Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2293/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi və gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1857/2021 saylı 24 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi və gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MMC 2014-cü ilin aprel ayında təsis olunmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində MMC hər ay vaxtı-vaxtında vergi hesabatını vermiş və vergiləri ödəmişdir. 2017-ci ilin aprel ayından İddiaçı MMCnin fəaliyyəti öz ərizəsinə əsasən rəsmi olaraq dayandırılmışdır. MMC-nin fəaliyyəti dayandırılmamışdan əvvəl onun əldə etdiyi gəlirləri ilə bağlı mənfəət vergisinin hesablanması üçün qaiməfaktura və təhvil-təslim aktı formasında AR Vergilər Nazirliyinin müvafiq orqanına hesabat təqdim edilmişdir. Lakin həmin hesabat e-qaimə formasında təqdim edilmədiyi üçün vergi orqanı onu qəbul etməmiş və nəticədə İddiaçı MMC-yə əsassız olaraq kameral yoxlamadan sonra 7.535,72 manat vergi borcu hesablamışdır. Hesablanmış artıq vergi borcunun azaldılması üçün 5 iyul 2019-cu il tarixdə MMC tərəfindən AR Vergilər Nazirliyinə inzibati icraat qaydasında müraciət edilmişdir. Bu müraciətdən sonra Vergilər Nazirliyi qeyd olnan məsələni araşdıraraq şəxsi vərəqəyə azalma vermiş və nəticədə vergilər üzrə 6.125,41 manat artıq ödəniş yaranmışdır (4 oktyabr 2019-cu il tarixli **********210200 saylı qərar). Bundan sonra, MMC tərəfindən dəfələrlə Vergilər Nazirliyinə vergilər üzrə artıq ödənilmiş 6.125,41 manat məbləğində pulun geri qaytarılmasına dair ərizə verilsə də, həmin qurum yaranmış artıq vergi ödənişini MMC-yə geri qaytarmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən isə vergi orqanının vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vəzifəsi vardır. Həmin Məcəllənin 69.3-cü maddəsində qeyd edilmişdir ki, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Yaranmış artıq vergi ödənişinin geri qaytarılması ilə bağlı ilkin ərizə 9 aprel 2020-ci il tarixdə təqdim edilmişdir. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, iddiaçı tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənmiş həmin məbləğin qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair yazılı etiraz etmiş və etirazı onunla əsaslandırmışdır ki, "xxxx" MMC 6.125,41 manat məbləğin qaytarılması barədə 21 fevral 2020-ci il tarixli ərizəsi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi orqanında olan uçot baza məlumatlarına əsasən 7 aprel 2017-ci il tarixdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, həmin tarixdən sonra 8.795,71 manat məbləğində elektron vergi hesab fakturaları əldə edilmiş və yaranmış kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən vergi ödəyicisinə 16 mart 2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlar MMC-nin vergidən yayınma halları kimi qiymətləndirilərək kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin təqdim edilməsi ondan tələb olunmuşdur. Ödəyici 24 aprel 2020-ci il tarixli təkrar müraciəti ilə 6.125,41 manat məbləğin geri qaytarılmasını tələb etmiş və 24 avqust 2020-ci il tarixli cavab məktubunda MMC tərəfindən təqdim edilmiş 9 aprel 2020-ci il tarixli ərizədə artıq ödəmənin yaranma səbəbində müəssisənin fəaliyyətinin dayandırılması və vergi məbləğinin düzgün hesablanmaması bildirilmiş, lakin araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 20 fevral 2017-ci il tarixdə ödənilmiş 7.450,00 manat məbləğ 17 fevral 2017-ci il tarixdə təqdim edilmiş 2017-ci ilin yanvar ayı üçün cari “Əlavə dəyər vergisi bəyannaməsi” üzrə (8.237,53 manat ƏDV) yaranmış öhdəlik ilə əvəzləşdirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 177.1.2 və 177.1.3-cü maddələrinə əsasən vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. 8 iyun 2020-ci il tarixli, 9 iyun 2020-ci il tarixli və 23 iyun 2020-ci il məktublara cavab olaraq 30 iyun 2020ci il tarixli və nömrəli 2 iyun 2020-ci il tarixli müraciətlərlə bağlı vergi ödəyicisinə müvafiq olaraq eyni məzmunlu cavabların göndərilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Qaydaların 6.1 -ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların 7.2-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları» ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 16.1.6, 23.1.2, 24.0.1, 24.0.2, 36.2, AR Mülki Prosessual Məcəlləsinin 76.1- ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə qərar çıxarııması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2021 saylı 24 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək şikayətini etiraza uyğun əsaslandırmış və şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını ətraflı araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməli, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası hazırkı işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd edir ki, Master Makina” MMC 2014-cü ilin aprel ayında təsis olunmuş, 2017-ci ilin aprel ayından fəaliyyətini öz ərizəsinə əsasən rəsmi olaraq dayandırmışdır. MMC əldə etdiyi gəlirləri ilə bağlı mənfəət vergisinin hesablanması üçün AR Vergilər Nazirliyinin müvafiq orqanına hesabat təqdim edilmişdir. Lakin həmin hesabat e-qaimə formasında təqdim edilmədiyi üçün vergi orqanı onu qəbul etməmiş və nəticədə İddiaçı MMC-yə əsassız olaraq kameral yoxlamadan sonra 7.535,72 manat vergi borcu hesablamışdır. 4 oktyabr 2019-cu il tarixli qərara əsasən hesablanmış artıq vergi borcunun azaldılması üçün 5 iyul 2019-cu il tarixdə AR Vergilər Nazirliyinə inzibati icraat qaydasında müraciət edilmiş, AR Vergilər Nazirliyinin 04 oktyabr 2019-cu il tarixli qərarına əsasən inzibati şikayət qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 20.11.2018-ci il tarixli qərarı ilə 2208,91 manat, 11.04.2019-cu il tarixli qərarı ilə 7153,58 manat hissəsində ləğv edilmiş və nəticədə vergilər üzrə 6.125,41 manat artıq ödəniş yaranmışdır. 21 fevral 2020-ci il tarixli ərizəsinə əsasən, "xxxx" MMC 6.125,41 manat məbləğin qaytarılması barədə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət etmişdir. Vergi orqanında olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisinə məxsus 7 aprel 2017-ci il tarixdən sonra 8.795,71 manat məbləğində elektron vergi hesab fakturaları əldə edilmiş və yaranmış kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən vergi ödəyicisinə 16 mart 2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. 24 aprel 2020-ci il tarixli təkrar müraciətə əsasən ödəyici 6.125,41 manat məbləğin geri qaytarılmasını tələb etmiş və 24 avqust 2020-ci il tarixli cavab məktubunda MMC tərəfindən təqdim edilmiş 9 aprel 2020-ci il tarixli ərizədə artıq ödəmənin yaranma səbəbi kimi müəssisənin fəaliyyətinin dayandırılması və vergi məbləğinin düzgün hesablanmaması bildirilmişdir. Buna səbəb kimi vergi ödəyicisi tərəfindən 20 fevral 2017-ci il tarixdə ödənilmiş 7.450,00 manat məbləğ 17 fevral 2017-ci il tarixdə təqdim edilmiş 2017-ci ilin yanvar ayı üçün cari “Əlavə dəyər vergisi bəyannaməsi” üzrə (8.237,53 manat ƏDV) yaranmış öhdəlik ilə əvəzləşdirilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsini cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə etmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Məhkəmə kollegiyası qeyd edir ki, 5 iyul 2019-cu il tarixdə MMC tərəfindən AR Vergilər Nazirliyinə inzibati icraat qaydasında edilmiş müraciətdən sonra Vergilər Nazirliyi tərəfindən şəxsi vərəqəyə azalma verilmiş və nəticədə vergilər üzrə 6.125,41 manat artıq ödəniş olunduğu aşkar edilmişdir. Beləliklə, işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazdan məlum olur ki, vergi ödəyicisi olan hazırkı iş üzrə İddiaçı MMC-nin 6.125,41 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcud olmuş və bu halın cavabdeh orqan tərəfindən təkzib edilməməsi apellyasiya şikayətinin dəlilinin bu hissədə əsaslı olmamasını sübut edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin minimum müddət (45 gün) ərzində qaytarılmadığından hər gecikdirilmiş gün üçün 0,1% əlavə məbləğin ödənilməsinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının artıq ödədiyi vergi məbləğinin qaytarılmasından imtina edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, cavabdehin imtinası qanuna zidd olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2021 saylı 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2021 saylı 24 may 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2293/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2293/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver