Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2302/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992xx.xx.1993-cü ilədək 7 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1993-xx.xx.1994-cü ilədək 3 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1994- xx.xx.1996-cı ilədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-xx.xx.2005-ci ilədək Oruc müstəqil kiçik müəssisəsində işlədiyi müddətlərin sığora stajına daxil edilməklə 65 yaşından etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2022- ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılaraq ərizəsi təmin edilməmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsinə dair onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, onun iş materiallarına əlavə etmiş olduğu əmək kitabçasının notarial qaydada təsdiq olunmuş tərcümə təsdiqində göstərilmiş iş yerlərində, bundan əlavə əmək kitabçasının əslində göstərilmiş, lakin notarial təsdiqdə əksini tapmayan xx.xx.1996-xx.xx.1997-ci illərdə Ucqar Şimal bölgəsi Yamallinetski vilayətində 5-ci dərəcəli elektrik montyoru vəzifəsi üzrə işləmişdir. Lakin bununla bağlı müraciətinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ nəzərinə çatdırılmışdır. Həmin cavaba istinadən qeyd olunur ki, hərbi xidmətdə olduğu dövr (xx.xx.1976 - xx.xx.1979) də daxil olmaqla sığorta stajı 16 il 1 ay 4 gün təşkil edir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.1992-xx.xx.1993-cü ilədək 7 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1993xx.xx.1994-cü ilədək 3 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1994-xx.xx.1996-cı ilədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-xx.xx.2005-ci ilədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi müddətlərin həmin müəssisələrin yerləşdiyi yeri müəyyən edə bilməmələri səbəbindən siğorta stajına daxil edilməməsini əsassız və qanunsuz hesab edir. Həmin müəssisədə işlədiyi müddətlər əmək kitabçasında göstərilməklə həmin müəssisələrin möhürü ilə təqdiq edilmişdir, işlədiyi "xxxx" müstəqil kiçik müəssisəsində ixtisası üzrə yəni, 2-ci dərəcəli elektrik montyoru, iş ustası, başqa sözlə elektrik cihazları üzrə işləmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən İddiaçı sosial İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 7 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 3 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-ci il tarixədək Təmir- Tikinti İstehsalat Birliyində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyini iddia edir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci ii tarixli **********6 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 7 nömrəli Təmir-Tikinti İdarəsinin, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 3 nömrəli Təmir-Tikinti İdarəsinin, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Təmir-Tikinti İstehsalat Birliyinin və xx.xx.1997-ci ii tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alınıb-alınmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər ii 6 ay artırılır. Əvvəllər qüvvədə olmuş AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sığortaolunanların sığorta stajı təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 16 il 1 ay 4 gün təşkil edir və bu da qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Əlavə olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tamamlanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə (hakim İddiaçı) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən İddiaçı sosial sığorta stajı təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 16 il 1 ay 4 gün təşkil edir və bu da qanunvericilikdə tələb edilən müddətdən azdır. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Əlavə olaraq fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən edilmişdir ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1957-cı il tarixdə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının 65 yaşı tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1993-cü il tarixinədək 7 nömrəli Təmit-Tikinti İdarəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək 3 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək TəmirTikinti İstehsalat Birliyində və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi dövrü mübahisələndirərək, onun ümumilikdə 16 il 1 ay 4 gün ümumi sığorta stajının mövcud olmasını bildirir. İş materiallarına əlavə olunmuş: - İddiaçıya məxsus 11 fevral 1980-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı Tramvay Parkına işə qəbul edilənə qədər iş stajı olmayıb (Jdanov rayon İHB-nın arayışı); xx.xx.1979-cu ildə Tramvay parkının Vaqon bölməsinə 2-ci dərəcəli çilingər-elektrik vəzifəsinə qəbul edilmişdir (Əmr № 158, xx.xx.1979-cu il); xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 28 ok, xx.xx.1980-cı il); xx.xx.1974-cü ildə ərizəsinə əsasən 133 nömrəli kənd texniki-peşə məktəbinə traktorçu maşinist qrupuna şagird heyətinə daxil edilmişdir (Əmr № 3-K, xx.xx.1974-cü il); xx.xx.1975-ci ildə kursu tam bitirdiyi üçün şagird heyətindən xaric edilmişdir (Əmr №22-K, xx.xx.1975-ci il); xx.xx.1980ci ildə Şaumyan rayon Mühafizə İdarəsinə 2 nömrəli sahəyə gözətçi vəzifəsinə qəbul edilmişdir (Əmr № 395, xx.xx.1980-ci il); xx.xx.1981-ci ildə 4 nömrəli sahəyə gözətçi vəzifəsinə keçirilmişdir (Əmr №38, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr № 121, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə Uzaq şimal bölgəsinə bərabər olan ərazidə 5-ci dərəcəli traktorçu vəzifəsinə qəbul edilmişdir (Əmr № 45-k, xx.xx.1981-ci il); xx.xx.1990- cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 172, xx.xx.1990-cı il); xx.xx.1990-cı ildə Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi vəzifəsinə köçürmə qaydasında qəbul edilmişdir (Əmr № 134-k, xx.xx.1990-cı il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 12-K, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə TTİ-də Elektrik montaj sahəsinə 2-ci dərəcəli elektrik-montajçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 20/k, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr №57/k, xx.xx.1991-ci il) xx.xx.1991-ci ildə 6 №li Təmir-Tikinti idarəsində 3-cü dərəcəli elektrikmontajçı vəzifəsinə qəbul edilmişdir (Əmr №47, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir ( Əmr №83-k, xx.xx.1992-ci il) xx.xx.1992-ci ildə 7 nömrəli Təmir Tikinti İdarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir ( Əmr №3, xx.xx.1992-ci il); xx.xx.1993-cü ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 24, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə 2 nömrəli RTTT-nin 3 nömrəli TTİ-nə rəis vəzifəsinə təyin edilmişdir ( Əmr № 8, xx.xx.1993-cü il); xx.xx.1994-cü ildə başqa işə keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir ( Əmr №15 K, xx.xx.1994-cü il); xx.xx.1993-cü ildə 5 nömrəli sənaye istehsalat təmir tikinti trestinə mühəndis vəzifəsinə qəbul edilmişdir (Əmr № 992, xx.xx.1993-cü il); xx.xx.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 16, xx.xx.1996-cı il); xx.xx.1997-ci ildə “Oruc Müstəqil” kiçik müəssisəsinə 2-ci dərəcəli elektrik montyoru işinə qəbul edilmişdir (Əmr 3k, xx.xx.1997-ci il); xx.xx.1997-ci ildə müəssisədə iş ustası vəzifəsinə qəbul edilmişdir (Əmr №5, xx.xx.1997-ci il); xx.xx.1998-ci ildə sahədə işlər artdığına görə sahədə iş icraçısı vəzifəsində işləmişdir (Əmr № 2k, xx.xx.1998-ci il); xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 2, xx.xx.2005-ci il). - "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, İddiaçı "xxxx" kiçik müəssisəsində 1997-ci il tarixli 03 k saylı əmrinə əsasən xx.xx.1997-ci il tarixdən işləmişdir. xx.xx.2005-ci il tarixdən isə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 3-34/2-277/01-3/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Respublikası sərbəst rayonlararası İstehsalat Təmir Tikinti İdarəsi Xətai rayonu 7 №-li Təmir-Tikinti idarəsinə, Azərbaycan Respublikası Bakı şəhəri Təmir Tikinti Birliyi Xətai rayonu 2 nömrəli rayonlararası Təmir Tikinti Trestinin 3 №-li Təmir-Tikinti İdarəsinə, Azərbaycan Respublikası rayonlararası Təmir Tikinti istehsalat birliyi Bakı şəhəri 5 №-li rayonlararası təmir tikinti trestinə və Bakı şəhəri Qaradağ rayonu "xxxx" müstəqil kiçik müəssisəsinə dair məlumat mövcud deyildir. 5 saylı Rayonlararası Təmir Tikinti Tresti (sonradan Bakı şəhəri Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin nəzdində yaradılmış “5 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti”) 01 oktyabr 1996-cı il, "xxxx" Kiçik Müəssisəsi isə 24 avqust 1998-ci il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-1842/2023 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 7 nömrəli Təmir-Tikinti İdarəsinin, 2 nömrəli Rayonlararası Təmir Tikinti Trestinin, 3 nömrəli Təmir Tikinti İdarəsinin, 5 nömrəli Sənaye İstehsalat Təmir Tikinti Trestinin, "xxxx" müstəqil kiçik müəssisəsinin uçota alınması, həmçinin iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisələrdə işləməsini təsdiq edən məlumatlarla bağlı Əmlak Məsələlər Dövlət Xidmətinin arxivində hər-hansı məlumat yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********013400 saylı 15 mart 2023-cü il tarixli məktubu ilə məhkəməytə təqdim olunmuş reyestrdən çıxarışdan və "xxxx" kiçik müəssisəsinin nizamnaməsinə dəyişiklikdən müəyyən olunur ki, "xxxx" kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə 19620 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (hazırki qeydiyyat nömrəsi (VÖEN) **********). Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" müstəqil kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi 5 saylı Rayonlararası Təmir Tikinti Trestinin (sonradan Bakı şəhəri Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin nəzdində yaradılmış “5 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti”) 01 oktyabr 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılmasının mümkün olmaması şəxsin təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda, bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3706/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2302/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2302/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver