Məhkəmə qərarları › İş №2-1(103)-2297/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2297/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2297/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov X11 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9809/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 27/331 saylı qərar ilə aviasiya işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün **********2 saylı məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçıya bort operator vəzifəsində işləməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsi əsas götürülməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib və ödənişi davam etdirilir. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanmış, cavab olaraq sözügedən səhmdar cəmiyyət uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğunu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqlarına görə uçuş heyəti üzvləri hesab edilmədiklərini bildirilib, eyni zamanda, Qanunun 9.3-cü maddəsinə deyil, 9.1-ci maddəsinə əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqlarını vurğulamış, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də İnzibati icraat haqqında Qanunun 21.2ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçı 27 dekabr 2022-ci il tarixədək Mərkəzi Filialın Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov pr. 43 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur.

3. Cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərarına əsasən, iddiaçıya bort operatoru kimi təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı qərarına əsasən, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərar İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır.

5. İşdə olan pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya ödənilən əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir.

7. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********2 №-li "Əmək pensiyasının dayandırılması haqqında" qərarının və xx.xx.2022-ci il tarixli **********2 №-li "Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

8. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. O, uzun müddət mülki aviasiya sahəsndə, o cümlədən xx.xx.2000-ci ildən etibarən “X17” şirkətində bortoperator vəzifəsində işləyir. Ona cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiyası 2022-ci ilin dekabr ayında dayanırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı və onun nümayəndəsi qismində inzibati icraatda mövqeləri dinlənilmiş, lakin irəli sürdükləri əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Cavabdehin bu mövqeyi əsassızıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta satjlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC- də bort operator vəzifəsi mövcud deyildir. İkincisi, araşdırma aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X17 şirkətinin əməkdaşlarıdırlar.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya qarşı yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndsi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava (gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin iddiaçıya Fondun Suraxanı rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.1991-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2006-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq ruçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 224.986,05 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 1(112)-9809/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı və xx.xx.2022-ci il tarixli **********2 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” qərarı ləğv edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 1(112)-9809/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 1(112)-9809/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 1(112)-9809/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, onun barəsində cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli, xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarlarının ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Aşağıdakı səbəblərdən birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmamışdır. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçıbort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. X15 rayon şöbəsi tərəfindən iddiaçının bort operatoru vəzifəsində işlədiyi xx.xx.1991-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə cavabdeh tərəfindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanmışdır. Cavab olaraq, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorlarının hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilmişdir. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildirilir ki, qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.22-ci maddəsinə əsasən, texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar texniki normativ hüquqi aktlar hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.8-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Həmin Qanunun 2.9-cu maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunvericiliyin normalarının məzmunundan da göründüyü kimi normativ hüquqi aktlar arasında ziddiyyət təşkil etdikdə, həmin ziddiyyətlərin aradan qaldırılması bu məsələdə normayaratma orqanı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Lakin Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”ını əsas göstərərək Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərara şərh vermişdir. Eyni zamanda, məhkəmə qərarını əsaslandırarkən Dövlət Mülki Aviasiya Agentiiyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq, təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3- 27-102/2-3359/2023 nömrəli məktuba istinad etmişdir. Həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operatoru vəzifələri nəzərdə tutulduğu, onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü bəndinə əsasən deyil, 9.1-ci bəndinə əsasən müəyyən edilmiş qaydada pensiya təminatı hüququna malik olduğu göstərilmişdir. Həmin məktubda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmi tənzimlənərkən uçuş və uçuşsınaq heyətində işləyən şəxslərin siyahısında bort operatorlar müəyyən edilməmişdir. Həmçinin, “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyaya (Çikaqo 7 dekabr 1944-cü il) “Personalın Şəhadətnamələndirilməsi” adlı 1 saylı Əlavədə bort operator vəzifəsi “uçuş heyəti üzvündən başqa digər personal”ın tərkibinə daxil edilməmişdir. Qeyd olunan beynəlxalq və milli qanunvericilik normalarına əsasən, “hava gəmisinin bort operatoru” vəzifəsinin “uçuş heyəti”, həmçinin “uçuş heyəti üzvündən başqa digər personal” kimi təsnifləşdirilmədiyini və Vahid X3 “Fəhlələr” kateqoriyasında müəyyənləşdiyini nəzərə alaraq, “digər uçuş mütəxəssisi” hesab edilmədiyi məktubda açıq aşkar göstərilmişdir. Lakin məhkəmə həmin məktubda bort operator vəzifəsinin uçuş heyətinə aid olmadığı haqqında aşkar qeyd olunmuş fikirlərə münasibət bildirməmiş, məktubda qeyd olunmuş sadəcə bir cümləyə istinad edərək qərar vermişdir. Hansı ki, həmin cümlədə sadəcə bort operatorunun hava gəmisinin ekipajı qismində əmək funksiyaları sadalanır. Yəni məhkəmə məktubda ifadə olunan əsas fikri deyil, məktubda qeyd olunmuş bir cümləni kontekstdən kənarda qiymətləndirmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, işə baxılarkən prosessual normaların pozulmasına yol verilmişdir. Göstərilənlərə əsasən aydın olur ki, ölkənin ən böyük aviadaşıyıcı şirkəti olan “AZAL”ın, Azərbaycan Respublikası ərazisində mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən icra hakimiyyəti olan Mülki Aviasiya Agentliyinin məsələ ilə bağlı rəsmi mövqeyinə məhəl qoymadan, sadəcə hava gəmisinin istismarı qaydaları haqqında Təlimata əsaslanmaqla iş üzrə qərar qəbul edilmişdir. Qeyd olunan normativ aktlardan, cavabdehin və məhkəmənin sorğularına verilmiş cavablardan da göründüyü kimi, bort operatoru vəzifəsi zərərli və ağır iş şəraitində yerinə yetirilən vəzifə hesab olunur. Bu fakt cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda həmin vəzifə nəzərdə tutulub. Mübahisənin predmeti ondan ibarətdir ki, qeyd olunan 12 nömrəli Qərarla təsdiq olunmuş Siyahıda bort operator vəzifəsi birbaşa və qeyd-şərtsiz nəzərdə tutulduğu halda, həmin vəzifədə işləmiş şəxsə həmin Siyahıya əsasən Qanunun 9.1-ci maddəsi ilə deyil, vəzifənin adının nəzərdə tutulmadığı Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına əsasən Qanunun 9.3-cü maddəsi ilə pensiya təyinatının həyata keçirilməsi qanunauyğun hesab olunmamasıdır. Belə olan halda, məhkəmə qarşısında belə bir sualın qoyulması zərurəti yaranır ki, hansı normativ akt və ya müddəa pensiya təyinatını həyata keçirən orqana əsas verir ki, Nazirlər Kabinetinin qərarında birbaşa nəzərdə tutulmuş müddəaya deyil, hər hansı təyyarənin uçuş təlimatına baxaraq, bort operatorunu uçuş heyəti üzvü kimi hesab edib, Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyinatını həyata keçirsin. Ümumiyyətlə, məhkəmə tərəfindən mübahisənin bort operatorlarının uçuş heyəti üzvü oiub-olmamasının müəyyən edilməsi kimi qiymətləndirilib, bu istiqamətdə həll olunması da ağlabatan deyildir. Belə ki, bir təyyarə üçün bort operatoru heyət üzvü hesab oluna, digər bir təyyarə üçün isə uçuş təlimatında ekipaja daxil edilməyə də bilər. Məsələyə istehsalçıların tələbləri baxımından deyil, qanunvericiliyin normaları baxımından yanaşmaq lazımdır. Yəni, Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda bort operatoru vəzifəsi nəzərdə tutulmasaydı, o zaman məhkəmə həmin vəzifənin 231 nömrəli Qərarda göstərilən digər uçuş mütəxəssisi hesab olunubolunmaması məsələsinə qiymət verməkdə haqlı hesab oluna bilərdi. Baxılan halda isə qanunverici orqan bort operatorunu mülki aviasiya sahəsində zərərli və ağır iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edib (12 nömrəli Qərar) və həmin vəzifədə işləyənlərin güzəştli pensiya hüququ cavabdeh tərəfindən qəbul edilir və mübahisələndirilmir. Digər tərəfdən belə bir sual meydana çıxır ki, məhkəmənin mövqeyindən çıxış etsək, o zaman 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən bort operatorları kimlərdir və onlara pensiya təyinatı nə zaman aparılmalıdır. İnzibati orqan öz səlahiyyətlərinə aid olan məsələyə baxarkən qanunvericilik aktında birbaşa nəzərdə tutulmuş normanı tətbiq etdiyi halda, məhkəmə qərarı hansı əsasla inzibati orqanın mövqeyinin əleyhinə olmuşdur. Çünki baxılan işdə konkret normativ tənzimləmə mövcuddur. Yəni burada qanunun boşluğundan söhbət gedə bilməz (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.9-cu maddəsi). Əlavə olaraq, 12 nömrəli Qərarda bort operatorları ilə yanaşı bort bələdçisi, təlimatçı bort operatorlar, bütün adlarda mühəndislər vəzifələri nəzərə də qeyd olunub. Məhkəmənin mövqeyindən çıxış etsək həmin vəzifələrdə işləmiş şəxslərə də 12 nömrəli Qərarda nəzərdə tutulması nəzərə alınmadan, 231 nömrəli Qərara əsasən pensiya təyin olunmalıdır. Bu isə birbaşa maddi hüquq normalarının pozulması deməkdir. Normativ aktlar arasında (Nazirlər Kabinetinin 12 nömrəli və 231 nömrəli qərarları) ziddiyyət də yoxdur. Sözügedən Təlimatla Nazirlər Kabinetinin 12 nömrəli Qərarı arasında ziddiyyətin olduğunu fərz etsək belə, əvvəla Təlimat texniki xarakterli akt olduğuna görə, Nazirlər Kabinetinin Qərarı daha üstün qüvvəyə malikdir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.1-ci maddəsi). İkincisi, yeni normativ hüquqi akt eyni məsələ üzrə əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsi). Əlavə olaraq bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyinəzərdən yanaşdıqda görünür ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlərdə nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından inzibati orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması üçün 16 dekabr 2022-ci il tarixində sürətli poçt vasitəsi ilə göndərilməklə 27 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filiala dəvət edilmişdir. Lakin iddiaçı Mərkəzi Filiala gələməmişdir. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında cavabdeh tərəfindən qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 224986,05 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 70267,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasında cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək iddianı təmin etmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9809/2023 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri:

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları:

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

16. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

17. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu: (pensiya təyin edilərkən qüvvədə olan)

18. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. Maddə 9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

20. Maddə 22.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşların pensiya təminatı haqqında AzərbaycanRespublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür.)

21. Maddə 59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər.

22. Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” (pensiya təyin edilərkən qüvvədə olan)

23. Bənd 1. Bu Qaydalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir.

24. Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları.

25. Bənd 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür.

26. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

27. Bənd 21.3. Mülki aviasiya bölməsinə əsasən aşağıdakı vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir: -hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi; hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperator.

28. Həmin bölmədə həmçinin qeyd olunmuşdur ki, hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu:

29. Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

30. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

31. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

32. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

33. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindənmüəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və yasubordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və yabelə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

35. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

37. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

41. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

42. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

43. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

44. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

45. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmdişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.

46. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

47. 1 saylı Protokolun 1-ci maddəsi aşağıdakı ümumi prinsiplərdən ibarətdir: (1) mülkiyyətdən dinc istifadə prinsipi; (2) sahiblikdən məhrumetməni əhatə edən və müəyyən şərtlərə tabe edən prinsipi; və (3) dövlətlərin ümumi maraqları təmin etmək məqsədilə zəruri hesab etdikləri qanunları qəbul etməklə mülkiyyətin istifadəsinə nəzarət etmək prinsipi (Jahn və digərləri Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 78). 69. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81).

48. Konvensiya üzrə razılığa gələn dövlətlər ümumi dövlət siyasətini müəyyən edən sosial və iqtisadi məsələlərdə geniş mülahizə sərbəstliyinə malikdilər (da X1rşı işi üzrə qərardad, § 37; Valkov və digərləri Bolqarıstana qarşı işi üzrə qərar, § 91). Buna səbəb dövlətin öz daxili sosial-iqtisadi vəziyyətini və ehtiyaclarını daha effektiv və səmərəli müəyyən edə bilməsi və bu məqsədlə müvafiq tədbirlərin və proqramların 15 həyata keçirilməsidir. Açıq-aşkar əsassız və ya ağlabatan obyektiv əsaslar olmadıqda Konvensiya razılığa gələn dövlətlərin daxili siyasətlərini müəyyən etmək hüququnu şübhə altına almır. Şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansın və mütənasibliyin olub-olmadığı, xüsusilə də aidiyyəti şəxsin qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmadığı müəyyən edilməlidir (Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 167; Kufaki və Adedi Yunanıstana qarşı işi üzrə qərardad, § 42).

49. 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77). 1 saylı Protokolun 1-ci maddəsi Konvensiya üzrə razılığa gələn dövlətlər üçün sosial təminat sisteminin hər hansı bir xüsusi formasını və ya belə sistem üzrə veriləcək əmək pensiyası növünü və ya miqdarını təmin etmək üçün heç bir pozitiv öhdəlik yaratmır (Suxanov və İlçenko Ukraynaya qarşı işi üzrə qərar, § 31; Stek və digərləri Birləşmiş Krallığa qarşı işi üzrə Böyük Palatanın qərarı, § 53). Lakin, razılığa gələn dövlətlər bu və ya digər sosial təminat sistemini təmin edərsə və onun daxili qanunvericiliyində həyata keçirilməsini müəyyən edərsə, bu hüququn qanun tərəfindən tanınması Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşən mülkiyyət marağı yarada bilər (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 69). Beləliklə, qeyd etmək lazımdır ki, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi müəyyən miqdarda əmək pensiyası verilməsi hüququnu təmin etmir, lakin, verilmiş əmək pensiyası məbləğinin azaldılması və ya ləğv edilməsi mülkiyyətdən dinc istifadəyə müdaxilə kimi qiymətləndirilə bilər (Rasmussen Polşaya qarşı işi üzrə qərar, § 71). Əgər əmək pensiyası məbləğinin azaldılması və ya ləğvi şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi və ya onun icrası nəticəsində baş vermişsə, bu Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlara müdaxilə kimi təsnif edilə bilər (X2rşı işi üzrə qərar, § 44). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri:

50. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici mülki aviasiya sahəsi üzrə işçilərə yaşa görə əmək pensiyası təyin edilərkən onların tutduqları vəzifədən asılı olaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin iki növünü müəyyən etmişdir. Əgər birinci halda şəxsin stajı işə qəbul - işdən çıxma dövrəri arasında olan fərq əsasında hesablanırsa, ikinci halda bu staj xüsusi qaydada - uçuş saatlarına uyğun olaraq hesablanır.

54. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, bort operatoru vəzifəsində işləmiş şəxslərə “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən deyil, həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

55. Kollegiya cavabdehin sözügedən mövqeyinin əsassızlığı ilə bağlı özünün mövqeyini aşağıdakılarla əsaslandırır.

56. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi birbirindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir.

57. Nəzərə almaq lazımdır ki, qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər.

58. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanımənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə - uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir - hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar.

59. Beləliklə, istinad olunan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər.

60. Belə olan halda, aydınlaşdırılmalı olan məsələ iddiaçının bort operator kimi işlədiyi vəzifələrin uçuş heyət üzvü hesab edilib-edilməməsi ilə bağlıdır.

61. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, bort operatorlar digər uçuş mütəxəssisləri kimi o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar.

62. Hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarının yerinə yetirilib-yetirilmədiyinin müəyyənləşdirilməsi üçün isəhəmin şəxslərin hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslər qrupuna daxil olub-olmadıqlarına baxmaq lazımdır. Bu məsələyə münasibətdə hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının yerinə yetirdiyi bort operator vəzifəsi hava gəmisinin istismarçısı tərəfindən məhz həmin qrupa aid edilmişdir.

63. Belə ki, Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda göstərilmişdir ki, ““Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü yarımbəndinə əsasən, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 6 saylı Əlavəsinə əsasən, ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X7”na (Vahid X7) əsasən hava gəmisinin bort operatoru hava gəmisinin ekipajı qismində hava gəmisinin qəza-xilasetmə avadanlığının vəziyyətinə və onun istismarına nəzarət edir, yüklərin yüklənməsi, yerləşdirilməsi və bərkidilməsini həyata keçirir, onların sənədlərinin düzgün tərtib edilməsinə nəzarət edir. Hava gəmisinin bort operatoru həmçinin hava gəmisinin sanitar vəziyyətinə, salonda və iş yerlərində təmizlik və səliqəyə riayət olunmasına nəzarət edir, uçuşdan sonra hava gəmisi kapitanına qeydlərini bildirir, yerüstü xidmətlərdə aşkar olunmuş çatışmazlıqların aradan götürülməsini, daşımaların təşkili xidmətinin işçilərindən sərnişinlərin və yükün yerləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operatoru nəzərdə tutulmuşdur. Həmin siyahıda nəzərdə tutulmuş şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci bəndinə əsasən müəyyən edilmiş qaydada pensiya təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2.1-ci bəndində mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmi tənzimlənərkən uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin siyahısında bort operatorları müəyyən edilməyib, habelə “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyaya (Çikaqo 07 dekabr 1944-cü il) “Personalın Şəhadətnamələndirilməsi” adlı 1 saylı Əlavədə bort operator vəzifəsi “uçuş heyəti üzvündən başqa digər personal”ın tərkibinə daxil edilməmişdir. Qeyd olunan beynəlxalq və milli qanunvericilik normalarına əsasən, “hava gəmisinin bort operatoru” vəzifəsinin “uçuş heyəti", həmçinin “uçuş heyəti üzvündən başqa digər personal” kimi təsnifləşdirilmədiyini və Vahid X3 “Fəhlələr” kateqoriyasında müəyyənləşdiyini nəzərə alaraq, “digər uçuş mütəxəssisi” hesab edilmədiyini diqqətinizə çatdırırıq.”

64. Göründüyü kimi, Agentlik ekipaj üzvünün uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarət olduğunu, uçuş heyəti üzvünün uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxs olduğunu bildirmiş, buna görə də bort operatorunu uçuş heyəti üzvünə aid etməmişdir.

65. Analoji yanaşma "xxxx" QSC tərəfindən də nümayiş etdirilərək xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları» hava gəmilərinin bort operatorlarının, böyük bort operatorlarının, təlimatçı-bort operatorlarının, təyyarə bələdçilərinin, böyük təyyarə bələdçilərinin, təlimatçı-təyyarə bələdçilərinin, sığorta stajlarının hesablanmasına şamil olunmur. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində “Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi” qəbul edilərək 1949-cu ilin sentyabr ayında qüvvəyə minmişdir. 1948-ci il aprelin 13-də Şura qətnamə qəbul edərək, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, təcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə milli qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına “Rəsmiyyətlərin sadələşdirilməsi” adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: “Uçuş heyətinin üzvü. Xidməti uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü”. “Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmisində müəyyən vəzifələri yerinə yetirmək üçün istismarçı tərəfindən təyin edilmiş şəxs.” Beləliklə, Azərbaycan Respublikasının tamhüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni, hava gəmilərinin bort operatorları heyət üzvləridir, hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər.”

66. "xxxx" QSC-in xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində bort operatoru, həmçinin yük daşımaları üzrə hava gəmisində bort operatoru və sərnişin daşımaları üzrə hava gəmisində bort operatoru vəzifəsi mövcüd olmadığından, məsələyə dair lazımi məlumatların təqdim edilməsinin mümkünsüz olduğunu, xx.xx.2023-cü il tarixli məktubunda isə "xxxx" QSC-də bort operator ixtisası üzrə mütəxəssis olmadığı üçün, buna aid əmək funksiyaları təlimatının şirkətdə mövcud olmadığını, bort operator mütəxəssislərinin yük aviaşirkətində çalışdığını, bununla əlaqədar məsələ ilə “SW” yük aviaşirkətinə müraciət edilməsinin mümkünlüyünü bildirmişdir.

67. İstər Dövlət Mülki Aviasiya Agentliyi, istərsə də "xxxx" QSC bort operatorunu hava gəmisinin heyət üzvünə aid etsə də, uçuş heyəti üzvünə aid etməmiş, bunu isə həmin vəzifəni tutan şəxslərin hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü olmamaları ilə əsaslandırmışlar. Belə olan halda aydındır ki, hazırkı iş üzrə müəyyən edilməli əsas hal iddiaçının bort operatoru kimi hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələri yerinə yetirib yetirməməsidir.

68. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bölməsində konkret olaraq nəzərdə tutulmuşdur ki, göstərilən işçilərin (mülki aviasiya sahəsi üzrə işçilərin) yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması müvafiq müəssisə, idarə və təşkilat tərəfindən verilən arayışlar üzrə təsdiq olunur.

69. Göründüyü kimi, qanunverici sahənin spesifik xüsusiyyətini nəzərə alaraq şəxsin tutduğu vəzifənin ƏPQ-nin 9.1-ci və ya yaxud 9.3-cü maddəsinə uyğun gəlməsinin müəyyən edilməsini onun işlədiyi müəssisənin arayışından asılı etmişdir.

70. Birinci instasiya məhkəməsinə təqdim olunan həm Agentliyin, həm də QSC-nin məktublarından müəyyən olunur ki, ekipaj heyətinin üzvü hava gəmisinin istismarçısı tərəfindən təyin olunur.

71. İddiaçının işlədiyi “X17” şirkəti tərəfindən verilmiş 272ÇS/SWA/CD saylı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən ki, uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1 - “Təyyarənin uçuş ekipajı”). “İl-76” tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənlər nəzərə alınaraq qeyd edilir ki, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir.

72. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə “İL 76” tipli hava gəmilərində, gəminin idarə edilməsində iştirak etdiyi üçün bort operatorunun uçuş heyətinin üzvü kimi qəbul edildiyini bildirmişdir.

73. Bu mənada işin faktiki və hüquqi hallarını araşdıraraq hava gəmsinin istismarçısının arayışını da nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının işləmiş olduğu bort operator vəzifəsinin ƏPQ-nun 9.3-cü maddəsi ilə güzəştli pensiyaya çıxamaq hüququ verib-verməməsi məsələsinə həmin vəzifənin adının hərfi mənada “bort operator” olduğu əsası ilə deyil, iddiaçının həmin vəzifədə yerinə yetirmiş olduğu əmək funksiyasının xüsusiyyətləri, həmin əmək funksiyalarının icra edildiyi sahə, hava gəmisinin tipi, növü, texniki parametrləri və imkanlarından asılı olaraq hava gəmisinin idarə edilməsində iştirak edən uçuş heyəti üzvünün yerinə yetirdiyi işlə eyni (oxşar) olan funksional vəzifənin yerinə yetirilməsi baxımından qiymət verilməli, iddiaçının bort operator vəzifəsində yerinə yetirdiyi əmək funksiyalarına isə onun həmin vəzifəni icra etdiyi İL-76 tipli yük hava gəmisinin idarə edilməsi xüsusiyyətləri çərçivəsində baxılmalıdır.

74. SSRİ Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən xx.xx.1984-cü ildə təsdiq edimiş və xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İl 76” tipli hava gəmisinin uçuş istismar təlimatından görünür ki, İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistiral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator.

75. SSRİ Mülki Aviasiya Nazirinin 8 aprel 1985-ci il tarixli 77 nömrəli əmri ilə təsdiq edilmiş SSRİ mülki aviasiyasında uçuş əməliyyatları üzrə təlimatla müəyyən edilmişdir ki, uçuş heyətinin minimum ekipaj tərkibi X10 Təlimatında göstərilmişdir. İL-76 TD X12 əsasən, təyyarənin ekipajı yeddi nəfərdən ibarətdir: gəmi komandiri, ikinci pilot, şturman, bort mühəndisi, bort radio operatoru, baş uçuş operatoru, uçuş operatoru.

76. "xxxx" MMC-dən əldə edilmiş uçuş istismarı Təlimatının: 4.1.2-ci bəndinə əsasən avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. 4.1.3-cü bəndinə əsasən uçuş heyyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bortradist və bort operatorlar. 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və “SİLK WAY” avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhlükəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. 5.2.8-ci bəndə əsasən bort operatorlar uçuş heyyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar.

77. Beləliklə, müəyyən olunur ki, İL-76 gəmisi yük hava gəmisi olmaqla böyük qabaritli texnika və yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. X10 Təlimatına əsasən İL-76 tipli hava gəmisində ekipaj tərkibi dedikdə məhz 7 nəfərlik heyət nəzərdə tutulur ki, bu heyətə hava gəmisinin bilavasitə idarə edən gəmi komandiri ilə yanaşı eyni zamanda bort operator vəzifəsi də daxildir. Üstəlik yuxarıda adı çəkilən SSRİ Mülki Aviasiya Nazirinin əmri ilə təsdiq edilmiş X10 Təlimatında, eləcə də "xxxx"nin təqdim etdiyi İL-76 tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimatının 5.4.2-ci bəndində hava gəmisinin kabin heyəti nəzərdə tutulmamışdır.

78. Başqa sözlə, İL-76 tipli yük hava gəmisinin texniki xüsusiyyətlərində, hava gəmisinin uçuş istismar təlimatında bort operatorları uçuş heyətinin bir hissəsi kimi qəbul olunur.

79. Digər yük hava gəmilərində bort operatorun əmək funksiyası əsasən daşınan malların yerləşdirilməsi və təhlükəsizliyinə nəzarət təşkil etsə də, İL-76 tipli hava gəmisində bort operatorun yerinə yetirdiyi əmək funksiyaları qeyd edilən işlərdən əlavə, xüsusən hava gəmisinin idarə edilməsində iştirak etmələri ilə bağlıdır.

80. Belə ki, işəgötürən, hava gəmisinin istismarçısı olan "xxxx" MMC-nin təqdim etdiyi sorğuya cavabda İL-76 tipli hava gəmilərinin bort operatorunun “uçuş istismarı təlimatının” tələblərinə uyğun olaraq gəminin qalxma və enməsi zamanı hava gəmisinin kapitanı tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirdiyini qeyd etmişdir.

81. Beləliklə, İL-76 hava gəmisinin idarə edilməsinə bilavasitə xidmət göstərilməsi bort operatoru digər hava gəmilərindəki (sərnişin) bort operatorun yerinə yetirdiyi işdən və daşıdıqları məsuliyyətdən fərqləndirir.

82. Bu zaman xüsusilə qeyd eilməlidir ki, hava gəmisinin uçuş heyəti üzvü üçün həm də kabin heyətindən fərqli olaraq uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı müvafiq şəhadətnaməsi tələb olunur.

83. İL-76 tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimatı”nın yuxarıda adıçəkilən 5.2.7-ci bəndində də sözügedən gəmidə bort operatorun uçuş tapşırığını yerinə yetirmək üçün yük hava gəmisinin uçuş heyəti sertifikatına-bort operatoru şəhadətnaməsinə malik olmasının da tələb olunduğu göstərilmişdir.

84. Göründüyü kimi İL-76 tipli yük hava gəmisində bort operatorun hava gəmisinin bilavasitə idarə edilməsində iştirakı təsbit olunmaqla bərabər bunun üçün sonuncunun müvafiq şəhadətnaməyə malik olması tələbi bu vəzifəni icra edən şəxsə hava gəmisinin uçuş heyəti üzvü kimi yanaşıldığını bir daha təsdiq edir.

85. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən “hava gəmisinin uçuş heyət üzvü siyahısında kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist kimi vəzifələrlə yanaşı həm də “digər uçuş mütəxəssisləri” göstərilmişdir. Digər uçuş mütəxəssislərinin konkret kimlərdən ibarət olduğunu adıçəkilən Qaydalar açıqlamır.

86. Dövlət Mülki Aviasiya Agentliyi isə məhkəmə sorğusuna cavabda bort operator vəzifəsinin “digər uçuş mütəxəssisləri” vəzifəsinə aid edilmədiyini qeyd etsə də, lakin məhz İL-76 gəmisindəki bort operator vəzifəsinin “digər uçuş mütəxəssisləri”nə aid edilibedilməməsi ilə bağlı hər hansı əsaslı dəlil təqdim etməmişdir.

87. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İL-76 gəmisində bort operator vəzifəsinə “ümumi” anlamda bort operator vəzifəsi kimi deyil, hava gəmisinin parametrləri və texniki imkanlarından asılı olaraq gəminin idarə edilməsinə xidmət edən heyət üzvü qismində yanaşılmalıdır. İddiaçının işləmiş olduğu bort operator vəzifəsi “digər uçuş mütəxəssisi” vəzifəsinə uyğun hesab edilməsini istisna edən faktiki və hüquqi hal mövcud deyildir.

88. Cavabdeh inzibati orqan isə "xxxx" QSC-dən aldığı sorğuya cavabla kifayətlənmiş, həmin qurumun “İL-76 T (TD)” hava (yük) gəmisinin istismarçısı olmamasını araşdırmadan, hava gəmisinin istismarçısının "xxxx" MMC olduğundan həmin müəssisəyə sorğu verməklə işin xüsusiyyətlərini aydınlaşdırmadan qanunsuz əlverişsiz inzibati aktlar qəbul etmişdir.

89. Tədqiq olunan sübutlara məcmu halında qiymət verib Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı işlədiyi “İL-76 T (TD)” yük hava gəmisində bort operator vəzifəsində uçuş heyətinin üzvü olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsaslı olmuşdur. Cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması, pensiyanın ləğv edilməsi barədə qərarları qanunsuz, əliverişsiz inzibati aktlardır, qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

90. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9809/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar