Məhkəmə qərarları › İş №2-1(103)-2300/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2300/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2300/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2124/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X3 1982-cı ildən 1995-ci il tarixi də daxil olmaqla keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abdulxalıqova (Eyyubova) Müğeysə Bədrəddin qızı xx.xx.1980-ci il tarixində X9 ilə nikaha daxil olaraq soyadını “Eyyubova” kimi qeyd etdirmişdir. Həyat yoldaşı X9 xx.xx.2000-ci il tarixində ürək qan damar çatmamazlığından vəfat etmişdir. Belə ki, mərhum həyat yoldaşı X9 25 iyun 1959-cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndində anadan olmuş, orta məktəbi qurtardıqdan 19 noyabr 1977-ci il tarixindən 21 noyabr 1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1982-ci il tarixindən “Engels” adına kolxozda sürücü vəzifəsinə təyin olunmuş və “A.Hüseynzadə” (Engels) adına kolxozda 1995-ci ilin axırına kimi sürücü vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qeyd etdiklərinə baxmayaraq müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən xx.xx.2021-ci il tarixli arxiv arayışma əsasən mərhum həyat yoldaşı X5 “Engels” (A.Hüseynzadə) adına kolxozda 1982-ci ildən 1995-ci il tarixi də daxil olmaqla iş günləri öz əksini tapmışdır. Həmçinin mərhum həyat yoldaşının keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda 1982-ci ildən 1995-ci il də daxil olmaqla işləməyi faktını onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Hal-hazırda yaşa görə əmək pensiyası təyin edilməsinə görə, yəni mərhum həyat yoldaşının pensiya yaşına çatmadan vəfat etdiyindən ona verilməli olan pensiyanın iddiaçıya verilməsi üçün sənədlərini AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 iyul 2021-ci il tarixli, **********5 saylı məktubu ilə mərhum həyat yoldaşının iş stajının məhkəmə qaydasında tanınmasından sonra baxıla biləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən AR Milli Arxiv İdarəsi Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına müvafiq olaraq X3 1982-1995-ci illər ərzində “Engels adına kolxoz”da işlədiyi qeyd edilmişdir. İşin mübahisələndirilən məqamı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mərhum ərinin “Engels adına kolxoz”da işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Belə olan halda sözügedən illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında kişilər üçün minimum əmək iştirak normasının nə qədər olduğu qeyd edilməmişdir. Bu səbəbdən sözügedən müəssisə ilə əlaqədar tərəfimizdən AR Milli Arxiv İdarəsi Qəbələ rayon Dövlət Arxivinə sorğu ilə müraciət edilmiş və hal-hazıradək həmin sorğuya cavab verilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki halları nəzərə alaraq qeyd edilməlidir ki, İddiaçı mərhum əri X1 müəssisədə 1982-1995-ci illərin onun sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunun tələblərinə ziddir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığı xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onun mərhum ərinin qanunla tələb edilən 08 il 04 ay sosial sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2124/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Belə olan halda, iddiaçının mərhum əri X3 ümumilikdə topladığı 13 il 08 ay 28 gün sığorta stajı iddiaçıya ailə başçısını itirməyə görə tələb olunan 08 il 04 ay sığorta stajından çoxdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının X2 ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubunda AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2-ci bəndinə müvafiq olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajıın hesablanması və vətəndaşın mərhum əri X4 əmək kitabçası olmaması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X7 xx.xx.2000-ci ildə vəfat etmiş, iddiaçı mərhum yoldaşının işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, mərhum X3 işlədiyi illərin qeyd olunduğu əmək kitabçası təqdim edilməmişdir. Hazırkı iddiasında iddiaçı mərhum həyat yoldaşının iş stajının dövlət arxiv arayışı əsasında təsdiq edildiyini əsas gətirməklə cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona 62 yaşdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə mək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Eyni Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin arvadına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: -arvad qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; -vəfat etmiş şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Qeyd edilən şərtlərin iddiaçıya münasibətdə ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək qadınlar üçün pensiya yaşı həddi 62 yaşdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 62 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. Vəfat etmiş şəxsin tələb olunan sığorta stajına gəlincə isə Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1959-cu il tarixdə doğulmuş və xx.xx.2000-ci il tarixdə vəfat etmiş 40 yaşlı sığortaolunan üçün 08 il 04 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 25) x 4 ay = 100 ay/12 = 8,33) sığorta stajı tələb olunur. Cavabdehin pensiya təyin edilməsindən imtinasının və hazırda apellyasiya şikayətinin əsas dəlili vəfat etmiş sığortaolunanın əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı “Engels” (A.Hüseynzadə) adına kolxozda işləmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş, həmin arayışla yanaşı məhkəməyə kolxozda staj kitabı və şəxsi hesab kitablarından iddiaçıya aid olan hissə ilə bağlı sənədlər təqdim edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Qəbələ rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, “Engels” (A.Hüseynzadə) adına kolxozda kişilər üçün 1982-ci il üzrə minimum adam günü norması 230 adam günü olmuş, iddiaçı 1982-ci ildə 114 adam günü işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1982-ci ildə faktiki işlədiyi müddət 05 ay 10 gün (114x12/230=5,94) müəyyən edilir. Həmçinin adıçəkilən kolxozda kişilər üçün 1982-ci ildən sonrakı illər üzrə minimum adam günü norması 210 adam günü olmuş, iddiaçı 1983-cü ildə 258 adam günü, 1984-cü ildə 227 adam günü, 1985-ci ildə 246 adam günü, 1986-cı ildə 266 adam günü, 1987-ci ildə 231 adam günü, 1988-ci ildə 213 adam günü işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. 1989-cu ildə 114 adam günü, 1990-cı ildə 198 adam günü, 1991-ci ildə 183 adam günü, 1992-ci ildə 164 adam günü, 1993-cü ildə 174 adam günü, 1994-cü ildə 130 adam günü, 1995-ci ildə 183 adam günü işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1989-cu ildə faktiki işlədiyi müddət 06 ay 06 gün (114x12/210=6,51), 1990-cı ildə faktiki işlədiyi müddət 11 ay 4 gün (198x12/210=11,31), 1991-ci ildə faktiki işlədiyi müddət 10 ay 5 gün (183x12/210=10,45), 1992-ci ildə faktiki işlədiyi müddət 09 ay 4 gün (164x12/210=9,37), 1993-cü ildə faktiki işlədiyi müddət 09 ay 10 gün (174x12/210=9,94), 1994-cü ildə faktiki işlədiyi müddət 07 ay 05 gün (130x12/210=7,42), 1995-ci ildə faktiki işlədiyi müddət 10 ay 5 gün (183x12/210=10,45) müəyyən edilir. Beləliklə, iddiaçının hərbi xidmət dövrü xx.xx.1977-xx.xx.1979-cu il 02 il 09 gün, kolxozda işlədiyi dövr 1983, 1984, 1985, 1986, 1987, 1988-ci il tam il olaraq 06 il + kolxozda faktiki işlədiyi müddət 05 il 08 ay 19 gün (05 ay 10 gün+06 ay 06 gün+11 ay 4 gün+10 ay 5 gün+09 ay 4 gün+09 ay 10 gün+07 ay 05 gün+10 ay 5 gün) olmaqla nəzərə alındıqda cəmi iş stajının 13 il 08 ay 28 gün olduğu müəyyən olunur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2124/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2124/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar