Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2303/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X3 və X5çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(112)-1631/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-36/3 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarı ilə X1 vətəndaşı İddiaçı Faleh X11 Fayezə və ailə üzvlərinə (oğlu – xx.xx.2013-cü il təvəllüdlü X4 Mohammad Alwashaah və qızı – xx.xx.2015-ci il təvəllüdlü X9 Mohammad Alwashah) qaçqın statusunun verilməsindən imtina edilməsi qərara alınmışdır.
2. İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X3 və X5çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1631/2025 nömrəli (sədrlik edən hakim M.T.Hacıbəyova) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X3 və X5çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi rədd edilmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Prosessual məsələlər
5. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının onlara poçt vasitəsi ilə kağız daşıyıcıda təqdim edilmədiyini, bu səbəbdən də apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
8. İnzibati Prosessual Məcəllə:
Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə:
2.1.5. elektron kabinet – istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. 13.1. İnformasiya sistemindən istifadə “Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir. 13.2. İstifadəçilər “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə (məlumatlarla) tanış ola, X7 (“ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir.
12. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1631/2025 nömrəli qərarı 14 fevral 2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir (iş vərəqi 81).
13. İş materiallarında olan apelyasiya şikayətinin üzərindəki ştamp əksindən görünür ki, həmin şikayət 01 aprel 2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur (iş vərəqi 83).
14. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçı tərəfə münasibətdə onun nümayəndəsinə təqdim edildiyi (elektron kabinetinə yerləşdirildiyi) tarixdən, yəni 14 fevral 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir.
15. Hazırda işin hallarına görə, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(112)-1631/2025 nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti 01 aprel 2025-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qərarının onun elektron kabinetinə yerləşdirildiyini, lakin kağız daşıyıcıda poçt vasitəsi ilə təqdim edilməməsini bildirərək, apelyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin dəlilinə münasibətdə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.
17. Məhz bu səbəbdən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il 268 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiyakommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılması və “Elektron məhkəmə” informasiya sistemində ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunun, cinayət işləri, mülki, kommersiya, inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini o cümlədən sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasının təmin edilməsi qərara alınmışdır.
18. Təsadüfi deyildir ki, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli 604 nörməli Fərmanına əsasən, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasının təmin edilməsi, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlərin görülməsi qərara alınmışdır.
19. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsi tələb edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılsın.
22. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 20.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1 və 135.6-cı maddələrinin tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğundan (Bakı Apellyasiya Məhkəməsində də tətbiq olunur), eyni zamanda iddiaçının vəkili və nümayəndəsinin həmin informasiya sistemində “elektron kabinet”i mövcud olduğundan və yekun məhkəmə aktı elektron imza ilə imzalanmaqla həmin elektron kabinetə yerləşdirildiyindən həmin qərardan şikayət verilməsi müddəti qərarın elektron kabinetə yerləşdiyi gündən hesablanmalıdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
25. Qeyd olunmalıdır ki, iddiaçının vəkili və nümayəndəsinə xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilməsinə baxmayaraq o, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmişdir.
26. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X3 və X5çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2- 1(112)-1631/2025 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir.
Nəticəvi hissə
27. Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.