Məhkəmə qərarları › İş №2-1(103)-2303/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2303/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2303/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-965/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan **********1 №-li xx.xx.2021ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edərək sənədləri geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, iddiaçının işlədiyi su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı xx.xx.1958-cı il təvəllüddür. Orta məktəbi bitirdikdən sonra xx.xx.1976-cı il tarixdə Bakı şəhər 74 №-li Texniki Peşə Məktəbinə daxil olmaqla tornaçı peşəsinə yiyələnmiş və əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdən Maşınqayırma zavodunda tornaçı kimi başlamışdır. Ordu sıralarına (xx.xx.1077-xx.xx.1979) həmin zavoddan getmiş və hərbi xidmətini başa vurduqdan sonra əvvəlki iş yerinə qayıdaraq işləməkdə davam etmişdir. Əmək fəaliyyətini təsdiq edən iki əmək kitabçası mövcuddur. Onlardan birincisi üzrə əmək fəaliyyətinə xx.xx.1977-ci ildən başlanmış və 20 ildən çox əmək stajı yaranmışdır. Əmək fəaliyyətinə dair ikinci əmək kitabçası xx.xx.1990-ci ildə açılmış və hazırda da davam etməkdədir, elə zərərli işdə çalışmaqla bağlı güzəştli şərtlərlə əmək pensiya hüququnu həmin dövrdə qazanmışdır. Belə ki, xx.xx.1995-ci ildən zərərli istehsalat sahəsi sayılan Bakı Kanalizasiya İB-də, sonradan Bakı Kanalizasiya Xidməti İdarəsində və daha sonra "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiya hüququ verən 60 yaşın xx.xx.2018-ci il tarixdə tamam olmaqla, pensiya təyin olunması üçün əsas şərt 42 il (1-ci əmək kitabçası ilə 12 il +2-ci əmək kitabçası ilə 28 il) sosial sığorta stajına malik olma və bu müddətin azı 18 ilini Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə çalışmağıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-965/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsinin İddiaçı dair Mərkəzi Filiala təqdim etdiyi 2 fevral 1990-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1995-ci il tarixindən bugünədək “Azərsu" ASC-də qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının xx.xx.2018-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 60 yaşının xx.xx.2018-ci il tarixdə tamam olmasını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyini, habelə iddiaçı işlədiyi kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1990-cı il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək (əmr №18, xx.xx.1990-cı il) AYT təmiri və istismarı idarəsində çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək (əmr №76/k, xx.xx.1995-ci il) Kanalizasiya şəbəkələrinin istismarı idarəsinin Sabunçu sahəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək (əmr №05/k, xx.xx.2004-cü il) Bakı Kanalizasiya Xidməti İdarəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində (əmr №12/k, xx.xx.2007-ci il), xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək (əmr №22/k xx.xx.2011-ci il) Yasamal rayon Sukanal sahəsində, xx.xx.2011-ci il tarixindən (əmr №21k xx.xx.2011-ci il) "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı, xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 74 nömrəli texniki peşə məktəbindən təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (əmr №369 /k, xx.xx.1977), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (əmr №867/k xx.xx.1980) tornaçı, xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək mexanik, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək (əmr №471/ok, xx.xx.1984) Bakı Elektrik Termik Avandanlıqların zavodunda tornaçı,xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (əmr №65k, xx.xx.1988-ci il) traktor sürücüsü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək termist, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (əmr OK №211, xx.xx.1991-ci il) traktor sürücüsü, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 71 №-li Mənzil İstismar Sahəsində çilingər (əmr №7, xx.xx.1994-cü il), xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 71 №-li Mənzil İstismar Sahəsində çilingər (əmr №1, xx.xx.1988-ci il), xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (əmr № 4, xx.xx.2003) sürücü, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Sabunçu rayon Kommunal Təsərrüfat İdarəsində sürücü (əmr № 07/k53, xx.xx.2003) işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli 01/03-03-127 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il - xx.xx.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, xx.xx.2004-cü il - xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti idarəsində, xx.xx.2007-ci il - xx.xx.2009-cu il tarixlərində həmin idarənin Sabunçu sahəsində, xx.xx.2011-ci il - xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Sukanal sahəsində, xx.xx.2011-ci il tarixindən bu günə qədər "xxxx" ASCnin Yasamal rayon Sukanal idarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışır. Məktuba müvafiq əmrlər əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsi tərəfindən verilmiş 10 saylı xx.xx.2022-ci il tarixli əmək haqqı arayışından görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı Kanalizasiya İstehsalat Birliyinin Sabunçu rayon sahəsində qəza – bərpa çilingəri peşəsində çalışmışdır. Arxivdə 1995-1996-cı illər üzrə əmək haqqı cədvəli aşkar edilməmişdir. Məktuba müvafiq əmrlər əlavə edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus sosial arayışdan görünür ki, 2006-2021 illərdə iddiaçının şəxsi hesabına 24194,3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. 2 fevral 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1995-ci il tarixindən bugünədək "xxxx" ASC-də qəzabərpa işləri üzrə çilingər vəzfəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının 60 yaşı tamam olduğu vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş (2 il 18 gün), əmək kitabçasına əsasən iddiaçı, xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 74 nömrəli texniki peşə məktəbində təhsil almış (10 ay 18 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək tornaçı (11 ay 6 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək mexanik (3 il 3 ay 1 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı Elektrik Termik Avandanlıqların zavodunda tornaçı (3 il 11 ay 11 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1988ci il tarixədək traktor sürücüsü (18 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək AYT təmiri və istismarı idarəsində çilingər (5 il 5 ay 10 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsinin Sabunçu sahəsində qəza-bərpa işləri üzrə çilingər (9 il 2 ay 14 gün), xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində qəza-bərpa işləri üzrə çilingər (29 gün), xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək həmin idarənin Sabunçu sahəsində qəza-bərpa işləri üzrə çilingər (2 il 8 ay 20 gün), xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Yasamal rayon Sukanal sahəsində qəza-bərpa işləri üzrə çilingər (29 gün), xx.xx.2011-ci il tarixindən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir (60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixədək 7 il 8 ay 4 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—18447 yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bölməsində yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi təsbit olunmuşdur. İşə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı “Azərsu" ASC-nin Yasamal rayon Sukanal İdarəsində xx.xx.2011-ci il tarixdən (Əmr 21/k, xx.xx.2011-ci il) hal-hazıradək aşağıda göstərilən güzəştli peşələrdə işləyir. Onun güzəştli əmək stajı aşağıdakı kimidir: xx.xx.1995 - xx.xx.2004-cü il "xxxx" ASC-nin Bakı Kanalizasiya İstehsalat X2 qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 76/k, xx.xx.1995) Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 9 il 2 ay 17 gün (doqquz il, 2 ay, on yeddi gün). xx.xx.2004 xx.xx.2004-cü il ASC-nin Bakı Kanalizasiya Xidməti idarəsinin Sabunçu Sahəsində qəzabərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 05/k xx.xx.2004-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 29 gün (iyirmi doqquz gün). xx.xx.2007 - xx.xx.2009-cu il Azərsu” ASC-nin Bakı Kanalizasiya Xidməti İdarəsinin Sabunçu Sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 12/k xx.xx.2007-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 2 il 8 ay 20 gün (2 il, 8 ay, 20 gün). xx.xx.2011 - xx.xx.2011-ci il Azərsu” ASC-nin Bakı Kanalizasiya Xidməti İdarəsinin Yasamal Sahəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. (Əmr 22/k xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 29 gün (iyirmi doqquz gün). xx.xx.2011 - hal hazıradək "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. (Əmr 21/k xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 9 il 9 ay 15 gün (doqquz il, doqquz ay, on beş gün). Yuxarıda qeyd olunan bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. İddiaçı "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsində bu işlərdə işləməsində 21 il 10 ay 3 gün iş stajı var (60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixədək 19 il 9 ay 6 gün). İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajına malik olmuşdur. İddiaçının toplamalı olduğu kapitala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. «Əmək pensiyaları haqqında» AR Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2019-cu il tarixədək Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçının xx.xx.2006-cı il tarixə 25 il 10 ay 5 gün ümumi iş stajı olduğunu nəzərə aldıqda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7905 manat (25 il tam iş stajı x 306 manat) + (306 manat / 12 ay x 10 ay) = 7905 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (xx.xx.2018-ci il tarixə) indeksləşdirilmiş məbləği 18135.39 manat (7905 +8.3% +16.7%+20.8%+1.5%+5.7%+7.9%+1.1% +2.4% +1.4%+4%+12.4%+5.7%+3%=18135.39) təşkil edir. Göründüyü kimi iddiaçının həmin dövrə aid olan 25 il 10 ay 5 gün ümumi iş stajını nəzərə alsaq 18135.39 manat pensiya kapitalı yaranmışdır. Beləliklə iddiaçı 25 il 10 ay 5 günü xx.xx.2006-cı il tarixədək, 10 il 5 ay 26 günü isə xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı günədək qazanmışdır. İş materiallarına əlavə edilmiş pensiya alt sistemdən çıxarışda iddiaçıya məxsus şəxsi məlumatlardan görünür ki, onun hazırki tarixə olan məlumatlara əsasən 47634,78 manat cəmi pensiya kapitalı vardır. Həmçinin iş materiallarında olan iddiaçıya məxsus sosial arayışdan görünür ki, 2006- 2018 illərdə iddiaçının şəxsi hesabına 15592,75 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçının sığorta stajı və fərdi hesabının sığorta hissəsində 34433,62 manat, o cümlədən, 18135,39 manatı xx.xx.2006-cı il tarixinədək, 16298,23 manatı isə xx.xx.2006-cı il tarixdən (istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə) pensiya hüququnun yarandığı tarixədək qazanmışdır. Hüququn yarandı vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 204-ə (65 yaş (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) = 60 ay +144 ay = 204 ay) bərabərdir. Bu səbəbdən Qanunun 45-ci maddəsinə uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır: 34433,62 manat / 204 ay =168,79 manat. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının pensiya hüququ 2018-ci ildə yaranmışdır. 2018-ci il üçün əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunmuşdur. (34433,62/204=168,79>110) Göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində göstərilən digər şərt olan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və kapitalı nə imtina məktubunda, nə məhkəməyə təqdim edilmiş etirazda, nə də ki apelyasiya şikayətində mübahisələndirilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində qeyd edilən hər dörd şərt iddiaçıya münasibətdə ödənildiyindən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin apelyasiya şikayətindəki “İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli 01/01-02-418 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il - xx.xx.2004-cü il tarixinədək Kanalizasiya şəbəkələrinin istismarı idarəsində, xx.xx.2004-cü il - xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya Xidməti İdarəsində, xx.xx.2007-ci il - xx.xx.2009-cu il tarixlərində həmin idarənin Sabunçu sahəsində, xx.xx.2011-ci il - xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Sukanal sahəsində, xx.xx.2011-ci il tarixindən bu günə qədər "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin kanalizasiya şəbəkələrinə dair qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışır. İddiaçı əsas peşə funksiyalarına binadaxili və məhəllədaxili kanalizasiya şəbəkələrində baş verən qəzaların, tutulmaların aradan qaldırılması, kanalizasiya şəbəkələrindən, yağış kollektorlarından və barmaqlıqlardan çirkabların və zibilin kənar edilərək təmizlənməsi daxil edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli, 137 saylı qərarına dair "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 584 nömrəli əmri ilə əmək şəraiti üzrə iş yerlərinin attestasiyası aparılmış və xx.xx.2019-cu il tarixli 608 nömrəli əmri ilə əmək şəraitinin ağır və zərərlilik dərəcəsinə görə artım əmsalları müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-965/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar