Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2299/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpası” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1469/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 06-13 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi, iddiaçının güzəştli şərtlərlə yaşa görə aldığı əmək pensiyasının 31 yanvar 2021-ci il tarixindən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona DSMF-nin Sabunçu rayon şöbəsində xx.xx.2015-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanı 2021-ci ilin yanvar ayına qədər davamlı şəkildə almışdır. Hazırda güzəştli şərtlərlə əmək pensiyasını təyin edən və ona nəzarət edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialıdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərar qəbul edərək xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilən 12348,09 manat pul vəsaitini tələb edir. Cavabdeh əsassız və qanunsuz olaraq iddiaçının pensiyasını 2021-ci ilin yanvar ayından dayandırmışdır. Hazırkı iş üzrə cavabdeh hesab edir ki, iddiaçının çalışdığı dövr güzəştli iş stajı deyildir. Cavabdeh qeyd edir ki, qəbuledici peşəsi Nazirlər Kabinetini 23 yanvar 2007-ci tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının yüngül sənaye (26) bölməsinin, toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmamışdır. Halbuki qəbuledici peşəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.7) nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi sahəyə dair güzəştli arayış və DSMF-nin aktı da ona aid olan pensiya işindədir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1469/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərində xx.xx.1985-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "Zərif Mahud” ASC-də əyirici, tikişçi və qəbuledici çəkici peşələrində işlədiyi qeyd olunduğu müəyyən edilmişdir. Adıçəkilən müəssisədə xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr üzrə işlədiyi qəbuledici çəkici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajı 10 ildən az (5 il 4 ay 15 gün) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,09 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər, 67.8-ci maddəsinə əsasən isə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 561 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan X5 Sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilən pensiya ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış pensiya ödənişinin dayandırılması haqqında **********7 nömrəli məktubda qeyd edilmişdir ki, Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən iddiaçı tərəfindən təqdim olunan sənədlərdə xx.xx.1985xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də əyirici, tikişçi və qəbuledici çəkici peşələrində işlədiyi qeyd olunduğu müəyyən edilmişdir. Adıçəkilən müəssisədə xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr üzrə işlədiyi qəbuledici çəkici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye (26) bölməsinin toxuculuq sənayesi bəndində (26.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajı 10 ildən az (5 il 4 ay 15 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,09 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıdan artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. İş materiallarında olan “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1960-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2015xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 12348,09 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “İddiaçı Fondun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırmaya əsasən İddiaçı xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 12348,09 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. İddiaçı artıq ödənilmiş ümumilikdə 12348,09 manat pul vəsaiti onun "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddiaçının tələbi iki hissədən ibarətdir.
1. cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi;
2. pensiya ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddiaçının iddia tələbinin birinci hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıdan tutulması barədə özü qərar qəbul etmiş, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd etmişdir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab etmişdir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM) 70.1ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmalıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir. ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşdən müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, hər hansı inzibati akt qəbul etmədən xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Bu səbəbdən cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” ayrıca qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” xx.xx.2021-ci il tarixli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli qərarı müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul edildiyindən, həmin qərar qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1469/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.