olduğu barədə məlumat verməmişdir. Prosesin sonrakı gedişatı həmin əsasın qərəzli olmasına şübhələr yaradır. Monitorinq zamanı Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin saxlanılmadığı müəyyən edildiyindən, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabımın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Əhmədli Bələdiyyəsində olan dövr sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. 2006- 2007-ci il tarixlərində Əhmədli Bələdiyyəsi tərəfindən yol verilmiş səhlənkarlıq səbəbindən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr rəsmi olaraq sənədləşdirilsə də, ödənilməsi nəzərdə tutulan sığorta kapitalı fərdi hesabına ödənilməmişdir. İddiaçı xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Xətai rayonu Əhmədli Bələdiyyəsində çalışmışdır. İşçinin müəssədə çalışıb-çalışmadığını müəyyən edən sənəd onun əmək kitabçasıdır. İddiaçının əmək kitabçasında Əhmədli Bələdiyyəsinin o zamankı sədrinin imzası və möhürü var. Həmin möhür və imzanın etibarlılığına şübhə edəcək heç bir əsas yoxdur. Əhmədli Bələdiyyəsində arxiv sənədlərinin saxlanılmaması orda siravi vəzifədə çalışan işçilərin təqsiri deyil. Sənədlərin arxivdə saxlanılmaması həmin dövrlər ərzində orda çalışan onlarla işçinin əməyini və fəaliyyətini yox saymağa əsas olmamalıdır. İddiaçıya heç bir qərar təqdim edilməmiş, birbaşa əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı əmək pensiyasının dayandırılması üçün aparılmış heç bir araşdırmaya cəlb edilməmiş, iştirakı təmin edilməmişdir. İddiaçının izahatı alınmalı, mövqeyi öyrənilməli idi. İnzibati orqan isə məsələyə formal yanaşmış, sənədlər üzərində məhdud, qərəzli araşdırma aparmış və qeyri-kafi məlumatlarla araşdırmanı nəticələndirmişdir. Elə buna görə də nəticə hüquqa və qanuna zidd olmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-3932/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilmiş, İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilmiş, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın bərpa edildiyi tarixə qədər ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh orqanın iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətdirilmədən cavabdeh orqan əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.2006-cı il tarixədək onun 11 ay 21 gün ümumi iş stajı olmuş, qeyd olunan stajla bərabər sonuncunun Nizami rayon Qaz İstismar İdarəsində işlədiyi 02 ay (xx.xx.2008 - xx.xx.2008-cı illər) sosial sığorta stajı kimi nəzərə alındıqda isə bu staj əlilliyin təyin olunduğu günə qanunla tələb olunan 01 illik müddətdən də çox, yəni 01 il 01 ay 21 gün təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2008-ci il tarixdə İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, qeyd edilən səbəblərdən iddiaçıya təyin edilmiş pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçının müraciəti üzrə aparılmış xidməti araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə qanunvericiliklə tələb olunan 1 il sığorta stajı olmadığı halda ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövr ərzində Xətai rayonu Əhmədli bələdiyyəsində vergi müfəttişi, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Nizami rayon Qaz İstismar İdarəsində 1 saylı QİS-yə 4-cü dərəcəli çilingər nəzarətçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xətai rayonu Əhmədli Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işlədiyi əmək fəaliyyəti dövrlərinin (01 il 11 ay 17 gün) araşdırılması zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixdə keçirdiyi monitorinq zamanı Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin saxlanılmadığı müəyyən edildiyindən, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Əhmədli Bələdiyyəsində olan dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Xətai rayonu Əhmədli bələdiyyəsinin 09 yanvar 2024-cü il tarixli məktubuna əsasən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları və əməkhaqqı sənədlərinin surəti sözügedən bələdiyyənin arxivində olmadığından təqdim edilməsi mümkün olmamışdır. Sözügedən dövrlərin araşdırılması məqsədi ilə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən Xətai rayon Əhmədli Bələdiyyəsi tərəfindən təqdim edilmiş 2006-cı il üzrə illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda iddiaçının adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlər, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Həmin dövrdə qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında həmin Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Qeyd edilən səbəblərdən iddiaçıya təyin edilən sözügedən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyası üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə), eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək 17935,50 manat (6 il 8 ay sığorta stajına uyğun) olmaqla tələb olunan pensiya kapitalından (17935.50 manat) çox olmasına baxmayaraq, iddiaçının sığorta stajı 6 il 8 ay olmaqla qanunvericiliklə 37 yaş üçün tələb olunan müddətdən (7 il 4 ay) azdır. İddiaçının ümumi sığorta stajı (6 il 8 ay) qanunvericiliklə tələb olunan 7 il 4 ay sığorta stajından (37 yaş üçün) az olduğundan ona orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 110 manat, xx.xx.2023-cü il tarixdən 150 manat məbləğində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinət təyin edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2008-ci il tarixində qanunvericiliklə tələb olunan 1 il sığorta stajınız olmadığı halda Sizə İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinizə daxil olan əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Xətai rayonu Əhmədli Bələdiyyəsində əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinq zamanı Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin saxlanılmadığı müəyyən edildiyindən, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Əhmədli Bələdiyyəsində olan dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən Sizə təyin edilən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək pensiyası üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 17935,50 manat (6 il 8 ay sığorta stajına uyğun) olmaqla tələb olunan pensiya kapitalından (17935,50 manat) çox olmasına baxmayaraq, sığorta stajınız 6 il 8 ay olmaqla qanunvericiliklə 37 yaş üçün tələb olunan müddətdən (7 il 4 ay) azdır. Ümumi sığorta stajınız (6 il 8 ay) qanunvericiliklə tələb olunan 7 il 4 ay sığorta stajından (37 yaş üçün) az olduğundan Sizə orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26 sentyabr 2023-cü il tarixli 3-17-1/1-Z-15567/2023 nömrəli qərarından görünür ki, iddiaçının hazırki pensiya məbləği 308,10 manatdır, lakin xx.xx.2020-ci ildən 233,2 manat, xx.xx.2021-ci ildən isə 259,78 manat, xx.xx.2023-cü ildən 308,10 manat təşkil edir. Qeyd: Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda,19 yaşından sonra əlil olmuş sığorta olunana 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2023-cü il tarixinə tələb olunan 7 il 4 ay (fakt 6 il 8 ay) sosial sığorta stajı olmadığı üçün Əlilliyə görə əmək pensiya hüququ yoxdur (xx.xx.2023-cü il tarixinə tələb olunan 17740,80 manat, faktiki sığorta kapitalı 17935,50 manat). Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3713,40 manat artıq ödəmə müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinə kimi PAS-da sığorta ödəmələri qevdə alınmadığı ücün həmin dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 dekabr 2023-cü il tarixli 3-17-1/1-K-298835/2023 nömrəli qərarından görünür ki, iddiaçının hazırki pensiya məbləği 308,10 manatdır, lakin xx.xx.2020-ci ildən 233,2 manat, xx.xx.2021-ci ildən isə 259,78 manat, xx.xx.2023-cü ildən 308,10 manat təşkil edir. Qeyd: Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda,19 yaşından sonra əlil olmuş sığorta olunana 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. xx.xx.2023-cü il tarixinə tələb olunan 7 il 4 ay (fakt 6 il 8 ay) sosial sığorta stajı olmadığı üçün Əlilliyə görə əmək pensiya hüququ yoxdur (xx.xx.2023-cü il tarixinə tələb olunan 17740,80 manat, faktiki sığorta kapitalı 17935,50 manat) Bu səbəbdən xx.xx.2020ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3713,40 manat artıq ödəmə müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinə kimi PAS-da sığorta ödəmələri qeydə alınmadığı ücün həmin dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir (Həmin maddənin xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir.). İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2003-cü ildə (17 yaş) ümumi xəstəlik səbəbi ilə əlaqədar ilkin 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırda isə iddiaçıya xx.xx.2023-cü ildən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya məxsus pensiya işində olan sənədlərdə görünür ki, iddiaçıya xx.xx.2008-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının sığorta stajının tələb edilən müddətdən az olduğu əsas gətirilərək faktiki olaraq xx.xx.2023-cü tarixdə iddiaçının pensiyası dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Əhmədli Bələdiyyəsində olan işlədiyi dövr sığorta stajına daxil edilməmiş və bu səbəbdən əlilliyə görə pensiya hüququnun yaranmadığı bildirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsi ilə əlaqədar pensiya haqqında qanunvericilik normalarını, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmiş, habelə cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya xx.xx.2008-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, pensiya təyin edilərkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən isə əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda təyin edilir. İddiaçının isə ona əlilliyə görə əmək pensiyası təyin edilən tarixə sığorta stajı 1 ildən çox olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Xətai rayonu Əhmədli Bələdiyyəsinin vergi müfəttişi vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.2008-ci il tarixdə Nizami rayon Qaz İstismar İdarəsində 1 saylı QİS-yə 4-cü dərəcəli çilingər nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir; xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə korporativ satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2018-ci il tarixdə Korporativ satış üzrə mütəxəssis vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Korporativ satış şöbəsinə şöbə müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçının xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Əhmədli Bələdiyyəsində işlədiyi dövr cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. Qeyd olunanlara əsasən xx.xx.2006-cı ilədək olan dövr iddiaçının ümumi iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edildiyi xx.xx.2008-ci il tarixə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq bir ildən çox (cəmi 01 il 01 ay 21 gün) sığorta stajına malikdir (xx.xx.2005-xx.xx.2006, xx.xx.2008xx.xx.2008). Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3932/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar