Məhkəmə qərarları › İş №2-1(103)-2291/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2291/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2291/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «dissertasiya işinə yenidən baxılması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2021 saylı iş üzrə qəbul etdiyi 21 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «dissertasiya işinə yenidən baxılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 noyabr 2019-cu il tarixli məktubu ilə Ali Attestasiya Komissiyası Kollegiyasının 9 fevral 2011-ci il tarixli və 3 oktyabr 2012-ci il tarixli qərarları ilə "Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda təqdim etdiyi dissertasiya işi əsasında iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edildiyi barədə məlumat verilmişdir. Halbuki qeyd olunan imtinaların heç biri ona təqdim edilməmiş və bu barədə xəbərdar olunmamışdır. Komissiyanın məktubunda qeyd edildiyindən fərqli olaraq təkrar müdəfiə ümumiyyətlə keçirilməmişdir. AR Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 5.60-cı maddəsinə əsasən Dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir. Həmin Təlimatın 4.33cü maddəsinə əsasən dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdən sonra iki ay müddətində aşağıdakı sənədləri iddiaçıya qaytarır: Dissertasiya mövzusunun və ixtisasın müəyyən edilməsi və elmi rəhbərin və ya elmi məsləhətçinin təsdiq olunması haqqında elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi (elmitexniki) şurasının iclasının protokolundan çıxarışı, dissertasiya mövzusunun və ixtisasın AR X1 Şurasının elmi istiqamətlər üzrə elmi şurasında təsdiq edilməsi haqqında protokoldan çıxarışı, fəlsəfə doktoru imtahanları üzrə onların nəticəsini özündə əks etdirən müvafiq sənədləri (şəhadətnamə və ya ona bərabər tutulan vəsiqələri), dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində dissertasiya işinin ilkin müzakirəsinin nəticəsində verilən geniş protokol və rəy, dissertasiya işinin ilkin müzakirəsi üçün verilmiş rəylər (o cümlədən elektron daşıyıcıda), dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişini. Halbuki, siyahıda sadalanan sənəd və materialların heç biri iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə o, müdəfiənin nəticəsi barədə məlumatsız olmuşdur. Həmçinin «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 5.61-ci maddəsinə əsasən dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər. Həmin Əsasnaməmin 5.62-ci maddəsinə əsasən dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər. Komissiya tərəfindən yuxanda göstərilən müddəaların tələblərinə riayət olunmamış, təkrar müdafiənin təşkili ümumiyyətlə həyata keçirilməmişdir. Göstərilənlərə və İPM-in 8.1.4, 14.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 71.1, 67.1, 67.2, 73.2 maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının "Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda təqdim etdiyi dissertasiya işinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məhkəməyə ünvanladığı 15 sentyabr 2020-ci il tarixli etiraz məktubunda göstərilmişdir ki, iddiaçıya “Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işi əsasında Komissiyanın Kollegiyasının 9 fevral 2011-ci il və 3 oktyabr 2012-ci il tarixli qərarları ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edilmişdir. İddiaçı iddia ərizəsində ona elmi dərəcənin verilməsindən imtina edilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Belə ki, iddiaçı Kollegiyanın 9 fevral 2011-ci il tarixli imtina barədə qərarından sonra işinə yenidən baxılması barədə Komissiyaya 26 aprel 2012-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında işə yenidən baxılmış və 3 oktyabr 2012-ci il tarixli qərarla iddiaçıya elmi dərəcənin verilməsindən imtina edilmişdir. İddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin və X3 2019-cu il 29 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş «Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat»ın müddəalarına istinad etmişdir. Qeyd edilən müddəalar Komissiyanın Kollegiyası tərəfindən imtina qərarı verildiyi hallara deyil, dissertasiya şurasında müdafiə nəticəsində mənfi qərarın verildiyi hallara şamil edilir. İddiaçının Azərbaycan X2 İqtisadiyyatı və Təşkili İnstitutunun nəzdində fəaliyyət göstərmiş dissertasiya şurasında 2010-cu il 28 yanvar tarixdə baş tutan müdafiəsinin nəticəsində ona verilməsi tövsiyə edilmişdir. Yəni adıçəkilən Əsasnamənin 5.60 – 5.62-ci və Təlimatın 4.33-cü bəndləri iddiaçıya Komissiyanın Kollegiyası tərəfindən elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qərara şamil edilmir. İddiaçı Komissiyanın qeyd edilən müddəalara riayət etməməsi və təkrar müdafiənin keçirilməməsi (Komissiya tərəfindən imtina qərarı qəbul edildiyi halda ümumiyyətlə təkrar müdafiə keçirilməsi qanunvericiliklə nəzərdə tutulmur) ilə bağlı iddiaları əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 728 nömrəli 11 iyu 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 10.3 və 10.4-cü bəndlərinə müvafiq olaraq, şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Daha sonra cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məhkəməyə ünvanladığı 4 noyabr 2020-ci il tarixli növbəti etiraz məktubunda göstərmişdir ki, “Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işi əsasında Komissiyanın Kollegiyasının 9 fevral 2011-ci il və 3 oktyabr 2012-ci il tarixli qərarları ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edilmişdir. Kollegiyanın birinci imtinasının səbəbi iddiaçının Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (Əsasnamə qüvvədən düşmüşdür) 14-cü bəndinin tələbinin pozulması olmuşdur. Belə ki, həmin bəndə əsasən iddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir məqaləsi dərc edilməli olduğu müəyyən edilmişdir (Hazırda qüvvədə olan «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 2.17-ci bəndinə əsasən fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir). İddiaçı iddia ərizəsində ona elmi dərəcənin verilməsindən imtina edilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Bu iddia əsassız hesab edilir. Belə ki, iddiaçı Kollegiyanın 9 fevral 2011-ci il tarixli imtina barədə qərarından sonra işinə yenidən baxılması barədə Komissiyaya 26 aprel 2012-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında işə yenidən baxılmış və 3 oktyabr 2012-ci il tarixli qərarla iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq, iddiaçıya elmi dərəcənin verilməsindən imtina edilmişdir. «Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin 4.7.3-cü yarımbəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında vəsatətlərə Komissiyanın Kollegiyası baxır və qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (Əsasnamə qüvvədən düşmüşdür) 37-ci bəndində Komissiyanın rəyasət heyətinə və kollegiyasına tövsiyələr vermək üçün Komissiyanın nəzdində ekspert şuralarının yaradılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 6.3-cü bəndinə müvafiq olaraq Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Qeyd edilən müddəalardan da göründüyü kimi, iddiaçıya elmi dərəcənin verilməsindən qanunvericiliyin tələbləri gözlənilməklə Komissiyanın Kollegiyasının qərarları əsasında imtina edilmişdir. Hazırda qüvvədən düşmüş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin 37-ci bəndinin dördüncü abzası ilə Komissiyanın ekspert şurasının qərarının surəti iddiaçının xahişi ilə bir ay müddətində ona verilməsi müəyyən edilmişdi. Lakin qeyd edilən sənədin qüvvədə olduğu müddətdə iddiaçının bu cür müraciəti Komissiyaya daxil olmamışdır. Hazırda Komissiyada baxılan işlərə dair obyektivliyi təmin etmək və ekspertlərin işlərinə dolayı yolla təsir imkanlarıni aradan qaldırmaq məqsədilə onların adlarının açıqlanmaması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 6.12-ci bəndi ilə yalnız X3 və Kollegiyasının qərarlarının surətinin iddiaçının müraciəti ilə bir ay müddətində ona verildiyi təsbit edilmişdir. Ümumiyyətlə, iddia ərizəsində İddiaçı tərəfindən tətbiqi ona şamil edilməyən müddəalara istinad edilməsi (15 sentyabr 2020-ci il tarixli etirazda əsaslandırılmışdır), o cümlədən işin hazırlıq icraatı üzrə məhkəmə iclasında iddiaçının vəkilinin çıxışlarından qarşı tərəfin elmi dərəcələrin verilməsi qaydası və şərtləri barədə məlumatlı olmadıqlarını iddia etməyə əsas verir. Komissiyanın iddiaçının attestasiya sənədləri ilə bağlı verdiyi qərarlar və görülən tədbirlər bu sahədə mövcud qanunvericilik müddəaları çərçivəsində həyata keçirilmişdir. İddiaçıya elmi dərəcənin verilməsi məqsədilə “təqdim etdiyi dissertasiya işinin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinə qoyulmuş tələblərə cavab verib-verməməsinin müəyyən edilməsi cavabdeh orqanın (Komissiyanın) diskresion səlahiyyətlərinə aid” olduğundan (Apellyasiya Məhkəməsinin 2-1(103)-164/2020 nömrəli 14 yanvar 2020-ci il tarixli qərarından), habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 10.3 və 10.4-cü bəndləri rəhbər tutulmaqla İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2021 saylı, 21 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək şikayətini iddia tələbinə uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə öz qərarında iddianın təmin edilməməsinin əsası olaraq Azərbaycan Respublikası Prezidentinin 728 nömrəli 11 iyu 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 10.3 və 10.4-cü bəndlərinə istinad etmişdir. Cavabdeh orqan tərəfindən 09.02.2011-ci il tarixli ilk imtinanın əsası xarici mötəbər nəşrdə elmi məqalənin dərc edilməməsi ilə bağlı olmuş, lakin bu imtinadan şikayət edilməmiş və qeyd olunan qüsur aradan qaldırılmışdır. Bundan sonra digər əsasla 03.12.2012-ci il tarixli növbəti imtina verilmişdir. Göründüyü kimi hazırki işin hallarında «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 10.3 və 10.4-cü bəndlərində qeyd olunan şərtlərin heç biri mövcud olmamışdır. Belə ki, birincisi hazırki işdə 10.3-cü bənddə qeyd olunan şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işə yenidən baxılması halı, ikincisi Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərarın mübahiələndirilməsi halı mövcud deyildir. Çünki iddiaçı Komissiyanın qərarından ilk dəfə olaraq şikayət edərək dissertasiya işinə yenidən baxılması ilə bağlı müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, tərəflərin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, iddiaçıya təqdim etdiyi dissertasiya işi əsasında Komissiyanın Kollegiyasının 9 fevral 2011-ci il və 3 oktyabr 2012-ci il tarixli qərarları ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edilmişdir. 26.04.2012-ci il tarixli ərizəyə əsasən iddiaçı “Azərbaycanda kənd təsərrüfatı məhsulları qiymtlərinin dövlət tənzimlənməsi” adlı məqalənin AAK tərəfindən nəzərə alınması və dissertasiyanın təsdiqi məsələsinə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17.10.2012-ci il tarixli qərarına əsasən elmi dərəcənin verilməsindən imtina haqqında qərar ekspert komissiyasının mənfi rəyi də nəzərə alınmaqla qüvvədə saxlanılmışdır. Ekspert şurasının 14 sentyabr 2012-ci il tarixli rəyində iddiaçı tərəfindən təqdim olunmuş dissertasiya mövzusunun Ali Attestasiya Komissiyasının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. İddiaçı yenidən 17.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etmişdir. Cavabdeh orqanın 06 iyul 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə əsasən şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə eyni əsaslar üzrə yenidən baxılmır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtina qərarı qəbul edərkən aparılan inzibati icraaatda qanunla müəyyən olunmuş müvafiq hədlərə əməl etməsini, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilməməsini əsas kimi götürərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (Əsasnamə hazırda qüvvədən düşmüşdür) 14-cü bəndinə görə iddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan təsir gücünə (impakt faktoruna) malik olan jurnallarda bir, elmlər doktoru dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan təsir gücünə (impakt faktoruna) malik olan jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Həmin Əsasnamənin 37-ci bəndinə görə dissertasiya şuralarının işinə və dissertasiyaların bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin və attestasiyaların həyata keçirilməsi ilə bağlı Komissiyanın rəyasət heyətinə və kollegiyasına təklif və tövsiyələr vermək üçün Komissiyanın nəzdində ekspert şuraları yaradılır. X3, kollegiyasının və ya rəhbərinin qərarına əsasən ekspert şurasının iclaslarına iddiaçılar, dissertasiya şuralarının sədrləri, opponentlər, elmi rəhbərlər və elmi məsləhətçilər, həmçinin aparıcı təşkilatın nümayəndələri dəvət edilə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin 4.7.3-cü bəndinə görə Komissiyanın Kollegiyası fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı verilməsi haqqında vəsatətlərə, xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası və xarici ölkələrdə fəlsəfə doktoru elmi dərəcəsi və (və ya) dosent elmi adı verilmiş şəxslərin təkrar attestasiyası məsələlərinə baxır və qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 2.17-ci bəndinə görə fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir. Həmin Əsasnamənin 6-cı bədinə görə Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. X3 və Kollegiyasının qərarlarının surəti iddiaçının müraciəti ilə bir ay müddətində ona verilir. Həmin Əsasnamənin 10-cu bəndinə görə şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, iş materiallarından da göründüyü kimi iddiaçıya elmi dərəcənin verilməsindən qaunvericiliyin tələbləri gözlənilməklə Komissiyanın Kollegiyasının qərarları əsasında imtina edilmişdir. Odur ki, cavabdeh orqan tərəfindən birinci imtinanın mahiyyəti üzrə deyil, iddiaçının elmi məqaləsinin çatışmadığı səbəbindən verilməsi, dissertasiya işinə isə mahiyyəti üzrə ikinci dəfə baxıldıqdan sonra imtina verilməsi və bununla da iddiaçının şikayət hüququndan istifadə etmədiyi ilə bağlı iddiaları əsassızdır. Belə ki, Komissiya tərəfindən iddiaçılara elmi dərəcələrin verilməsi məsələsinə baxılarkən yanız dissertasiya işi deyil, bütövlükdə “dissertasiya işi və sənədləri” ekspertiza edilir və hər hansı çatışmazlıq, prosedur pozuntusunun aşkarlanması həmin ddiaçıya elmi dərəcənin verilməsindən imtina barədə qərar qəbul edilməsinin əsası kimi çıxış edir. AR Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamə nin 6.2-ci bəndindən aydın olduğu kimi elmi dərəcə almaq üçün Komissiyaya yalnız dissertasiya işi təqdim edilmir: “Elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilən dissertasiya və avtoreferat, bu Əsasnamənin 3-cü hissəsində dissertasiyaya və avtoreferata dair tələblər nəzərə alınmaqla, Azərbaycan və ya rus dillərində, digər sənədlər Azərbaycan dilində, stenoqram isə müdafiənin keçirildiyi dildə olmalıdır. Xarici dildə dərc edilmiş elmi nəticələr, məqalələr, elmi tədbirlərin nəticələri üzrə dərc olunmuş məruzə və tezislər bu Əsasnamənin 2.16-cı bəndinin tələbləri nəzərə alınmaqla təqdim edilir. Habelə həmin Əsasnamənin 6.8-ci bəndinə müvafiq olaraq dissertasiya və sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya, səbəbini əsaslandıraraq, bu müddəti üç aya qədər artıra bilər. Göstərilənlərə əsasən Komissiaynın iddiaçıya elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qərarları tam mahiyyəti üzrə verilmiş qərarlar olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2021 saylı 21 may 2021-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar