Məhkəmə qərarları › İş №2-1(103)-2303/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2303/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2303/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ lyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(112)-4002/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı gün 14.08.2020-ci il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, pensiya hüququnun yarandığı gün 14.08.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya idarəsinə 24.09.2020-ci il tarixdən ərizə ilə müraciət edərək, həmin vaxtdan pensiyanın hesablanıb pensiya kartına yüklənməsini xahiş etmiş, lakin ona 21.01.2021-ci il tarixdə imtina cavabı verilmişdir. O, 01.09.1977-ci ildən 22.06.1978-ci ilə kimi 16 №-li Peşə məktəbində əyani təhsil almış, 30.06.1978-ci ildən işə başlamış, 21.10.1978-02.12.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenə həmin işinə qayıtmışdır. O, Bakı Baş Tikinti İdarəsində 301 və 303 nömrəli Trestlərdə quraşdırıcı (montajnik) işləmişdir. Lakin səhvən əmək kitabçasına dülgər yazılmışdır. Onun bir briqadada işlədiyi iş yoldaşları ərizə ilə bunu təsdiq etmişlər, lakin cavabdeh orqan həmin ərizələrin əslini itirmişdir. Onun işlədiyi quraşdırıcı vəzifəsi güzəştli pensiya təyininə imkan verir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(112)-4002/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə güzəştli şərtlərlə pensiya idarəsindən iş yoldaşlarının yazdıqları ərizələrin əslini tələb etməmiş, hətta telefon əlaqəsi belə saxlanılmamışdır. 2006-cı ildən 2016-cı ilə qədər vergi ödəyicisi olduğunu belə nəzərə almamışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı gün 14.08.2020-ci il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik deyildir. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 39000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18170,05 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 21.10.1978-ci il tarixdən 02.12.1980-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.1977-ci ildən 22.06.1978-ci ilədək 16 nömrəli texniki peşə məktəbində təhsil almış, 30.06.1978-ci ildə Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş, 21.10.1978-ci ildə Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir, 21.10.1978-ci ildən 02.12.1980-cı ilədək Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir, 03.02.1981-ci ildə Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul edilmiş, 01.03.1983-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.10.1987-ci ildə əmək haqqının ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq 3-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.05.1988-ci ildə 4-cü dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.07.1989-ci ildə 5-ci dərəcəli dülgər vəzifəsinə keçirilmiş, 01.04.1995-ci ildə 303 nömrəli Tikinti İdarəsinin ləğv edilməsi ilə əlaqədar 301 nömrəli Tikinti idarəsinə keçirilmiş, 01.02.2001-ci ildə AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 01.10.2014-cü ildə Xətai rayonu 316 saylı Körpələr Evi - Uşaq Baxçasına 1 ştat vahidi ilə gözətçi vəzifəsinə təyin edilmiş, 01.10.2015-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08.09.2020-ci il tarixli BA-00464-2020 saylı arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 303 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1960-cı il təvəllüdlü vət. İddiaçı 30.06.1978-ci il tarixli, 99/s saylı əmrlə Texniki Peşə məktəbini bitirdikdən sonra 30.06.1978-ci il tarixdən 3-cü dərəcəli dülgər vəzifəsinə işə qəbul olunması, 19.10.1978-ci il tarixli, 162/s əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 21.10.1978-ci il tarixdən işdən azad olunması və 1978-ci ilin iyul, avqust, sentyabr, oktyabr aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 303 saylı Tikinti İdarəsinin 1977-ci ilə dair natamam arxiv sənədlərinin əmr kitablarında və əmək haqqı cədvəllərində vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. BBTİ 303 saylı Tikinti İdarəsinin 1981-2001-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Zərərli işlə bağlı Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, 20.04.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi 10.05.2006-cı il tarixdə uçota alınması və 22.01.2016-cı il tarixdə isə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 08.01.2021-ci il tarixli **********2 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində (a) dülgərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 18 iyul 1978-ci il tarixli ******* nömrəli əmək kitabçanızda 30.06.1978-01.02.2001-ci il tarixləri arasındakı dövr ərzində 303 saylı Tikinti İdarəsində dülgər peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz peşə yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə məşğul olan dülgər peşəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Bundan başqa Sizin ümumi iş stajınız da 25 ildən az (23 il 6 ay) təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17115,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 60 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş və onun 60 yaşı 14.08.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı 21.10.1978-ci il tarixdən 02.12.1980-ci il tarixədək (2 il 1 ay 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, əmək kitabçasına əsasən 01.09.1977-ci il tarixdən 22.06.1978-ci il tarixədək 16 nömrəli texniki peşə məktəbində təhsil almış (9 ay 21 gün), 30.06.1978-ci il tarixdən 21.10.1978-ci il tarixə kimi Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsinin 303 nömrəli Tİ Trestə 3-cü dərəcəli dülgər vəzifəsində (3 ay 21 gün), 03.02.1981-ci il tarixdən 01.02.2001-ci il tarixə kimi Bakı şəhəri X2 İcraiyyə Komitəsi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsinin 303 nömrəli və 301 nömrəli Tİ Trestində dülgər vəzifəsində (19 il 11 ay 28 gün), 01.10.2014-cü il tarixdən 01.10.2015-ci il tarixə kimi Xətai rayonu 316 saylı Körpələr Evi - Uşaq Baxçasında gözətçi vəzifəsində (1 il) işləmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 60 yaşı tamam olduğu 14.08.2020-ci il tarixədək 24 il 2 ay 21 gün ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edir ki, iddiaçının 30.06.1978-ci il tarixdən 21.10.1978-ci il tarixə kimi və 03.02.1981-ci il tarixdən 01.02.2001-ci il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin X3 Tikintisi İdarəsi 301 və 303 nömrəli Tikinti İdarələrində işlədiyi dülgər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Həmin vəzifə isə Dülgər peşəsi həmin Siyahıda «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» adlanan 29-cu Bölmədə «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər» Yarımbölməsində («a» fəhlələr) nəzərdə tutulmuşdur. İddiaçı isə X3 tikintisi sahəsində işləmişdir və həmin sahə qeyd olunan sahə ilə («Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər») uyğunluq təşkil etmir. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39000,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18170,05 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün ümumi və xüsusi stajla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 60 yaşının 14.08.2020-ci il tarixdə tamam olduğunu nəzərə alsaq, onun həmin tarixədək ümumi və xüsusi stajı olmadığından, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(112)-4002/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar