Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2302/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1036/2020 saylı 08 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. 25 yanvar 2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci iltarixli 2-1(112)1036/2020 saylı qərarına əsasən onun iddiası təmin edilmişdir. Həmin qərarın icra olunması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Cavabdeh orqan olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 16.09.2020-ci il tarixli 5021 nömrəli məktubu ilə pensiyanın verilməsi üçün məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin həmin Filialın 06.11.2020-ci il tarixli **********7 saylı məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Mərkəz Filialına təqdim edilmiş ona dair 15 sentyabr 2020-ci il tarixli məlumat vərəqində təqvim illərinin 12 il 7 ay 26 gün, güzəştli xidmət illəri isə 6 il 10 ay 22 gün olmaqla, cəmi 19 il 6 ay 18 gün göstərilmişdir. Göründüyü kimi, sizin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilkdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud deyildir. Bu səbəbdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.” Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarında isə qulluq illəri 20 il 8 ay 09 gün göstərilsə də, qərarın “qət etdi” hissəsində iddianın təmin olunması və məlumat vərəqinin göndərilməsi qeyd edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə “biz qərarın nəticə hissəsinə uyğun olaraq məlumat vərəqini göndərmişik. Orda qeyd edilməyib ki, qulluq illəri 20 ildən çoxdur” kimi ifadələr işlədərək məhkəmənin qərarının icrasından yayınır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 08 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarına “İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etməsi nəzərə alınmaqla, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulur” kimi izah verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 08 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, iddiaçının şəxsi işi əsasında hesablanmış və 19 il 6 ay 18 gün təşkil etmiş xidmət illəri hesablanan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı şəxsi işində olan materiallar əsasında, onun təqvimi xidmət illəri 12 il, 07 ay, 26 gün, güzəştli xidmət illəri isə 06 il, 10 ay, 22 gün təşkil etmişdir. Bu isə, İddiaçı hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün qanunvericilkdə nəzərdə tutulan 20 ildən azdır. Şəxsi iş materiallarında olan 002789 nömrəli Diplomun surətinə əsasən İddiaçı 1972-ci ildən 1976cı ilədək Bakı Sənaye-Pedaqoji Texnikumunda sənaye mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Lakin məhkəmə tərəfindən iş materiallarına istinad olunaraq qeyd edilən və güzəştli şərtlərlə xidmət illərinə hesablanması üçün əsaslandırılan Bakı Sənaye-Pedaqoji Texnikumunun 124 nömrəli “tarixsiz” əmri (Bakı Sənaye-Pedaqoji Texnikumunda hərbi hazırlıq silsilələri (hərbi hazırlıq rəhbərləri) mövcud olmuş və müvafiq hərbi hissələrin əsasında hərbi hazırlıqlar təşkil edilmişdir. (qeyd edilən əmrin mövcudluğu proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir) İddiaçı şəxsi iş materiallarında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin əmrin tarixinin göstərilməməsi onun hansı illəri əhatə etdiyini şübhə altına alır. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndində “xüsusi təyinatlı təhsil” sözləri “hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil” sözləri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Qərarı ilə əvəz edilmişdir. Yəni, bu qərar İddiaçı hərbi xidmətdən tərxis edildikdən 14 il sonra qəbul edilmişdir. Məhkəmənin iş materiallarında olan FV seriyalı 521880 nömrəli Diploma istinad edilərək, İddiaçı 1986-1992-ci illərdə X1 sənaye və mülki mühəndislik ixtisası üzrə tam kursu bitirdiyi bildirilmiş və güzəştli şərtlərlə xidmət illərinə hesablanması tövsiyə edilmişdir. Halbuki, şəxsi iş materiallarında hərbi xidmətdən tərxis edilənədək olan bütün attestasiya və digər materiallarda onun 1976-cı ildə Bakı Sənaye- Pedaqoji Texnikumunu bitirdiyi, 1998-ci ilə aid olan sənədlərdə isə Azərbaycan Beynəlxalq Universitetinin 3-cü kurs tələbəsi olduğu (tərcümeyi-halda və attestasiya materiallarında) göstərilmiş, onun X1 təhsil alması barədə hər hansı bir qeyd aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1329/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10036/2020 saylı 08 fevral 2021-ci-ci il tarixli qərardadı ləğv edilərək «Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-1036/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarına izah verilməsi» barədə İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçının kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)1112/2021 saylı 22 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1329/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktik hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli 2- 1(112)-1036/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli 2- 1(112)-1036/2020 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra 07.08.2020-ci il tarixdə icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 20.10.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı məlumat vərəqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Maliyyə və maddi-texniki təminat baş idarəsinin Maliyyə idarəsi tərəfindən doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə 16 sentyabr 2020-ci il tarixdə (5021 nömrəli məktubla) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06.11.2020-ci il tarixli **********7 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Mərkəzi Filiala təqdim edilmiş İddiaçı dair 15 sentyabr 2020-ci il tarixli məlumat vərəqəsində təqvimi xidmət illəri 12 il 7 ay 26 gün, güzəştli xidmət illəri 6 il 10 ay 22 gün olmaqla cəmi xidmət illəri 19 il 6 ay 18 gün göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli 2-1(112)-1036/2020 saylı qərarının əsaslandırıcı hissəsində göstərilmişdir: “Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, onun barəsində məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.” (qərarın 9-cu səhifəsinin yuxardan 22-ci abzası). Göründüyü kimi, İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, iddia tələbi təmin edilmiş və iddiaçı barəsində məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə məhkəmə qərarının tam icra edilmədiyi, qərarının əsaslandırıcı hissəsində “İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən” ifadəsinin öz əksini tapdığı qənaətinə gəlib ərizəni təmin etmiş və Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli 2-1(112)-1036/2020 saylı qərarına izah vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndindən görünür ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunvericiliyin məzmunundan da göründüyü kimi, məhkəmə qətnaməsində qeyrimüəyyənliklər, ziddiyyətlər, həmçinin məhkəmə qətnaməsinin icrası zamanı çətinlik yaradan hallar olduqda məhkəmə öz qətnaməsinə izah verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının qulluq illərinə dair məlumat vərəqəsini məhz onun 20 illik hərbi xidmət müddətinin olmaması ilə əsaslandırmışdır. Cavabdeh bu qənaətini iddia ərizəsinə qarşı etirazında aşkar göstərmiş, iddiaçının xidmət müddətinin cəmi 19 il 6 ay 27 gün olduğunu bildirmişdir. İddiaçı da məhz həmin məzmunda imtinanı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarın əsaslandırma hissəsində aşkar olaraq göstərmişdir ki, İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, onun barəsində məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçı cavabdehin yuxarıda qeyd olunan məzmunda imtinasını və bu imtinanın əsaslarını mübahisələndirərək onun 20 ildən artıq xidmət müddətinin olduğunu iddia edirsə, məhkəmə də iddiaçının xidmət müddətinin 20 il 08 ay 09 gün təşkil etdiyini müəyyən edərək iddianı təmin edirsə, cavabdehin iddiaçıya aid məlumat vərəqəsində xidmət müddətinin cəmi 19 il 6 ay 18 gün göstərməsi məhkəmə qərarının onun müəyyən etdiyi nəticəyə uyğun məzmunda icrası kimi qəbul oluna bilməz. Əks halda, iddia olunan məzmunda tələblə bağlı məhkəmə icraatının ümumiyyətlə mövcud olmadığı (və ya baş tutmadığı) qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qərara izah verilməsinə dair qərardadın əsaslarından daha çox, mübahisənin mahiyyətinə aid olmaqla iddiaçının iddia tələbinin dəlillərinə qarşı yönəlmişdir. Cavabdeh qərardaddan verdiyi şikayətindəki həmin dəlilləri birinci instansiya məhkəməsinin qərarına qarşı apellyasiya şikayətində göstərə biləcəyi halda, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-1(112)-1036/2020 nömrəli qərarından ümumiyyətlə apellyasiya şikayəti verməmiş, əvəzində, qərarın nəticə hissəsindəki qeyri-müəyyənlikdən icraatın prosessual iştirakçısı kimi yararlanaraq, həmin qərarı iddia tələbinə etirazında göstərdiyi və icraatın nəticəsi olaraq arzu etdiyi məzmunda “icra etmişdir”. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Normanın məzmunundan da göründüyü kimi, həmin norma təkcə icra sənədinin deyil, həm də icra sənədinin verilməsi üçün əsas olmuş qərarın izah olunmasını nəzərdə tutur. İddiaçı da məhz qərara izah verilməsini xahiş etmişdir. Başqa sözlə, izah barədə ərizə üzrə məhkəmə icraatının predmetini qərarın təkcə (əlahiddə olaraq) nəticə hissəsi deyil, bütövlükdə qərar özü təşkil edir. Buradan da aydın görünür ki, hazırkı iş üzrə qərarın nəticə hissəsi onun digər hissələri ilə birlikdə nəzərdən keçirilməli və münasibət bildirilməli idi. Məhkəmə qərarına onun məzmununu dəyişdirmədən izah verilməli olduğuna dair şərtə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, hətta birinci instansiya məhkəməsi tərəfindən bu şərtin təmin olunmadığının müəyyən edildiyi halda belə, bu, hazırkı məzmunda ərizənin rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin izah barədə qərardadı qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1036/2020 saylı 08 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2302/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2302/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver