Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2304/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1225/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 mart 2023-cü il tarixli arayışına əsasən o, 1 sentyabr 1981-ci il tarixdən 25 iyul 1984-cü il tarixədək (2 il 11 ay) Texniki Peşə Məktəbində əyani formada təhsil almışdır. ИТ-İ ******* nömrəli 26 iyul 1984-cü il tarixli əmək kitabçasına əsasən 26 iyul 1984-cü il tarixdən 11 oktyabr 1984-cü il tarixədək (2 ay 16 gün) X6 Donanmasında gəmidə radiooperator vəzifəsində işləmişdir. H3 seriyalı ******* nömrəli hərbi biletindəki məlumatlara görə 3 dekabr 1984-cü il tarixdən 5 yanvar 1987-ci il tarixədək (2 il 1 ay 2 gün) həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 17 fevral 1987-ci il tarixdən 28 oktyabr 1997-cı il tarixədək X6 Donanmasında gəmidə radiooperator, kapitanın köməkçisi və kapitan (10 il 8 ay 11 gün), 2 noyabr 1998-ci il tarixdən 13 avqust 2005-cı il tarixədək X6 Donanmasında gəmidə matros və kapitan (6 il 9 ay 11 gün), 14 avqust 2005-ci il tarixdən 16 sentyabr 2005-ci il tarixədək XDND/BUE Kaspian-da aliansın baş köməkçisi (1 ay 2 gün), 29 sentyabr 2005-ci il tarixdən 7 sentyabr 2012-ci il tarixədək, 16 sentyabr 2012-ci il tarixdən 27 mart 2013-cü il tarixədək, 1 aprel 2013-cü il tarixdən 7 avqust 2015-ci ilədək X6 Donanmasında gəmidə kapitan, 8 avqust 2015-ci il tarixdən 27 dekabr 2019-cu il tarixədək “Caspian Marine Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında gəmi kapitanı vəzifəsində işləmişdir, 28 dekabr 2019-cu il tarixdən hal-hazıradək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında gəmi kapitanı vəzifəsində işləyir. İddiaçının 1 avqust 1997-ci il tarixədək 2 nömrəli siyahı üzrə güzəştli stajı 12 il 9 ay təşkil edir. Onun 1 sentyabr 1981-ci il tarixdən, qanuna edilmiş dəyişikliyə, yəni 1 iyul 2017-ci il tarixədək ümumi iş stajı 34 il 5 ay 26 gün, güzəştli iş stajı isə 31 il 7 ay 2 gün təşkil edir. İddiaçının 19 noyabr 2022-ci il tarixdə 57 yaşı tamam olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 aprel 2023-cü il tarixdə rəsmi ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan 17 aprel 2023-cü il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və imtinaya səbəb kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (23 il 1 gün (xx.xx.1981-xx.xx.1984-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, 1 avqust 1997-ci il tarixədək 2 nömrəli siyahı üzrə 12 il 9 ay güzəştli iş stajını qazandığına görə ona «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasına əsasən 54 il 10 ay 28 günündə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin, 1 iyul 2017-ci il tarixədək 34 il 5 ay 26 gün ümumi iş stajı, 31 il 7 ay 2 gün xüsusi iş stajını topladığına görə, ona «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan pensiya təyin edilməldir. İddiaçının 26 iyul 1984-cü il tarixdən hal-hazıradək işlədiyi peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş üzən heyət-kod 23003010 peşəsinə (vəzifəsinə) uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı hərbi xidmətdən əvvəl, eləcə də sonra zərərli peşələrdə işlədiyinə görə, onun 3 dekabr 1984-cü il tarixdən 5 yanvar 1987-ci il tarixədək keçdiyi hərbi xidmət dövrü də güzəştli iş stajına daxil edilməldir. Belə ki, keçmiş SSRİ Nazirlər Sovetinin 3 avqust 1972-ci il tarixli 590 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında» Əsasnamənin 109-cu bəndində göstərilir ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əsasən (1997-ci il 1 avqust tarixədək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam 2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsində kişilərin yaş həddi 60 yaş müəyyən edilmişdir. İddiaçı 1997-ci il avqustun 1-dək olan 2 nömrəli siyahı üzrə işlədiyi 12 il 9 ay güzəştli stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il avqustun 1-dək olan iş stajı nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırkı mübahisəyə tətbiq edilərək iddiaçıya (12 il x 12 = 144 ay + 9 ay = 153 ay. 153 ay : 2,5 = 61 ay 2 gün 2 nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 1 ay 2 gün = 54 yaş 10 ay 28 gün) 54 il 10 ay 28 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan əlavə, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsasən, kişilərin 1 iyul 2017-ci tarixədək ən azı 25 il ümumi, 12 il 6 ay isə güzəştli iş stajı olanda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranırdı. Həmin tarixədək iddiaçının ümumi iş stajı 34 il 5 ay 26 gün, güzəştli iş stajı isə 31 il 7 ay 2 gün təşkil edir. Bu da «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan ümumi və güzəştli iş stajına dair tələbləri ödəyir. İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulduğundan, 57 yaşı 19 noyabr 2022-ci il tarixdə tamam olmuşdur. 1 iyul 2017-ci il tarixədək tələb olunan ümumi və xüsusi stajı toplamış iddiaçının yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Belə ki, iddiaçı «Əmək pensiyaları haqqında» Qanuna dəyişiklik edilənədək 25 il ümumi, 12 il 06 ay xüsusi stajı qazandığına görə, mövcud iş üzrə həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Göstərilənlərə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsaslanaraq, məhkəmədən iddiaçıya 54 yaş 10 ay 28 gündən, yəni 17 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda göstərilmişdir ki, İddiaçı 10 aprel 2023-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq 17 aprel 2023-cü il tarixli 3-17-1/2-H-82948/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan ümumi iş stajı və güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 54 yaş 10 ay 28 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əsasən (1997ci il 1 avqust tarixədək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam 2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 12-ci maddəsində, kişilərin yaş həddi 60 yaş müəyyən edilmişdir. İddiaçı 1997-ci il avqustun 1-dək olan 2 nömrəli siyahı üzrə işlədiyi 12 il 9 ay güzəştli stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il avqustun 1-dək olan iş stajını nəzərə almaqla, həmin vaxtda qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırki mübahisəyə tətbiq edilərək ona (12 il x 12 = 144 ay +9 ay = 153 ay. 153ay : 2,5 ay = 61 ay 2 gün 2 nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 1 ay 2 gün = 54 yaş 10 ay 28 gün) 54 yaş 10 ay 28 gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyqun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b bəndinə uyqun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia ərizəsində əsaslandırdığı «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 1997-ci il avqustun 1-dək qüvvədə olan 13-cü maddəsinin b) bəndində kişilər üçün ümumi iş stajı 25 il və güzəştli iş stajı 12 il 6 ay tələb olunurdu, lakin iddiaçı 1997-ci il avqustun 1-dək tələb olunan staja malik olmamışdır. Eyni zamanda, yuxarıda qeyd edilən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 23 il 01 gün (xx.xx.1981-xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1984-xx.xx.1986, xx.xx.1987-xx.xx.1997, xx.xx.1998xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005- xx.xx.2006) təşkil edir ki, bu da qanunvericilikdə tələb olunan (25 il) ümumi iş stajından az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 1.0.8, 9.1-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 55 yaş 9 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1225/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1225/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur, 1 sentyabr 1981-ci il tarixdən 2006-cı ilin 1 yanvar tarixədək hərbi xidmət və texniki peşə məktəbində təhsil müddəti də daxil olmaqla 23 il 1 gün sığorta stajı toplamışdır. Əmək fəaliyyətinin bir hissəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aiddir. İddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda «Əmək pensiyaları haqqında» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir, ona 55 yaş 9 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı əmək fəaliyyəti, təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla 2006-cı ilin 1 yanvar tarixədək 25 il ümumi iş stajı toplanmadığından, ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müvafiq müddəaları tətbiq oluna bilməz. Qeyd olunan halı, habelə onun 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 ay iş stajına malik olmamasını (həmin işlərdə işləməmişdir) nəzərə alaraq, Kollegiya belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, iddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulduğundan, onun 60 yaşı tamam olmamışdır. Odur ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsi baxımından da onun pensiya hüququ yaranmır. İddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikinci tələbi, yəni “hüququ yarandığı tarixdən pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1225/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2304/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2304/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver