Məhkəmə qərarları › İş №2-1(103)-2292/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2292/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2292/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı «sərəncamların təsdiqlənmiş surətlərinin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı «sərəncamların təsdiqlənmiş surətlərinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Milli Arxiv fondu haqqında» Azərbaycan Resoublikası Qanununun 1-ci maddəsinə əsasən arxiv sənədlərinin müvəqqəti mühafizəsi – dövlət və yerli özünüidarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün – 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün – 5 il; yerli özünüidarəetmə orqanlarının sənədləri üçün – 5 il; elmi-texniki sənədlər üçün – 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə; kino, foto, fono sənədlər və videoyazılar üçün – 3 il; vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət barədə sənədlər üçün – 75 il. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək, Bakı şəhəri Nərimanov RİH-in 30 oktyabr 1996-cı il tarixli 842 nömrəli və 1 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamlarının təsdiq olunmuş surətlərinin təqdim olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın tabeliyində olan müvafiq səlahiyyətli qurum tərəfindən onun müraciətinə hazırkı iddia qaldırılmamışdan əvvəl (12 noyabr 2021-ci il tarixdə) baxılmış və tələb olunan 30 oktyabr 1996-cı il tarixli 842 nömrəli sərəncamın surəti ona təqdim olunmuş, digər sərəncam – 1 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamın isə, avxivə təhvil verilmədiyi bildirilmişdir. Hazırda iddiaçı məhkəmədə həmin sərəncamların surətinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mövcud qanunvericilik normalarına görə aidiyyəti təşkilatlarda müvafiq sənədlərə münasibətdə müvəqqəti mühafizə üçün müddətlər müəyyənləşdirmiş və sənədlər daimi mühafizə üçün Milli arxiv fonduna həmin müddətlər başa çatdıqdan sonra təhvil verilir. Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab vermiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının No BA-04118-2022 saylı xx.xx.2022-ci il tarixli məktubunda məhkəməyə bildirilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyətinin 2016-cı ilə aid arxiv sənədləri, o cümlədən xx.xx.2016-cı il tarixli, 57 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına xx.xx.2022-ci ildə 17 saylı təhvil-qəbul aktı ilə mühafizəyə qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, İddiaçı tələb etdiyi sərəncamların surətindən biri təqdim edildiyindən, digəri isə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixədək təhvil verilmədiyindən (bu halı təkzib edən xüsusat mövcud deyil), qaldırılan məsələ ilə bağlı cavabdeh tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar