Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2300/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi ziyana görə kompensasiyanın cavabdehdən tutulması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-188/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 nömrəli 24 iyun 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin xüsusi karantin rejimi tətbiq olunduğu dövr üzrə ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2494/2021 nömrəli 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 nömrəli 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-188/2023 nömrəli 28 fevral 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası qanunsuz sayılmış, İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gəlirək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X7 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilər kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkidə emal olunaraq, hüququ müəyyən edilmiş işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbrinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosil müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanlandığı zaman X5 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradımışdır. Digər tərəfdən 2020-ci il ərzində 10000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Bir məsələ də vurğulanmalıdır ki, Nazirliyin “Məşğulluq” Alt sistemi də (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda on minlərlə vakant vəzifələr vardır, işsiz şəxs e-sosial.az internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçiriİməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə qanuna müvafiq olaraq baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X5 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Qanunun 1.1.6-cı maddəsinə, habelə X4 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, MAS-da işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göstərilənlərdən belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X5 tərəfindən işsiz şəxslərə, onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarinı nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. Qeyd olunan səbəblərdən qərar ləğv edilməklə iddia qeyrimümkün hesab edilməldir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı göndərilmiş SMS məlumatının surətindən görünür ki, həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin portaldan çıxarışından görünür ki, iddiaçı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməyinin 24 may 2021ci il tarixli məktubunda bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 27 may 2021-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X1 cavabdeh İddiaçı qarşı «nikahın ləğv edilməsi və aliment» tələbinə dair mülki iş üzrə 21 may 2015-ci il tarixli qətnaməsi 30 iyun 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3461/2015 saylı (iddiaçı X1 cavabdeh İddiaçı qarşı «nikahın ləğv edilməsi və aliment» tələbinə dair) iş üzrə 21 may 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı iddianı qismən etiraf etməsinin təsdiq edilməsi, iddiaçı X2 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 10 sentyabr 2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 1278 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş Aslanova Emilliya Ednan qızının anası X1 yanında qalmasının müəyyən edilməsi, İddiaçı onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 aprel 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 358889 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Korostıleva Lyudmila arasında nikaha Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən 21 may 2015-ci il tarixdə xitam verilmiş, bu barədə 28 iyul 2015-ci il tarixdə 235 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4-ci bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə» 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin. 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 07 avqust tarixli 283 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 23 dekabr tarixli 506 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Qaydaların tələbinə əsasən pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslər sırasına aid edilir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinası onunla əsaslandırmışdır ki, iddiaçı 190 manat birdəfəlik ödəmə ilə bağlı “online” müraciət edərkən müraciət formasının arvadının fərdi identifikasiya nölməsində sözlə “subay” məlumatını qeyd etmişdir və həmin məlumat əsasında da elektron informasiya sistemlərində zəruri məlumatların müəyyənləşdirilməsi mümkün olmamışdır. İddiaçı ərizəsində evli olmadığını, nikahın 2015ci ildə xitam edilməsini, yalnız məşğulluq mərkəzinə müraciəti əsasında verilmiş məlumatdan sonra nikahın pozulmasına dair şəhadətnamə almasını qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 23.2-ci maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 23.3-ci maddəsinə əsasən nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 23.4-ci maddəsinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Cavabdeh iddiaçının həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3461/2015 saylı iş üzrə 21 may 2015-ci il tarixli qətnaməsi ilə X2 ilə İddiaçı arasında bağlanmış və 10 sentyabr 2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 1278 saylı nikah qeydinin ləğv edilməsi qət edilmişdir və həmin qətnamə 30 iyun 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 358889 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Korostıleva Lyudmila arasında nikaha Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasən 21 may 2015-ci il tarixdə xitam verilmiş, bu barədə 28 iyul 2015-ci il tarixdə 235 nömrə ilə qeyd edilmişdir. Lakin iddiaçının müraciətlərində bu barədə məlumat verməsinə baxmayaraq, iddiaçının hazırda nikahda olub-olmaması, nikahının pozulması halları cavabdeh tərəfindən araşdırılmamışdır. Halbuki «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən də göründüyü kimi, inzabi orqan inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Lakin cavabdeh inzibati orqan elektron informasiya sistemlərindən istifadə etməklə kifayətlənmiş, mübahisələndirilən halın müəyyən edilməsi üçün tədbirlər görməmiş, işin faktiki hallarının müəyyən olunması üçün sübutlar toplamamış, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı və X2 arasındakı nikaha xitam verilməsi barədə 28 iyul 2015-ci il tarixdə 235 nömrəli akt qeydi aparılmış və bu barədə 21 iyul 2020-ci il tarixdə AZ-İ seriyalı 358889 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinin tələblərinə görə hazırkı İddiaçı ilə X2 arasındakı nikaha müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi 30 iyun 2015-ci il tarixdən xitam verilmiş sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halların mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-188/2023 nömrəli 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2300/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2300/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver