Məhkəmə qərarları › İş №2-1(103)-2298/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2298/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2298/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mükiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 17 sentyabr 1996-cı il tarixdə verilmiş MH seriyalı 021172 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Soxvozu, 7 saylı yaşayış evi iddiaçıların mərhum atası X3 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 694 səhifədə, 104209 qeydə alma nömrəsi ilə 17 sentyabr 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. X4 9 fevral 2005-cı il tarixdə vəfat etmiş və Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Soxvozu, 7 saylı yaşayış evinin 1/2 hissəsində İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 payı müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları dövlət reyestrindən arayışda ünvanın qarşısında ünvan 2 qarşısında mənzil qeyd olunmasını əsas gətirərək, çıxarışın verilməsindən imtina etmişlər. Lakin Bakı ŞİH Texniki İnventarlaşdırma və Mükiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 17 sentyabr 1996-cı il tarixdə verilmiş MH seriyalı 021172 saylı qeydiyyat vəsiqəsində evin ünvanı ünvan 3iyindən, qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə də qeydiyyat vəsiqəsindəki kimi göstərilmişdir. Forma 1 arayışında ev 7 ünvanın qarşısında “mənzil” sözünün qeyd olunması iddiaçıların təqsirindən baş verməmiş və məhz bu səbəb onlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Bakı şəhəri 17 saylı Notariat Ofisinin 30 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Soxvozu, 7 saylı yaşıyış evi 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və paylara uyğun çıxarış verilməsi (çıxarışla əvəz olunması) ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən 14 iyun 2022-ci il tarixli **********25 saylı məktubla bildirilmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Qeyd edilən əmlakın fərdi yaşayış evi kimi hüquqların dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublika Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənəd toplusu təqdim olunmamışdır. Müraciəti təmin etməkdən imtina olunsa da, məktubun sonunda bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır qeyd edilmişdir. Lakin mübahisəli ünvanda yerləşən evə dair hüquqmüəyyənedici sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, evin hüquqmüəyyənredici sənədlərində ünvan ev 7 olaraq göstərilsə də, yalnız daşınmaz əmlakın dövlət reyestrində mənzil 7 kimi qeyd edilmişdir. Həmin ünvanın hansı səbəbdən mənzil kimi qeyd edilməsi barədə heç bir məlumat yoxdur. Cavabdehin əsassız olaraq iddiaçıların müraciətinin təmin olunmasından imtinası isə onların hüquqlarını pozur. İddiaçılar reyestrdən çıxarışda göstərilən ünvanın dəyişdirilməsi ilə bağlı müraciətin təmin edilməməsi səbəbindən mülkiyyət hüquqlarından istədikləriu kimi istifadə edə bilmirlər, həmin ünvanda yerləşən evə dair sərəncam verə bilmirlər. Bu isə, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1, 15.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda dəyişiklik edilərək, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşıyış evinə 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı1 və İddiaçı2 iddiası etirazla qarşılanır. İddiaçılar müvafiq iddia tələbi ilə 20 may 2022-ci tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən qeyd edilən əmlakın fərdi yaşayış evi kimi hüquqların dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Bu səbəbdən 1 saylı Bakı Əraziu İdarəsi tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 14 iyun 2022-ci il tarixli **********25 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8, 11.1, 23-cü maddələrinə əsaslanaraq və İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən qeyd edilən əmlakın fərdi yaşayış evi kimi hüquqların dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə müvafiq daşınmaz əmlakın növü fərdi yaşayış evi qeyd olunmuşdur. Halbuki həmin daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir və qeyd edilən əmlakın fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, həmçinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədin olmaması Bakı şəhəri 17 saylı Notariat ofisi tərəfindən nəzərə alınmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, 8.0.5-ci maddəsinə görə isə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. - 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. -13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan: Bakı ŞİH başçısı X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu, 7 saylı fərdi yaşayış evinə dair X3 adına MH seriyalı 021172 nömrəli 17 sentyar 1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində həmin evin X3 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçməsi qeyd olunmuşdur. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 9 fevral 2005-ci il tarixdə vəsat etmiş X3 vərəsələri İddiaçı2 və İddiaçı1 miras əmlak ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə hər birinin miras payı 1/2 olmaqla irs almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda X3 ünvan 7 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 694öz nömrəli reyestr kitabının 104209 nömrəli vərəqində qeydiyyata alındığı göstərilmişdir. Beləliklə, inzibati işdən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən fərdi ev iddiaçıların mərhum atası X3 mülkiyyətində olmuş və bu barədə 17 sentyabr 1996-cı il tarixdə səlahiyyətli qurum tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. X4 9 fevral 2005-ci ildə tarixdə vəfat etdikdən sonra, müvafiq notarius tərəfindən həmin miras əmlakdan onun vərəsələri kimi hazırkı iddiaçılar İddiaçı2 və İddiaçı1 hər biri 1/2 irs alması barədə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. İddiaçılar sözügedən qeydiyyat vəsiqəsini və vərəsəlik şəhadətnaməsini cavabdeh inzibati orqana təqdim etsələr də, cavabdeh onların həmin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində eyni əsasa istinad edərək qeyd etmişdir ki, idarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və vərəsəlik hüququ haqqında şəhadətnamələr, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri bu əsaslar sırasında nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, miras əmlakın mənzil olması hər hansı hüquq müəyyənedici sənədlə təsdiqlənmir, əksinə müvafiq sənədlərdə daşınmaz əmlak “ev” kimi göstərilmişdir. Eləcə də, iddiaçıların istinad etdiyi qeydiyyat vəsiqəsi 1996-cı ildə verilmişdir və mövcud qanunvericilik həmin sənədi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. İdarənin arxiv məlumatlarında əmlakın statusunun “mənzil” qismində göstərilməsi halı isə, «İnzibati icraat haqqında» Qanunun 63-cü maddəsinin və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16.1-ci maddəsinin tələbləri rəhbər tutularaq yazı səhvi kimi inzibati orqanın özü tərəfindən aradan qaldırıla bilər. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16.1-ci maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Göründüyü kimi cavabdeh imtinasını formal mülahizələrə istinadən əsaslandırmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq ünvan 9şən fərdi yaşayış evinin faktiki vəziyyətinə tərəflərin iştirakı ilə baxış keçirilərək müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən edilir ki, mənzilə bitişik əlavə tikililər mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iddiaçıların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdikləri əmlak fərdi yaşayış (həyət) tiplidir. Çoxmənzilli binanın tərkib hissəsi deyildir. Beləliklə, iddiaçıların atalarından miras qalmış əmlakın mövcudluğu, mənzil kimi qeydiyyatdan keçməsinə baxmayaraq, yuxarıda sadalanan mənzil qanunvericiliyinin normalarına əsasən çoxmənzilli binanın ayrıca sahəsinin olmaması, fərdi yaşayış (həyət) tipli olması iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, cavabdehin yuxarıda qeyd edilən əsaslarla əmlakın fərdi yaşayış evi kimi qeydiyyatından imtinasının əsaslı hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1556/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar