Məhkəmə qərarları › İş №2-1(103)-2294/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2294/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2294/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1117/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1978-xx.xx.1997-ci illərdə işlədiyi Azərbaycan Yüngül Sənaye Nazirliyinin tərkibində yaradılmış və fəaliyyət göstərmiş “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nda 18 illik stajını “Elmi müəssisə”də əldə olunmuş staj hesab olunmaqla və təhsil müəssisələrində işlədiyi 14 illik staja əlavə olunmaqla ona xx.xx.2021ci ildən etibarən Prezident təqaüdünün təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasına əsasən əsas iş yeri üzrə 32 il 3 ay 20 gün (qanunvericiliklə tələb olunan 25 illik iş stajından xeyli çox) elm təhsil müəsisələrində iş stajına malikdir. Belə ki, ali təhsilini başa vurduqdan sonra iddiaçı təyinatla xx.xx.1978-ci ildən xx.xx.1997-ci illədək Azərbaycan Yüngül Sənaye Nazirliyinin (sonralar “Xalq üçün mallar” Dövlət Konserni) tərkibində elmi müəssisə olan “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nda konstruktor tədqiqatçı vəzifəsindən həmin büronun direktoru vəzifəsinədək yüksələrək fasiləsiz olaraq 18 il 4 ay 7 gün işləmiş, işlədiyi dövrdə dissertasiya işini müdafiə edərək “texniki elmlər namizədi” (texniki elmlər üzrə fəlsəfə doktoru) elmi adını almışdır. Bundan əlavə müxtəlif ali təhsil müəssisələrində cəmi 14 il 13 gün müəllim, baş müəllim, dosent, kafedra müdiri və s. vəzifələrdə işləmişdir. Hal-hazırda əmək pensiyası alır. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə xx.xx.2021-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən edilmişdir. İddiaçı sadalanan kateqoriyaya aid olduğu üçün cavabdehə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilmiş Fərmanlarının ona tətbiq edilməsini və Prezident təqaüdü ilə təmin olunmasını xahiş etmiş, lakin cavabdeh onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı guya cəmi 14 il, yəni Fərmanda nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. Yəni “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.5-ci maddəsinə əsasən elmi müəssisələr kateqoriyasına aid olan “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nda çalışdığı 18 ildən artıq müddət nəzərə alınmamışdır. Həmin Qanunun 10.4-cü maddəsində elmi müəssisə və təşkilatlara aid edilən (müəssisə və təşkilatlar) qurumlar göstərilir. Həmin Qanunun 10.4.5ci maddəsində “Təcrübə - konstruktor, layihə - konstruktor, təcrübə - istehsal, layihə texnoloji, müəssisələri “elm müəssisələri” kateqoriyasına aid edilir. İşlədiyi “Büro” isə fəaliyyətində Qanunun bu maddəsində göstərilən 4 komponentin hamısını özündə birləşdirən elmi müəssisə olmuşdur. Həmin Qanunun 15.3-cü maddəsində bu cür müəssisələrin həm müstəqil, həm də elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, habelə müxtəlif qurumların nəzdində fəaliyyət göstərməsi qeyd olunur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona fəlsəfə doktoru kimi Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Lakin onun elmi müəssisə və təşkilarda və ya təhsil müəssisələrində ümumi iş stajı 25 ildən az olduğundan müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmana əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. İddiaçı Azərbaycan Yüngül Sənaye Nazirliyinin tabeliyində “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nun elm müəssisəsi olduğunu iddia etmişdir. Azərbaycan Respublikası "Elm haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən dövlət ali elmi təşkilat, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihəkonstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr, elmi işçilərin ictimai qurumları elmi müəssisə və təşkilatlara aiddir. Göründüyü kimi bürolar elmi müəssisə və təşkilatlar siyahısında əks olunmamışdır, bu səbəbdən iddiaçının həmin büroda işlədiyi dövrlər elmi müəssisə və təşkilatarda və ya təhsil müəssisələrində işlədiyi dövr kimi stajına əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elmi fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elm müəssisəsi hesab edilməsi və İddiaçı fəlsəfə doktoru kimi Prezident təqaüdünün təyin edilməsi qanuna uyğun deyildir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1117/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı (hakim M.Qarayeva) ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh imtina cavabı verməsini onunla əsaslandırmışdır ki, iddiaçının Prezident təqaüdü almaq üçün tələb olunan elmi stajı 25 ildən azdır, yəni 14 ildir. Halbuki,cavabdeh tərəf iddiaçının əmək kitabçasında olan 18 ildən artıq fasiləsiz işlədiyi Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosundakı əmək stajını elmi staj hesab etməmiş, həmin Büronu isə elmi müəssisə və təşkilat hesab etməmişdir. Birinci instansiya məhkəməsi isə həmin imtinanı əsas tutaraq, əlavə heç bir araşdırma aparmadan və işlədiyi müəssisənin (büronun) elmi müəssisə olub-olmadığını araşdırıb dəqiqləşdirmədən “Elm haqqında" AR Qanununun müvafiq tələblərini nəzərə almadan iddianı əsassız olaraq rədd etmişdir. Halbuki, məhkəmə qərarı elan olunduqdan sonra iddiaçı AR Elm və Təhsil Nazirliyinə 18 il işlədiyi “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun “Elmi müəssisə və təşkilat” olub-olmadığı barədə 03 mart 2023-cü il tarixdə verdiyi rəsmi müraciətə aldığı 05 aprel 2023-cü il tarixli cavabda (surəti əlavə olunur) açıq şəkildə qeyd olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.22-ci və 1.0.24-cü bəndlərinə əsasən, elmi müəssisə və təşkilat - elm ve elmi-texniki fəaliyyətlə məşgul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs, elmi tədqiqat institutu isə əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə olduğunu nəzərə alaraq, "Xüsusi Təcrübə-Eksperimental Konstruktor bürosu"nun elmi müəssisə və təşkilat olduğunu qeyd etmək olar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının aşağıdakı bəndlərinə əsasən: - 1. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunmuşdur.. -2. Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. "Elm haqqında" Azərbaycan Respublikası Qanunun: - 1.0.22-ci maddəsinə əsasən, elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan, hüquqi şəxsdir. - 1.0.24-cü maddəsinə əsasən, elmi tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisədir. - 10.4-cü maddəsinə əsasən, elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir: dövlət ali elmi təşkilat, elmi tədqiqat institutu, ali təhsil müəssisəsinin elmi qurumları, elmi mərkəzlər, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr, elmi işçilərin ictimai qurumları. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilir ki, iddia tələbinə əsasən iddiaçının əmək stajı ona prezident təqaüdünün verilməsi üçün tələb olunan azı 25 il əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışma tələbini ödəyir. Lakin cavabdeh qurum hesab edir ki, iddiaçının qeyd olunan sahədə əmək stajı cəmi 14 il təşkil edir. Belə ki, iddiaçının istinad etdiyi “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elmi fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İddiaçı məxsus 19 mart 1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən o, xx.xx.1978-ci ildə “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu”nun konstruktortədqiqat şöbəsinə 3-cü kateqoriyalı (stajor) mühəndiskonstruktor vəzifəsinə təyin edilmiş (xx.xx.1978-ci il tarixli, 172 nömrəli əmr), xx.xx.1978- ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə bağlı tutduğu vəzifədən azad edilmiş (xx.xx.1978-ci il tarixli, 228-ЛС nömrəli əmr), xx.xx.1980-ci ildə mexanizasiya və avtomasiyasiya qrupun layihə-konsruktor şöbəsinə 3-cü kateqoriyalı mühəndis-konstruktor vəzifəsinə təyin edilmişdir. (xx.xx.1980-ci il tarixli, 78- ЛС nömrəli əmr), xx.xx.1980-ci ildə konstruktor-tədqiqat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmiş (xx.xx.1980-ci il tarixli, 119- ЛС nömrəli əmr), xx.xx.1981-ci ildə konstruktor-tədqiqat şöbəsinin adı dəyişdirilmiş və konstruktor şöbəsi adlandırılmış (xx.xx.1981-ci il tarixli, 54-ЛС nömrəli əmr), xx.xx.1982-ci ildə 1-ci kateqoriya konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1982-ci il tarixli, 27- ЛС nömrəli əmr), xx.xx.1983-cü ildə layihəkonstruktor şöbəsinə aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1983-cü il tarixli, 32- ЛС nömrəli əmr), xx.xx.1984- cü ildə eksperimetal-mühəndis qrupuna aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1984-cü il tarixli, 41- ЛС nömrəli əmr), xx.xx.1985-ci ildə mexanizasiya, avtomatizasiya və energinin təmin edilmə sektoruna eyni vəzifəyə keçirilmiş (xx.xx.1985- ci il tarixli, 44-ЛС nömrəli əmr), xx.xx.1988-ci ildə konstruktor şöbəsinə aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1988-ci il tarixli, 2-ЛС nömrəli əmr), xx.xx.1988-ci ildə əmək haqqının ödənilməsinin yeni şərtlərin qəbul edilməsi ilə əlaqədar konstruktor şöbəsinə 1-ci kateqoriya mühəndis-konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1988-ci il tarixli, 147-ЛС nömrəli əmr), xx.xx.1989-cu ildə konstruktor şöbəsinə aparıcı konstruktor vəzifəsinə keçirilmiş (xx.xx.1989-cu il tarixli, 9- ЛС nömrəli əmr), xx.xx.1989-cu ildə layihənin baş konstruktor vəzifəsinin səlahiyyətlərini icra edən vəzifəsinə keçirilmiş (xx.xx.1989-cu il tarixli, 137-ЛС nömrəli əmr), xx.xx.1990-cı ildə layihənin baş konstruktoru təyin edilmiş (xx.xx.1990-cı il tarixli, 38 mh nömrəli əmr), xx.xx.1992-ci ildə büronun baş mühəndisi vəzifəsinə təyin edilmiş (xx.xx.1992-ci il tarixli, 70 mh nömrəli əmr), xx.xx.1993-cü ildə Büronun direktoru vəzifəsinə təyin edilmiş (Azqoskonc. xx.xx.1993-cü il tarixli, 43--ЛС nömrəli əmr), xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (xx.xx.1997-ci il tarixli, 06-“Mh” nömrəli əmr). - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, 10-0-56/12 nömrəli məktubunda bildirilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.22-ci və 1.0.24-cü maddələrinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs, elmi tədqiqat institutu isə əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisədir. Göstərilənləri nəzərə alaraq, qeyd etmək lazımdır ki, barəsində sorğu edilən müəssisənin Nizamnaməsi Nazirliyə təqdim edilmədiyindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq, onun elmi müəssisə və təşkilat olmasını müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 yanvar 2023-cü il tarixli, 3-29/2-276/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Xüsusi Təcrübə-Eksperimental Konstruktor bürosu”nun Nizamnaməsində onun elmi müəssisə kimi yaradılması öz əksini tapmamışdır. Konstruktor və elmi tədqiqat işlərinin həyata keçirilməsi büronun fəaliyyət sahələrindən biri kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq göndərilmiş 05 aprel 2023-cü il tarixli, 3-29/2-Ə-3114-4/2023 nömrəli məktubunda bildirilmişdir ki, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.22-ci və 1.0.24-cü bəndlərinə əsasən, elmi müəssisə və təşkilat - elm ve elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs, elmi tədqiqat institutu isə əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə olduğunu nəzərə alaraq, "Xüsusi Təcrübə-Eksperimental Konstruktor bürosu"nun elmi müəssisə və təşkilat olduğunu qeyd etmək olar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin apellyasiya instansiyasında araşdırılması zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu verilmiş, Nazirliyin yuxarıda qeyd olunan 19 yanvar 2023-cü il tarixli, 3-29/2- 276/2023 nömrəli və 05 aprel 2023-cü il tarixli, 3-29/2-Ə-3114-4/2023 nömrəli cavab məktublar ilə bağlı məsələnin aydınlaşdırılması, dəqiq məlumatların təqdim olunması tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 avqust 2023-cü il tarixli, 3-29/2-5002/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, "Xüsusi Təcrübə-Eksperimental Konstruktor Bürosu"nun Bakı İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş Nizamanməsinə əsasən, büronun elmi müəssisə kimi fəaliyyət prosesini əks etdirən müddəaları mövcud deyil. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışması şərti ödənmədiyindən cavabdeh qanuni və əsaslı olaraq ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsindən imtina etmişdir. Eyni zamanda iddiaçı tərəfindən “Xüsusi Təcrübə Eksperimental Konstruktor Bürosu"nun elmi fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, təqdim etdiyi əmək kitabçasına görə onun yalnız həmin büroda işləməsi qeydləri öz təsdiqini tapır ki, bu qeydlər də ona müvafiq əmək pensiyasının təyini üçün əsas olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1117/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar