Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2295/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2803/2023 saylı 21 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək ona 2 övladına görə xx.xx.2021-ci tarixdən 3 yaşa qədər (3 il müddətinə uşaqlarına) qulluğa görə müavinət ödənilməsinin bərpa edilməsi barədə qərar edilməsini və bu öhdəliyin Dövlət Sosial Müdafiə Fondunun və DSMF-nin aidiyyəti qurumlarının üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2803/2023 nömrəli 21 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «müavinətin ödənilməsi» tələbinə dair iddiası cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2803/2023 nömrəli 21 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «müavinətin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2803/2023 saylı 21 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi və ya qərarın ləğv edilməsi və işə yenidən birinci instansiya məhkəməsində baxılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, qanunvericiliyə əsasən işləyən hər bir anaya analıq məzuniyyətinə çıxan zaman uşağa qulluğa görə uşağın 3 yaşına kimi müavinət ödənilməlidir. Uşaqlar doğulmamışdan əvvəl əkiz uşaqlara görə 140 günlük müavinət almışlar, lakin 3 yaşa qədər olan müavinəti ala bilməmişlər. Həyat yoldaşı fərdi sahibkardır. Onlar şifahi olaraq Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Vergi Xidmətinə məzuniyyət zamanı fərdi sahibkarlıqla əlaqədar sosial sığorta ödənişlərini ödəməmək üçün müraciət etdikdə onlara bildirmişlər ki, ödənişləri etməsələr yüksək məbləğdə cərimə olunacaqlar və həyat yoldaşı uşağa görə 3 illik müavinəti ala bilmək üçün fərdi sahibkarlıq fəaliyyətini dayandırmalıdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuş, xx.xx.2022-ci il tarixində **********8/9 və xx.xx.2022-ci il tarixində **********5 nömrələrlə qeydiyyata alınmış "uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət"lə bağlı müraciətlərinizə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə (bundan sonra Əsasnamə) uyğun olaraq həyata keçirilir. Müraciətinizlə əlaqədar aparılan araşdırma zamanı tərəfinizdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) "Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, xx.xx.2021-ci il təvəllüdlü övladlarınız X6 (AZ-İV seriyalı 596487 nömrəli doğum haqqında şəhadətnamə) və X7 (AZ-İV seriyalı 596488 nömrəli doğum haqqında şəhadətnamə) aid «uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət»lə bağlı haqq-hesab cədvəllərinin Əsasnaməyə uyğun tərtib edilmədiyi üçün uyğunsuzluqlar qeyd edilməklə sistem üzərindən geri qaytarıldığı məlum olmuşdur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.6-cı maddəsinə əsasən 3 yaşınadək uşağa qulluğa görə müavinət sığortaolunana qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Qanuna uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa görə müavinət məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir. Əsasnamənin 99-cu bəndinə uyğun olaraq özözünü sığortaedən fiziki şəxslərə (sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslər) müavinət, onlar tərəfindən Fondun yerli qurumlarına, "DOST" mərkəzlərinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Fondun yerli və ya "DOST" mərkəzləri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. Əsasnamənin 113-cü bəndinə əsasən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır. Müdiriyyətin müavinət təyin edən komissiyasına məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan Məcəllə) 138-ci maddəsinin birinci hissəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi "işçinin" ərizəsi əsasında işəgötürənin əmri (sərəncamıqərarı) ilə rəsmiləşdirilir. Məcəllənin 3-cü maddəsinə uyğun olaraq işçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs nəzərdə tutulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, öz-özünü sığortaedən fiziki şəxslərə Məcəlləyə istinad edilməklə qismən ödənişli sosial məzuniyyətin verilməsinin qanuni əsasının olmadığını və bunun nəticəsi olaraq, öz-özünü sığortaedən fiziki şəxslərin həmin məzuniyyət dövrünə aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinəti almaq hüququnun olmadığını diqqətinizə çatdırırıq. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin "e-sosial" (www.e-sosial.az) internet portalı haqqında Əsasnamənin 1.5.2-ci bəndinə əsasən "istifadəçi" - normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MEİS-dən və portaldan informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslərdir. Həmin Əsasnamənin 8.0.4-cü bəndinə əsasən istifadəçinin portaldan özü barədə məlumatlar əldə etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sığortaedəninizə (işlədiyiniz müəssisǝyǝ) və sığortaçıya (Fonda) müraciət etmədən "e-sosial" (www.e-sosial.az) internet portalının "Şəxsi Kabinet" bölməsinin "Sosial sığorta ödəmələri" pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), o cümlədən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə rahatlıqla məlumat əldə edə bilərsiniz. İş materiallarında olan AZ-T №026354 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 və X3 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra qadına Məmmədli soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 596487 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X4, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı 596488 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X4, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı vergi ödəyicisi kimi 21 fevral 2017-ci il tarixdə təqdim etdiyi ərizə əsasında vergi uçotuna alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Fəaliyyət növü “Yastıq, döşək və sair bu kimi oxşar malların istehsalı”dır. İddiaçı uçota alındığı tarixdən bugünədək vergi orqanına fəaliyyətin dayandırılması barədə ərizə təqdim etməmişdir. Halhazırda fəaliyyəti aktivdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 03 nömrəli əmrdən çıxarışdan görünür ki, fiziki şəxs olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən özünə, yəni İddiaçı öz ərizəsi əsasında övladının üç yaşı tamam olanadək onlara qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət vermiş, məzuniyyətin başlama tarixi xx.xx.2021-ci il, bitmə tarixi xx.xx.2024-cü il, işə çıxma tarixi xx.xx.2024-cü il göstərilmişdir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 5-ci maddəsinə əsasən sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir. 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-cü maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət. 6.2-ci maddəsinə əsasən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir. 7.0-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda. 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin: 1-ci bəndinə əsasən bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 78-ci bəndinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. 79-cu bəndinə əsasən həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir. 80-ci bəndinə əsasən uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. 81-ci bəndinə əsasən uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər. 82-ci bəndinə əsasən ananın stasionarda müalicə olunması ilə əlaqədar uşağa qulluq edə bilməməsi hallarında da uşağa qulluq edilməsinə görə məzuniyyət həmin qaydada rəsmiləşdirilir. Bu zaman müavinət uşağın anasına verilməyən müddət üçün faktiki ona qulluq edənə ödənilir. 84-cü bəndinə əsasən əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır. 96-cı bəndinə əsasən müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. 112-ci bəndinə əsasən uşağın doğulmasına görə birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir. Təqdim olunmuş sənəd əsasında komissiyanın səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir. 113-cü bəndinə əsasən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır. Müdiriyyətin müavinət təyin edən komissiyasına məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 9-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. 43-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. 112-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. 127-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qərarın ləğv edilməsi və iddianın təmin edilməsini və ya qərarın ləğv edilməsi və işə yenidən birinci instansiya məhkəməsində baxılmasını xahiş etsə də, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək müqaviləsi üzrə işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş sosial məzuniyyətlərindən, o cümlədən uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququ vardır. İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nizama salınır. Göründüyü kimi, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdıqda məzuniyyət müddətinə verilir. Burada məqsəd işləyən şəxsin uşağa qulluq etdiyi dövrdə əmək haqqı almaması nəticəsində məruz qaldığı itirilmiş gəlirlərin kompensasiya edilməsidir. Şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan, yəni işə çıxmaqla əmək haqqı aldığı andan isə ona verilən bu müavinətin ödənişi dayandırılır. Məzuniyyət hüququ, o cümlədən sosial məzuniyyət hüququ əmək münasibətləri çərçivəsində yaranır və bu hüquq işçiyə məxsus hüquq olmaqla onunla bağlanan əmək müqaviləsinə əsasən tənzimlənir. İddiaçı işçi deyil, onunla əmək müqaviləsi bağlanılmamışdır. O, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs, yəni fərdi sahibkardır. İddiaçı həmçinin işəgötürən olmaqla özü ilə əmək münasibətində deyildir və ola da bilməz, çünki əmək münasibəti işəgötürən və işçi arasında yaranır. Belə olan halda iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti əmək fəaliyyəti, yaranan münasibətlər isə əmək münasibətləri olmadığından bu münasibətə Əmək Məcəlləsinin müddəaları tətbiq edilə bilməz. Deməli, iddiaçının Əmək Məcəlləsindən irəli gələn məzuniyyət hüququ, o cümlədən qismən ödənişli sosial məzuniyyət almaq hüququ mövcud deyil. Ona görə də iddiaçının xx.xx.2021-ci il tarixdə anadan olmuş iki uşağına 3 yaşadək qulluğa görə müavinət ödənilməsini tələb etmək hüququ da mövcud deyil. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2803/2023 nömrəli 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2295/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2295/2023
12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver