Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2305/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu M. Ə.Rəsulzadə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması öhdəliyinin həmin bələdiyyəyə həvalə olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 11/61- 08 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 578.70 manat məbləğində borcun 10 gün müddətində Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərar iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin bu qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, hələ sözügedən borc məbləğinin ödənilməsilə bağlı qərar qəbul olunmamışdan əvvəl həmin borcun bələdiyyə büdcəsinə ödənilməsi ilə əlaqədar iddiaçıya ünvanlanmış və onun tərəfindən verilən cavab məktublarında “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 14-cü maddəsinin, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin borcun yaranma mənbəyini özündə əks etdirən sənədlərin təqdim olunması, bələdiyyə tərəfindən son 3 ildə yığılan vergilərin xərclənməsi istiqamətləri və bələdiyyə tərəfindən görülmüş işlərə dair zəruri sənədlərin bizə təqdim edilməsilə əlaqədar göndərdiyimiz müraciətlər təmin olunmamışdır.İddiaçı qeyd etmişdir ki, sıravi vətəndaş olaraq o, həmişə qanunvericiliyə hörmət və riayət edən şəxs olmuşdur və mütəmadi olaraq vergi ödənişlərini ödəməyə çalışmış və ödəmişdir. Əlbəttə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına hörmət etmək hər bir fiziki və hüquqi şəxslərin müqəddəs vəzifəsidir. İdiaçı hesab edir ki, yaşadığı ərazi üzrə bələdiyyənin sədri və ümumiyyətlə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi olaraq Sizin qurum da öz vəzifə və öhdəliklərini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğun formada həyata keçirməlidir. Həmçinin, Sizin qurum öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən üzərinə düşən öhdəlik və vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməli, sakinlərin haqlı narazılıqlarının, onları narahat edən problemlərinin həllində yardımçı olmalı, vətəndaşların normal yaşayışının təmin olunması üçün məhz həmin Qanundan irəli gələn sosial müdafiə və sosial inkişaf proqramlarını vaxtlı-vaxtında həyata keçirməlidir. O, cümlədən bələdiyyə büdcəsinə ödəniləcək borcla əlaqədar, həmin borcun yaranma mənbəyi barədə sakinləri öncədən məlumatlandırmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 2-ci bəndinə görə yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. Lakin iddiaçının əmlakının yerləşdiyi ərazidə son 10 il ərzində bələdiyyə tərəfindən heç bir iş görülməmişdir. Ümumiyyətlə bələdiyyənin mövcud olması və fəaliyyəti gözə çarpmır. İddiaçı bələdiyyə barəsində yalnız torpaq satan bir qurum olaraq eşitmişdir. Bələdiyyələr ərazidə yaşayan sakinlərdən vergi tələb etdiyi kimi, sakinlərin də bələdiyyələrdən bu pulların hara xərcləmələri barəsində məlumat almaq hüququ vardır. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi 11/61-08 saylı. xx.xx.2023-cü il tarixli qərar qəbul edərkən “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqqında Azərbaycan Respublikası Qanununun 12.3-cii maddəsinin tələblərin də pozmuşdur. Belə ki. “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqqında Azərbaycan Respublikası Qanununun 12.3- cii maddəsinin tələbinə görə bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməli və bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. Göründüyü kimi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi qərar qəbul etməmişdən əvvəl bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında nəinki mütəmadi, ümumiyyətlə bir dəfə də olsun hesabat verməmiş, hər hansı bülleten buraxmamış və bu günədək illik hesabatlarına dair bələdiyyə binası qarşısında xüsusi lövlər asaraq sakinləri məlumatlandırmamışdır. Belə olan halda da iddiaçı hesab edir ki, . bələdiyyə tərəfindən həmin maddədə göstərilən qəbul olunmuş bu qərar da tam qanunsuzdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Bakı şəhər Cavabdeh 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı Şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 11/61-08 saylı, xx.xx.2023-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyələr bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlardır.Bununla belə qeyd olunmalıdır ki, bələdiyyələrin işinin təşkili Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinin tələbinə uyğun həyata keçirilir. Belə ki, Konstitusiyaya görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır.“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiq edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsinin 4-cü bəndində göstərilir ki, bələdiyyənin sədri əmr, sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Sadalananlardan göründüyü kimi, bələdiyyə üzvlərinin səs çoxluğu məsələsi qərarda (inzibati aktda) deyil, bələdiyyənin ümumi iclasının protokolunda əksini tapır ki, məhz buna görə də bələdiyyənin İddiaçı barəsində qəbul etdiyi inzibati aktının kollegial qaydada qəbul edilməsi bəhanəsi ilə ləğv edilməsi barədə məhkəmənin gəldiyi qənaət əsassız olduğundan düzgün hesab oluna bilməz. Göründüyü kimi məhkəmə işin obyektiv və ətraflı araşdırılmasında maraqlı olsaydı bələdiyyənin iclas protokolunu tələb edərdi, amma bunu etməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11/61-08 nömrəli qərarı ilə vətəndaş İddiaçı (xx.xx.1964, İmişli rayonu, şəxsiyyət vəsiqəsi seriya AZE № 17547500, FİN 3V588W) ünvan 2 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 578,70 (beş yüz yetmiş səkkiz manat, 70 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə borclu İddiaçı barəsində torpaq və əmlak vergi borcunun ödənilməsinə dair qəbul edilmiş 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın (inzibati akt), həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildrilmişdir ki, ünvan 1 ünvanında yerləşən və sizə məxsus olan daşınmaz əmlaka görə bələdiyyənin “Yerli vergilər və ödənişlər şöbəsi”ndə adınıza yeni yerli vergi ödəyici kodu açılmış və hesablamalar aparılmışdır. Lakin hesablanmış torpaq və əmlak vergi məbləği vaxtında tərəfinizdən bələdiyyənin büdcəsinə tam olaraq ödənilmədiyindən, bələdiyyəyə 2021- 2022-ci illərə görə 489.44 (dörd yüz səksən doqquz manat, 44 qəpik) manat vergi borcunuz yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə bələdiyyə büdcəsinə ödənilmədiyindən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır. Hesablanmış faizin məbləği 89.26 (səksən doqquz manat, 26 qəpik) manat təşkil edir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusyasının 73.1- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.Buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğunuz torpağa və əmlaka görə hesablanmış vergini ödəməkdən yayınmışsınız. Yuxarıda qeyd olunanlara əsasən M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq Sizdən tələb edirik ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə əmlak,torpaq vergisi və faiz üzrə 2021-2022-ci illərə görə yaranmış 578.70 (beş yüz yetmiş səkkiz manat, 70 qəpik) manat borcunuzu 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin edəsiniz. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüququ əsasında sizə məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə görə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış vergi borcunun ödətdirilməsinə dair “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrinə əsasən bələdiyyə tərəfindən barənizdə №11/61-08, xx.xx.2023-cü il tarixli inzibati akt (qərar) qəbul olunmuşdur. "İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən bələdiyyənin sözügedən qərarı məlumat üçün sizə göndərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. - 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. - 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. - 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kv.m-ə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. - 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. - 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. - 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. - 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. - 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. - 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1- ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində “sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı” torpaq sahələrinə münasibətdə vergi dərəcəsi hər 100 kv.m-ə görə (sahəsi 10.000 kv.m-dək olduqda) 10 manat tətbiq olunur. - 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. «Bələdiyyələtin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinin tələblərinə əsasən yerli ödənişlər – «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: (3.1.1) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; (3.1.2) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; (3.1.3) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. İlk növbədə qeyd edilməlidir ki, əmlak vergisi – siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar Vergi Məcəlləsinin Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən M.Ə.Rəsulzadə Bələdiyyəsinin 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Həmin Qanunun: 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. 58.1.İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçıya əmlak və torpaq vergisi hesablanması barədə qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 56-cı maddəsinin və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanunun 16-cı və 43.3-cü maddələrinin tələblərinə əməl etməyərək, kollegial qaydada qəbul edilməmiş və kollegial inzibati orqanın iclası haqqında protokolu və həmin protokolda iclasın sədri və üzvləri haqqında məlumatın əks olunması və iclas protokolu iclasın katibi tərəfindən imzalandığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Bələdiyyələrin statusu haqqında» Qanunun 16-cı maddəsinin 6-cı bəndində göstərilmişdir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X1»nə əsasən bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırki iş üzrə mübahisələndirilən inzibati aktların bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən olunmur. Bundan başqa, cavabdeh yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan əmlaka görə əmlak və torpaq vergisinin tutulması haqqında qərar qəbul etsə də, həmin qərar «İnzibati icraat haqqında» Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2305/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2305/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver