Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2295/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi" iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamı əsasında Zirə qəsəbəsinin şimal qərb hissəsində 187 nömrəli sahədə yerləşən fərdi yaşayış evinin tikintisi üçün mərhum atası X4 ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamı ilə mərhum atasına saglıgında Zirə qəsəbəsinin şimal qərb hissəsində 187 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi atasının istifadəsində olmuş, qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hərhansı bir mübahisəsi olmamışdır. Atasının vəfatından sonra atasından miras qalmış əmlak olan həmin torpaq sahəsinə dair iddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır. İddiaçı torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsi Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının Cavabdehnə müraciətinə cavab olaraq sözügedən ərazinin Abşeron rayon Zirə Südçülük-Tərəvəzçilik sovxozunun istifadəsində olmuş ərazidə yerləşdiyindən cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun hesab olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65- ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq içra hakimiyyəti orqanı”-nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”-nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12- ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamı əsasında Zirə qəsəbəsinin şimal qərb hissəsində 187 nömrəli sahədə yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mərhum atası X4 ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli, Ə-117-091 nömrəli məktubunda bildirilmişdir ki, nümayəndəlikdən verilən məlumatda bildirilir ki, istifadəsində olan torpaq sahəsi Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. - AZ-İİ seriyalı, 076570 nömrəli, 21 aprel 2020-ci il tarixli X6 aid ölüm haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. - 5 saylı “ASAN XİDMƏT” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X3 30 sentyabr 2020-ci il tarixli, 1439 nömrəli məktubunda xx.xx.2020- ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi qızı İddiaçı oldugu qeyd edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 aprel 2023cü il tarixli, 3-48-2F/2-02668/2023 nömrəli məktubu ilə göndərilmiş Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamının təsdiq edilmiş surətinə əsasən X4 Zirə qəsəbəsinin şimal-qərb hissəsində 187 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. - “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə verilmiş 67 nömrəli, 02 may 2023-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamına əsasən iddiaçının atası X4 Zirə qəsəbəsinin şimal qərb hissəsində 187 saylı sahədə yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin faktiki yeri və koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Həmin torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir. Torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşür. Mütəxəssis rəyinə əlavə olaraq göndərilmiş Torpaq sahəsinin yerləşmə cizgisinə əsasən torpaq sahəsi 0.1142 hadan ibarətdir və torpaq sahəsinin koordinatları: X – 438714.053, Y – 4470031.683; X - 438742.453, Y – 4470026.643; X – 438735.778, Y – 4469988.179; X – 438706.674, Y – 4469993.073. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4740 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı atası X4 Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamı ilə Zirə qəsəbəsinin şimal-qərb hissəsində 187 №-li sahədə fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin naturada faktiki yerləşmə vəziyyəti, təyinatı və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron xəritə məlumatlarına (kadastrportali.az) əsasən naturada təqdim edilən torpaq sahəsinin “X1” təyinatlı olduğu müəyyən olunur. Naturada təqdim edilən torpaq sahəsinin döngə nöqtələrinin faktiki koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: X – 438737.281, Y – 4469987.569; X - 438706.728, Y – 4469992.993; X – 438713.983, Y – 4470031.508; X – 438743.774, Y – 4470026.212. Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron xəritə məlumatlarında (kadastrportali.az) Zirə Südçülük-Tərəvəzçilk sovxozuna ayrılmış torpaq sahələrinin hüdudlarına dair hər hansı bir məlumat olmadığından mübahisə predmeti olan torpaq sahəsinin Zirə Südçülük- Tərəvəzçilik sovxozuna ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron xəritə məlumatlarına (kadastrportali.az) əsasən mübahisə predmeti olan torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-nin xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (hazırkı inzibati mübahisə yarandığı vaxt qüvvədə olmuşdur) 28-ci maddəsinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Qeyd olunan maddənin 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. Həmin maddənin 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/519 saylı sərəncamı ilə iddiaçının mərhum atası X4 Zirə qəsəbəsinin şimal-qərb hissəsində 187 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsinin Südçülük-Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyünü bildirərək iddiaçıya imtina vermişdir. Cavabdehin imtinası ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamış, formal imtina vermişdir. Halbuki məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4740 №-li məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron xəritə məlumatlarına (kadastrportali.az) əsasən naturada təqdim edilən torpaq sahəsinin “X1” təyinatlı olduğu müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron xəritə məlumatlarında (kadastrportali.az) Zirə Südçülük-Tərəvəzçilk sovxozuna ayrılmış torpaq sahələrinin hüdudlarına dair hər hansı bir məlumat olmadığından mübahisə predmeti olan torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzçilik sovxozuna ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamış, mübahisə predmeti olan torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddia olunan torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzçilik sovxozuna ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamış, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2295/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2295/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver