Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2297/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2607/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi (Qeydiyyat nömrəsi VÖEN: **********) qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 146.519,2 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunur: Sənədlər: Müvafiq hesabat dövrü üzrə cari gəlir vergisi bəyannaməsi; Qeyd olunanalarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; Araşdırmaya təqdim edilməsi ucun zəruri hesab etdiyi digər sənədlər. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37. 67-və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********536800 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7.325,95 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı tərəfindən (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Corona virus pandemiyası” ilə əlaqədar olaraq maddi durumu çətinləşmişdir, maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü metal tullantılarını toplayıb zavoda təhvil vermişdir. Malı təhvil verəndən sonra ona elektron qaimə təqdim edilmişdir. Həmin elektron qaiməyə əsasən zavodun kassasında ona malın dəyərinə uyğun, order vasitəsi ilə pul ödənilmişdir. Ödəniş, zamanı ona ödənilən puldan ümumi məbləğin 2% həcmi miqdarında - yəni ödəmə mənbəyindən 2% dərəcə ilə vergi tutulmuşdur. Bütün bunlar mühasibat sənədlərində də öz əksini tapmışdır. Faktiki fəaliyyəti “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5 bəndində nəzərdə tutulmuş, VÖEN tələb olunmayan fəaliyyətə uyğun gəlməsi və ödəmə mənbəyində onun gəlirlərindən vergi tutulduğu üçün onun fəaliyyətinin qeyri-sahibkarlıq fəaliyyəti kimi nəzərə alınmasını xahiş etmişdir. O, yalnız bir dəfə yuxarıda qeyd olunan dəmir qırıntıları yığıb zavoda təhvil vermişdir. Bu isə VÖEN tələb olunmayan qeyrisahibkarlıq fəaliyyəti kimi nəzərə alınmalıdır və onun tərəfindən ödəmə mənbəyindən, vergi kimi 2% dərəcə ilə vergi tam zavoda ödənilmişdir. Odur ki, yaranmış anlaşılmazlığin aradan qaldırılması üçün hesablanmış kameral vergi məbləğinin ləğv edilməsini və şəxsi hesab vərəqəsidə düzəliş aparılmasını xahiş etmişdir. İddiaçı “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizəsinə dair xx.xx.2021-ci il tarixli məlumatdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri X8 üzrə Baş İdarəsinə ərizə ilə müraciət edərək vergi ödəyicisi kimi fəaliyyətinə xitam verilməsini xahiş etmiş, xx.xx.2021ci il tarixdə vergi ödəyicisi kimi ləğv olunmuşdur. Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********381400 saylı 08 sentyabr 2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il gəlir vergisi üzrə- vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7 325,96 manat vergi müəyyən edilməsinə görə, ona 7.325,95 manat əlavə vergi borcu hesablanmışdır. Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi borcunun ödənilməsinə dair” 09 sentyabr 2021-ci il tarixli ********** saylı bildirişin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 8,498.11 manat, o cümlədən vergilər üzrə 7,325.96 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 1.172,15 manat vergi borcu mövcud olmuşdur. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “**********381400 saylı 08 sentyabr 2021-ci il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın” ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, küçələrdən metal qırıntıları yığıb satmaqla ailəsini dolandırır. Topladığı metal qırıntılarını müxtəlif metal qırıntı məntəqələri və metal əritmə zavodlarına təqdim etmişdir, malları satarkən ona alıcılar tərəfindən bildirilmişdir ki, onun heç bir vergi öhdəliyi yoxdur, eyni zamanda dəfələrlə 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən məlumat almışlar ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. O, da işini, gəlir və xərclərini buna uyğun olaraq qurmaqla fəaliyyət göstərmişdir. Lakin bu yaxınlarda Bakı şəhəri X8 üzrə Baş İdarəsindən ona məktub gəlmişdir ki, o, məcburi olaraq öz ərizəsi olmadan xx.xx.2021-ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi uçotuna alınmışdır. Bundan sonra heç bir xəbərdarlıq edilmədən xx.xx.2021-ci il tarixli **********536800 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən ona 7.325,96 manat məbləğində gəlir vergisi hesablanmışdır. Həmin qərarın əsaslandırma hissəsində qeyd olunur ki, “Vergi Məcəlləsinin müddəalarına əsasən ona gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Halbuki, onu xx.xx.2021-ci il tarixində vergi uçotuna alıblar və vergi öhdəliyi də bundan sonrakı dövrə yarana bilərdi. Vergi orqanı isə hesablamasını vergi ödəyicisi kimi uçotda olmadığı 2020-ci ilə dair aparmışlar. Bununla bağlı olaraq, vergi orqanına dəfələrlə şikayət etsə də, şikayətə faktiki olaraq baxılmamışdır. xx.xx.2021-ci il tarixində tərəfindən 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə "Fiziki şəxsin gəlir vergisi bəyannaməsi” təqdim edilsə də vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********381400 saylı "Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən yenidən 7 325.96 manat məbləğində gəlir vergisi hesablanmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 146.519,2 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********257500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 7.325,96 manat (146519,20 x 5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021ci il tarixli **********536800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********381400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə xx.xx.2021-ci il tarixli **********536800 nömrəli qərarla hesablanmış vergi məbləği təsdiqlənmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Nağdsız hesablaşmalar haqqında" AR Qanunun 3.5.2-ci maddəsinə “Əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər” istinad edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə çalışmış və bu yolla külli miqdarda verginin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Fiziki şəxs alış aktı əsasında 2020-ci il üzrə 146519,2 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirir ki, metalları satın alan tərəf ÖMV bəyannaməsində aldığı malların vergisini hesablayıb ödədiyi üçün onun heç bir vergi öhdəliyi yoxdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş malların məbləğinin yüksək olduğunu nəzərə alsaq bəlli olur ki, iddiaçı tərəfindən təkbaşına həmin miqdarda metal qırıntısı yığa bilməz. Belə ki, həmin işin görülməsi üçün iddiaçının işçisi və yaxud hər hansı bir texniki avadanlığı, maşını olmalıdır. Həmçinin metalların yığılmasına da müəyyən xərclər çəkilmişdir ki, bu da öz növbəsində iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun sübutudur. Məlumat üçün bildirirlər ki, elektron alış aktı ilə malalan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə edilməsi halları müşahidə edilmişdir. Belə ki, vergi orqanında uçotda olmayan bir fiziki şəxsin adına müxtəlif çeşidli kənd təsərrüfatı mallarının alış aktları tərtib edilməklə sənədləşdirilməsi, bir sıra şəxslərin vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri, təsisçisi və ya həmin hüquqi və ya fiziki şəxsin muzdlu işçisi olduğu, habelə malların vergi ödəyicilərindən alış aktları ilə alındığı və ya öz-özünə elektron alış aktı ilə mal təqdim edən fiziki şəxs olduğu, bundan başqa adına alış aktı tərtib edilmiş şəxsin malların təqdim edilməsi ilə əlaqəsi olmayan kənar şəxslərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təhlil zamanı bir sıra vergi orqanında uçotda olmayan şəxslər tərəfindən müxtəlif sayda elektron alış aktı ilə mütəmadi olaraq müxtəlif adda mallar təqdim etdikləri müəyyən edilmişdir ki, həmin şəxslərin təqdim etdikləri malların sahibkarlıq məqsədləri üçün təqdim edilib-edilməməsi halları araşdırılmış və sahibkarlıq məqsədləri üçün təqdim edilməsi halları aşkar edilərək, qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2607/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin **********381400 saylı 08 sentyabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, fiziki şəxs 2020-ci il ərzində elektron alış aktları əsasında 146519,2 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. Əlavə olaraq bildirir ki, elektron alış aktı ilə mal alan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə edilməsi halları müşahidə edilmişdir. Belə ki, vergi orqanında uçotda olmayan bir fiziki şəxsin adına müxtəlif çeşidli kənd təsərrüfatı mallarının alış aktları tərtib edilməklə sənədləşdirilməsi, bir sıra şəxslərin vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri, təsisçisi və ya həmin hüquqi və ya fiziki şəxsin muzdlu işçisi olduğu, habelə malların vergi ödəyicilərindən alış aktları ilə alındığı və ya öz-özünə elektron alış aktı ilə mal təqdim edən fiziki şəxs olduğu, bundan başqa adına alış aktı tərtib edilmiş şəxsin malların təqdim edilməsi ilə əlaqəsi olmayan kənar şəxslərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təhlil zamanı bir sıra vergi orqanında uçotda olmayan şəxslər tərəfindən müxtəlif sayda elektron alış aktı ilə mütəmadi olaraq müxtəlif adda mallar təqdim etdikləri müəyyən edilmişdir ki, həmin şəxslərin təqdim etdikləri malların sahibkarlıq məqsədləri üçün təqdim edilib-edilməməsi hallarının araşdırılmış və sahibkarlıq məqsədləri üçün təqdim edilməsi halları aşkar edilərək qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan hallardan da göründüyü kimi, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə qərarın qəbulu zamanı heç bir pozuntuya yol verilməməsinə baxmayaraq, məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmadan yekun qərar qəbul olunaraq, iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Vergi Məcəllənin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə qərarında iddianın təmini əsaslarından biri kimi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, "Məhkəmə hesab edir ki, metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, iddiaçının f&aliyyəti bilavasitə olaraq malların təqdim edilməsindən gəlir götürməyə istiqamətlənən, işçi qüvvəsinin ərsəyə gələn sahibkarlıq fəaliyyətidir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhkəmə qərarında iddianın təmini əsaslarından digər biri kimi Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, “Fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur.” Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 33.4- cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Təsadüfi deyil ki, Ali Məhkəmənin iddiaçı X2 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı 2-1(102)-478/18 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında (hakim-Sevda Hüseynova) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1-33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qurumun mövqeyi tamamilə qeyri-qanuni və absurtdur. Belə ki, “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-2-ci maddəsində əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı tələblər və bu subyektlərin məsuliyyəti nəzərdə tutulmuşdur. Aydın görsənir ki, bu müddəada metal tullantılarım sahibkarlara təqdim edən subyektlərdən söhbət getmir. Həmçinin həmin maddənin pozulması vergi məsuliyyəti deyil, inzibati məsuliyyət yaradır. X9 Məcəlləsinin 457-1-ci maddəsində əlvan və qara metal tullantılarının qəbulu qaydalarını pozanlara qarşı inzibati tənbeh növləri müəyyən edilmiş və səlahiyyətli orqan Daxili İşlər Nazirliyi təyin edilmişdir. Hazırki mübahisədə isə onun metal tullantılarını qəbul edən sahibkarlıq subyekti deyil, o, metal tullantılarını həmin sahibkarlara təqdim edən subyektdir. Ona görə də sözügedən 12-2-ci maddənin ona tətbiq edilməsi hüquqi cəhətdən yanlışdır. Yəni “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-2-ci maddəsinin vergitutmaya, vergi uçotuna və vergi orqanının səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Formal xarakterli, məhkəmə qətnaməsinin qüvvəyə minməsini yubadmaq məqsədi daşıyan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan belə apellyasiya şikayətinə işə baxan məhkəmə kollegiyası öz ciddi münasibətini bildirəcəkdir. Vergi orqanı apellyasiya şikayətində onun vergi uçotuna durmamasını da hüquq pozuntusu kimi qeyd etmişdir. Bu irad qanunsuz və heç bir əsası olmayan formal mülahizədir. Apellyasiya şikayətində qeyd olunur ki, alış aktı ilə iri həcmdə metal təqdim etmiş, buradan da onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlmişlər. Bu vergi orqanın şəxsi mülahizəsidir. Belə ki, nə Vergi Məcəlləsində, nə də “Nağdsız hesablaşmalar haqqında” Qanununda alış aktı ilə təqdim edilən malların həcmi və məbləği barədə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Vergi orqanı şəxsə gəlir vergisi hesablayarkən qanuna yox, şəxsi mülahizələrinə əsaslanmışdır. Əlvan və qara metal tullantılarını təqdim edən şəxslərlə bağlı Vergi Məcəlləsində xüsusi tənzimləmə mövcuddur və qanunvericilik həmin şəxslərin vergi uçotuna dayanmadan bu fəaliyyətlə məşğul olmasına icazə vermişdir. Vergi orqanının yol verdiyi növbəti qanun pozuntusu vergi ödəyicisinə bir əməliyyat üzrə təkrarən vergilərin hesablanması olmuşdur. Belə ki, o, metal tullantılarını aidiyyəti zavoda təhvil verdikdən sonra, həmin zavod onun ödəməli olduğu 2% vergini ödəmə mənbəyində ondan tutaraq dövlət büdcəsinə ödəmişdir. Lakin vergi orqanı həmin ödənilmiş vergini, qanunsuz olaraq ona gəlir vergisi şəklində əlavə olaraq da 5% həcmində təkrar hesablamışdır. Vergi orqanının bu qanunsuz və əsassız yanaşması ölkədə metal və metal məmulatları istehsal edən sahibkarlara və vətəndaşlara vurulan böyük bir zərbədir. Belə ki, vergi orqanın metal qəbulu müəssisələrinə metal qırıntıları təhvil verən şəxsləri bu tipli vergilər hesablamaqla bazardan çıxardıqdan sonra, 2021-ci ilin mart ayında ölkədə armaturun 1 tonu 750 manat idisə, indi 1300 manata qalxmışdır. Vergi orqanı birtərəfli qaydada büdcəni doldurmağı fikirləşir, bunun isə əziyyətini təkcə sahibkarlar deyil, bütün vətəndaşlar çəkirlər. Beləliklə vergi orqanının apellyasiya şikayəti tamamilə əsassızdır və heç bir hüquqi əsaslandırmaya malik deyildir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə münasibətdə bildirmişdi ki, iddiaçının ləğv edilməsini tələb etdiyi kameral vergi yoxlamasının qərarı ilə hesablanmış 7325,96 manat vergi məbləği vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə azaldılmış və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi mübahisələndirilən qərarların ləğv olunduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bu barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron formada məhkəmənin elektron kabinetinə ərizə verərək prosesdə iştirak edə bilməyəcəyi və işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi **********381400 saylı 08 sentyabr 2021-ci il tarixli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın” ləğvi ilə bağlıdır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı normanın nəzərdə tutulmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı yuxarıda da göstərildiyi kimi, cavabdehin nümayəndəsi X5 bildirmişdi ki, iddiaçının ləğv edilməsini tələb etdiyi kameral vergi yoxlamasının qərarı ilə vergi ödəyicisinə hesablanmış 7325,96 manat vergi məbləği vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə azaldılmış və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. İddiaçı bu barədə vergi ödəyicisinə aid şəxsi hesab vərəqəsini və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********502900 saylı qərarla bağlı vergi orqanının 21 iyun 2022-ci il tarixli “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi”ni məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, həqiqətən də iddiaçıya mübahisələndirilən 08 sentyabr 29021-ci il tarixli qərarla kameral qaydada hesablanmış 7325,96 manat vergi borcu elə həmin miqdarda da azaldılmış və nəticədə iddiaçının vergi borcunun “0” olduğu göstərilmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən iddiaçı barəsində adı çəkilən 7325,96 manat məbləğində vergi borcunun hesablanması ilə bağlı qəbul edilmiş 08 sentyabr 2021-ci il tarixli qərar ləğv edilməmişdir. Belə olan halda iddiaçının tələbi inzibati orqan tərəfindən təmin olunmamış qalmaqdadır ki, bu hal da İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsində nəzərdə tutulan əsasla iş üzrə icraatın xitam olunmasını istisna edir. Odur ki, məhkəmə kollegiyası cavabdehin nümayəndəsi tərəfindən iddianın təmin olunması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə verilmiş vəsatəti təmin etməmiş və işin mahiyyəti üzrə baxılmasını İPM-nin 67.4-cü maddəsinə əsasən məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair X1 Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vegi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin həmin Məcəllənin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələrindən, 33cü maddəsində isə uçotundan bəhs edir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Qanunvericiliyin tələblərinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır və işdə olan sənədlərdən də məlum olur ki, iddiaçı 2020-ci ildə metal qırıntılarını "xxxx" MMC-yə satan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamış və 2020-ci ildə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövrüliliyi ilə bağlı hər hansı şərt müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məsuliyyətə cəlb edilməsi əsaslı sayıla bilməz. Məhkməmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilərkən mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Resoublikası Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 927/2021 və 2-1(102)-924/202 saylı inzibati məhkəmə işləri). Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2607/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2607/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2297/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2297/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver