Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2290/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə və üçüncü şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı “uzunmüddətli icarə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2137/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “uzunmüddətli icarə müqaviləsinin bağlanılması” iddiasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2137/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı ilə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından, İddiaçı iddiası geri götürülmüş sayılmalıdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə iclaslarından yayınmamış, ona gəlmiş məhkəmə bildirişlərində göstərilən gün və saatda məhkəmə iclasında olsa da, ilk dəfə ona covid-19 virusunun yayılması ilə bağlı məhkəmə iclasının təxirə salındığı və əlavə məlumat veriləcəyi, ikinci dəfə hakim məzuniyyətdəı olduğu üçün proseslərin təxirə salındığı bildirilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı barədə bildiriş isə proses günü ona çatdığı üçün o, xəstəliyi səbəbindən həmin prosesdə iştirak edə bilməmişdir. O, məhkəmə iclaslarından yayınmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmır və ləğv edilməsini, işin yenidən baxılması üçün məhkəməyə qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün məhkəməyə qaytarılmasını xahiş etdi. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati işin materiallarından görünür ki, hazirki iddia ərizəsi birinci instansiya məhkəməsinə 14.10.2020-ci il tarixdə daxil olmuş, məhkəmə tərəfindən iddiaçıya 11.11.2020-ci il tarixdə məhkəmə bildirişi göndərilmiş, qeyd edilmiş bildiriş 24.11.2020-ci ildə iddiaçıya çatdırılmış və iddiaçı 26.11.2020-ci il tarixdə keçirilən məhkəmə prosesində iştirak etmişdir. Həmin prosesdə iddiaçı məhkəmə iclasının 27.01.2021-ci il tarixinə keçirilməsi ilə bağlı qəbzə imza etməklə xəbərdar olunmuş, lakin həmin qəbzdə ona Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələblərinin izah edilməsi ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. 27.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirak etməmiş, məhkəmə prosesi 31.03.2021-ci il tarixə keçirilmiş, bu barədə iddiaçıya məhkəmə bildirişi deyil, sms bildiriş göndərilmişdir ki, həmin sms bildirişdə yenə də Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələbləri izah edilməmişdir. 31.03.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirak etməmiş, məhkəmə prosesi 06.07.2021-ci il tarixə təxirə salınmış, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələblərinin izah edildiyi məhkəmə bildirişi göndərilmiş, lakin həmin bildirişin iddiaçıya çatdırılması ilə bağlı iş materiallarına hər hansı sübut əlavə olunmamışdır. Əksinə iddiaçı 06.07.2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmənin başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarına qiymət verməmiş, 06.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair 29.04.2014-cü il tarixli qərarından müəyyən edilir ki, iddianın geri götürülmüş sayılması haqqında qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2137/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2137/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2290/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2290/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver