Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2306/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsinin qadağan edilməsi; iddianın mümkünsüzlüyü) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinin qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-(112)-7419/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (mətndə-MMC) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən və cizgidə göstərilmiş İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpağın qonşu torpaqlar ərazi şimaldan Y.V.Çəmənzəminli küçəsi ilə cənubdan Ak.H.Əliyev küçəsi ilə qərbdən C.Məmmədquluzadə küçəsi ilə və şərqdən Novruz qardaşları küçələrində yerləşən fərdi yaşayış evləri, torpaq və qeyri-yaşayış sahələri ilə bağlı çıxarışın verilməsinin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən İddiaçı xx.xx.2019-cu il tarixli 09 saylı müraciətini Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, C.Məmmədquluzadə, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız olan şəhərin və ərazinin ümumi görünüşə xələl gətirən köhnə tipli tikililərin sökülməsi yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin Sərəncamın 1.1-ci bəndinə əsasən isə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri yaşayış tikililərin sökülməsi sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20% artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni, tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq kirayə haqları verilməklə, qonşu fərdi yaşayış evlərindən 280-ə yaxın ailə köçürülmüşdür. Tikilməsinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayışı evləri şirkət tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraiti mənzillərlə təmin ediləcəkləri barədə iddiaçı tərəfindən öhdəlik götürülmüşdür. Digər sakinlərlə bağlı danışıqlar hələ də davam edir. Lakin bir çoxları razılığa gəlməkdən yayınaraq bundan sui-istifadə edərək tikintinin aparılmasının yubadılması, başqa əsassız və qanunsuz tələblər irəli sürmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamından sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı Sərəncamında qeyd olunan ərazilərdə yaşayan sakinlərə çıxarışın verilməməsini tələb etmişdir. Lakin buna baxmayaraq cavabdeh sərəncamın təsir dairəsinə düşən ərazilərdə yaşayan sakinlərə çıxarış verməkdə davam edir. Bu isə iddiaçının birbaşa hüquqlarının və maraqlarının pozulması, eləcə də digər sakinlər qarşısında mənzillərin təhvil verilməsi ilə bağlı götürdükləri öhdəliyin vaxtında icra edilməsi üçün problemlər yaradır. Sərəncamdan sonra çıxarış alan sakinlər əlavə problemin artmasını, yaranmasını, tikintini-işlərinin aparılmasının yubadılmasına, uzadılmasına və ləngidilməsinə çalışırlar. Bunun nəticəsində həm razılığa gəlinmiş sakinlərin, həmçinin iddiaçının hüquqları pozulur. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. 17 aprel 2020-ci il tarixli, 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020ci il tarixli 20/18 saylı cizgiyə əsasən 4.2258 kv.m torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. Məhz həmin 4.2258 kv.m torpaq sahəsinə görə iddiaçı hər il 121.824,74 manat icarə haqqı ödəyir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Tİ-16/23 saylı Obyektin tikintisinə dair İcazə də aydın şəkildə Tikinti obyektini yerləşdiyi rayon: Nəsimi rayonu, Tikinti obyektinin adı: Yaşayış və qeyri-yaşayış binaları, Tikinti obyektinin ünvanı: Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X4 və Novruzov qardaşları küçələrinin əhatəsi, Tikinti sahəsinin və tikinti ərazisinin döngə nöqtələrinin koordinatları, Tikinti ərazisi barədə məlumat, Tikinti obyektinin istismar təyinatı və layihə üzrə əsas texniki göstəriciləri göstərilmişdir Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Cavabdeh iddiaya yazılı müraciətini məhkəməyə təqdim etməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-(112)-7419/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bəbişbəyli apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakıını təmin etməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
13. X7 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər).
14. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. 15.Baxılan işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 №-li Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yaşayış üçün yararsız vəziyyətdə olan və şəhərin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülərək yerində müasir tipli, yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, sakinlərin köçürülməsi məsələsinin həlli iddiaçıya tapşırılmışdır. 16.Sərəncamın 1.1-ci bəndində göstərilmişdir ki, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilsin. 17.Həmçinin qeyd olunan sərəncam və 20/18 saylı, xx.xx.2020-ci il tarixli cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəmini və Novruz qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. 18.İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, hazırda sözügedən Sərəncamın icrası ilə bağlı problem yaranmışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının istifadəsinə ayrılmış ərazilərdə yerləşən daşınmaz əmlaklarla bağlı dövlət reyestrində qeydiyyatın aparılmasına və müvafiq çıxarışların verilməsinə davam edir. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi həmin ərazilərdə yerləşən daşınmaz əmlaklara münasibətdə cavabdeh tərəfindən gələcəkdə əlverişsiz hərəkətlərin edilməməsi və müvafiq çıxarışların verilməsinin dayandırılmasından ibarətdir. 19.Məhkəmə kollegiyası hesab edir ki, konkret halda iddiaçının hüquqi marağına uyğun olaraq hüquqi müdafiəyə ehtiyacı yaranmamışdır. Halbuki, iddianın mümkün sayılması baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Konkret halda isə iddiaçının tələbi ona ayrılmış ərazilərdə yerləşən əmlaklarla bağlı gələcəkdə aparılacaq dövlət qeydiyyatına münasibətdə cavabdeh orqanının ehtimal olunacaq hərəkətlərindən (hərəkətsizliyindən) müdafiəyə yönəlmişdir. Başqa sözlə, iddia tələbi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) tədbirlərin görülməsi kimi xarakterizə edilsə də, konkret halda belə tədbirlərin görülməsinin zəruriliyi, obyektiv səbəblərdən irəli gələn müstəsnalılığının nədə ifadə olunduğu əsaslandırılmamışdır. Qeyd edilməlidir ki, İddiaçı MMC-yə icarəyə verilmiş olan ərazidə yerləşən daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınacağı təqdirdə həmin qeydiyyatların mübahisələndirilməsi, yəni mövcud olan konkret hal üzrə mübahisə açmaq imkanı mövcud olacaqdır. İndiki halda iddiaçının hüquqlarına müdaxilə müşahidə edilmir. Bu baxımdan, məhkəmə iddia tələbini qiymətləndirdikdə belə nəticəyə gəlir ki, indiki halda inzibati orqanın publik fəaliyyətindən irəli gələn hərəkətlərinin mübahisələndirilməsi ayrı-ayrı şəxslərin mülkiyyət hüququ kimi fundamental hüquqlarının məhdudlaşdırılması üçün zəmin yaratmır. 20.Beləliklə, iddiaçının konkret halda hüquqi müdafiəyə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur və o, hazırkı iddia ilə qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamışdır. İddiaçı İPM-in 35.1-ci maddəsinə uyğun olaraq iş üzrə cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. 21.İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 22.Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 23.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2-(112)-7419/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev