Məhkəmə qərarları › İş №2-1(103)-2292/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2292/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2292/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3870/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.

2. İddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 27 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.617,84 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 358 manat müəyyən edilmişdir.

3. İddiaçıya pensiya təyin edilərkən onun 1973-cü il tarixindən 1975-ci il tarixədək Qubadlı rayonunun Başarat kəndinin 8 illik məktəbində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına ərizə ilə müraciət edərək, işlədiyi 1973-cü il tarixindən 1975-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

5. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ilə iddiaçının 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövr nəzərə alınmamaqla əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 361 manat 59 qəpik müəyyən edilmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirilmişdir ki, “əmək kitabçanızın surətində qeyd olunmuş 1973-cü il tarixindən 1975-ci il tarixinədək olan dövr möhürlə öz təsdiqini tapmadığı üçün sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”.

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1973- 1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işləməyi nəzərə alınaraq pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsi, iddiaçıya 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:

Birinci instansiya məhkəməsində icraat:

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiya təyin edilən zaman iddiaçının əmək kitabçasında göstərilmiş 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd 8 illik məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi müddət nəzərə alınmamışdır. İlk dəfə cavabdeh həmin qeydin nəzərə alınmamasını qeydlə bağlı əmək kitabçasında möhürün olmaması ilə əsaslandırmışdır. Həmin qeydlə bağlı Qubadlı rayon Təhsil Şöbəsinin möhürü əmək kitabçasına vurulduqdan sonra yenidən cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir ki, bu da cavabdehin müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilir. Həmin imtinanı qanunsuz hesab edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddianın təmin edilməsi və İddiaçı 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işləməyi nəzərə alınaraq pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına həvalə edilməsi qərara alınmısdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3870/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a) Apellyasiya şikayətinin dəlilləri:

12. Məhkəmə qərarını iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurətinin olmaması ilə əsaslandırmışdır. Belə ki, məhkəmə iddiaçının Qubadlı rayon Təhsil Şöbəsinin möhürü ilə təsdiq edilmiş əmək kitabçasını mötəbər sayaraq, işin daha çox araşdırılmasına ehtiyac duymadan iddianı təmin etmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialı tərəfindən iddiaçının 1973- 1975-ci illərdə Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövrün araşdırılması zamanı iddiaçının sözügedən vəzifədə çalışması ilə bağlı heç bir sübut əldə edə bilməmişdir. Həmçinin iddiaçı öz iddia ərizəsində sözügedən möhürü cavabdeh orqan tərəfindən birinci müraciətinə imtina məktubu təqdim edildikdən sonra Qubadlı rayon Təhsil Şöbəsində vurdurduğunu bildirmişdir. Yəni möhür iddiaçının işlədiyini iddia etdiyi Qubadlı rayonu Başarat kənd 8 illik məktəbinə yox, başqa orqana aiddir.

14. Yuxarıda qeyd edilənlər iddiaçının 1973-1975-ci illərdə Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövrün şübhə altına alınmasına əsas versə də, məhkəmə bununla bağlı heç bir əlavə araşdırma aparmadan qərar qəbul etmişdir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

17. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi.

18. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

20. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3870/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

29. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsassız hesab edir.

31. Belə ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir.

32. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”yə görə: - (1-ci bənd) Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. - (3-cü bənd) İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır; - (İİİ bölmə, 17-ci bənd) İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).

33. Kollegiya qeyd edir ki, qanunvericiliyin normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının digər vasitələrlə, o cümlədəm arayışlar, şahid ifadələri müəyyən edilməsini mümkün saymışdır.

34. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, onun xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 27 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 27.617,84 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 361,59 manat müəyyən edilmişdir.

35. İddiaçıya pensiya təyin edilərkən onun 1973-cü il tarixindən 1975-ci il tarixədək Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində olan dövrü nəzərə alınmamışdır.

36. Cavabdeh bunu iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunmuş 1973cü il tarixindən 1975-ci il tarixinədək olan dövrün möhürlə öz təsdiqini tapmadığı ilə əsaslandırmışdır.

37. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər vaxtılə Qubadlı rayonu Başarat kənd 8 illik məktəbi tərəfindən təsdiqlənməsə də, iddiaçının həmin dövrdə əmək fəaliyyətini təsdiq edə biləcək əmrlərin və arxiv arayışının isə təqdim edilməsi iddiaçıdan asılı olmayan səbəblərdən mümkün deyildir. Belə ki, iddiaçının işlədiyi orta məktəb vaxtılə qanunsuz erməni silahlı qüvvələri tərəfindən işğal edilən ərazidə qalmış və məhz bu səbəbdən iddiaçı məcburi köçkün olduğundan qeydlər Qubadlı rayon təhsil şöbəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Belə olan halda iddiaçının sosial təminat hüququnun pozulmaması məqsədilə təqdim etdiyi qeydlər mümkün hesab edilməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

40. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.

41. Birinci instansiya məhkəmə haqlı olaraq cavabdehin imtinasını və etirazının əsası kimi istinad etdiyi halları əsaslı saymaraq qeyd etmişdir ki, iddiaçının 1973-cü il tarixindən 1975-ci il tarixədək Qubadlı rayonu Başarat kənd 8 illik məktəbində işləməsi əmək kitabçasına əsasən təsdiq olunur.

42. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Bunun əksini iddia edən tərəf (hazırkı işdə cavabdeh) əmək kitabçasının mötəbərliliyini şübhə altına alacaq dəlilləri sübut etməlidir. Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

44. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin X6 Filialı tərəfindən hazırki iddia ilə mübahisələndirilən dövrün iddiaçının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin X6 Filialı tərəfindən iddiaçının 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövrün onun sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasından imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 12, 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdır.

45. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina məktubunda və pensiya işində iddiaçı üçün əlverişsiz akt olan “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı mövcud olsa belə, məhkəmə həmin inzibati aktla bağlı araşdırma aparmamış, İPM-in 12 və 57-ci maddələrinin tələbləri təmin edilməmişdir. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, inzibati aktda göstərilən konkret hala tətbiq olunan qanunun güddüyü məqsədə uyğun olub-olmadığı, buradan, inzibati orqan tərəfindən səlahiyyətin düzgün həyata keçirilib-keçirilmədiyi yoxlanılmalı və qiymətləndirilməli idi.

46. Hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, “Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ləğv edilməklə iddiaçının 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövr də nəzərə alınmaqla pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməli, şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin edilməməlidir.

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının apellyasiya şikayəti qismən edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3870/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ləğv edilsin. İddiaçı 1973-1975-ci illərdə Qubadlı rayonunun Başarat kənd məktəbində pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2022-ci ildən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialının üzərinə qoyulsun. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar