Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2290/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmanın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 460/2023 nömrəli 23 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vergi ödəyicisi kimi uçotunun ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-460/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı vergi ödəyicisi kimi uçotunun ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı 2019-cu ilin yanvar-oktyabr ayları ərzində bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) X1 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) idxal etdiyi, lakin vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 6 ədəd nəqliyyat vasitəsinin (2 ədəd yarımyedək və 4 ədəd yəhərli dartıcı) idxal edildiyi müəyyən edilmişdir və kommersiya məqsədləri üçün gətirilən malların gömrük sərhədindən keçirilərkən GÖÖEN-dən istifadə edilməklə rəsmiləşdirilməsi qanunsuz sahibkarlıqla məşğul olmaqla vergidən yayınma hallarına şərait yaradılması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə xx.xx.2020-ci il tarixli **********162600 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmış və vergi uçotuna alınması barədə xx.xx.2020-ci il tarixli **********722400 nömrəli bildiriş göndərilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi tələb olunur. Fiziki şəxsin ərizə vermədən uçota alınması, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İddiaçının müraciəti olmadan cavabdehin onu vergi ödəyicisi kimi uçota alması qanunsuz olmuş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Təsadüfi deyil ki, Ali Məhkəmənin iddiaçı X2 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı 2-1(102)-478/18 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında (hakim-Sevda Hüseynova) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1-33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda, 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanuna əsasən Vergi Məcəlləsinə dəyişiklik edilmiş və Vergi Məcəlləsinin 33.5-ci maddəsinə bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alması öz əksini tapmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyindən qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. İddiaçı tərəfindən eyni predmet barəsində eyni iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3949/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin açıq iclasında baxılmış, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi öz qərarında birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılmadığını, sözügedən iddianın inzibati-prosessual qanunvericilik baxımından məcburetmə haqqında iddia növünə aid olduğunu, bu tipli iddialar üzrə məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməyin məcburi olduğunu və iş materiallarında belə müraciət olmadığından iddianın mümkün sayılmadığını qeyd etmişdir. Hazırki iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2021ci il tarixli **********473800 nömrəli ərizə ilə vergi orqanına müraciət edilmiş və xx.xx.2021ci il tarixli **********225800 nömrəli məktubla ərizənin icrasından imtina edilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya verilən cavabda vergi uçotunun ləğvi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə Bakı şəhəri X7 üzrə Baş İdarəsinə müraciət edilməli olduğu və qeyd edilən ərizə ilə müraciət edildikdən sonar VÖEN-in ləğvi məsələsinə baxılacağı qeyd edilmişdir. Lakin iddiaçı qeyd edilən ərizə forması ilə bugünədək vergi orqanına müraciət etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 6 ədəd nəqliyyat vasitəsi idxal etmişdir. İş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı idxal etdiyi 6 ədəd nəqliyyat vasitələrindən 5 ədəd nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri aparılmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli şəxsin vergi uçotuna alınmasına dair bildirişə əsasən, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (xx.xx.2023-cü ilədək olan redaksiyası). 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»nın: 2.1-ci bəndinə əsasən vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər - sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2 Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3 Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4 Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2-ci bəndinə əsasən fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3-cü bəndinə əsasən vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.9-cu bəndinə əsasən vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir (xx.xx.2023-cü ilədək olan redaksiyası). İşin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçının kommersiya məqsədli mallar idxal etdiyi, lakin vergi orqanında uçotda olmadığını əsas gətirərək, iddiaçının qeydiyyatda olduğu ünvana poçt vasitəsilə xx.xx.2020-ci il tarixli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsini tövsiyə etmiş, müəyyən edilmiş müddətdə iddiaçı uçota alınma ilə bağlı vergi orqanına müraciət etmədiyi üçün iddiaçını ərizəsi olmadan vergi ödəyicisi kimi uçota almış və ona vergi uçotuna alınması barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərmişdir. İddiaçı isə uçota alınması ilə bağlı ərizə ilə müraciət etmədiyi, cavabdeh tərəfindən vergi ödəyicisi kimi uçota alınması üçün heç bir əsas mövcud olmadığı üçün vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı onun ərizəsi olmadan cavabdeh tərəfindən aparılmış bu uçotu mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsi tələb olunur. Fiziki şəxsin ərizə vermədən, vergi orqanının öz təşəbbüsü ilə uçota alınması qeyd olunan dövrdə qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının müraciəti olmadan cavabdehin onu vergi ödəyicisi kimi uçota alması əsassız və qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-460/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2290/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2290/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver