Məhkəmə qərarları › İş №2-1(103)-2301/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2301/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2301/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: AR Maliyyə Nazirliyi) «torpaq sahəsinə görə kompensasiyanın düzgün hesablanması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)- 394/2021 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16.02.2018-ci il tarixli qərarının icra edilməsi ilə əlaqədar, Cavabdeh tərəfindən qabaqcadan kompensasiya ödənilmədən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması və torpaq sahəsinin 1 kv.m-nin 500 manat (mövcud inflyasiya və qanunvericilikdə nəzərdə tutulan digər amillər nəzərə alınmadan) təyin olunma qiyməti əsasında kompensasiyanın təklif edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; cavabdeh tərəfindən iddiaçılara torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərilməməklə; torpağın satın alınması barədə yazılı təklif verməməklə; torpaq sahəsinin 1 kv.m-nin 500 manat (mövcud inflyasiyanın və qanunvericilikdə nəzərdə tutulan digər amillərin nəzərə alınmadan) təyin olunma qiyməti əsasında müəyyən olunması barədə Qiymətləndirmə Komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməklə: eləcə də həmin qərar və qiymətləndirmə rəyi ilə tanış olmaqları üçün şərait yaratmamaqla göstərdiyi hərəkətsizliklərinin qanunsuz hesab edilməsi; iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması; hesablanmış kompensasiya barədə Qiymətləndirmə Komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmaqları üçün şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərardadı ilə iddia - iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən qabaqcadan kompensasiya ödənilmədən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması hərəkəti; cavabdeh tərəfindən iddiaçıya torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərməməklə, torpağın satın alınması barədə yazılı təklif verməməklə, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmə komissiyasının qərarını və qiymətləndirmə rəyini təqdim etməməklə, eləcə də həmin qərar və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaratmamaqla göstərdiyi hərəkətsizliklər qanunsuz hesab edilməsi; İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın hesablanması, hesablanmış kompensasiya barədə qiymətləndirmə komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün şərait yaradılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim: M.Hacıbəyova) Qərardaddan və qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1423/2021 saylı 14.06.2021-ci il tarixli qərardadı ilə iddiaçıların qərardaddan verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərarından iddiaçıların verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2301/2021 saylı 12.08.2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətini geri götürərək, müvafiq qərardadın çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin geri götürülməsinə etiraz etməmişdir. İddiaçılar və üçüncü şəxs AR Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, apelyasiya şikayəti geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qeyd olunmalıdır ki, apelyasiya şikayətini geri götürmək iddiaçıların hüququ olduğundan və hazırki iş üzrə iddiaçıların bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onların bu barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin geri götürülməsi barədə iddiaçıların ərizəsi təmin edilməli, iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti geri götürülmüş hesab edilməli və bununla bağlı apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli 2-1(112)-394/2021 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. İddiaçılara izah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar