Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2292/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cahangir Yusifov Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müharibə veteranlarına nəzərdə tutulan sosial müavinətın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1864/2021 saylı, 18 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “24.08.2015-ci il tarixdən 24.08.2018-ci il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununda müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətın hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində 1993-1997-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları iştirak edən şəxslər “müharibə veteranı” hesab olunurlar. 1994-cü ilin may ayının 12-dən Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs rejimi davam etdiyindən, bu fakt həmin tarixdən iddiaçının veteran statusunun olmasını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli “Müharibə Veteranı, Silahlı Qüvvələr Veteranı və Əmək Veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə öz əksini tapmışdır. Lakin iddiaçıya müəyyən səbəblərə görə “Müharibə Veteranı” vəsiqəsi 24.08.2018-ci il tarixdə verilmişdir. Həmin tarixdən iddiaçıya cavabdeh tərəfindən müvafiq ödənişlər edilir. Lakin əvvəlki 3 il üçün (24.08.2015-24.08.2018) ona həmin müavinət ödənilməmişdir. 24.08.2015-ci il tarixdən 24.08.2018-ci il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununa əsasən, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi üçün ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1864/2021 saylı, 18 may 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “24.08.2015-ci il tarixdən 24.08.2018-ci il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının” Sosial müavinətlər haqqında” Qanununda müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətın hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsasız hesab edərək, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddia tələbinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 641 saylı 15 aprel 2019-cu il tarixli Fərmanının qüvvəyə mindiyi tarixdən sonra irəli sürülmüş olduğunu əsas gətirərək iddiaçının sosial müavinət barədə tələbinin hüquqi əsasının artıq mövcud olmadığını bildirmişdir. Lakin iddiaçı iddia tələbinin hüquqi əsasını 01.04.2019-cu il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” AR Qanunun 7.0.6-cı , 9.1-ci və 10.1.5-ci maddələri təşkil etdiyini əsas gətirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş faktiki hallarından görünür ki, İddiaçı 24.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verilmiş, 10.06.2020ci il tarixli ərizə ilə 3 saylı Bakı DOST Mərkəzinə prezident təqaüdünün təyin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdehin 19.06.2020-ci il tarixli qərarı ilə iddiaçıya 01.04.2019cu il tarixdən prezident təqaüdü (aylıq 80 manat) təyin edilmişdir. Hazırda iddiaçı ona müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 il üçün (24.08.2015-ci ildən 24.08.2018-ci il) müddət üçün "Sosial müavinətlər haqqında” qanununa əsasən müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə iddiaçının tələbini əsassız hesab etmişdir Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının “sosial müavinət ödənilməsi barədə” tələbi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 641 saylı 15 aprel 2019-cu il tarixli Fərmanının qüvvəyə mindiyi tarixdən sonra irəli sürüldüyündən artıq hüquqi əsası mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir: “Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Həmin Qanunun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyasına əsasən, İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 24 avqust 2018-ci il tarixində müharibə veteranı vəsiqəsi almasına baxmayaraq, müharibə veteranları üçün nəzərdə tutulmuş müvafiq güzəştlərin ona münasibətdə həyata keçirilməsi üçün yalnız 2020-ci ilin 04 avqust ayında müraciət etmişdir. Həmin vaxt iddiaçıya Azərbaycan Respublikasında kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunmuş aylıq 80 manat məbləğində təqaüd cavabdeh inzibati orqanının qərarı ilə təyin edildiyindən və Fərmanının qüvvəyə mindiyi 2019-cu ilin 01 aprel tarixdən başlayaraq ödənildiyindən iddiaçının iddia tələbi üzrə “Sosial müavinətlər haqqında” AR qanunu deyil, AR Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı tətbiq olunmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, 24.08.2015-ci il tarixdən 24.08.2018-ci il tarixədək olan müddət üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsini tələb etməkdə iddiaçı haqlı olmadığı və iddiaçı müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmədiyindən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1864/2021 saylı, 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2292/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2292/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver