Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2297/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 909/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsizliyinin yenidən bərpa edilməsi və 2021-ci ilin oktyabr ayından etibarən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyin müddətsizliyinin yenidən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2007-ci ilin iyun ayında Tibbi-Sosial Ekspertiza Kommissiyasından (TSEK) keçərək ikinci dərəcəli əlillik almışdır. Həmin dövrdə qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin birinci maddəsinə əsasən ikinci qrup əlilik 1 (bir) il müddətinə təyin edilirdi. O, 2016-ci ilin iyununa qədər hər il TSEK-dən keçmiş, hər dəfə əlilliyinin müddəti bir il müddətinə uzadılmışdır. 2016-ci ilin iyun ayında TSEK-dən keçəndə ona AR Nazirlər Kabinetinin yeni qərarının çıxarıldığını və buna əsasən əlilliyinin 5 il müddətinə uzadılmalı olduğunu bildirmişlər. Halbuki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci maddəsinə əsasən “Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır”. Əsasnamə xx.xx.2015-ci ildə təsdiq olunmuş, həmin zaman onun əlilliyi təyin edilmiş (2015-ci ilin iyun ayında) və başa çatmamışdı, yəni 2016-ci ilin iyununa qədər əlilik müddəti mövcud idi. Əsasnamə 6.1-ci bəndinin tələbinə əsasən isə onun əlilliyi həmin əsasnamənin təsdiq edildiyi tarixdə təyin edilmiş və davam etdiyindən, TSERAS tərəfindən əlilliyi 5 il müddətinə uzadılmalı idi. Lakin qanunvericiliyin tələbi kobud surətdə pozulmuş, əlillik müddəti 5 il müddətinə uzadılmamışdır. Bu səbəbdən əvvəlki qaydada 2016-cı ilin iyununda TSEK-dən keçirilmişdir. Bu zaman Əsasnamənin 4.2-ci maddəsinə əsasən əlillik 5 il müddətinə təyin olunmuşdur. Həmin müayinədə ona bildirmişlər ki, onun 10 ildən artıq (14 il) fasiləsiz ikinci dərəcəli əlilliyi təyin olunduğundan, 5 ilin sonunda avtomatik olaraq əlilliyi müddətsiz olaraq təyin ediləcəkdir. Beləliklə, onun təyin olunmuş əlilliyinin fasiləsiz müddəti 14 il olmuşdur. Əsasnamənin 4.2-ci maddəsinə əsasən “İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir". Buna görə də Əsasnamənin 4.2-ci maddəsinin tələbinə əsasən ona təyin olunmuş ikinci dərəcəli əlillik müddətsiz müəyyən edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 7 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H55- H59 - Gözün və onun əlavə aparatının digər xəstəlikləri => H57 - Gözün və onun əlavə aparatının digər xəstəlikləri => H57.8 - Gözün və...; Diaqnozun mətni: OU-Yüksək dərəcəli miopiya Xorioretinal distrofiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.13. Hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H55-H59 - Gözün və onun əlavə aparatının digər xəstəlikləri => H57 - Gözün və onun əlavə aparatının digər xəstəlikləri => H57.8 - Gözün və...; Diaqnozun mətni: OU-Yüksək dərəcəli miopiya. Xorioretinal distrofiya. VİSOU= 0.02; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.13. Hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları = > H52 - Refrak Diaqnozun mətni: Miopiya; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri-> H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlər” müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 – Refrak...,; Diaqnozun mətni: Miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Digər” səbəb ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, İddiaçı elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 illik 2-ci qrup əlillik təyin edilmiş və 2021-ci il tarixdə isə müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır və həmin tarixdən sonra iddiaçının əlillik altsistemində təkrar müraciəti barədə heç bir məlumat qeyd edilməmişdir. Bu səbəbdən iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır və iddiaçıya əlilliyin yenidən qiymətləndirilməsi üçün yeni göndərişlə müraciət etməsi məsləhət görülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-909/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə”-nin 4.2-ci bəndinə əsasən “ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir". Əsasnamənin 4.2-ci maddəsinin tələbinə əsasən iddiaçıya 9 il davamlı olaraq hər il, 10-cu ilində isə 5 illik əlillik təyin edilmiş və faktiki olaraq iddiaçı 14 il fasiləsiz TSEK-də yoxlamadan keçmiş və əlilliyə görə fasiləsiz pensiya almışdır, iddiaçının 10-cu ilində yenidən yoxlamadan keçməsi, yoxlama müddətinin 1 illik və ya 5 illik olmasından asılı olmayaraq ona müddətsiz əlillik statusunun verilməsi üçün əsasdır. Həmçinin qanunvericilikdə ikinci dərəcəli əlilliyin fasiləsiz 10 il təyin edilməsi müddətsiz əlillik təyin edilməsi üçün əsas olduğu halda, həmin 10 ilin bir ildən bir və ya beş ildən bir olmasının və yaxud həm bir illik, həm də beş illik period ilə olması şəxsin müddətsiz əlilliyinin təyin olunması üçün maneə ola bilməz. Bu barədə qanunvericilkdə imperativ norma olmadığı halda iddiaçının 14 il əlillik təyin olunduqdan sonra yenidən 5 illik dövr üçün TSEK-də yoxlamadan keçməsi tamamilə qanunazidd tələbdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmadığından, iddiaçının cavabdehə qarşı məhkəmə müdafiəsindən istifadə etməsi üçün ilkin zəruri şərt mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan xxxxxxx0001 nömrəli, xx.xx.2007-ci il tarixli 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə ilkin müayinə olunmuş, müayinə nəticəsində ona səbəbi “ümumi xəstəlik” olmaqla, “OU- yüksək dərəcəli miopiya, Xorioretinal distrofiya” diaqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2008-ci il müəyyən edilmişdir. 3 saylı X6 Sosial Ekspert Komissiyasının TSEK-də müayinə aktından çıxarışlardan görünür ki, iddiaçı: - xx.xx.2008-ci il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində ona səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2009-cu il müəyyən edilmişdir. - xx.xx.2009-cu il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2010-cu il müəyyən edilmişdir. - xx.xx.2010-cu il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2011-ci il müəyyən edilmişdir. - xx.xx.2011-ci il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2012-ci il müəyyən edilmişdir. - xx.xx.2012-ci il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2013-cü il müəyyən edilmişdir. - xx.xx.2013-cü tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2014-cü il müəyyən edilmişdir. - xx.xx.2014-cü il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2015-ci il müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2016-ci il müəyyən edilmişdir. 4 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 nömrəli, xx.xx.2016-ci il tarixli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2016-ci il tarixdə təkrar əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “ümumi xəstəlik” olmaqla, beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi kimi xx.xx.2021-ci il müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitmiş, müvafiq olaraq iddiaçıya əlilliyə görə ödənilən sosial ödəniş dayandırılmışdır. İddiaçı hazırda ona təyin edilmiş əlilliyin fasiləsiz 10 ildən artıq davam etməsinə istinad edərək müddətsiz əlillik təyin edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyin təyin edilməsi qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Şəxsə əlillik təyin edildikdən sonra o, əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin tarix bitdikdən sonra o əliliyin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət etməli, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qərar qəbul edilməlidir. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, bundan sonra iddiaçı yeni müddətə (yaxud müddətsiz) əlillik təyin edilməsi üçün göndəriş verilməsi ilə bağlı həkim-məsləhət komissiyasına müraciət etməmiş, onun barəsində yeni göndəriş verilməmişdir. İşdə olan “X5” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı 7 saylı Birləşmiş xəstəxananın Həkim Məsləhət Komissiyasına müraciət etməmişdir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının özü də bu halı qəbul etmiş, göndəriş üçün həkim məsləhət komissiyasına müraciət etmədiyini bildirmiş, bu zaman 10 ildən artıq ikinci dərəcə əlil olduğundan ona əlilliyin birbaşa müddətsiz təyin edilməli olmasına istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, qanunverici əlilliyin göndəriş olmadan, birbaşa təyin edilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutmamışdır. Qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Beləliklə, iddiaçı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müvafiq göndəriş təqdim edilmədiyindən cavabdeh onun hüquqlarını pozan hər hansı bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Qeyd olunanlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-909/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2297/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2297/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver