Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2299/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2023 saylı xx.xx.2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək - istifadəsində olan Bakı şəhəri, Yeni Yasamal, 4 saylı evin 72 saylı mənzilinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1.). İddiaçı sonradan, məhkəməyə ərizə təqdim edərək iddiası üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə cavabdeh dəyişdirilmişdir. İşin faktiki hallarna görə Bakı şəhəri Yasamal (əvvəlki Oktyabr) Rayon XDS İKnın 21 avqust 1990-ci il tarixli orderi ilə Bakı şəhəri, Yeni Yasamal, 4 saylı evin 72 saylı mənzili ailə üzvləri ilə birlikdə yaşamaq üçün iddiaçının istifadəsinə verilmişdir. O, 1990-ci ildən bu günədək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin qurum ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, sözügedən mənzilin xidməti mənzillər siyahısından çıxarılıb daimi istifadəyə verilməsi barədə sənəd təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun normalarına istinadən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlanmış 11 noyabr 2022-ci il tarixli məktubunda iddianı etirazla qarşılayaraq rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, qeyd olunan mənzilə mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Həmçinin, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********00 saylı 12 may 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən AR Nazirlər Kabinetinin 25 iyun 2020-cu il 118 saylı qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na əsaslanmış, ancaq ona verilən order və mənzil 1990-cı ilə aiddir və buna görə ona Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mənzilin tunel tikintisində işləyərkən ona verildiyini bildirərək, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki (xx.xx.2023) iclasında iştirak edən cavabdehin nümayəndəsi N.C.Rzazadə mənzilin xidməti mənzil kimi iddiaçıya ayrıldığını bidirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Konkret halda, iddiaçının cavabdehə qarşı qaldırılan iddia tələbindən göründüyü kimi, 1990-cı ildən həmin mənzildə yaşadığını iddiasında bildirərək, mənzilə dair mülkiyyət hüququnun reyestrdə qeyd alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin iş materiallarından görünür ki, X1 Oktyabr Rayon Komitəsi tərəfindən İddiaçı adına ünvan 2 ünvanında yerləşən mənzilə iddiaçıya, özü və T.T.Burziyeva, R.İddiaçı, Ş.İddiaçı, D.İddiaçı, K.İddiaçıadan ibarət ailə tərkibində xidməti order verilmişdir. 8 iyul 1982-ci il tarixdən 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinin 3-cü hissəsinə əsasən qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mənzil qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında verilmiş order əsasında verilir və həmin mənzildən öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. İşin apellyasiya mərhələsində məhkəmə tərəfindən iddia olunan mənzilin xidməti mənzil olub- olmamasının aydınlaşdırılması məqsədəilə bir daha Bakı şhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə (“MKTD”) sorğu göndərilmiş və sonuncu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna və ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışa və xx.xx.2022-ci il tarixli birinci instansiya məhkəməsnə ünvanlanmış məktubun surətinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Yeni Yasamal, ev 4 ünvanında yerləşən saylı 72 saylı mənzil - xidməti mənzildir. Həmin bina isə MKTD-nin balansındadır. «Azərbaycan Respubliksında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 6-cı maddəsinin 1-ci hissəsi isə imperativ qaydada onu nəzərdə tutur ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən mənzilin iddiaçının adına qeydə alınmasından imtina etməklə, qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Belə olan halda, cavabdehin mübahsəli mənzilin xidməti mənzil olması əsası ilə iddiaçının adına özəlləşdirilməsindən imtina etməsi qanunla qorunan hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2299/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2299/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver