Məhkəmə qərarları › İş №2-1(103)-2301/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2301/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2301/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “mənzillə təmin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2088/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri X1 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ev ilə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əvəz edilməsini və mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Bakı şəhəri Yasamal rayonunun X1 Xidmətinin 30-cu yanğın bölməsində sıravi yanğınsöndürən kimi xidmətə başlamış, manqa komandiri vəzifəsinə qədər yüksələrək baş serjant rütbəsi almış, işlədiyi müddətdə heç bir nöqsana yol verməmiş, 2009-cu ildə təqaüdə çıxmışdır. İddiaçı 1996-cı ildə ailə qurmuş, bir övladı var, qoca ata və anası himayəsində olmuşdur. Mənzili olmadığına və yaşayış şəraiti ağır olduğuna görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Mənzil-məişət və sosial-təminat komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli protokoluna əsasən iddiaçı Binə qəsəbəsində yerləşən 2 nömrəli XTYH-nin yataqxanasında 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzil ilə təmin edilmiş, adına order verilərək ailə üzvləri ilə birlikdə həmin ünvana qeydiyyata düşüb yaşamışdır. 2011-ci ildə atası vəfat etmiş, 2014-cü ildə isə bacısı xərçəng xəstəliyindən dünyasını dəyişmiş, Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə bacısının iki uşağı iddiaçının qəyyumluğuna verilmişdir. Həmin vaxt iddiaçı ailə üzvləri, anası və rəhmətlik bacının iki uşağı, cəmi 6 nəfərin həmin mənzildə yaşamasına şəraiti olmadığı üçün Binəqədi qəsəbəsində 3 otaqlı kirayə mənzilə köçsələr də, əşyaları yataqxanadakı mənzildə qalmış, mütəmadi olaraq həmin mənzilə gedib-gəlmişlər, mənzil faktiki olaraq onların istifadəsində və sahibliyində olmuş, oradakı təmir-bərpa işlərini öz hesabına görmüşdür. 2018-ci ildə iddiaçıya yataqxananın sökülməsi, mənzilləri olan şəxslərin başqa yerdə mənzillə təmin ediləcəyi, əşyaların götürələrək mənzilin təhvil verilməsi bildirildiyindən o, əşyalarını götürüb mənzili təhvil vermişdir. Lakin yataqxana söküldükdən sonra həmin yataqxanada mənzilləri olan digər şəxslər başqa yerdə mənzillə təmin edilmələrinə baxmayaraq bu günə qədər iddiaçının ailəsi təmin edilməmişdir. Hazırda iddiaçı anası, yoldaşı, övladı və bacısının iki övladı ilə birgə kirayədə yaşayırlar, vəziyyətləri olduqca ağırdır. Mənzillə təmin edilməsi barədə 08 iyul 2021-ci il tarixdə cavabdehə edilmiş müraciətinə rəsmi cavab verilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı öz arzusu ilə 18 iyul 2009-cu il tarixdən xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Məcəllə) 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən, əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin əmək və ya qulluq münasibətlərinin xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Beləliklə, əmək və ya qulluq münasibətlərinə xitam verilmiş şəxslərə xidməti yaşayış sahələrinin verilməsi və həmin şəxslərlə kirayə müqavilələrinin bağlanması Məcəlləyə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın 5.3-cü hissəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. İddiaçı Binə qəsəbəsində 2 nömrəli XTYH-də yerləşən ailəvi yataqxanada ona ayrılmış 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzildə 2014-cü ildən yaşamır. Bunu iddiaçı öz iddia ərizəsində təsdiq etmişdir. Bundan əlavə iddiaçı cavabdehə evlə təmin olunması ilə bağlı ərizə ilə 2019-cu ildə müraciət etmiş, iddiaçıya Məcəlləyə müvafiq olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duran vətəndaşlara yaşayış sahələrinin verilməsinin Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. İddiaçının iddiasının təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2088/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçının mənzillə təmin edilməsi üçün o, cavabdeh qurumda xidmət keçməlidir. Lakin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı öz arzusu ilə xidmətdən xaric edildiyi üçün onunla cavabdeh arasında mövcud olan əmək münasibətlərinə xitam verilmiş və o, xidməti mənzil üzərində mövcud olan bütün hüquqlarını itirmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə bütün faktiki halları lazımınca araşdırmamış və nəticədə iddiaçının tələbinin hüquqi əsasının olmaması qərarına gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Mənzil-məişət və Sosial Təminat komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli protokolundan görünür ki, iddiaçıya Binə qəsəbəsində yerləşən 2 nömrəli XTYH-nin ailəvi yataqxanasında 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzil ayrılmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Xidməti tərəfindən verilmiş 52 saylı orderindən görünür ki, DYMX-nin Mənzilməişət və Sosial Təminat komissiyasının xx.xx.2007- 3ci il tarixli 04 nömrəli qərarına əsasən iddiaçıya Binə qəsəbəsində yerləşən 2 nömrəli XTYH-nin ailəvi yataqxanasında 3 nəfər ailə üzvü olmaqla 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzil ayrılmışdır. Göründüyü kimi iddiaçının tələbinin hüquqi əsası vardır, məhkəmə tərəfindən iddiaçının tələbinin hüquqi əsasının olmaması qənaətinə gəlməklə yalnış qərar qəbul edilərək iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin iddiaçının tələbinin hüquqi əsasının olmaması ilə bağlı gəldiyi nəticə işin hallarına, eyni zamanda bir sıra qanunların tələblərinə uyğun gəlmir. Belə ki, iş materiallarından da göründüyü kimi sözügedən mənzil sökülənə qədər faktiki olaraq iddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyində olub, mənzildə hər hansı təmir, bərpa işlərinə ehtiyac olanda öz hesabına həyata keçirmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri X1 Xidmətində xidmət etdiyi müddətdə Mənzilməişət və sosial-təminat komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli protokoluna və müvafiq orderə əsasən cavabdeh orqanın Binə qəsəbəsində yerləşən 2 nömrəli yataqxanasında 1 otaqlı mənzil ayrılmışdır. Lakin sonradan iddiaçının himayəsində böyük ailə oldugundan mənzildə yaşamasına şəraiti olmadığı üçün o, mənzildən köçmüş, 2018-ci ildə yataqxananın sökülməsi ilə baglı xəbərdar olundugundan qalan əşyalarını da götürərək mənzili cavabdehə təhvil vermiş, xx.xx.2009-cu ildə isə öz arzusu ilə xidmətdən xaric edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinə əsasən, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. - 98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. - 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. - 99.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. - 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. - 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. - 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. - 100.3-cü maddəsinə əsasən, Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. - 101.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. - 101.2-ci maddəsinə əsasən, xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. - 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. - 103.3-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. - “Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanına əsasən müəyyən edilmişdir ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə; 1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına; 1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə; 1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın 5.3-cü hissəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçının mənzillə təmin edilməsi üçün o, cavabdeh qurumda xidmət keçməlidir. Lakin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı öz arzusu ilə xidmətdən xaric edildiyi üçün onunla cavabdeh qurum arasında mövcud olan əmək münasibətlərinə xitam verilmiş və o, xidməti mənzil üzərində mövcud olan bütün hüquqlarını itirmişdir. Qanunvericiliyin mətnindən də aydın olduğu kimi xidməti mənzillər yalnız əmək fəaliyyətində məşğul olunduğu dövrdə faktiki istifadə üçün nəzərdə tutulmuş və xidməti istifadəsinə ayrılmış şəxsə mülkiyyət və sahiblik hüquqlarını yaratmadıgından iddiaçının cavabdehdən yataqxanadakı təhvil verdiyi mənzil əvəzinə yeni mənzil tələb etməsi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qərarında iddaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2088/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar