Məhkəmə qərarları › İş №2-1(103)-2304/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2304/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2304/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta haqlarının və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1706/2023 saylı 03 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara görə iddiaçının 2014-cü ilin gəlir vergisi bəyannaməsi kameral yoxlanılmış və onun barəsində 14.407,46 manat vergi məbləği hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********614200 nömrəli xx.xx.2020-ci il tarixli “təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən vergi ödəyicisi İddiaçı (**********) xx.xx.2017-ci il tarixində təqdim etdiyi bəyannamədə, hesabatda “gəlir vergisinin bəyyannaməsinin 1 nömrəli Əlavəsi ( vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilmədiyindən kameral vergi yoxlanılmasının aparılması mümkün olmamışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş cavabdehin 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 17 yanvar 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən 2014-cü ilin gəlir vergisi bəyannaməsi kameral yoxlanılmış və yoxlamanın nəticəsinə dair **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək, 14.407,46 manat vergi məbləği hesablanmışdır. Sahibkar (iddiaçı) İddiaçı 2018-ci ilin sonunadək sığorta agenti kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Bu səbəbdən 2014-cü ildə gəlir vergisinə cəlb edilən ümumi gəliri olmadığından həmin ilin bəyannaməsi 1 dekabr 2017-ci il tarixdə boş (rəqəmsiz) vergi orqanına təqdim edilmişdir. Eyni zamanda 2014-cü ildə sığorta agenti fəaliyyətindən əldə edilən gəliri sadələşmiş vergi bəyannaməsi təqdim edilərək vergiyə cəlb olunmuş və hesablanmış vergi məbləği büdcəyə ödənilmişdir. Gəlir vergisi bəyannamə təqdim edilən tarixdən, 2 ildən artıq müddətin və 2014-cü hesab dövründən 5 il müddətin ötməsinə baxmayaraq cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 37, 83 və 84- cü maddələrini pozaraq vergi məbləğini hesablamışdır. Bundan başqa, həmin dövrdə söğorta agentləri ilə yerli vergi orqanları arasında üzünmüddətli və çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Aslanovun və L.Səbizovanm şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2017-ci il tarixli qərarı məhkəmə çəkişmələrinə son qoyulmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, sığorta agentini “sığorta təşkilatı” anlayışına daxil edərək onları sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxslərə aid etməklə məhkəmələr yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılımış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2014-cü il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində 72.037,31 manat ümumi dövriyyə məbləğinin göstərildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növünün “Sığorta agentlərinin və maklerlərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Belə ki, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-İİİQ nömrəli Qanununun 82-ci maddəsinin müddəalarına əsasən sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən kredit və sığorta təşkilatlarının, investisiya fondlarının, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, lombardların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidirlər. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən 2014-cu il üzrə gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi və dövriyyə məbləğinin göstərilməməsi vergidən yayınma kimi qiymətləndirilirək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 27 may 2015-ci il tarixli **********729200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və müvafiq dövr üzrə cari gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2014-cu il üçün 14.407,46 manat (72.037,31 x 20%) olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə **********277100 nömrəli 5 iyun 2015-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən 1 dekabr 2017-ci il tarixdə 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi (göstəricisiz) vergi orqanına təqdim edilərək kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldılmışdır. 4 may 2018ci il tarixdə 14.407,46 manat vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Daha sonra azaldılmış 14.407,46 manat gəlir vergisi məbləği kameral vergi yoxlaması ilə 17 yanvar 2020-ci il tarixdə bərpa edilmişdir. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1706/2023 saylı 03 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh etirazın məzmununa uyğun apelyasiya şikayəti verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2013 - 2014-cü illər üzrə 23099,99 manat məbləğində gəlir vergisini ödəməkdən yayındığını etiraf etmiş və həmin vergiləri tamamilə ödədiyinə görə barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********365000 saylı qərarına əsan İddiaçı 2013-2014-cü il vergisi üzrə xeyli miqdarda – 23099,39 məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən, Respublikası CPM-nin 39.1.11-ci əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı hazırda predmeti olan 14407,46 manat vergi yayındırdığını etiraf etmiş və dövlət büdcəsinə ödəmişdir. Buna baxmayaraq, bəyan etmək hüququndan sui-istifadə xx.xx.2017-ci il tarixində 2014-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edərək, xx.xx.2015-ci il tarixli **********277100 nömrəli qərarla hesablanmış 14 407,46 manat vergi məbləğini azaltmışdır. Bununla da vergi ödəyicisi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1357/16 nömrəli qərarı ilə iddiasının təmin edilməməsinə baxmayaraq, şəxsi hesab vərəqədə süni artıq ödəmə yaratmışdır. Qeyd olunan səbəblərdən xx.xx.2020-ci il tarixli qərarı çıxarmaqla vergi orqanı Ali Məhkəmənin mövqeyinə uyğun olaraq vergi ödəyicisi tərəfindən azaldılmış 14.407,46 manat vergi məbləğini şəxsi hesab vərəqəsinə bərpa etmişdir. Məhkəmə qərarında iddianın mümkünlüyü məsələsinə düzgün qiymət verilməmişdir. Belə ki, vergi orqanı tərəfindən 2014-cü ilin gəlir vergisi üzrə iddiaçıya 14407,46 mana məbləğinin hesablanmasına əsas olmuş "Vergilərin hesablanması barədə" xx.xx.2015-cı il tarixli **********277100 nömrəli Qərar məhkəmə qərarları ilə qanuni hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2357/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-96/2016 saylı 28 aprel 2016-cı tarixli qərarı ilə təmin edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016cı il tarixli 2-1(102)-1357/2016 nömrəli qərarı ilə təmin edilməyərək, apellyasiya məhkəməsinin iş üzrə qərarı qüvvədə saxlanılmışdır. Daha sonra iddiaçı tərəfindən yeni açılmış hallar ilə bağlı icraatın təzələnməsi barədə ərizə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 iyul 2017-ci il tarixli 2-1(103)-96/2016 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2017-ci il tarixli 2-1(102)- 1891/17 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddia müddəti ötürülsə də məhkəmə iddia müddətinin buraxılmadığını qeyd etmişdir. Mübahisələndirilən qərar vergi ödəyicisinin elektron qutusuna xx.xx.2020-ci il tarixdə saat 09:37:15-də göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası’’na uyğun olaraq tərtib edilmişdir. Qeyd edilənlər, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd etdiyi əvvəlki inzibati mübahisənin predmeti olan xx.xx.2015-ci il tarixli “Vergilərin hesablanması haqqında” qərarla hazırkı mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli qərar fərqli inzibati aktlar olduğundan, qeyd olunan hal hazırkı iddia üzrə mübahisəyə baxılmasını istisna edə bilməz. Qeyd olunanlardan əlavə, iddiaçının hazırda cavabdehin 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır) vardır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 20 iyul 2022-ci il tarixdə daxil olsa da, həmin qərarın 20 iyul 2022-ci il tarixədək iddiaçıya müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Cavabdeh orqan mübahisələndirilən inzibati aktın vergi ödəyicisinin elektron qutusuna xx.xx.2020-ci il tarixdə saat 09:37:15-də göndərildiyini bildirir. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2020-ci il tarixli sözügedən qərarının iddiaçıya elektron sənəd dövriyyəsi qaydasında çatdırılması ilə bağlı dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinin tələbinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Məhkəmə kollegiyası xususilə qeyd edir ki, yuxarıda əksini tapmış hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Hazırki işdə mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş üzrə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın iddiaçıya yuxarıda göstərilən qaydada göndərildiyini və sonuncu tərəfindən alınmasını sübuta yetirə bilmədiyi üçün Kollegiya hesab edir ki, iddiaçı tərəfindən həmin inzibati aktın mübahisələndirilməsi üçün iddia müddəti ötürülməmişdir. Bu zaman Kollegiya nəzərə alır ki, müddət axımı inzibati aktın qanunla müəyyən edilmiş qaydada çatdırıldığı andan hesablanır. Belə olan halda iddia mümkündür. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarda “inzibati şikayətlərin araşdırılması nəticəsində Vergilər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli **********2916300 nömrəli “inzibati şikayətin baxılmamış saxlanılması haqqınla” Qərar çıxarılaraq kameral vergi məbləğinin qüvvədə saxlanılması” qeyd olunmuşdur. Mübahisələndirilən qərarın qəbul edilən zaman hansı əlaqəli məlumatlara istinad edilməsi isə məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırki işdə vergi orqanı mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın qəbul edilməsi üçün əsas kimi vergi ödəyicisinin 2014-cü il üzrə gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim olunmamasına və dövriyyə məbləğinin göstərilməməsini vergidən yayınma halı kimi qiymətləndirərək kənarlaşmanın yaranmasına səbəb olduğuna istinad etmişdir. Halbuki eyni məsələ ilə bağlı cavabdeh orqanın xx.xx.2015-ci il tarixli “Vergilərin hesablanması haqqında” qərarı olmuşdur ki, həmin qərarın da ləğvi ilə bağlı iddiaçının əvvəllər qaldırdığı iddia məhkəmə qaydasında rədd edilmiş, bu barədə məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmiş və kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldılmışdır. xx.xx.2018-ci il tarixdə 14407,46 manat vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bundan sonra azaldılmış 14407,46 manat gəlir vergisi məbləği kameral vergi yoxlaması ilə xx.xx.2020-ci il tarixdə bərpa edilərək bu barədə xx.xx.2020-ci il tarixli “Vergilərin hesablanması haqqında” qərar qəbul edimişdir. Həmin qərarla bağlı vergi ödəyicisindən vergi orqanı müvafiq sənədlərin təqdim olunmasını tələb etməmişdir. Bu barədə işə birinci instansiya qaydasında baxılarkən vergi orqanı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin apellyasiya baxışı zamanı məlum olmuşdu ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarla bağlı “Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi” haqqında məktub vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuşdur. Halbuki oxşar işlər üzrə məhkəmə təcrübəsi və vergi orqanının apardığı inzibati icraat qaydalarına görə, kameral vergi yoxlamasının nəticəsi olaraq qəbul edilən “vergilərin hesablanması haqqında” qərarın əsası kimi həmin qərardan əvvəl vergi ödəyicisinə göndərilməli olan “uyğunsuzluq məktubu” çıxış edir ki, vergi orqanının qərarının hansı əsasla qəbul edildiyi məsələsi də məhz həmin “uyğunsuzluq məktubu”nda qeyd olunur. Buna baxmayaraq hazırki işdən göründüyü kimi, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın qəbul edilməsi üçün əsas olan “uyğunsuzluq məktubu” həmin qərarın qəbul edilməsindən əvvəl deyil, onun qəbulundan sonra, yəni xx.xx.2020-ci il tarixdə qəbul edilib vergi ödəyicisinə göndərilmişdir ki, bu da formal xarakter daşımışdır. Belə ki, həmin məktubun məzmununda gəlir vergisi bəyannaməsinin əlavəsi tələb olunmuşdu ki, həmin bəyannamə də yuxarıda da qeyd olunduğu kimi, bundan əvvəlki inzibati məhkəmə icraatının yekunu olaraq vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş və bunun nəticəsində hesablanmış 14407,46 manat vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən 2014cü il üzrə gəlir vergisi bəyannaməsinin təqdim olunmamasına görə hesablanmış vergilər keçirilmiş inzibati məhkəmə icraatının yekununda vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işləndikdən sonra vergi orqanının yenidən eyni məsələ ilə bağlı “uyğunsuzluq məktubu” göndərmədən xx.xx.2020-ci il tarixli “vergilərin hesablanması haqqında” qərar qəbul etməsi nəinki vergi qanunvericiliyinin, həm də inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərar vergi ödəyicisi tərəfindən 2014-cü il üzrə gəlir vergisi bəyannaməsinin təqdim olunmamasına görə qəbul olunmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Göründüyü kimi, vergi qanunvericiliyinin normaları kameral vergi yoxlamasının müvafiq sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Hazırki iş üzrə isə vergi ödəyicisi 2014-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair X1 Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin kameral yoxlama nəticəsində əlavə vergilərin hesablanmasını zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində əlavə vergi hesablanmasının əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, kameral vergi yoxlamasının aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktları qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2304/2023 saylı 03 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2304/2023 saylı 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar