Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-230/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanmış hesab olunması və dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbinin “icra müqaviləsinin bağlanmış hesab olunması və dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunması”sözlərini formal xəta hesab edib və iddia tələbini “Bakı ş., Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 80/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 21(103)-103/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2544/2019 saylı 05.09.2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı 31.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli, 2-1(103)-103/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-960/2021 nömrəli, 30.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 21(103)-103/2020 nömrəli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, göründüyü kimi, iddiaçı əvvəlcə, KMTQ-nin bağçılıq yoldaşlığı üzvlərinə məxsus torpaq sahəsindən ona 15 saylı bağ sahəsinin ayrıldığını, lakin sonradan bu sahənin SEİB 3 saylı ETK-nın kollektivinə məxsus sahədən KMTQ-yə ayrılmış torpaq sahəsi hesabına 80/1 saylı bağ sahəsi ilə əvəzləşdirildiyini qeyd etmiş və buna dair sübutları məhkəməyə təqdim etmişdir. Qeyd olunan vəziyyətdən cavabdeh də məlumatlı olmuşdur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23.10.2009-cu il tarixdə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X4 Qovşağına ünvanladığı məktubu). İşə baxan apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən təqdim edilmiş “3 №li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nda iddiaçının adının olmamasına istinad etsə də, həmin sənədin iş materiallarındakı digər sənədlərlə ziddiyyət təşkil etdiyinə qiymət verməmiş, həmin uyğunsuzluqları aradan qaldırmadan iddiaçının ziyanına qərar qəbul etmişdir. Belə ki, ilk növbədə cavabdeh tərəfindən təqdim edilmiş “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nın hansı tarixdə tərtib olunması aydın deyildir. Bundan əlavə, 15 saylı 20 aprel 1991-ci il tarixli ictimai vəsiqə, KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlığının 20 aprel 1991-ci il tarixli protokolu, Bağçının üzvlük kitabçası iddiaçıya Türkan qəsəbəsindəki bağçılıq sahəsindən sahəsi 500 kv.m olan 15 saylı bağ sahəsi verildiyini təsdiq edir. Həmçinin, 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolunda (düzəlişlə) da bu barədə məlumat vardır. Eyni zamanda, 15.05.2009-cu il tarixdə SEİB 3 saylı ETK və X5 Qovşağı arasında bağlanmış razılaşma aktı 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi verildiyini təsdiq edir. Beləliklə, işə baxan apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən təqdim edilmiş “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”ndakı məlumatların iş materiallarında olan digər sənədlərlə uyğunsuzluq təşkil etməsi halına qiymət verməyərək, bu halın aradan qaldırılması vəzifəsini iddiaçının üzərinə qoymuş, siyahını tərtib edən qurumlara sorğu verməyərək uyğunsuzluğun səbəbləri, o cümlədən 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolunda düzəliş edilməsinin səbəbləri və əsasları istiqamətində hər hansı məhkəmə araşdırması aparmayaraq İPM-nin 12.1, 14.3 və 58.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, siyahılar arasında uyğunsuzluq olması iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. İddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı kifayət qədər sənəd təqdim etmişdir. Həmin sənədlərin mötəbərliliyinə qiymət vermək, onların arasındakı uyğunsuzluğu aradan qaldırmaq isə məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin materiallarında olan: - KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlığının 20 aprel 1991-ci il tarixli protokolu ilə bağçılıq sahəsinin bölgüsünə əsasən, 15 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. - “Bağçının üzvlük kitabçası”na əsasən, iddiaçı 20.04.1991-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsində yerləşən 500 kv.m-dən ibarət olan 80/1 saylı bağ sahəsi 20.04.1999-cu il tarixdə qeydə alınmış qərara əsasən iddiaçıya daimi istifadə etmək üçün verilmişdir. - 15.05.2009-cu il tarixdə SEİB 3 saylı ETK və X5 Qovşağı arasında bağlanmış razılaşma aktında qeyd edilmişdir ki, X1 Birliyinin (SEİB) 3 saylı ETK-nın əmək kollektivinə Bakı şəhər XDS İKnın 13 iyun 1990-cı il tarixli 4/145 saylı sərəncamına əsasən, Əzizbəyov rayonu Türkan qəsəbəsinin ərazisindən bağçılıq məqsədi ilə 16,96 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi sxem əsasında işçilər arasında bölüşdürülərkən texniki səhv nəticəsində eni 5 metr, uzunluğu 218 metr olmaqla SEİB 3 saylı ETK tərəfindən itirilmişdir. Nəticədə, Birliyin işçilərinin bir neçəsi öz torpaq sahələrini hasara alan zaman sürüşərək X4 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçmişlər və həmin ərazidə tikinti işləri, abadlıq və müxtəlif növ meyvə ağacları əkmişlər. Həmin ərazilərin sökülməsi mümkün olmadığından və real vəziyyəti nəzərə alaraq hər iki təşkilatın nümayəndələrinin qarşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsinin (№ 74, № 78, № 80 saylı bağ sahələri) tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməsi qərara alındı... 1. X6 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsi 22.05.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və X7 Qovşağına məktub ünvanlayaraq bildirmişdir ki, X1 Birliyinin (SEİB) 3 saylı ETK-nın əmək kollektivinə Bakı şəhər XDS İK-nın 13 iyun 1990-cı il tarixli 4/145 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Türkan qəsəbəsinin ərazisindən bağçılıq məqsədi ilə 16,96 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi sxem əsasında işçilər arasında bölüşdürülərkən texniki səhv nəticəsində eni 5 metr, uzunluğu 218 metr olmaqla SEİB 3 saylı ETK tərəfindən itirilmişdir. Nəticədə, Birliyin işçilərinin bir neçəsi öz torpaq sahələrini hasara alan zaman sürüşərək X4 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçmişlər və həmən ərazidə tikinti işləri, abadlıq və müxtəlif növ meyvə ağacları əkmişlər. Həmin ərazilərin sökülməsi mümkün olmadığından və real vəziyyəti nəzərə alaraq hər iki təşkilatın rəhbərləri və X2rşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsini (№ 74, № 78, № 80 saylı bağ sahələri), texniki səhv nəticəsində KMTQ-yə aid tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməyi qərara almışlar. Bu barədə, 15 may 2009-cu il tarixdə qarşılıqlı razılaşma aktıda bağlanmışdır. Məktubda qeyd olunanları və real vəziyyəti nəzərə alaraq həmin bağ sahələrinin KMTQ-nin işçilərinin adlarına sənədləşməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X4 Qovşağı 25.09.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə məktubla müraciət edərək bildirmişdir ki, SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsini (№ 74, № 78, № 80 saylı bağ sahələri) texniki səhv nəticəsində KMTQ-yə aid tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməyi qərara almışlar. Bu barədə, 15 may 2009-cu il tarixdə qarşılıqlı razılaşma aktı da bağlanmışdır. Məktubda qeyd olunanları və real vəziyyəti nəzərə alaraq həmin bağ sahələrinin KMTQ-nin işçilərinin adlarına sənədləşməsinə köməklik göstərilməsi məktubda xahiş edilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə razılaşma aktı, ayrılmış torpaq sahəsinin sxemi, SEİB 3 saylı ETK-nın KMTQ-yə ünvanladığı 22.05.2009-cu il tarixli məktub qoşma kimi əlavə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23.10.2009-cu il tarixdə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "xxxx" İB X4 Qovşağına ünvanladığı məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahələrinin özəlləşdirilməsi zamanı İdarəyə göndərdiyiniz sənədlər nəzərə alınacaqdır. - KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin 20 aprel 1991-ci il tarixli protokol siyahısından çıxarışa əsasən, iddiaçı 1991-ci ildən "xxxx" MMC KMTQ Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində “Rabitəçi” Bağçılıq Cəmiyyətinin üzvüdür. “Rabitəçi” Bağçılıq sahəsində 80/1 nömrəli bağ sahəsi 500 kv.metr İddiaçı məxsusdur. Tikilişi ilə birlikdə 80/1 nömrəli bağ sahəsinin özəlləşdirilməsinə “Rabitəçi” Bağçılıq Cəmiyyəti etiraz etmir. - İddiaçı Türkan bələdiyyəsinin inzibati ərazisində yerləşən bağ sahəsi üçün torpaq və əmlak vergisi borcu yoxdur. - İddiaçı ona ayrılmış bağ sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 04.03.2017-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildiriş verərək qeyd etmişdir ki, Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmadı. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Birinci instansiya məhkəməsi işin hallarına "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9, 10-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndini, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0, 12.1, 15-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1, 3.0.11-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Türkan bağ massivində yerləşən KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivinin ərazisindəki 80/1 saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədər iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan bağ sahəsi üzərindəki mülkiyyət hüququnu tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Beləliklə, iddia təmin olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 80/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin 05 iyul 2009-cu il tarixli protokolu və bağçılıq-yoldaşlıq kollektiv təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası ilə iddiaçıya bağ sahəsinin ayrıldığını, həmin sənədin isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verir. Ona görə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən "xxxx" İB-nin X5 Qovşağına sorğu ünvanlanaraq bildirirlmişdir ki, iş materiallarında olan 15 saylı 20 aprel 1991-ci il tarixli ictimai vəsiqə, KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlığının 20 aprel 1991-ci il tarixli protokolu, Bağçının üzvlük kitabçası iddiaçıya Türkan qəsəbəsindəki bağçılıq sahəsindən sahəsi 500 kv.m olan 15 saylı bağ sahəsi verildiyini təsdiq edir. Həmçinin, 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolunda (düzəlişlə) da bu barədə məlumat vardır. Eyni zamanda, 15.05.2009-cu il tarixdə SEİB 3 saylı ETK və X5 Qovşağı arasında bağlanmış razılaşma aktı 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi verildiyini təsdiq edir. Eyni zamanda iş materiallarında olan “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı”nda iddiaçının adı qeyd olunmamışdır. Belə olan halda qeyd olunan sənədlər arasında uyğunsuzluq yaranır. Yaranmış uyğunsuzluğun səbəbləri və 03.09.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolunda düzəliş edilməsinin səbəbləri və əsasları barədə ətraflı məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, Bakı şəhər X8 İcrayyə Komitəsi tərəfindən 10 dekabr 1990-cı il №7/737 saylı qərarla X9 Qovşağına (TUSM) hər birinə 5 sot (500 kv.m) olmaqla 45 nəfər üçün Türkan qəsəbəsi ərazisində bağçılıq yoldaşlığı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 20 aprel 1991-ci il tarixli protokol əsasında işçilər arasında bölüşdürülmüşdür. Sonradan ayrılmış bağ sahələrinin tikintisi zamanı məlum oldu ki, bizimlə həmsərhəd olan Bakı şəhəri SEİB 3№-li ETK işçiləri arasında bölgü apararkən bizim ərazidən 30 sot tutmuşlar. Buna görə də KMTQ-nin və SEİB 3 saylı ETK-nin Müdiriyyəti və НК-si tərəfindən 15 may 2009-cu il tarixdə razılaşma aktı tərtib edərək səhvən tutulmuş 30 sot torpaq sahəsi hər biri 10 sot olmaqla №74, №78, №80 saylı bağ sahələri KMTQ-yə qaytarılmışdır. Qaytarılmış 30 sot torpaq sahəsi KMTQ-nin “Rabitəçi" bağçılıq yoldaşlığı üzvləri arasında hər birinə 5 sot olmaqla verilmişdir. Torpaq sahəsi bölüşdürülərkən “Rabitəçi" bağçılıq yoldaşlığının üzvü kimi İddiaçı 15 saylı ictimai vəsiqə ilə verilmiş torpaq sahəsi əvəzinə 80/1 saylı bağ sahəsi 05 iyul 2009-cu il tarixli protokoluna uyğun olaraq verilmişdir. Bütün sənədləşmə işləri KMTQ-nin “Rabitəçi” bağçılığının 20 aprel 1991-ci il tarixli protokoluna uyğun olaraq aparılmışdır. 3№-li İMTQ-nin kollektiv bağçılıq siyahısında İddiaçı adının olmaması haqqında məlumatımız yoxdur. Belə ki, ayrılmış torpaq sahəsi 45 nəfər üçün nəzərdə tutulmuşdur. İddiaçı da 20 aprel 1991-ci il tarixli protokolunda 45 nəfərdən biridir. SSRİ dağıldıqdan sonra KMTQ-də işləmiş “Rabitəçi” bağçılıq yoldaşlığının üzvü olmuş erməni, rus və başqa millətlərdən olan işçilər işdən çıxmış və Azərbaycan Respublikasından köçüb getmişlər. Bu səbəbdən “Rabitəçi” bağçılıq yoldaşlığı siyahısında boş qalan bağ sahələri KMTQ-də işləyən rabitəçilərə siyahı protokola düzəliş edilməklə KMTQ-nin Müdiriyyəti və HİK-nin 03.09.2008-ci il tarixli protokolu ilə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılması iş materiallarına əsasən təsdiq olunur. Belə olan halda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 80/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-230/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-230/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver