Məhkəmə qərarları › İş №2-1(103)-2301/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2301/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2301/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarların ləğv edilməsi»nə dair iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ilin 2 – 4-cü rübləri üzrə “Xüsusi notariuslar”, 2019-cu ilin 3 – 4cü rübləri üzrə “Muzdla işləyənləri işəgötürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və 20 fevral 2020-ci il tarixli 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 5.995,35 manat əsas borcun, 2.154,03 manat faiz borcunun, 20 iyul 2022-ci ıl tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab vərəqəsi üzrə mövcud olan 7.270,36 manat əsas borc və 5.673,47 manat faiz borc məbləğləri, 18 iyun 2019-cu il və 21 iyun 2019-cu il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1 – 4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlərlə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarət olan bütün borcların silinməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə icraatının gedişində iddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarların ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi nolariusudur. Bu müddət ərzində vergi ödəyicisi kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdehin ona göndərdiyi 18 aprel 2022-ci il tarixli **********3 nömrəli “bildiriş”ə əsasən 8.149,38 manat məbləğində vergi borcunun olması göstərilmişdir. İnternet resurs səhifəsinin “vergi borcu barədə məlumat” hissəsində isə 19.112,95 manat vergi borcu göstərilir. İddiaçının fəaliyyəti üzrə hər hansı bir ödənilməmiş vergi borcu yoxdur. Həmin uyğunsuzluqların araşdırılması, eləcə də borcun yaranmasının hüquqi əsaslarının öyrənilməsi məqsədilə iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etməyə məcbur olmuşdur. Əvəzində bir neçə cavab məktubu ilə ona bildirilmişdir ki, guya onun külli miqdarda ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişləri var. Belə ki, cavabdehin 20 iyul 2022-ci il tarixli **********5 nömrəli bildirişində göstərilir ki, guya onun həmin tarixə 8.259,31 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5.995,35 manat, faizlər üzrə isə 2.263,96 manat borcu var. Digər tərəfdən, Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin sorğuya verilən cavab məktubunda göstərilir ki, vergi orqanı tərəfindən 18 aprel 2022-ci il tarixdə göndərilmiş borc bildirişində qeyd olunan məcburi dövlət sosial sığorta haqqı üzrə 5.995,35 manat əsas, 2.154,03 manat faiz borc məbləğləri iddiaçının təqdim etdiyi 2019-cu ilin 2 – 4-cü rübləri üzrə “Xüsusi notariuslar” və 2019-cu ilin 3 – 4-cü rübləri üzrə “Muzdlu işləyənləri işəgötürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və 20 fevral 2020-ci il tarixdə vergi orqanının 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablaması və müvafiq dövrlər üzrə onun (iddiaçının) təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutuları vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamə (hesabatı)”lərinə əsasən hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalarına münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. 20 iyul 2022ci il tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab vərəqəsi üzrə mövcud olan 7.270,36 manat əsas və 5.673,47 manat faiz borc məbləğləri 18 iyun 2019-cu il və 21 iyun 2019-cu il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1 – 4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. Müvafiq fondlara 20 iyul 2022-ci il tarixə borc aşağıdakı kimidir: məcburi dövlət sosial sığorta haqları üzrə 13.265,71 manat əsas, 7.939,02 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0,02 manat əsas borc, borcun dərhal ödənilməsi tələb olunur. İddiaçı hesab edir ki, nə vergi borcu, nə də ki, məcburi dövlət sosial sığorta ödənişləri (MDSS) üzrə hər hansı bir borcu olmayıb və hazırda da yoxdur, əvvəlki dövrlər üzrə, yəni 2019 – 2020-ci illər üzrə hər hansı ödənilməmiş borcu olmamışdır və belə olduğu təqdirdə cavabdehin ona təyin etdiyi borc öhdəliyi də əsassızdır. Həmçinin, əvvəlki borc öhdəliyi ona əsassız hesablandığına görə cavabdeh tərəfindən sonrakı dövrlər üçün ödədiyi MDSS haqlarını əvvəlki mövcud olmayan borcların ödənilməsinə qanunsuz olaraq yönəldilmişdir. Beləliklə də, hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Ona hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. İddiaçının sorğularına da əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılmış araşdırma zamanı 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128.490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3.054,2 manat ödəniş edilmişdir. Bu da, MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 17 may 2019cu il tarixli **********675500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından, 2018-ci ilin 1 – 4-cü rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16.844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 21 iyun 2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan «Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 7 fevral 2020-ci il tarixli **********472400 nömrəli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından, 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8.000 manatadək aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində sıfır faizlə tutulur. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən minimum əmək haqqı ölkə üzrə 250 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta borcunun olmaması barədə arayışları əlavə edərək ödənilməmiş borcunun olmamasını və borcun əsassız hesablandığını bildirmişdir. Təqdim olunan arayışlar 2012 – 2017-ci illər üzrə olan dövrə borcun olmamasını təsdiq etmiş, iddiaçı tərəfindən isə vergi orqanının 2018-ci ilin 1 – 4-cü rübləri və 2019-cu ilin 4-cü rübü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, «Sosial sığorta haqqında» və «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. «Sosial sığorta haqqında» Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındınlmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə sosial sığortanın prinsiplərindən biri onun məcburiliyidir. Göstərilənlərə və Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 37.3, 67.1-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2873/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128.490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3054,2 manat ödəniş edilmişdir. Bu da MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********675500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından 2018-ci ilin 1-4cü rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16.844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli və xx.xx.2019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********472400 nömrəli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, 2018-ci ilin l-İV rübləri üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verildiyi və ya müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdən 30 iş günü keçənədək keçirilə bilərdi. Bununla da qərarlar qəbul olunarkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin tələblərinin pozulduğu qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə qərarının əsaslandığı normada göstərilən müddət vergi ödəyicisi tərəfindən bəyannamə təqdim olunduğu hallara şamil olunur. 2018ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128.490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qərarında qeyd olunur ki, xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim edilməsi üçün zəruri şərait yaratmadan qəbul olunmuş, “Kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinin məlumatlandırılması təmin olunmamışdır. Qeyd olunan məsələ ilə bağlı vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə **********656200 “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, işçilərə ödənilən əmək haqqı məbləğinin 10 iş günü müddətində düzgün əks etdirilməsi bildirilmiş və təqdim ediləcək bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət aşkar ediləcəyi təqdirdə vergi orqanının Vergi Məcəlləsinin 37-ci və 83-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisinin öhdəliklərini yenidən hesablanacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq bəyannamənin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Xüsusi notarius tərəfindən bəyannamələr isə, vergi orqanına hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verilir. Hazırkı işin hallarına görə 2018-ci ilin İ – İV rübləri üzrə bəyannamələrin 2019-cu ilin may ayınadək (mübahisə predmeti olan qərarlar 18 iyun və 21 iyun 2019-cu il tarixlərdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə 2018-ci ilin İ – İV rübləri üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya müvafiq olaraq 20 aprel 2018-ci il, 20 iyul 2018-ci il, 20 oktyabr 2018-ci il və 20 yanvar 2019-cu il tarixlərdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qəbul etdiyi kameral vergi yoxlamasını onlar üçün müəyyən olunmuş müddət ötürülməklə (pozmaqla) keçirmişdir. Bununla da, həmin qərarlar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla sosial sığorta haqları üzrə məbləğlərin hesablanması barədə 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları qanunsuz sayılmalıdır. Mübahisə predmeti olan 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərara gəldikdə isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin qərarın qəbulu üzrə aparılan icraatda Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyənləşdirilmiş müddət kriteriyasına riayət olunsa da, həmin Məcəllənin 37.4-cü maddəsində nəzərdə tutulan “kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinə məlumatlandırılması təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan qeyd olunanları (çatdırılmanın təmin olunmamasını) təkzib edən heç bir sübut, o cümlədən poçt sənədi təqdim etməmişdir. Bu isə, belə nəticə yaradır ki, kameral vergi yoxlaması üzrə icraat formal aparılmış və 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim olunması üçün zəruri şərait yaratmadan qəbul olunmuşdur. Halbuki, iddiaçının müvafiq qaydada məlumatlandırıldığı halda, uyğunsuzluğun aradan qaldırılmasını şərtləndirən zəruri sənədləri vergi orqanına təqdim etməsini istisna edən xüsusat müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərarı da qanunazidd, yəni Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız vergi orqanının prosessual pozuntulara yol verməsinə istinad edərək iddia tələbini təmin etmiş, işin mahiyyəti ilə bağlı ətraflı araşdırma aparmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonrakı dövrdə) qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonra) qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. «Sosial sığorta haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (14.3.1) sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; (14.3.2) sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərindən birmənalı olaraq görünür ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq bəyannamənin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Xüsusi notarius tərəfindən bəyannamələr isə, vergi orqanına hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verilir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı işin hallarına görə 2018-ci ilin İ – İV rübləri üzrə bəyannamələrin 2019-cu ilin may ayınadək (mübahisə predmeti olan qərarlar 18 iyun və 21 iyun 2019-cu il tarixlərdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Mübahisə predmeti olan 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli qərarın qəbulu üzrə aparılan icraatda Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyənləşdirilmiş müddət kriteriyasına riayət olunsa da, həmin Məcəllənin 37.4-cü maddəsində nəzərdə tutulan “kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinə məlumatlandırılması təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan qeyd olunanları (çatdırılmanın təmin olunmamasını) təkzib edən heç bir sübut, o cümlədən poçt sənədi təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 fevral 2020-ci il tarixli **********902500 nömrəli, 18 iyun 2019-cu il tarixli **********595800 nömrəli, 21 iyun 2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarlarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2873/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar