Məhkəmə qərarları › İş №2-1(103)-2293/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2293/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2293/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4149/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanılması haqqında sərəncamın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 noyabr 1970-ci il tarixdə V.Nikulkinlə nikaha daxil olaraq sonuncunun yaşadığı mənzilə köçmüşdür. Mənzilin ilkin orderi qayınatası Panteley Nikulkinin adına olmuş, onun vəfatından sonra xx.xx.1969- cu il tarixdə Anastasiya Nikulkina ilə müqavilə bağlanılmış, şəxsi hesab vərəqəsi dəyişdirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarı ilə iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. Qayınanası və əri 2018-ci il tarixdə vəfat etmiş, bundan sonra iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə mənzilin hesab vərəqəsinin onun adına dəyişdirilməsi, onunla kirayə müqaviləsinin bağlanılmasına dair müraciət edilmiş, Təsərrüfat Birliyinin № 58, xx.xx.2018-ci il tarixli əmri ilə ünvan 2 ünvanda yerləşən mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmişdir. İddiaçı qeyd edir ki, həmin mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyətindədir. Lakin DƏDRX-nin 1 Saylı Ərazi İdarəsi müraciətə o əsasla imtina vermişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçı hesab edir ki, həmin hüquqmüəyyənedici sənədin, yəni kirayə müqaviləsinin onun adına verilməsi üçün hər cür əsas müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınma üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin bu zaman nəzərə alınmalıdır ki, sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Bu səbəbdən də barəsində 2009cu ilin oktyabrın birindən sonrakı tarixdə, yəni hal-hazırda mənzil kirayə müqaviləsinin bağlanılması ilə bağlı sərəncam qəbul edilə bilər. Göründüyü kimi o əvvəlki icarədarla birlikdə təsərrüfat aparan şəxs kimi, əvvəlki icarədar vəfat etdiyi halda, mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malikdir. Əks halda cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinin dəyişdirilməsi ilə bağlı müvafiq qərar da qəbul edilməzdi. Eyni zamanda 1976-cı il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddiaçının mənzilə köçürülmə tələbi təmin edilmiş, həmin qətnamədə cavabdeh, o zaman mənzilin kirayədarı olan A.Nukilnika tərəfindən onun köçürülməsinə hər hansı etirazın olmaması barədə cavabdeh tərəfindən izahat verilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4149/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ilə Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 4149/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MPMin 217.2-ci maddəsinə əsaslanaraq işin həllində xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85 və 87-ci maddələrinə əsaslanmışdır. Halbuki, mübahisəli hüquq münasibəti iddiaçının qeydiyyatda olaraq yaşadığı evin şəxsi hesab vərəqəsi xx.xx.2018ci ildə vəfat etmiş qaynanası X2 adına olmuş və onunla kirayə müqaviləsi bağlanmışdır. Mübahisəli hüquq münasibəti iddiaçının qaynanasının vəfatı ilə yarandığından və X2 2018-ci ildə vəfat etdiyindən yaranmış hüquq münasibətinə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad etmək düzgün deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4149/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən İddiaçı övladları ilə birlikdə şəxsi hesab açmadan Kirov qəsəbəsi, A.Neymətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilə köçürülməsi qərara alınmışdır. - Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli, 58№li Əmrindən görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən qeydiyyatda olduğu və yaşadığı evin şəxsi hesab vərəqəsinin xx.xx.2018-ci ildə vəfat etmiş qaynanası X1 adına olduğunu bildirmiş ki, əri Vladimir Panteleyiçin xx.xx.2018-ci il tarixdə vəfat etməsini nəzərə alaraq, şəxsi hesab vərəqəsinin onun adını dəyişdirilməsini xahiş etmişdir. Təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, Binəqədi rayonu A.Nemətulla küçəsindəki 5 saylı evin 6-cı mənzili xx.xx.1952-ci il tarixli orderlə Nikulkin Panteley lvanoviçin adına verilmiş və müqavilə bağlanmışdır. İcarədar P.İ.Nikulkin xx.xx.1959-cu ildə vəfat etdiyindən onun həyat yoldaşı X3 ilə xx.xx.1969-cu il tarixli müqavilə bağlanmış və şəxsi hesab vərəqi onun adına açılmış, hazırda da A.Z.Nikulkinanın adınadır. Kirov rayon Xalq Məhkəməsinin 2-42 nömrəli, xx.xx.1976-cı il tarixli qərarından görünür ki, İddiaçı Həsənovanın ünvan 5 ünvanındakı yaşayış sahəsinə istifadə hüquqları tanınmış, hazırda qeydiyyatda olduğu və yaşadığı mənzilə köçürülmüşdür. Hal-hazırda mənzil kirayəsi və kommunal xidmətlərə görə ödənişlər İddiaçı tərəfindən həyata keçirilməsini və qanunvericiliyin tələblərini, nəzərə alaraq ünvan 6 ünvanındakı 6-cı mənzilin şəxsi hesab vərəqi İddiaçı adına dəyişdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Kirov VVAQ Şöbəsi tərəfindən verilən İİ-ЖГ №303095 saylı xx.xx.1981-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1959-cu il tarixdə vəfat etmiş və onun adına xx.xx.1959-cu il tarixdə 24 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Bakı Səadət Sarayı tərəfindən verilən A3 №240170 saylı xx.xx.1970-ci il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, X4 ilə X10 arasında xx.xx.1970-ci il tarixdə nikaha daxil olaraq bu barədə akt qeydi aparılmışdır - 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ №928249 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun adına xx.xx.2018-ci il tarixdə 1616 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir - 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ №966523 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun adına xx.xx.2018-ci il tarixdə 1616 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli 58 №li Əmrindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin şəxsi hesab vərəqi İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 72 saylı MKİS tərəfindən verilən 97 №li 16 mart 2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzilin sahibi (kirayəçisi) İddiaçıdır. O qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və İddiaçı 1971-ci ildən, ailə üzvlərindən X7 1971-ci il tarixdən, X9 1993-cü ildən qeydiyyatdadırlar. - X9 və X7 ünvan 7 ünvanda yerləşən 6 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etiraz etmədiklərinə dair notarial qaydada razılıq ərizələri vermişdirlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərində olduğundan iddia tələbi təmin edilməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Hazırkı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən övladları ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülmüş, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli 58 №li Əmrinə əsasən mənzilin şəxsi hesab vərəqi İddiaçı adına dəyişdirilmişdir. Hazırda da iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin 1971-ci il tarixindən fasiləsiz olaraq iddiaçının və ailə üzlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yarandığından cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad edilməsinin düzgün olmadığı ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4149/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4149/2022 saylı, 12 aprel 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar